SON XƏBƏRLƏR

İraqın başına keçirilən "neft torbası"

2021.10.20, 07:36
İraqın başına keçirilən "neft torbası"

Gunaz.tv
İraqın başına keçirilən "neft torbası" Dünya yeni qalmaqallaramı hazırlaşır? Yəqin ki, İraqla bağlı yeni bir problem özünü göstərməyə başlayacaq. Bu, İraqın enerji ehtiyatlarından kimin istifadə etməsi məsələsi ilə bağlıdır. ABŞ-ın "Nyu-York Tayms" qəzetinin yazdığına görə, rəsmi Vaşinqton İraq neftinin kimlər arasında bölüşdürülməsi məsələsinə birbaşa qarışır. Məhz ABŞ-ın göstərişi ilə İraq hökuməti Qərbin 5 iri neft şirkəti ilə müqavilə imzalamağa hazırlaşır. Onların arasında "Şell" və "BP" kimi nəhənglər də var. Qəzetin iddiasına görə, amerikalı mütəxəssislər İraqın neft sənayesinin yenidən qurulmasının planını hazırlayır, onlar intensiv olaraq Bağdadda işləyirlər. Bununla da dünyanın iri enerji ölkələri arasına bir problem də salınmış olur. Məlum olur ki, ABŞ-ın İraqda müharibə etməsinin əsas səbəbi neftə yiyələnmək imiş. İndi də rəsmi Vaşinqtonu İraqdakı insanlar yox, daha çox özünə sərf edən siyasi qüvvələrə dəstək verməklə enerji qaynaqlarına nəzarət etmək maraqlandırır. Bu məlumata rəsmi Vaşinqton dərhal reaksiya verib və təbii ki, onu inkar edib. Rəsmi Vaşinqtonun nümayəndəsi Keysi qəzetin yazdıqlarını "absurd" adlandırıb. Amerikanların iraqlılara yardım etdiyini etiraf edən Keysi, ancaq bunun neftin bölüşdürülməsinə aidiyyatının olmadığını deyib. Lakin faktdır ki, İraq böyük neft müqavilələrini məhz Qərbin iri neft şirkətləri ilə bağlamağa hazırlaşır. Bu haqda söhbət hələ bir neçə ay öncə çıxmışdı. Özəlliklə də Kərkük nefti ilə bağlı kürd liderlərin bəyanatları olmuşdu. Müşahidəçilərin fikrinə görə, məhz neftə görə Kərkükdəki referendumu təxirə salıblar və Türkiyəyə oradan pay ayırmaq istəyirlər. Son məlumatlarda Türkiyənin enerji şirkətlərini artıq İraqa dəvət ediblər. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla görüşməkdən çox məmnun olacağını da Bərzani artıq ifadə edib. Bunlar doğrudan da hansısa alış-verişin olduğunu göstərir. Orada əsas oyunçu olaraq ABŞ iştirak edir. Bununla yanaşı, məsələnin başqa tərəfləri də vardır. Artıq Rusiya tərəfi narazılığını bildirir. Rusiyanın şirkətləri ilə hər hansı müqavilə imzalanması haqqında söhbət getmir. İraqa gedən nümayəndələr isə boş-boşuna gözləyirlər. Rusiyanın Orta Şərqin enerji qaynaqlarına nüfuz etmək istəyi çoxdur. Çünki bu halda Rusiya daha çox imkanlar əldə etmiş olur. Onun iri enerji şirkətləri dünyanın çox yerində iş qurublar. Ancaq əsas enerji məkanı Orta Şərqdir. Ona görə də bu bölgədə təsirli paya sahib olmaq strateji xarakterli işdir. Rusiyadan başqa, Çini də nəzərə almaq lazım gəlir. Çin şirkətləri İraqda müharibəyə qədər Fransa və Rusiya ilə bərabər hiss olunacaq paya sahib idilər. İndi isə orada çinlilərin izi-tozu yoxdur. Rəsmi Pekin bununla barışmaq istəmir. Onun da İraqdakı neftdən pay istəyəcəyi şübhəsizdir. Paralel olaraq Çin Orta Asiya enerji qaynaqlarına can atır. Artıq Özbəkistandan Çinə qaz kəməri çəkilişinə başlanıb. Bunlar dünya miqyasında yeni bir enerji qalmaqalının yetişdiyini göstərməkdədir. Eyni zamanda, İraq problemini daha da düyünə salmaq deməkdir. Məsələ ondan ibarətdir ki, bu halda İraq problemi daha çox ziddiyyətlər içinə düşür, müxtəlif maraqların kəsişdiyi yerə çevrilir. Orada iqtisadi, informasiya, hərbi savaşlar üçün zəmin genişlənir. Paralel olaraq da İraq etnik ayrı-seçkiliyin daha dərin quyusuna düşmüş olur. Dini təriqətçilik də enerjini bölüşməyə xidmət etsə, savaşın sonu görünməyəcək. Dünyanın böyük dövlətlərinin Orta Şərqlə bağlı bu cür siyasət yeritməsi orada sabitliyin olmayacağı deməkdir. Çünki maraqlar heç vaxt sona yetmir. Müvəqqəti tarazlığı uzun müddət saxlamaq olmur. Həm də İraqda neft azalandan sonra nələr olacaqğ Bu ölkəni taleyin ümidinə buraxıb, başqa ərazilərdə quyu qazmağamı gedəcəklərğ İraqlılar və dövlətin taleyi ilə bu cür oynamaq çox ağır nəticələr verə bilər. Bölgə sonu görünməyən qavğaların mərkəzinə çevrilər. Enerjidən toplanan milyardların belə qurtara bilməyəcəyi bu bölgənin bütün dünyanı sarsıda biləcəyi şübhə doğurmamalıdır. Ona görə də bu gün İraqda nefti bölənlər daha yaxşı düşünməlidirlər. Onlar dünyanın gələcəyi ilə oynamaqdan vaz keçməlidirlər. Dünyanın ən qiymətli sərvəti insandır və iraqlılar da insandırlar. Bunu təəssüf ki, sürəkli olaraq siysətçilər unudurlar. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar