SON XƏBƏRLƏR

Küveyt İranın səfirini son hücumlarla bağlı XİN-ə çağırdı

2026.11.27, 20:33
Küveyt İranın səfirini son hücumlarla bağlı XİN-ə çağırdı

Gunaz.tv

Küveyt Xarici İşlər Nazirliyi İranın bu ölkəyə davam edən hücumları ilə əlaqədar İranın Küveytdəki səfiri Məhəmməd Totonçinin XİN-ə çağırıldığını və ona rəsmi etiraz notasının təqdim edildiyini bildirib.

Etiraz notasında xüsusilə cümə axşamı Küveytdəki mühüm infrastruktura pilotsuz uçuş aparatı ilə edilən hücuma diqqət çəkilib. Hücum nəticəsində Almaniyanın “Rheinmetall” müdafiə şirkətinin əməkdaşları olan iki İtaliya vətəndaşı həlak olub. Bir Küveyt vətəndaşı və bir Pakistan vətəndaşı isə yaralanıb.

Bu hadisələr İranın Hörmüz boğazında ticarət gəmilərini və neft tankerlərini hədəf alması ilə yanaşı, son bir həftə ərzində Küveyt və Bəhreynə qarşı hücumlarını da artırdığı bir vaxtda baş verib.

Bununla belə, İranın xarici işlər naziri Abbas Əraqçi və ölkənin hərbi rəsmiləri “Rheinmetall” şirkətinin iki əməkdaşının ölümü ilə nəticələnən hücumda Tehranın əli olduğunu rədd ediblər. Əraqçi cümə axşamı Küveyt və İtaliyanın xarici işlər nazirləri ilə ayrı-ayrılıqda telefon danışığı apararaq, İranın bu hadisədə hər hansı rolunun olmadığını bildirib.

İran Xarici İşlər Nazirliyi də Əraqçinin Tehranın hadisənin baş verməsində heç bir iştirakının olmadığını vurğuladığını və “hadisənin mənbəyinin müəyyənləşdirilməsi” üçün Küveyt və İtaliya ilə əməkdaşlığa hazır olduğunu bəyan etdiyini açıqlayıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar