SON XƏBƏRLƏR

İranın Azərbaycana qarşı hədələri niyə dayanmır?

2021.10.20, 07:36
İranın Azərbaycana qarşı hədələri niyə dayanmır?

Gunaz.tv

GünAz TV: İranla Azərbaycan arasında gərginlik hələ də qalmaqdadır. “Hizbullah” Azərbaycan konsulluğunun ələ keçirilməsi ilə bağlı bəyanatı təkzib etsə də, Azərbaycan hakimiyyətinə qarşı hədələri yenidən təkrarlayıb.

Baş verənlərdə diqqət çəkən daha bir məqam ondan ibarətdir ki,  “Hizbullah”ın bu bəyanatın reallığa uyğun olmadığını bildirməsi üçün kifayət qədər vaxtı olsa da belə bir addım atılmamışdı. Yalnız aksiya (göstəri, mitinq) günü çatan zaman bu, bəyan olundu. Bu müddətə qədər isə İran Azərbaycanı gərginlik içərisində saxlamağa müvəffəq olmuşdu.

Bundan əvvəl də İranın dini rəhbərləri, hakimiyyət nümayəndələri Azərbaycanın ünvanına sərt bəyanatlar səsləndiriblər. Hətta bir insident (hadisə) zamanı tərəflər aralarında nota (etiraz notası) mübadiləsi də ediblər.

Bu mövzuya dəfələrlə müraciət etsək də İranın hədələrinin kəsilməməsi bəzi sualları gündəmdə saxlayır. İranın hədələrini hələ də davam etdirməsinin məqsədi nədir? İran Azərbaycandan gözləntilərini niyə açıq bəyan etmir?

Politoloq (siyasi şərhçi) Vəfa Quluzadənin fikrincə, İranan Azərbaycana qarşı sərt bəyanatlarla çıxış etməsinin səbəbi rəsmi Bakının yürütdüyü siyasətlə bağlıdır. Azərbaycanın Qərblə əməkdaşlığının İranın maraqlarına uyğun olmadığını deyən V.Quluzadə qeyd etdi ki, Azərbaycanın Qərblə istər enerji, istərsə də tranzit sahəsindəki sıx işbirliyi İranı narahat edir. İran Qərbin onun sərhədlərinə yaxınlaşmasını milli təhlükəsizliyinə təhdid saydığından, hər vəchlə buna müqavimət göstərməyə çalışır: “Azərbaycanın Qərblə əməkdaşlığının fonunda (zəminində) İran hansı siyasətə üstünlük verir? İran təcrid olunmuş bir dövlət kimi Qərblə konfrantasiyadadır (qarşı-qarşıya). İran istəyir ki, Azərbaycan Qərbə yox, İrana inteqrasiya (idğam, qaynayıb-qavuşmaq) olunsun. Bu isə mümkün deyil”.

İranla Azərbaycanın qarşıdurmasının hansı həddə qədər inkişaf edəcəyinə gəlincə, V.Quluzadə hesab etmir ki, İran Azərbaycana qarşı açıq hərbi əməliyyatlara başlasın. İran bu addımı atarsa, onsuz da qəliz olan beynəlxalq durumunu daha da qəlizləşdirər. Azadlıq radiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar