SON XƏBƏRLƏR

“Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” kitabı çap edilib

2022.04.21, 12:46
“Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” kitabı çap edilib

Gunaz.tv

Bu qədim və gözəl şəhər artıq XIX əsrdə ədəbi məclislərin yurdu və muğam sənət mərkəzi olmaqla yanaşı, ilk təhsil ocaqları ilə də məşhur idi.

Şuşa Realnı məktəbi, Şuşa musiqi məktəbi, Şuşa Rus – Tatar məktəbi və s. təhsil müəssisələrində görkəmli ziyalılarımız ilkin biliklərə yiyələnmışlər. Bu görkəmli ziyalılarımız arasında Azərbaycan mühacirəti tarixində yer alan bir sıra şəxsiyyətlər vardır ki, onların həyat və yaradıcılığı günümüzdə də böyük tarixi və mədəni dəyərə malikdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ili "Şuşa ili” elan etməsi ilə bağlı müvafiq sərəncamı çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası Elm Tarixi İnstitutu tərəfindən “Azərbaycan mühacirəti tarixində Şuşanın görkəmli şəxsiyyətləri” adlı kitab tərtib olunmuşdur. 

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsininin dəstəyi ilə  hazırlanan kitabın məsləhətçisi komitə sədri Fuad Muradov, layihə rəhbəri və ön sözün müəllifi tarix üzrə elmlər doktoru,  professor Məryəm Seyidbəylidir. 

Artıq işıq üzü görmüş kitab Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayında təqdim ediləcəkdir. 

Qeyd edək ki, kitab 1752-1920 və 1920-1991-ci illərə qədər olan dövrlərdə Şuşada anadan olmuş, Şuşada təhsil almış və fərqli səbəblərdən mühacirət etmiş görkəmli şəxslər haqqında ətraflı məlumatı özündə əks etdirir.  

Hər iki dövrün özünəməxsus xarakterik xüsusiyyətləri kitabda əksini tapmışdır. Birinci dövr Qarabağ ərazisində müstəqil idarəetmə üsulunun-xanlıq sisteminin yaradılmasından Azərbaycan Xalq Cümhuriyyətinin süqutunadək, ikinci dövr isə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan Sovetlər Birliyinin dağılmasına qədər olan dövrdə xarici ölkələrə mühacirət edən Şuşanın görkəmli şəxsiyyətləri haqqında bioqrafik məlumatları əhatə edir.

Kitab nadir mənbələr, əlyazmalar və arxiv sənədləri əsasında tərtib olunub və Azərbaycan tarixinə, mədəniyyətinə böyük töhfədir. Təqdim edilən kitabda Şuşa şəhərinin elmi-yaradıcılıq tarixi və burda dünyaya göz açan görkəmli tarixi şəxsiyyətlərin həyat və fəaliyyətləri,  yaradıcılığı  sistemli şəklidə tədqiq edilir.  

Azərbaycan və ingilis dillərində tərtib olunan kitab Azərbaycanın, xüsusilə Qarabağın, onun incisi Şuşa şəhərinin tarixi haqqında məlumatların əldə olunmasında mənbə rolunu oynaya bilər.
Kitabda yer alan tarixi məlumatlar Azərbaycan tarixşünaslığında bu səpkidə sistemli şəkildə ilk dəfə təqdim olunur. 

Ayxan

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar