SON XƏBƏRLƏR

Ziddiyyətin övladı -Ənvər Paş__K. V. NƏRİMANOĞLU

2021.10.20, 07:36
Ziddiyyətin övladı -Ənvər Paş__K. V. NƏRİMANOĞLU

Gunaz.tv
Ziddiyyətin övladı -Ənvər Paşa K. V. NƏRİMANOĞLU kamil_160208.jpg ("Tarixin vicdan məhkəməsi" silsiləsindən) İxtisarla 80 il öncə Bakımızı və bütün Azərbaycanımızı erməni işğalçılarından azad edən türk əsgərinin əziz xatirəsinə ithaf olunur. Mətə xan - (Mətə) Tonyukuk - (Ton.) Atatürk - (A.) Ənvər Paşa - (Ə.) Əli bəy Hüseynzadə - (Əli.) Zəki Vəlidi Toğan - (Zəki) Camal Paşa - (Cam.) Tələt Paşa - (Təl.) Nuri Paşa - (Nuri) Çörçill - (Çörç.) II Əbdülhəmid - (II Əbd.) II Nikolay - (II Nik.) V. Yudeniç - (Yud.) Vorontsov-Daşkov - (Vor-Daş.) Sanders - (San.) Kayzer - (Kay.) Türkoloq - (Türk.) Yazar - (Y.) Türk. - Paşam, sizcə, Rusun gücünün əsasında nə dayanır? Ə. - Rusun gücünün əsasında istismar etdiyi millətlərin gücü dayanır. Qan qarışıqlığı, mələzlik, Şərq-Qərb körpüsü ruslara imperiya gücü verdi. Türklərlə, iranlılarla vuruşan rusların qəhrəmanları, bilək gücü və ağıl gücü türklər, müsəlmanlar deyildimi? Don kazakları, Qafqaz süvariləri, Türküstan çaparları çox böyük, dəhşətli güc idi. Azərbaycan milli hökumətinin hərbiyyə naziri Əlağa Şıxlinski "Rus topçuluğunun atası" deyildimi? Mən hələ Mehmandarovu, onlarca türk, gürcü, qaraçay, qırğız generalları demirəm. Türk. - Tarix yenə də türkü türkə qırdırıb. Ə. - Tarix qırdırmayıb, bizim cəhalətimiz qırdırıb. Türk. - Və bütün bu qırğınlar tarixə yazılıb. Y. - Paşam, hərfi-ənvəriyyə yaratmısınız. Məqsədiniz nə idi? Ərəb əlifbası bu geriliyin simvolu deyilmi? Ə. - Siz bu fikirdəsiniz. Mən yox! Mənim zamanımdakı ərəb əlifbasını dəyişmək yox, islah etmək lazım idi. Türk-müsəlman dünyasının əlifbasını dəyişməyə ehtiyac yox idi. Əlifbaları dəyişmək mədəniyyət faciəsidir. Orxon əlifbasından uzaqlaşmaq birinci faciə idisə, ərəb əlifbasından uzaqlaşmaq ikinci faciə idi. Türk. - Onda belə çıxır ki, Atatürk yanlış addım atıb. Ə. - Mən o fikirdə deyiləm. 1926-cı ildə mənim ölümümdən 4 il sonra Bakıda keçirilən I Türkoloji qurultayda Atatürkün görünən və görünməyən nümayəndələri olub. Görünənlər Köprülü, Əli bəy Hüseynzadə idi, görünməyənlər Menzil, Mejsaroş... kimi əcnəbilər idi. Onların raporları, qurultayın qərarı Atatürkü bu qərarı çıxarmağa qətiyyətləndirdi. Amma Stalin ərəb əlifbasından uzaqlaşmağa nail olandan sonra Sovetlərdə latın əlifbasını ləğv etdi. Dillərin adını dəyişdi... Türk. - Paşam, Ənvər Paşa doğru deyirmi? A. - Əsasən bəli. Məntiq doğrudur. Mən mövcud vəziyyətin Avropayönlü həllini tapmışam ki, bunun adı hərf inqilabıdır. Türk. - Ənvər Paşa, Sizin əlifba islahatınızın məğzi nə idi? Ə. - Ərəb əlifbalarında əsas çətinlik hərflərin birləşməsi ilə bağlıdır. Əsgəri həyat, hərb üçün bu islahat zəruri idi. Amma yenə təkrar edirəm: zaman ərəb əlifbasından uzaqlaşmağın yanlışlığını bizə sübut edəcək. Ə. - İmperatorluqların qılıncla qurulduğunu düşünənlər ciddi səhv edirlər. Diqqət edin, dünyadakı bütün imperatorluqların təməlində mədəniyyət dayanır. Dövlətin fəlsəfəsi mədəniyyətdir. Təsəvvüf, irfan olmasaydı, türk imperatorluqları yarana bilməzdi. Qaraxanlıların da, Səlcuqluların da, Osmanlının da, Səfəvilərin də əsasında mədəniyyət dayanır. Y. - Paşam, bizi elm-texnika yolundan cəhalət, gerilik yoluna həmin bu sufilik, təsəvvüf, irfan aparmayıbmı? Ə. - Yanlışdır, kökündən yanlışdır. İrfan, təsəvvüf sahibləri elmin, ağlın açarını tapanlardır. Alqoritmi, Kopernikin adı ilə bağlanan çöküş sistemi nəzəriyyəsini, Nyutonun adına çıxılan tinom, təqvim, ölçü, hesablama sistemlərini yaradan Xəyyamlar, Əcəmilər, İbn Sinalar təsəvvüf, irfan sahibləri idi. Türk. - Bəs nə oldu? Qurd keçini niyə yedi? Ə. - Ağlın yolu azdırıldı. Cəhalətlə təsəvvüf arasındakı böyük sədlər avamların əli ilə dağıdıldı. Cəhalət-şeytan yoludur. Şeytan yolu Allahın yolunu qapatdı. Y. - Bəs Allah buna niyə dözdü? Haqq yolu niyə qapandı. Ə. - Allahın imtahanı ən böyük imtahandır. Bu imtahanda min il bir andır. Türk.- Paşam bu imtahan nə vaxta qədər davam edəcək? Ə. - Özümüzü, yolumuzu, Allahımızı tapana qədər. Mən təəssüf edirəm ki, bəziləri imperatorluq vizyonunun, baxışının nə olduğunu bilmir. Türkiyənin belə bir vizyondan məhrum olması onun əski torpaqlarından əl çəkməsi, gələcəkdə bu davalardan kənarda qalması deməkdir. Bunun adı bölgədə ağır strateji məğlubiyyət və ya siyasi ölüm deməkdir. Bəli, Atatürk edilə bilməyəni etdi - Anadoluda bir türk cümhuriyyəti qurdu. Bu gün və sabah Mosul, Kərkük, Bosna, Selanik məsələsi gündəmə gələrsə... (sözünü kəsir). Türk. - Ruhunuz şahiddir ki, bunların bir qismi artıq gündəmdədir. Ə. - Bəli, gündəmə gələrsə, siyasi-strateji çözüm, formul imperatorluq vizyonu, baxışıdır. Y. - Türk dünyası üçün də bu vizyon doğrudurmu? Ə. - Əlbəttə ki, doğrudur. Bu vizyon olmasa Türk cümhuriyyətlərini, gələcəkdə Türk topluluqlarını bağrımıza basa bilməyimiz, onların müstəqil dövlət haqlarını müdafiə etməyimiz çox çətinləşər. A. - Sizcə, biz bunu bilmirdikmi? Ə. - Mən bilmirdiniz demirəm. O vaxtkı şərtlərdə bu vizyonun bu qədərdən artıq imkanı yox idi. Türk. - Siz həmin vizyonun adamı kimi özünüzü görürsünüz? Ə. - Bunu tarix bilər. Mən bir türk əsgəri kimi, türk aydını kimi bu vizyonu zəruri bildim və canımı bu haqq yola qurban verdim. Türk. - Çarəsini tarix bilər, millət bilər deyirsiniz? Ə. - Bəli! Yaxın məsafədən tarix görünməz və bilinməz. Türk.- Keçən il Krımda bir elmi konfransda idim. Bir yaşlı qadın, Zemfira Sadıqova - onu Krım türklərinin hamısı yaxşı tanıyır, söz Türkiyədən düşəndə ağladı: "Biz Ənvər Paşanı çox sevərik. O bizim torpaqlardan gəlib keçmiş, atamı tanımış, dostluq etmişdir. Bizim millətin Krımda da, Krımdan Türküstana sürgündən sonra da bağrında saxladığı bir məhəbbət, bir sirr var ki, onun adı Ənvər Paşadır. Hürriyyət aşiqi Ənvər Paşa" dedi. Y. - Azərbaycanda Ənvər Paşaya sevgilər sonsuz olduğu qədər, Türküstanda, Əfqanıstanda, Pakistanda, İraqda, Misirdə... də sonsuzdur, dərindir və əbədidir. Ə. - Bu mənə olan sevgi deyil. Türkiyəyə, Türk əsgərinə olan sevgidir. Mən o müqəddəs məhəbbəti şəxsimə aid olmaqdan çox hürriyyətə və türkə sevgi sayıram, bundan da şərəf duyuram. Özümü o insanlara borclu bilirəm. Çünki istədiklərimi başa çatdıra bilmədim. Allah böyükdür. Türk. - Əşrəf Quşçuoğlunu çağıraqmı hörmətli divan başqanı? Ton. - Çağıraq! Əşrəf Quşçuoğlu gəlsin divana. Ə. - Əfəndim, mən səbəblərdən danışıram, siz nəticələrdən. Belə getsə, anlaşmamız, anlatmamız da çətin olacaq. Atatürkün sevgilisi: "Səni o qədər sevirəm ki, ayrılmaq məcburiyyətindəyəm". A. - "Səni bura niyə göndəriblər, övladım, günah deyilmi". Ə. - Savaşda da, barışda da, işıqda, zülmətdə də eşq var, vurğunluq, tutqu, sevda var, canım. O olmasa dünya bir qara quruşa dəyərmi? A. - Mən Sizə ölməyi əmr edirəm. "Biz Mevlana, Yunus dünyasının yetirmələriyik. Mevlana deyir ki, sadəlikdə, təvazödə dəniz kimi ol, qaranlıqlarda günəş kimi ol". Yunus da deyir ki, yaradanı yaradılan üçün sev. Çörç. - İstiqlal mücadiləsi bütün dünyada misli-bənzəri olmayan hərəkətdir. Anadolunun bu od-alovun içindən necə xilas olduğunu ağılla, rasional təhlillə hesablamaq, dəyərləndirmək mümkün deyil. Ə. - Ağıldan başqa bir də iman var. İmanı dərk etmədən azadlığı dərk etmək çətindir. A. - Biz imamla ağılı birləşdirməyi hədəf götürdük. Millət bu hədəfə ulaşdı. Ən yaxın adamım da məndən yavaşca soruşdu: "Paşam, siz bolşeviksinizmi?" Mən güldüm. Başımı bulayıb bir söz demədim. Ə. - Mənə bolşevik deyənlər o qədər çoxdur ki, bəzən ən yaxın dostlarımı da onların arasında görürəm. Sosial haqq, ədalət uğrunda mücadiləni bolşevizm kimi görənlərin məqsədi Türkiyəni daha böyük və başqa güclərə yedirtmək olub. Mən bolşeviklərdən istifadə etmək istədim, Türkiyənin və türklüyün xilası üçün. Bu yolda uğurum da oldu, uğursuzluğum da. O vaxtın dünya kontekstini bilmədən dəyənləndirmə aparmaq yanlışdır. Ə. - Bizə qəhrəman deyirsiniz, sağ olun. Səmimiyyətimə inanın, əsl qəhrəman Türküstana savaş ərəfəsində gedən Sami bəylərdir, beş mücahiddir. Onlar ölümə, şəhidliyə könüllü gedənlərin öncüsüdür. Türküstana getmək, milləti müstəmləkə zülmünə, üsyana qaldırmaq müqəddəs vəzifədir. Bunu unutmayaq. Unutmayaq ki, adsız qəhrəmanlar, itkin şəhidlər qanı bu torpağa qarışmış iman yolçularıdır. Qardaş fayda, mənfəət deyil, qardaş qan, sevgi, eşq deməkdir. Böyük və unudulmaz insanlar - bizim qardaşlarımızdır. Çanaqqalada, Bakıda, Daşkənddə, Dərbənddə, Təbrizdə, Qarsda, Ərzurumda həlak olan qardaşlarımızdır. Ə. - Məndə bir suçluluq duyğusu var ki, bu, məni heç vaxt tərk etməyəcək. Vətənimdə mənə yurduma, torpağıma olan sonsuz sevgini sübut etməyə imkan vermədilər. Vətənim deyərkən mən yalnız Anadolunu deyil, bütün Türk dünyasını nəzərdə tuturam. Və torpağa, yurda sevgi deyərkən bunun yalnız savaş olduğunu da düşünmürəm. Mən Allahın etdiyi əmanətə sahib çıxa bilmədim (tutulur, fikrə gedir. Titrək səslə): Amma bu da bir taledir. Şairlər buna nakam tale, nakam eşq deyirlər. Haqlıdırlar... Qədim şumerlər deyirlər ki, insan taleyinin dalınca gedir. Sizin divan bitəcək, amma vicdanımın divanı bitməyəcək. Balkan savaşlarında, I və II Dünya savaşlarında Türkiyəni kiçik görüb kiçik də hesaba alanlar ciddi səhv edirlər və bu səhvin bədəlini ödəməyə məcburdurlar. Türkiyə böyük ölkədir. Böyük ölkəni kiçik hesablarla oyuna gətirmək olmaz. Bunu unutmayın, bəylər! Olmayanın olmadığı yerdə də bir olan var. Cənabi Haqdan gələn nəfəsi hiss edirəmsə, demək yaşayıram. Türk. - Türkiyə modernləşməni hərbdə başladı. Əsgəri təməldə reformlar başladı. 1826-cı ildə yenicərlər buraxıldı. Ə. - I Dünya müharibəsi ərəfəsində mən orduda modernləşməyə başladım. Bu modernləşmə olmasa Türkiyə ayaqlar altında qalardı. II Mahmud Türkiyənin I Pyotrudur. Sürəsi o başladı. Əskəri kəşfiyyat sistemi orduya yeni hava gətirdi. Türk. - Bunu inkar etmək olmaz. Ə. - Savaş böyük dəhşətdir. Türk. - Amma siz savaşçısınız. 28 yaşında böyük bir dövlətin silahlı qüvvətlərinin başında olan kişisiniz. Ə. - Mən savaşçıyam, amma vuruşmağa məcbur buraxılmış, Vətəninə qəsd edilmiş bir ölkənin savaşçısıyam. Türk. - Bu bir bəraətdirmi? Ə. - Savaşlar da ədalətli, ədalətsiz olur. Qutlu-ədalətli savaşlar Haqq savaşlarıdır. Hz.Məhəmmədin, Fateh Sultanın, Napoleonun savaşlarını mən Haqq savaşı sayıram. Türk. - Mən Napoleonun bütün savaşlarının Haqq savaşı olduğuna inanmıram. Ə. - Mən inanıram. Napoleon savaş əsgəri olduğu qədər də yeni Avropanın, yeni düşüncənin əsgəridir. Napoleonun qələbələri də məğlubiyyətləri də mənim üçün önəmlidir. Türk. - Bu bir az özünəbəraətə bənzədi, Paşam. Siz Sarıqamış məğlubiyyətinə paralel axtarmırsınız? Ə. - Əgər elə görmək istərsinizsə, elədir. Ancaq bir əsgər kimi mənə məğlubiyyət dərsi, məğlubiyyət fəlsəfəsi çox maraqlıdır. Bütün hərbi məktəblər geriçəkilmə və məğlubiyyət döyüşlərini öyrənir və dərindən təhlil edir. Mənim üçün tarix qələbələr, zəfərlər arasındakı zaman məsafəsi deyil, məğlubiyyətlər arasındakı tarixdir. Tarix fəlsəfəsi siz düşündüyünüz qədər də bəsit və birmənalı deyil. Qələbə anlayışı da nisbidir. Nə isə... Türk. - Sözünüzün başında nə isə demək istəyirdiniz. Buyurun! Ə. (düşüncəli və kövrək) - mən savaşçı olsam da, mənim üçün savaş minlərlə, on minlərlə ölmüş insan deyil, yüz minlərlə, milyonlarla dul qadın, gözü yaşlı ata-ana yetim uşaq deməkdir... Ton. - Əvvəldən Sizi dinləyirəm. Fikirləşirəm. Öz Göy Türk tariximizin ağır zamanlarını, bizdən öncəki İstit, Hun imperatorluğunda dədə-babalarımızın savaşlarını, dövlətqurma mücadilələrini, mədəniyyət yolundakı arayışlarını düşünürəm. Tarixin bütün zamanlarının və bu zamanı yaradan şəxsiyyətlərinin öz dəyəri, öz qiyməti var. Bu böyük keçmişin fonunda XX əsrin əvvəlində yetişmiş Sən Ənvər Paşanı, Sən Mustafa Kamalı, Sən Camal Paşanı, Sən Tələt Paşanı, Sən Kazım Karabəkir Paşanı Allah xilas üçün, Təbiət bir millətin qurtuluşu və gələcəyi üçün yaradıb. Siz gəncliyinizi, şəxsi həyatınızı Vətənimizə, Millətimizə qurban vermiş böyük türklərsiniz - bizim övladlarımızsınız. Səhvlərinizi etiraf etdiniz. Kim səhvsizdir ki... (dərin nəfəs alır). Siz bağışlanmaz səhvlər etmədiniz. Tarix də, millət də, bizim Divan da Sizi bağışlar. Bu divan Ənvər Paşaya əfv verir. Biz bu əfvi və şərəfi sizə bağışlayır,Türk millətinin gələcəyi, türk dövlətlərinin ehtişamı üçün Sizlərə Ruh birliyi, könül xoşluğu, sonsuz Vətən və Millət eşqi arzulayırıq. Bu birlik Ruhuna bu gün yaşayan, yaradan, mücadilə edən, dünən yaşanmışları bu gün başqa şəkildə yaşayan Millətimizin böyük ehtiyacı var. Yolunuz Qutlu olsun! Tanrı Türkü qorusun! Hamı bir yerdə: Tanrı Türkü qorusun. Alman qızı: - Hər şey keçəcək. Bu yazın gəlişi nə uzun çəkdi? Günlər aya döndü, ay da il oldu. Həsrət dilə gəldi, söz-söz inlədi, Yalqızlıq bağrımı köz-köz eylədi. * * * Payızın çiskini içimə doldu, Qışın sərt nəfəsi həmdəmim oldu. Bu yaz məndən qaçdı, Allah, nə oldu? Nədən bu şaxtalar məni qovurdu? * * * Sən mənim qürubum, son ümidimsən, Gecikən qismətim, son baharımsan. Qəlbi yaralısan məndən qaçma sən, Mən sənə son ümid, sən son nəfəssən. * * * Nakam eşq vüsalsız, sahilsiz dəniz, Bu dalğa pərişan, bus ular səssiz. Canlılar ölümlü, eşqlər ölümsüz, Yaralı eşqimdir günəşsiz, yazsız. * * * Payızlar çıxacaq, qışlar gedəcək, Bu yurdda nə vaxtsa gün də doğacaq. Şəhid eşq qəbrində gül də bitəcək. Bizim yaz gələcək, hər şey keçəcək. * * * ...İnan keçəcək. İnan gələcək. A. - Öz mənliyinə sahib olmayan millətlər başqa millətlərin ovu olur. Türk. - Axı dünyadan təcrid olmaq imkansızdır. Ə. - Azad olmayan millət tarixdə izini qoya bilməz. Amma dünya gör-götür dünyasıdır. Hər şeyin gözəlini, seçkinini almaq millətin fərasətinin, ağlının işarətidir. Y. - Mən hər millətdə iki millət var tanımını bəyənirəm. Rejim, istibdad, missioner Rusiyası ilə, Dostoyevski, Tolstoy Rusiyasını ayırmaq lazımdır. Ə. - Mən rusca az-çox bildiyim üçün rus yazarlarını rusca oxudum və heyran qaldım. Amma rusların Şərqə vurduğu zərbələr, müstəmləkə, istismar siyasəti olduqca mənfi və insanlıq dışındadır. Türk. - Alman marşalı Liman fon Sandersə sualım var. San - Buyurun, əfəndim. Türk. - Mən uca Divan qarşısında Sizə bir sual yönəltmək istəyirəm. Sizin cavabınız bəzi qaranlıqlara aydınlıq gətirə bilər. Cənab marşal, Siz alman komandiri kimi Qafqazın türk ordusu tərəfindən azad olunmasına qarşı olmusunuz? San - Bəli. Çünki mənim əsgəri olduğum dövlətin tələbi belə olub. Bu sualı zəhmət olmasa cənab Kayzerə yönəldin. Türk. - Buyursun Kayzer cavab versin. Kay. - Almaniyanın Qafqazlarda nüfuzunu və iqtisadi, siyasi maraqlarını təmin etmək üçün biz türk ordusunun Qafqazlara, xüsusən Bakıya daxil olmasına, yerləşməsinə, ermənilərə qarşı güc birliyi yaratmasına qarşı olmuşuq. Osmanlı Türkiyəsi müttəfiqimiz, etibarlı dostumuz idi. Ancaq bizim strateji maraqlarımız dostluqdan çox öndə gəlir. Türkiyənin Qafqazlarda, İranda, Yaxın Şərqdə güclənməsi dünən də, bu gün də, sabah da Avropa üçün ən böyük təhlükədir. Ermənilər bir vasitədir. Ruslar bu vasitədən çox ustalıqla istifadə etmişlər. Biz də bu fürsətdən istifadə etməliydik və etdik. I Dünya savaşında Türk qüvvəsini Qərbə, Qaliçayaya yönəltmək, Çanaqqala, İstanbulun yolunu açmaq üçün biz bu yolu seçdik. Bu siyasətin ana prinsipləri bugün də davam etməkdədir. Türk. - Təşəkkür edirəm, cənab Kayzer. İzninizlə mən sualımı yenə cavab Sandersə yönəldim. Türk. - Buyurun. Türk. - Cənab Sanders, müttəfiq qoşunlarının komandiri kimi Siz Ənvər Paşa, sonralar isə Mustafa Kamal Paşa ilə yaxın olmusunuz. O vaxtki hadisələrin əsas məğzi və bu şəxsiyyətlər haqqında Sizin düşüncələriniz tarix üçün, divan üçün önəmlidir. Buyurun. San - Hər iki şəxsiyyətə böyük hörmətim olub və bu hörməti onların ləyaqətləri, vətənpərvərlikləri, yüksək səviyyəli professonal hərbçi olmaları yaradıb. O ağır illərdə, xüsusən Çanaqqalada, sonralar Suriya, Misir cəbhəsində o insanlarla dəfələrlə görüşmüşəm. Savaşın ilk illərində Ənvər Paşa ilə tanışlıq mənə çox böyük məmnunluq gətirib. Alman dövlətini, alman insanını gözəl tanıyan, bizim dilimizi və mədəniyyətimizi dərindən bilən Ənvər Paşa aksiyon adamı idi. Hərbi kəşfiyyat dəyərləndirilməsi Avropa səviyyəsində olan, eyni zamanda, şərq, türk ənənəsini yetərincə bilən və tətbiq edən Ənvər Paşa xaraktercə mürəkkəb bir şəxsiyyətdir. O, inandırmağı bacarır. Səhvlərdən nəticə çıxarma bacarığı var. Orduda sərt intizam tərəfdarıdır, hətta almanlardan da artıq sərt intizam adamıdır. İnadkar və tərsdir. Bəzən macəra və xülyaya uymağı da yox deyil. Qafqazlara münasibətdə və Bakının azad olmasında ifrata vardı və bugün almanların Qafqazlarda nüfuzu, mövqeyi istənilən səviyyədə deyilsə, bunun səbəbi Ənvər Paşadır. Ə. - Biz sizinlə çiyin-çiyinə olmuşuq. Türklər tabeçiliyi, qul psixologiyasını qəbul etməz, cənab marşal. O vaxt da, indi də bunu unutmamağı Sizə tövsiyə edirəm. Hər millətin tarixdən gələn idealları var. İdealsız millət arzusuz, ümidsiz, gələcəksiz insan kimidir. Hər hansı uğur və ya uğursuzluq milləti idealından qopara bilməz. San - Nə isə. Tarix hər şeyi öz yerinə qoyur. Səbrli olaq. Mustafa Kamal təbiətcə, xislətcə başqa adamdır. O, böyük əskər, diplomat və siyasət adamıdır. Bu üç amili özündə birləşdirən nadir şəxsiyyət, xilaskar kimi onun yeri və önəmi başqadır. Mustafa Kamalı Çanaqqalada tanıdım və sevdim. Sonralar çox ciddi fikir ayrılığımız, mübahisələrimiz oldu. Biz dağılmaqda olan Osmanlı Türkiyəsinin belə bir şəxsiyyət - öndər yetişdirəcəyinə inanmırdıq. Bu da tarixin bir cilvəsi və millətin neçə minillik potensialının ifadəsidir. Mustafa Kamal rasionalistdir, cəsarətlidir, qətidir, düşmənlərinə qarşı amansızdır. Bu düşmən daxildə də ola bilər, xaricdə də. Eyni amansızlıq dəyişməz. Ölkənin ən ağır, böhranlı vaxtında əsgər - Mustafa Paşa, ölkəni Avropa istiqamətində qurmaqda reformator və inqilabçı Mustafa Kamal, beynəlxalq nüfuz və mürəkkəb münasibətlər sistemində diplomat və siyasətçi Mustafa Kamal həqiqətən türklərin atasıdır - Atatürkdür. Amma açıq deyirəm ki, mən öndər kimi Atatürkü, insan və aksiyon adamı kimi Ənvər Paşanı sevirəm. Türk. - Təşəkkür edirəm, marşal. Mən alman xalqını, mədəniyyətini, fəlsəfəsini sevirəm. Alman ordusunun prinsiplərini də yüksək dəyərləndirirəm. Almaniya I-II Dünya savaşında bizim müttəfiqimiz olub. Bu da bir taledir. Hər iki savaş Türkiyə üçün uğurlu olmayıb. Almaniya bizim nə son dostumuz, nə də son düşmənimizdir. Müttəfiqlər də əbədi deyil. Osmanlının son dövrü Türk xalqının ən ağır dövrüdür. 600 illik böyük bir dövlət çökürdü. Bu çöküş nələrinsə sonu, nələrinsə başlanğıcı idi. Çöküşün böhranını yaşayan dövlətin bağladığı anlaşmalar, mürarəkələr məğlubiyyəti qəbul etmək, dağılmaya imza atmaq süqutla razılaşmadan başqa bir şey deyildi. Osmanlı başbilənlərinin İstanbul, London, Sykes-Picot anlaşması, Anadolu və Ərəb məmləkətlərinin bölüşmə anlaşması, San de Marianna, Mondros, Sevr anlaşmaları vətənə, dövlətə xəyanət anlaşmaları idi. Atatürkün asılmasına fitva verən şeyxülislamla, satqın Fərid Paşanın və onun kimilərinin təslim imzası mahiyyətcə fərqlənmirdi. Əsgər vuruşur, Millət qanı axıdır, analar qan ağlayır, oğullar şəhid olur, Osmanlı idarəçiləri və din, dövlət, diplomatiya sərvərləri təslim olur, ayaqlar altına düşürlər. "Xəstə adam" ölür, ölkə olum-ölüm darboğazında çırpınırdı. Ana can üstündədir. Xilas yolu övladlardır. Övladlar ayağa qalxdı. Bir başı Türküstan, bir başı Qafqazlar, bir başı Suriya, İraq, Misir, bir başı Balkanlar və mərkəzi Anadolu. Atatürk Anadoluya girdi və İstiqlal savaşı başladı. Millət şahə qalxdı. "Yoxluq içində savaşmaq və Vətəni qorumaq" həyat fəlsəfəsini qəbul edənlərin böyük mücadiləsi başladı. Nuri. - Türk əskəri Azərbaycanı ermənilərdən xilas edib. Həqiqətin arxasında çox şey yatır. Əvvəla bunu işğal kimi anlayan və anlatan ruslar, avropalılar çox böyük, bağışlanmaz səhvə yol verirlər. Biz Azərbaycanı Azərbaycan türkü ilə çiyin-çiyinə birgə xilas etmişik. Biz Azərbaycanın müstəqilliyi, azadlığı üçün bütün qapıları aramışdıq. Heç təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq miqyasda tanınması, güclənməsi, milli ordu yaradılması bizim yaxından, qardaş köməyimizlə olub. Çanaqqalada qanını töküb şəhid olan, qazi olan Azərbaycan türkü də Türkiyə üçün bunu edib, ağır illərdə maddi və mənəvi yardımı "qardaş köməyi" təmənnasızlığı ilə yerinə yetirib. Qardaşlıq borcunu, din və milli şərəf ortaqlığını, dil, tarix, mədəniyyət müştərəkliyini bir yabançıya izah etmək, başa salmaq çox çətindir. İllah ki, yabançı pis niyyətli ola, gözü qardaş sərvətində, torpağında ola... Qazax bölgəsində minbaşı Səbri bəy hərbi nümayəndə idi. O, məktəbə gedib və uşaqlarla görüşüb. Ac-yalavac, ayağı çarıqlı uşaqlar onun riyaziyyatdan, ədəbiyyat və tarixdən suallarına bülbül kimi cavab verib. Səbri bəyin gözləri dolub və uşaqların hamısının əyin-başını təzələyib. Eyni durum çox ağır döyüşlər keçirmiş Göyçayda, Gəncədə, Qarabağda sıx-sıx təkrar olunub. Azərbaycan Türkiyənin əlacı, Türkiyə Azərbaycanın əlacıdır! Bunu bilməyən getsin tarixi təzədən oxusun, olayları, insanları öyrənsin. Ə. - Əlbəttə ki, tarix öz yaddaşından heç kəsi silmir. Yaxşı və yaman əməlləri, fədakarlığı, cəsarəti və qorxaqlığı ilə, milləti üçün açdığı yeni yollarla və xalqının yolunu qapatdığı, çıxılmaza apardığı hərəkətləri ilə, böyüklüyü və kiçikliyi ilə hər kəs tarixdə qalır. Ton. - Tarix amansızdır. Tarixin amansızlığı təbiətin amansızlığından fərqlidir. Təbiət onun ahəngini, haqqını, zərifliyini, qanunlarını pozanlardan intiqam alır. Tarixsə yüz il, min il keçsə də, hər şeyi daşıdığı dəyər nə isə onunla ortaya qoyur və əbədiyyətə qovuşdurur. A. - Tarixi yazmaq da tarixi yaratmaq qədər şərəfli və önəmlidir. Ə. - Xoşbəxt o adamdır ki, tarixin gözünün içinə dik baxır. O dünyada da, bu dünyada da tarixdən qorxmur. Ton. - Türkiyəni və türk dövlətlərini öz kökündən qoparmaq cəhdi türk dövlətləri üçün ən böyük təhlükədir. Böyük dövlətlərin də siyasəti və missioner hərəkatı buna yönəlib. Türk. - Bu qopmada Ənvər Paşanın da, Mustafa Kamalın da rolu varmı? Ə. - Mən modernləşmənin də tərəfdarıyam və özümü modern Avropa təhsili almış aydın sayıram. Amma mənim üçün modernləşmə kompleks deyil, mən müsəlmanam, millətçiyəm və demokrat fikrə sayğılıyam. Əlbəttə, mən əsgərəm. Əsgərin isə aşırı demokrat olması imkansızdır. Mənim həyat yolum, təəssüf ki, demokratiya cizgisinə gəlib çıxmayıb. A. - Mən də əsgərəm. Amma mənim əsgər həyatımı dövlət və siyasət həyatı əvəz edib. Mən demokratiya, modernləşməni millətçilik, dövlətçilik, xalqçılıq, sosial haqlar prinsiplərini rəhbər tutmuşam. Üsyanları və yeni müstəqilliyini qazanmış cümhuriyyətə qarşı olanları və hətta qarşı ola biləcəkləri sizin qəddarlıqla dediyiniz, qətiyyətlə qarışdırdığınız prinsiplə, konsepsiya ilə təmizləmişik. Əks təqdirdə, bu ölkə ayaqda qala bilməzdi, əfəndilər. Bəli, bu təmizləmədə keçmişdən qopmalar da olub. Həmin sürəc mürəkkəb və çoxanlamlıdır. Y. - Lenin, Stalin, Hitler də elə etməyiblərmi? A. - Formaca bəli, məzmunca xeyir. Mən Lenin kimi xalqımı və xalqları aldatmamışam. Bu aldatmanın nə olduğunu başqırd Zəki Vəlidi Toğan da, tatar Qaliyev də, Azərbaycan türkü N.Nərimanov da o qədər gözəl anladıb ki, onları təkrar etmək istəmirəm. Mən demokratiya toxumlarını əkmişəm və bu toxumlar bəhrə, məhsul verib. Lenin, Stalin, Hitler toxumları ölkəni dağıdıb. Türk. - Amma tarixdən qopma hallarını, prosesi inkar etmirsiniz? A. - Əfəndim, mən cəhalətə qarşı olmuşam, dinimizə qarşı yox. Mən zaviyələri, türbələri, din oyunbazlığı meydanlarını qapatmışam. Mən İbrahim Haqq əfəndinin ocağını qapatmamışam. Y. - Amma Sizin yanınızdakılar və davamçılarınızın bir qismi saç demisiniz, baş gətiriblər. A. (gülür) - Əlbəttə, olub. Bəzən saç ələ gəlməyəndə başla bir yerdə gətirilib. Böyük işlər böyük səhvləri istisna etmir. Ə. - Siz məni mühakimə edirsiniz, yoxsa Mustafa Kamalı? Bu məsələlərdə mənim öz baxışım var ki, qayəsi etibarilə Mustafa Kamalın dedikləri ilə əsasən səsləşir. Təfərrüatda fərqimiz var, tətbiqatda, taktikada ayrılığımız var, məncə strategiyada ciddi fərq yoxdur, çünki məqsəd azad Türkiyə və Türk Dünyası idealıdır. Mən bu ideala həyatım boyu sadiq olmuşam və indi də sadiqəm. Vətənə, millətə sədaqətin başqa yolu yoxdur. Mənim səhvlərim mənim idealımın, ölkəmin üzərinə zərrə qədər də kölgə sala bilməz. Türk. - Milləti tarixindən gələcəyinə daşımaq qopmalar, inkarlar olmadan mümkün deyilmi, sizcə? Ə. - Məncə, yox. Tarix şüurunu itirmiş millətin böyük dövlət yaratması çox imkansızdır. Bu proses qopmalar, inkar olmadan çətin reallaşa bilər. Tam müstəqillik və milli hakimiyyət hüquqla təsbit olunur. Demokratiya - Qərblilərin ayağına, cibinə düşmək deyil, öz milli demokratik formulunu tapmaqdır. Türk. Bu fikirləriniz sizin həyatınızın və olanların məntiqi deyil. Daha çox şəhid olduqdan sonrakı düşüncə və qənaətinizdir. Ə. - Həyatımın məntiqi və aldığım dərslər bunları deməyi zəruriləşdirib. (Ardı gələn şənbə sayımızda) Kamil Vəli NƏRİMANOĞLU

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar