SON XƏBƏRLƏR

Saakaşviliyə dedik ki, Ahıska türkləri sizinlədir . İbrahim Burhanov: "Bu hadisələrdən sonra daha çox soydaşımız Gürcüstana köçmək üçün ərizə verir"

2021.10.20, 07:36
Saakaşviliyə dedik ki, Ahıska türkləri sizinlədir . İbrahim Burhanov: "Bu hadisələrdən sonra daha çox soydaşımız Gürcüstana köçmək üçün ərizə verir"

Gunaz.tv
"Saakaşviliyə dedik ki, Ahıska türkləri sizinlədir" İbrahim Burhanov: "Bu hadisələrdən sonra daha çox soydaşımız Gürcüstana köçmək üçün ərizə verir" Gürcüstanla Rusiya arasında baş verən münaqişə tək bölgə dövlətləri üçün problemlər yaratmayıb. Son hadisələr Gürcüstana dönməyə hazırlaşan Ahıska türklərinin də narahatlığına səbəb olub. Ata yurdları Mesxetiyaya dönmək üçün uzunmüddətli mücadilədən sonra Gürcüstan dövləti səviyyəsində müvafiq qərarın qəbuluna nail olan ahıskalılar, bölgədə baş verən olayların geriyədönüş prosesinə necə təsir edəcəyini gözləyirlər. Azərbaycanda fəaliyyət göstərən Ahıska Türkləri "Vətən" Cəmiyyətinin sədri İbrahim Burhanov bizimlə söhbətində Gürcüstandakı son hadisələrə münasibət bildirib: - Əvvəla qeyd edim ki, Ahıska türklərinin vətən qayıdışı ilə bağlı Azərbaycanın 4 bölgəsində ofislər yaratdıq. Mərkəzi ofis Bakı şəhərindədir. Bu ofisin işini özümüz idarə edirik. Gəncə, Şamaxı-Qəbələ, Saatlı-Sabirabad və Quba-Xaçmaz bölgələrində də ofislər təşkil etmişik. Bu ofislər vasitəsilə vətənə dönməklə bağlı Ahıska türklərindən anketlər toplanmağa başladı. Hazırda bu proses davam edir. Lakin Rusiya və Gürcüstan arasında olan hərbi münaqişədən sonra biz yenidən bölgələrə üz tutduq. Məqsəd də bu idi ki, görək bu hadisələr soydaşlarımızın Ahıskaya geri dönməsinə nə qədər təsir göstərib. Bəlkə kimsə verdiyi ərizədə tərəddüd edir. Çox sevindirici haldır, hətta bir fakta belə rast gəlmədik ki, kimsə son hadisələrdən qorxuya düşüb, Ahıskaya dönməkdən imtina etsin. Əksinə bu hadisələrdən sonra daha çox soydaşımız Gürcüstana köçmək üçün ərizə verir. Çoxu da bu qayıdışın indi daha çox gərəkli olduğunu başa düşür. Ehtiyat edirlər ki, sabah Rusiyanın köməyi ilə ermənilər Ahıska torpaqlarını zəbt edə bilərlər. Bunun üçün biz oraya daha tez gedib məskunlaşmalıyıq. Yəni, Gürcüstandakı məlum müharibə Ahıska türklərinin doğma vətənə qayıdışına heç bir kölgə salmayıb. - Bu hadisələrdə Ahıska türklərinin məsələyə münasibətini göstərən hansısa aksiya olubmu? - Biz Rusiyanın Gürcüstana qarşı bu hücumunu qətiyyətlə pisləyirik. Bu hadisələrin gedişində Gürcüstan tərəfi ilə bizim söhbətlərimiz oldu. Biz Gürcüstan prezidenti Mixail Saakaşviliyə məktub da təqdim etdik ki, Ahıska türkləri hər zaman sizinlədir. Biz də Gürcüstanın övladlarıyıq və ölkənin ərazi bütövlüyü mübarizəsinə qoşulmağa hazırıq. Bu məsələdə Ahıska türkləri bir nəfər kimi yekdillik göstərərək Gürcüstanın mövqeyini müdafiə etdi. Gürcüstandan da xoş xəbərlər gəldi ki, bu mövqeyimiz dövlət səviyyəsində, həmçinin gürcü xalqı tərəfindən müsbət qarşılanıb. Elan ediblər ki, Ahıska türkləri bizimlə bərabərdir, onlar Gürcüstana qayıdacaqlar. Yəni, bu müharibə ağrılı-acılı olsa da, gürcü xalqı ilə bizim aramızdakı münasibətlərin yaxşılaşmasına, bir-birimizə sədaqətli olduğumuzu göstərməyə şərait yaratdı. Əslində Ahıska türklərinin Gürcüstandan deportasiyasında gürcü xalqının zərrə qədər günahı olmayıb. Bu hadisə SSRİ hakimiyyətinin, Stalin rejiminin qərarı ilə həyata keçirilib. "Gürcüstana dəyən zərəri, bizə dəyən zərər hesab edirik" - Konkret indiki vəziyyət sizlərin Ahıskaya köç prosesinə hansı əngəllər yaradır? - Əlbəttə, ümumi götürdükdə bu hadisələr qayıdış prosesinə mənfi təsiri göstərir. Baş verən münaqişə Gürcüstan ərazisindən keçən beynəlxalq enerji və nəqliyyat xətlərinin işini iflic vəziyyətinə saldı. Bölgədəki dövlətlər iqtisadi baxımdan zərərə düşdülər. Təbii ki, bu "fırtına"nın zərbəsi bizə də təsirsiz ötüşməyəcək. Əgər bizim köçmək istədiyimiz dövlətin ərazisi bombalanırsa, iqtisadiyyatı geri düşürsə, ölkənin maliyyəsi dağıdılmış infrastrukturun bərpasına yönələcəksə, bu, bizi narahat edir. Çünki biz bu ölkədə yaşamağa gedirik. Vətəndaşı olacağımız ölkəyə dəyən hər bir zərəri, özümüzə dəyən zərər kimi qəbul edirik. Lakin bu çətinliklər də Ahıska türklərini vətənə dönməkdən çəkindirə bilməz. - Məntiqə görə, bu hadisələrdən sonra Gürcüstan hakimiyyəti Ahıska türklərinin ölkəyə daha sürətlə və kütləvi şəkildə qayıtmasında maraqlı olmalı və buna şərait yaratmalıdır. Bu niyyət sezilirmi? - Bu maraq Gürcüstan hakimiyyətində əvvəl də olub. Ahıska türklərinin geriyə dönümü ilə bağlı Gürcüstan parlamenti qərar qəbul etmişdi. Və bu hadisələrdən sonra Gürcüstan rəsmiləri tərəfindən həmin qərarın icrasının dondurulması ilə bağlı hər hansı fikir səsləndirilmədi. Qanun öz icrasına davam edir. Məncə, bunu məlum hadisələrdən sonra Gürcüstan dövlətinin Ahıska türklərinə olan münasibəti kimi də göstərmək olar. Gürcüstan hər zaman deyirdi ki, Ahıska türklərini qəbul edib, yerləşdirmək, yaşayış şəraiti yaratmaq onun imkanı daxilində deyil. Amma bu gün ortada konkret beynəlxalq təşkilatlar və dövlətlər var ki, bizim qaydışımıza yardım edəcəklərini bildiriblər. Biz yardımla bağlı verilmiş bəyanatlara ümidvarıq və bunu tək bizə deyil, həm də Gürcüstana veriləcək dəstək kimi qiymətləndiririk. Yəqin ki, bundan sonra münaqişə hərbi müstəviyə qayıtmayacaq. Bundan başqa müharibə bizim məskunlaşmaq istədiyimiz Mesxetiya bölgəsinə - Gürcüstan-Türkiyə sərhədlərinə gedib çıxmayıb. Amma əlbəttə ki, Gürcüstanın hansı yerində gərginlik olacaqsa, onun zərbəsi bizə də dəyəcək. Biz istəyirik ki, getdiyimiz ölkədə sabitlik, inkişaf olsun ki, bizlərə də diqqət ayıra bilsin. Dövlət kasıb olanda, vətəndaş da kasıb olur. "50-yə yaxın ailə Ahıskaya köçüb" - Gürcüstan parlamentinin qəbul etdiyi qanundan sonra Ahıskaya köçənlər olubmu? - Qanun qəbul olunan ilk vaxtlarda elan olundu ki, kim istəsə gələ bilər. Bundan sonra 50-yə yaxın ailə getdi. Amma daha sonra yeni bir qayda çıxardılar ki, ahıskalılar repatriant statusu almadan gəlməsinlər. Buna görə əvvəlki qanunla başlamış köç prosesi müəyyən müddətə dayanıb. Vətənə dönmə haqqını özündə ehtiva edən repatriant statusu Gürcüstan vətəndaşlığına aid olan bütün hüquqları özündə cəmləşdirir. Bu qayda tətbiq olunandan sonra biz də işimizi onun tələblərinə uyğun qurmuşuq. Dörd mindən çox soydaşımız bu statusu almaq üçün ərizə verib. Özfəaliyyət şəklində gedənlər orada əziyyət çəkəcəklər. Vətəndaşlıq almaq onlar üçün problem olacaq. - Fərdi qaydada gedənlər necə məskunlaşıb? - Qanundakı boşluq zamanı gedənlər öz hesablarına, istədikləri yerlərdə evlər aldılar. Onlar Ahıska şəhərinin özündə, kəndlərdə yerləşiblər. Amma yeni qayda ilə gedənlər tez vətəndaşlıq alacaqlar və beynəlxalq təşkilatların, dövlətlərin dəstəyi ilə tikilən evlərə köçəcəklər. - Deyəsən, qanunda qayıdanların gürcü dilini bilməsi də tələb olunurdu? - Qanunda məsələ belə sərt şəkildə qoyulmayıb. Sadəcə yazılıb ki, gürcü dilini bilənlərə daha çox diqqət ayrılacaq. Çünki gürcü dilini bilən özünə iş tapa biləcək, Gürcüstan cəmiyyətinə inteqrasiya olunacaq. "Ermənilər məqam gözləyirdilər ki, tarixi torpaqlarımızı tutsunlar" - Ahıska türklərinin geriyə köçü prosesində Azərbaycan və Türkiyə dövlətlərinin dəstəyi hansı səviyyədədir? - İstər Azərbaycan, istər Türkiyə dövləti Ahıska türklərinin Gürcüstana dönməsini dəstəkləyiblər. Mən xüsusilə bu iki qardaş ölkənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətlərinin prinsipial mövqeyini vurğulamaq istəyirəm. Ymid edirəm ki, geriyə dönüş başlanandan sonra orada iş yerlərinin açılması, əhaliyə yardım, evlərin tikilməsi məsələlərində Azərbaycan və Türkiyə öz dəstəyini göstərəcək. Bizim problemlər Azərbaycan dövləti tərəfindən də hər zaman rəsmi Tiflisin qarşısında qaldırılıb. Məsələn, Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun başçısı Qənirə Paşayeva bu məsələdə hər zaman fəal olub. Bir məqamı da qeyd etmək istəyirəm. Ahıska türklərinin geriyə qayıdışı həm Gürcüstanın, həm Türkiyənin, həm də Azərbaycanın dövlət və millət maraqlarına uyğundur. Çünki Gürcüstanla Türkiyə arasındakı ərazilərdə ermənilərin gözü var. Fikir verdinizsə, Rusiyanın Gürcüstana müdaxiləsi zamanı Cavaxetiyadakı ermənilər fəallaşdılar. Onlar məqam gözləyirdilər ki, bizim tarixi torpaqlarımızı tutsunlar. Buna görə də Gürcüstan özü də maraqlı olmalıdır ki, biz o bölgəyə daha tez qayıdaq. Aqil CAMAL express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar