SON XƏBƏRLƏR

Qüdrət Həsənquliyev: Köklü siyasi, hüquqi və iqtisadi islahatlar aparılmalıdır

2021.10.20, 07:36
Qüdrət Həsənquliyev: Köklü siyasi, hüquqi və iqtisadi islahatlar aparılmalıdır

Gunaz.tv
"Köklü siyasi, hüquqi və iqtisadi islahatlar aparılmalıdır" qudret02.jpg Qüdrət Həsənquliyev: "Bir müddəanın saxlanılıb-saxlanılmaması ölkənin demokratikliyinə heç bir təsir etmir. Demokratiyaya təsir edən amil Azərbaycan xalqının demokratik dəyərlərə sayğısı, qanunlara münasibətidir" "Siyasi təşkilatlar dekorasiya rolu oynayırlarsa, real fəaliyyət göstərmirlərsə, deməli çoxpartiyalı sistem artıq yoxdur" Parlamentin ötən həftənin cümə günü keçirilən iclasında "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsi müzakirəsiz rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə göndərilib. 2009-cu il ərəfəsində atılan bu addım siyasi-ictimai dairələrdə birmənalı qarşılanmır. BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə söhbətimiz də Referendum Aktı layihəsi əsas yeri tutdu. Qüdrət Həsənquliyev BAXCP-nin iki il əvvəl irəli sürdüyü, proporsional seçki sisteminin bərpası, hökuməti parlamentdə qalib gələn partiyanın təşkil etməsi və digər ciddi məsələləri nəzərdə tutan Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı layihəni də xatırlatdı... - Sözün doğrusu, "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Referendum Aktı layihəsinin sürətlə gündəmə gətirilməsi mənim üçün çox təəccüblü oldu. Əvvəllər tək-tək mətbuatda bu barədə yazılar gedirdi. Qısa bir zaman kəsiyində bu məsələ ortaya çıxdı. Arxasınca da YAP icraçı katibi Əli Əhmədov parlamentdə bu məsələni qaldırdı. Ondan da bir gün sonra məsələ Hüqüq siyasəti və dövlət quruculuğu daimi komissiyasının iclasına çıxarıldı. Komissiyanın iclasında da öz iradımı bildirdim. Prezident də seçkilərdən sonra çıxışında demişdi ki, ölkədə yeni siyasi münasibətlər formalaşacaq. Təsəvvür edin, ölkə həyatı üçün bu qədər ciddi önəm daşıyan bir siyasi məsələ ən azı parlamentdə təmsil olunan partiyaların nümayəndələriylə müzakirə olunmadan birdən birə komissiyanın iclasına çıxarılır. Həm də iclasa dəvət edilirik, iclasın gedişində Konstitusiyaya əlavə və dəyişiklikləri nəzərdə tutan Referendum Aktı layihəsi bizə verilir. Biz də buna öz kəskin etirazımızı bildirdik. Həmin layihəni hazırlayacaq İşçi Qrupuna müxalifətdən heç kəsin salınmaması da diqqət çəkməyə bilməz. İşçi Qrupu necə yaradıldı, kim yaratdı, bəlli olmadı. Amma xatırlayırsınızsa, 1995-ci ildə Konstitusiya Komissiyasının sədri mərhum Heydər Əliyev idi. Orada da müxalifətdən də nümayəndələr vardı. Hətta AMİP sədri Etibar Məmmədov həmin Konstitusiya Komissiyasının üzvü idi. Bu dəfə İşçi Qrupuna heç kim salınmadı və heç bir partiyayla da danışıqlar aparılmadı. Bu layihə komissiyadan Milli Məclisə gəldi. Biz parlametdə bir sıra məsələlərə öz kəskin etirazımızı bildirmək istəyirdik. Ancaq sənəd parlamentdə də müzakirə açılmadan rəy üçün Konstitusiya Məhkəməsinə göndərildi. İndi təsəvvür edin ki, Konstitusiya Məhkəməsi bildirir ki, bu əlavə və dəyişikliklər Konstitusiyaya zidd deyil. Məsələ qayıdıb Milli Məclisə gəlir. Reallıqlar baxımından mümkün deyil, amma tutaq ki, parlamentdə də müzakirələr zamanı razılığa gəlinir ki, əlavə olaraq digər dəyişikliklər də edilsin. Deməli, həmin layihə əlavələr edilməklə, bir də təzədən Konstitusiya Məhkəməsinə göndərilməlidir ki, rəy verilsin. Sənəd bütün hallarda parlamentdə ciddi müzakirə olunmalıydı. Milli Məclisin müzakirə edib, təsdiqlədiyi son variant rəy üçün Konstitusiya Məhkəməsinə göndərilməliydi. Dünyanın gözü qarşısında Konstitusiyaya əlavə və dəyişikliklərə bu qədər qeyri-ciddi yanaşıldı və buna təəssüflənirəm. - İki il əvvəl siz Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsiylə bağlı təkliflər irəli sürmüsünüz. Sizcə, bu gün Azərbaycan cəmiyyətində hansı siyasi islahatların aparılmasına ehtiyac var? - Azərbaycanda hakimiyyət bölgüsü real məzmun kəsb etməlidir. Bizim irəli sürdüyümüz Konstitusiya islahatlarının kökündə də duran bu idi ki, hakimiyyət bölgüsü real olsun. Yəni məhkəmələr tam müstəqil olsun, qanunverici orqan nümayəndəli bir orqan kimi hökumətə nəzarəti həyata keçirə bilsin. Başqa sözlə, parlament bir növ icra orqanının nəzarətindən çıxsın, əksinə, özü müəyyən qədər hökumətə nəzarət etsin. Bunun üçün biz təklif etmişdik ki, 2002-ci ildən qanunvericiliyimizdə olan Andlı İclaslar İnstitutu yaradılsın. Məhkəmə sistemində islahatlar aparılsın, əlavə olaraq, proporsional seçki sistemi bərpa edilsin, hökuməti parlament seçkilərində qalib gəlmiş partiya və partiyalar bloku formalaşdırsın. Hakimiyyət bölgüsünün real məzmun kəsb etməsi üçün ölkədə partiyaların rolu artırılmalıdır. Çoxpartiyalı sistem indiki kimi formal xarakter daşımamalıdır. Ona görə də biz layihəni irəli sürərkən digər partiyalarla da müzakirə aparmışdıq. - Bəs əks proseslər Azərbaycanı hara apara bilər? - Əks proseslər ona gətirib çıxarır ki, ölkədə partiyalar formal xarakter daşıyır. YAP-ı da mən belə partiyalara aid edirəm. Deməli, YAP-dan da kənar, hakimiyyət özü bir siyasi qüvvə olur. Buna hansısa ad qoyulmasa da. Bunun adını şərti "hakimiyyət partiyası" qoymaq olar. Azərbaycanda bir "hakimiyyət partiyası" və hakimiyyəti dəstəkləyən YAP, Ana Vətən, Sosial Rifah və s. partiyalar olur. Bir də müxalif partiyalar var. Onların içərisində radikalları, mərkəzçi və hakimiyyətlə əməkdaşlıq mövqeyində olanlar var. "Hakimiyyət partiyası" başqa, YAP da daxil, hökuməti dəstəkləyən və dəstəkləməyən partiyalar ölkənin siyasi idarəetmə sistemində artıq bir dekorasiya rolunu oynayır. Siyasi təşkilatlar dekorasiya rolu oynayırlarsa, real fəaliyyət göstərmirlərsə, çoxpartiyalı sistem artıq yoxdur. Ölkədə çoxpartiyalı sistem olmayacaqsa, real məzmun kəsb etməyəcəksə, deməli, demokratiya real məzmun kəsb etməyəcək, digər məsələlər də dekorasiya rolunu oynayacaq. Bizim istəyimiz odur ki, çoxpartiyalı sistemin real məzmun kəsb etməsi üçün proporsional sistem bərpa edilsin. Hətta bərpa edilməsə belə, hökumətin formalaşdırılması səlahiyyəti parlament seçklərində qalib gəlmiş partiyalara verilsin. Bunun özü tamamilə artıq yeni mənzərə yaradacaq. Belə mənzərə yaranmayanda nə ola bilər? Tutaq ki, sabah ölkədə hər hansı böhran yarana, proqnozlaşdırılmayan kataklizmələr baş verə bilər. Məsələn, Yunanıstanda bir uşağın ölümüylə bütün ölkə bir-birinə dəyib. Minlərlə, on minlərlə insan nümayişlər keçirir, küçələrə çıxırlar. Anarxistlər ölkəni dağıdırlar. Artıq prosesləri tənzimləmək üçün hətta müxalifət partiyalarının belə nüfuzu bəs etmir ki, insanları sakitləşdirsinlər. Allah göstərməsin, təsəvvür edin ki, sabah Azərbaycanda elə bir hadisə versə, hansı müxalif partiya narazı elektoratın qarşısına çıxıb o prosesi sakitləşdirə bilər? - Nəzərə alsaq ki, Azərbaycan daha həssas coğafi regionda yerləşir... - Bəli. Əslində Azərbaycanda Yunanıstandakı kimi olay baş versə, o insanlar müxalifət nümayəndələrini də daş-qalaq edəcəklər. Mütləq ölkədə iqtidarla müxalifətin əməkdaşlığı olmalıdır. Müxalifət narazı elektoratın önündə getməli, ölkənin maraqlarından çıxış etməlidir. Sadə, proseslərdən kənar insanların da maraqlarının müdafiəsində durmalıdır. Hətta narazı insanlara imkan verməməlidir ki, yeri gələndə, narazılıq qiyamlarla, qarşıdurmalarla, iğtişaşlarla müşahidə olunsun. Narazı elektoratı gərək nüfuzlu müxalifət istiqamətləndirə, yönəldə, yeri gələndə, onları sakitləşdirə bilsin. İnsanlar görəndə ki, nüfuzlu müxalifət yoxdur, özləri küçələrə çıxırlar. Sabah da bu kütlənin içərisindən siyasətdə olmayan, bəzi hallarda əqli qüsurlara malik insanlar irəli çıxa bilərlər. Biz Xalq Hərəkatı dövründə belələrini gördük. Bəzən rayonlarda əqli baxımdan qüsurlu insanlar kütlənin önünə çıxırdı. Belələri sonradan dağıdıcı qüvvəyə çevrilirlər. Yenə də belə insanlar qabağa çıxa və cəmiyyət böyük problemlərlə üzləşə bilər. Buna görə də deyirik ki, siyasi islahatlar aparılmalı və partiyalar ölkənin həyatında normal iştirak etməlidirlər. - Çıxış yolu tək siyasi islahatlardırmı? - Siyasi islahatların tərkib hissəsi kimi iqtisadi və hüquqi islahatlar aparılmalıdır. Məhkəmə islahatları da hüquqi islahatların bir hissəsi olmalıdır. İqtisadi islahatların aparılması da sonda siyasi islahatlara gəlib bağlanır. Siyasi islahatları aparmadan iqtisadi islahatları həyata keçirmək müəyyən mənada çətindir. Çünki hazırda cəmiyyət büdcə vəsaitlərinin bölüşdürülməsində, Neft Fondunda toplanmış neft pullarının xərclənməsi məsələsində rol oynamır. Belədə bir-iki nəfərin, fərdin iradəsindən asılı olaraq, hətta prezident olsa da belə, təkbaşına bu qərarlar qəbul ediləcək. Həmin şəxs nə qədər qabiliyyətli, ağıllı, uzaqgörən olsa belə, qərarlar müvafiq dövlət orqanlarının, mərkəzlərin süzgəcindən keçməyirsə, səhv ehtimalları çoxalacaq. Çünki bir nəfərin bütün sahələri mükəmməl bilməsi mümkün deyil. Tutaq ki, mən hüquqşünas kimi öz sahəmi mükəmməl bilərəm. Amma iqtisadiyyat, bank işi kimi sahələri bu istiqamətdə uzun illər təhsil almış, işləmiş, təcrübəsi olan insanlar kimi bilməyim mümkün deyil. Deməli, iqtisadi komanda fəaliyyət göstərməli və təkliflər verməlidir. Qərarlara onların müzakirəsi zamanı müxalif yanaşma olmalıdır. Əgər bu yoxdursa, səhvlərdən qaçmaq mümkün deyil. Elə bizdə də belə səhvlərə yol verirlər. Çox böyük məbləğdə neft pulları müxtəlif bahalı infrastruktur layihələrinin gerçəkləşməsinə xərcləndi. Beynəlxalq aeroportlar, körpülər və s. tikildi. Maddi nemətlərin istehsalıyla məşğul olacaq istehsal və emal müəssisələrinin tikilməsi üçün vəsait ayrılmadı. Bir körpüyə 40-45 milyon xərcləndiyi halda, bütün kənd təsərrüfatına 20 milyon manat kredit ayrılır. Bir körpünün pulu qədər ölkənin kənd təsərrüfatına, fermerə kredit verilmir. Yanlışlıq budur. Ona görə də iqtisadi islahatlar aparılmalıdır. Biz təklif irəli sürmüşük ki, Neft Fondunun Müşahidə Şurasına müxalifətin, bu sahədə monitorinqlər aparan QHT-lərin və bu sahədən təhlillər yazan jurnalistlərin nümayəndələri daxil edilsin. Yəni, geniş ictimaiyyət bilməlidir ki, orada qərarlar necə qəbul olunur. Neft pullarının xərclənməsi mütləq parlamentin qərarıyla həyata keçməlidir. İqtisadiyyatda azad rəqabət mühiti yaradılmalıdır. Bunlar həyata keçirilməyəcəksə... Hələlik neft pulları var, büdcənin də 60-70 faizi neft və neftə bağlı sahələrdən gəlirlər hesabına formalaşır. Neftin qiyməti də dünya bazarında aşağı düşür və bu böhran da ən azı 2011-ci ilə qədər davam edəcək. Bizim kimi dövlətlərdə bunların proqnozlaşdırılması mümkün deyil. Böyük dövlətlərin iqtisadiyyatını yönəldən, idarə edən ekspertlər, mütəxəssislər bildirirlər ki, böhran 2011-ci ilə kimi davam edəcək. Ziyanın yarısından da qayıtmaq sərfəlidir. Biz mütləq iqtisadi islahatlar aparmalıyıq ki, ölkədə maddi nemətlər bolluğu yaradılsın və işsizlik problemi aradan qaldırılsın. - 2008-ci il yekunlaşır. Bu il siz və bütövlükdə partiya üçün nələrlə yadda qaldı, 2009-cu ildən nələr gözləyirsiniz? - 2008-ci ildə prezident seçkiləri keçirildi və seçkilərdə partiyamız iştirak etdi. Azərbaycanda yenidən prezident seçildi. Bu, mənim üçün yadda qalan hadisədir. Dünyada baş vermiş iqtisadi böhranın Azərbaycana təsiri neftin qiymətinin aşağı düşməsiylə yadda qaldı. Hətta neft sahəsinin mütəxəssisləri də düşünmürdülər ki, neftin qiyməti bu qədər aşağı düşə bilər. Bunun ölkəmizin həyatına böyük təsiri oldu. Türkiyə-Ermənistan münasibətlərindəki yaxınlaşma, "qardaşlaşma" bizim hamımıza mənəvi-psixoloji baxımdan mənfi təsir göstərdi. Konstitusiyaya əlavə və dəyişikliklər də bütün hallarda ölkədə böyük siyasi hadisə kimi qiymətləndirilməlidir. 2009-cu ildə bizi nə gözləyir? İlk növbədə Konsmtitusiyaya əlavə və dəyişikliklərlə bağlı gözlənən referendumu qeyd etmək lazımdır. Qlobal iqtisadi böhranın da gələn il Azərbaycana çox ciddi təsiri özünü göstərəcək. Onu da bilirəm ki, 2009-cu il əhalinin narazılığının artdığı bir il olacaq. Çox istəyərdim ki, 2009-cu ildə yuxarıda danışdığım iqtisadi islahatlar həyata keçirilsin. Bunu mən arzulayardım, deyə bilmərəm ki, baş verəcək, ya yox... 2009-cu ildə həm də bələdiyyə seçkiləri keçiriləcək. Çox istəyərdim ki, bələdiyyələrin səlahiyyətləri genişləndirilsin. - Siz parlamentin toplantılarında dəfələrlə bələdiyyələrin səlahiyyətlərinin artırılmasıyla bağlı çıxışlar etmisiniz... - Elədir, amma mənim və həmkarlarımın çıxışlarında yer alan pozitiv məqamlar Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı Referendum Aktı layihəsində müşahidə olunmadı. Əksinə, müdafiəsiz və heç bir ciddi səlahiyyəti olmayan bələdiyyələrlə bağlı Konstitusiyaya dünyada anoloqu olmayan bir dəyişiklik edirlər. Dəyişikliyə görə, bələdiyyələr parlament qarşısında hesabat verməlidirlər. Bu, faktiki baxımdan mümkünsüz bir şeydir. Hüquqi baxımdansa anormal bir haldır. 2700 artıq bələdiyyə parlamentdə necə hesabat verəcək? Bu, sadəcə, növbəti neqativ hallara, həm də parlamentin daha da nüfuzdan düşməsinə yol açacaq. Büdcənin az qala 45-50 faizi təmir-tikinti işlərinə ayrılır. Hər hansı tikinti işinin aparılmasına 30, 40, hətta 100, 300 milyon manat yönləndirilir. Bizim Milli Məclisin Hesablama Palatası - büdcə vəsaitlərinə nəzarət etməli orqan isə gedib bunları yoxlamır, cəmi 3 milyon pul ayırdığımız 2700-dən artıq bələdiyyə orqanlarını yoxlayır. İndi bunun arxasında nə durur, hamı başa düşür. İndi də yazıq bələdiyyələr parlament qarşısında hesabat vermək məcburiyyətində qalacaqlar. Bu, biabırçı və xoşagəlməz bir prosesdir. Mən belə hesab edirəm ki, həmin dəiyşikliklər qəbul olunacaq və qorxuram ki, ilin axırında bələdiyyə seçkilərinə qatılmaq istəyən də tapılmayacaq. Yaxşı, Ədliyyə Nazirliyinin tərkibində bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən bir orqan var. Parlamentdə də həmin orqan hesabat verir. İndi parlamentdə həm bələdiyyələrin fəaliyyətinə nəzarəti həyata keçirən orqan, həm də bələdiyyələr özləri hesabat verəcək. Bələdiyyələr ikitərəfli təzyiq altında olacaqlar. - İcra hakimiyyətlərini də nəzərə alsaq, bu prosesə "üçtərəfli" demək olar... - Əlbətdə. Kimsəyə sirr deyil ki, icra başçıları bələdiyyələri istədiyi kimi sıxır, deyir ki, qaz, işıq pulu ödəyin. Bələdiyyələrlə bağlı biabırçı hallar baş verir. Bələdiyyələri məcburiyyət qarşısında qoyurlar ki, rüşvət al, filan rayonun işıq idarəsinə filan qədər pul ödə... Faktiki bələdiyyə sədrinin rayon icra hakimiyyətində heç şöbə müdiri qədər də səlahiyyəti yoxdur. Bunu hamımız bilirik. Əlavə olaraq bələdiyyələri parlamentə tabe etmək bələdiyyələrin tamamilə ölməsinə, qanunverici orqanın da nüfuzdan düşməsinə gətirib çıxaracaq. Ona görə də bu dəyişikliyə qarşı çıxmaq lazımdır. - Bəs digər dəyişikliklərə? - Fürsətdən istifadə edib bir şəxsin ardıcıl iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin götürülməsilə bağlı da fikirlərimizi qeyd etmək istərdim. Əgər ölkədə demokratik seçki ənənəsi yoxdursa, xalq narazıdırsa, hakimiyyəti dəyişmək gücündə deyilsə, yaxud xalq aparılan siyasəti müdafiə edib dəstəkləyirsə, fərqi yoxdur ki, prezident kimdir. Məsələn, komissiyada çıxışım zamanı mən üç qonşumuzu - İranı, Rusiyanı və torpaqlarımızı işğal etmiş Ermənistanı misal çəkdim. Hər üç dövlətdə iki dəfəlik müddətə əməl olunub. Həmin müddətə əməl olunması o ölkələrdə demokratiyanın inkişafına hansısa formada müsbət təsir göstərib? Yox! O ölkə demokratik deyilsə, bu müddəanın heç bir əhəmiyyəti yoxdur. İranda tutaq ki, Hatəmi getdi, yerinə Əhmədinejat gəldi. Əhmədinejatın gəlişiylə guya İranda insan haqları, iqtisadiyyatın inkişafıyla bağlı hansı müsbət dəyişikliklər baş verdi? Əlbətdə ki, yox! Çünki molla rejimidir və mahiyyətini deyil sadəcə üzvünü dəyişir. Yaxud Rusiyada Putin getdi, prezident postunda o komandanın başqa bir üzvü - Dmitri Medvedyev gəldi. Vəziyyət daha da pis oldu. Ermənistanda da Robert Köçəryandan sonra Serj Sərkisyan prezident postunda əyləşdi, həm də xalqı güllə-baran etməklə gəldi. Nə dəyişdi? Ermənistan demokratikləşdimi? Yox! İndi 101.5-ci müddəanın dəyişməsiylə bağlı bəziləri başlayıblar ki, ölkə monarxiyaya gedir, ömürlük prezident seçilir və s. Bunlar mənasızdır və məsələnin əsl mahiyyətinin dərk olunmamasıdır. Məsələnin məğziylə bağlı biz illərdir ki, kampaniyaya aparırıq. Ölkədə köklü Konstitusiya islahatları aparılmalıdır. Hakimiyyət bölgüsü real məzmun kəsb etməlidir. Siyasi partiyaların fəaliyyəti genişləndirilməlidir. Hökuməti parlament seçkilərində qalib gəlmiş partiya, yaxud partiyalar bloku formalaşdırmalıdır. Məsələnin mahiyyəti, yəni, nə etməliyik ki, ölkəmizi Avropa standartlarına uyğunlaşdıraq və digər bu kimi önəmli məsələlər qalıb kənarda, yapışıblar bir müddəadan. Yaxşı, bir şəxsin iki dəfədən artıq dalbadal prezident seçilməsini məhdudlaşdıran müddəa indiyə qədər var idi. İndi həmin müddəanın dəyişməsinə qarşı çıxanlar Azərbaycanı demokratik ölkə sayırdılar? Yox. Deyirdilər ki, monarxiyadır, insan haqları pozulur və s. Yəni bu müddəanın qalıb-qalmamasının ölkə həyatında heç bir əhəmiyyəti yoxdur. Beynəlxalq imicə gəlincə isə... Beynəlxalq imic indiki dövrdə böyük dövlətlərin öz siyasətlərini həyata keçirmələri üçün təzyiq alətinə çevrilib. Böyük bir dövlət Azərbaycanla bağlı hər hansı siyasəti yürütmək, təzyiq etmək istəyirsə, deyir ki, beynəlxalq imicin pisdir. Amma başqa maraq varsa, Azərbaycanın imicinin yaxşı, yaxud pis olmasının üzərindən keçilir. Məsələn, Avropa Birliyi Yaxın Qonşuluq siyasəti çərçivəsində Ermənistana Azərbaycandan çox vəsait ayırıb. Baxmayaraq ki, Ermənistan qonşu dövlətin 20 faiz ərazisini işğal altında saxlayır, bu ölkədə keçirilən prezident seçkilərində əhali güllə-baran edilib. Həm də Avropa Şurası məsələ qaldırıb ki, Ermənistanı qurumda səsvermədən məhrum edək. Amma real və əməli iş odur ki, Ermənistana 90 milyon avrodan çox pul verilir. ABŞ da Ermənistana, hətta Dağlıq Qarabağ ermənilərinə ayrıca kömək edir. Əbülfəz Elçibəyin vaxtında ən demokratik seçkilər keçirildiyini söyləyirik. İndi müxalifət partiyalarının faktiki fəaliyyəti görsənmir, amma o dövrdə AMİP-in timsalında güclü müxalifət partiyası vardı. Lakin Əbülfəz Elçibəyin zamanında ABŞ Azərbaycana 907-ci düzəlişi tətbiq etdi. Bu günə qədər 907-ci düzəlişin fəaliyyəti dayandırılsa da, ləğv olunmayıb. Azərbaycanın əleyhinə çıxan qüvvələr əlbəttə ki, 101.5-ci müddəanın ləğvindən istifadə edəcəklər. Artıq erməni politoloqları bu barədə yazırlar. Sadəcə bunun Qarabağ probleminin həllinə heç bir təsiri olmayacaq. Ermənistanda o biabırçılıqlar baş verəndə onun Azərbaycana, Dağlıq Qarabağ probleminə təsiri, xeyri oldumu? Bu məsələlərdə böyük dövlətlərin maraqları var və onlar da öz maraqlarına uyğun addımlar atırlar. Tutaq ki, Gürcüstanda və Moldovadakı seçkiləri Avropa standartlarına uyğun seçkilər kimi qəbul edirlər. Bu, Dnestryanı, yaxud cümlədən Cənubi Osetiya və Abxaziya problemlərinin həllinə kömək edir? Yox. Əksinə, Rusiya Gürcüstan torpaqlarını işğal etdi... Sadəcə, biz öz xalqımız üçün normal bir cəmiyyət, idarəetmə sistemi qurmalıyıq. Onun da yolu bizim təklif etdiyimiz Konstitusiya islahatlarından keçir. Bütün diqqəti bir şəxsin iki dəfədən artıq prezident seçilməsini məhdudlaşdıran müddəanın aradan qaldırılmasına yox, ölkədə köklü hüquqi, siyasi, iqtisadi islahatların aparılmasına yönəltmək lazımdır. Əsas məsələ qalıb bir qıraqda, müxalifətin böyük bir hissəsi yenə də düşüb bir müddəanın üzərinə. Amma mən bir daha vurğulayıram ki, bu müddəanın saxlanılıb-saxlanılmaması ölkənin demokratikliyinə heç bir təsir etmir. Demokratiyaya təsir edən amil Azərbaycan xalqının demokratik dəyərlərə sayğısı, qanunlara münasibətidir. Seçkiyə yerli icra orqanları müdaxilə edirlər. Bizim Seçki Məcəlləsində seçkini saxtalaşdırmaqla bağlı müddəa varmı? Yoxdur. Qanunlarımızda var ki, rüşvət almaq olar? Deməli, bu neqativ hallara qarşı qanun heç nə vermir. Bu neqativ hallara qarşı mübarizədə əsas xalqın iradəsidir. Bizdə korrupsiyaya qarşı komissiya yaradıldı, nə oldu? Bu problem həll olundumu? Konstitusiya insan hüquqlarının təminatçısı deyil, təəssüf ki, çoxları bunu səhv başa düşür. Konstitusiya əsas qanundur. O əsas qanunun təminatçısı Azərbaycan xalqıdır. Əgər xalq adil nəzarətçi, qərar qəbul edən və mühakimə funksiyasın yerinə yetirə bilmirsə, o ölkədə qanunların heç bir önəmi yoxdur və fərdlərin iradəsi hər şeydən üstün olaraq qalcaq. Müxalifət bu gün fəaliyyətini bu istiqamətə yönəltməlidir ki, Azərbaycan xalqı siyasi hakimiyyəti formalaşdırmaq, ona nəzarət etmək gücündə olsun. Siyasi sistemin atrubutları kimi də partyialar çəkişsinlər, bir-birinə nəzarət etsinlər, QHT-lər, mətbuat da özünəməxsus nəzarəti həyata keçirsinlər. Ramiz Mikayıloğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar