SON XƏBƏRLƏR

Avropa Birliyi 29 İran rəsmisinə sanksiya (təhrim) qoydu

2021.10.20, 07:36
Avropa Birliyi 29 İran rəsmisinə sanksiya (təhrim) qoydu

Gunaz.tv

GünAz TV: Avropa Birliyi oktyabrın (October) 10-da İranda insan hüquqlarının pozulmasında birbaşa rolu olan daha 29 İran rəsmisinə sanksiya (yaptırım, təhrim) qoyub.

Qurum bu il aprelin 12-də həmin ittihamla 32 İran rəsmisinə sanksiya qoymuşdu. “Media forum” saytının məlumatına görə, sanksiyaya məruz qoyulan 29 İran rəsmisinin Avropa Birliyinə üzv ölkələrə səfər üçün viza verilməsinə qadağa qoyulub və onların bu ölkələrdəki bütün əmlakı dondurulub.

Oktyabrın 10-da Avropa Birliyinə üzv 27 ölkənin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən toplantısında son aylarda İranda insan hüquqlarının daha kobud şəkildə pozulmasını, ölkədə yetkinlik yaşına çatmamış uşaqların və yeniyetmələrin edam olunmasını pisləyiblər. Sanksiyaya məruz qoyulmuş İran rəsmilərinin adları hələlik açıqlanmasa da, quruma üzv ölkələrin xarici işlər nazirləri İran hakimiyyətini ölkədə din və məzhəb azadlığına hörmətlə yanaşmağa, dinc müxaliflərə qarşı repressiyaları (sərkubları) dayandırmağa çağırıblar. İclasa qatılan Böyük Britaniyanın xarici işlər naziri Uilyam Heyq jurnalistlərlə görüşündə İrana qarşı başqa sanksiyalar da qoyulacağını bildirib: “Bu sanksiyalar insan hüquqlarına riayət olunması məqsədi ilə İran hakimiyyətinə qarşı təzyiqi artırmaq üçündür”.

Avropa Birliyinin xarici işlər naziri Ketrin Eştonun sözçüsü də jurnalistlərə açıqlamasında İrana qarşı beynəlxalq təzyiqlərin artacağından danışıb: “İranda vəziyyət günü-gündən pisləşməyə doğru gedir. Biz vəziyyəti nəzarət altında saxlayırıq. Lazım olsa, növbəti tədbirləri həyata keçirəcəyik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar