SON XƏBƏRLƏR

MƏHMƏT ƏLİ TƏLƏT: "KİPR PROBLEMİNİN TEZLİKLƏ HƏLLİNƏ İNANIRAM"

2021.10.20, 07:36
MƏHMƏT ƏLİ TƏLƏT: "KİPR PROBLEMİNİN TEZLİKLƏ HƏLLİNƏ İNANIRAM"

Gunaz.tv
35750_1 MƏHMƏT ƏLİ TƏLƏT: "KİPR PROBLEMİNİN TEZLİKLƏ HƏLLİNƏ İNANIRAM" QKTC prezidentinin nikbinliyinə əsas var - sülhyaradıcı qarşılıqlı fəaliyyət planında və əməli kooperasiyada ciddi müsbət fərqlər göz önündədir İ.BAYANDURLU QKTC-yə otuz il rəhbərlik etmiş sələfi Rauf Denktaşdan fərqli olaraq Məhmət Əli Tələt adanın birləşməsinə və Avropa Birliyinə vahid üzvlüyə tərəfdar çıxır. O, BMT-nin birləşmə planını fəal surətdə dəstəklədi və Kipr türklərinin böyük əksəriyyətinin dəstəyini qazandı. Tələt AB və BMT-ni adanın gələcəyi barədə danışıqları dəstəkləməyə və Quzey Kiprin beynəlxalq təcridinə son qoymağa çağırır. Kipr prezidenti Dimitris Hristofyas və QKTC prezidenti Məhmət Əli Tələt arasında danışıqların gedişində iki lider etimadın möhkəmləndirilməsi tədbirləri və toplumlar arasında münasibətlərin inkişaf etdirilməsi barədə razılığa gəlmişdir. "Ayna" və "Zerkalo"nun siyasi icmalçısının Quzey Kipr dövlətinin başçısı ilə söhbətini diqqətinizə təqdim edirik (Yeri gəlmişkən, bu müsahibə "Zerkalo" qəzetinin bugünkü sayında "Türk dəfinələr adası" adlı əlavədən götürülüb). - Kipr probleminə dair danışıqlar prosesinin indiki durumunu necə qiymətləndirirsiniz? - Bu gün biz yalnız sülhə aparan yolun başlanğıcındayıq. Bildiyiniz kimi, Kipr türkləri problemin tam şəkildə tənzimlənməsi yolunda bir sıra ciddi, əsaslı addımlar atmışlar. Xalqımız referenduma "hə" deməklə sülhə tərəfdar olduğunu və problemin tezliklə həllinə can atdığını təsdiqləmiş oldu və bütün dünyaya nümayiş etdirdi. Bu xüsusat beynəlxalq səhnədə müsbət əks-səda doğurdu. Lakin rum tərəfin dövlət qismində beynəlxalq aləmdə tanınmış olması səbəbincə biz məhdudiyyətlər və təcridlə üzləşməkdə davam edirik. Həm Avropa Birliyi, həm də bütövlükdə Qərb dünyası QKTC üzərindən embarqonu götürəcəklərinə dair 2004-cü ildə verdikləri vədi yerinə yetirmədi. Lakin bu ilin əvvəlində Kipr rumlarının lideri türklərin konstruktiv mövqelərinin fonunda münaqişənin sülh yolu ilə qəti həlli üçün heç bir real iş görmək istəmədiyinə görə dünya birliyi tərəfindən tənqidə məruz qoyulduğundan seçkilərdə məğlubiyyətə uğradı. Orada hakimiyyətə yeni lider gəldi. Lakin Güney Kiprin siyasi quruluşu elədir ki, prezident seçkilərini uduzmuş olan əvvəlki lider güneylilərin indiki liderinin qurduğu hökumətdə koalisiya üzrə tərəfdaşdır. Bununla bağlı olaraq əvvəlki iqtidarın təsiri özünü hiss etdirir. Odur ki, biz yolun lap başlanğıcındayıq. Amma artıq indinin özündə əvvəllər olduğu ilə müqayisədə xeyli fərq mövcuddur. Əvvəlki liderlə biz görüşməmişdik, çünki o, QKTC rəhbərliyi ilə təmasları rədd edirdi. Güneyli kiprlilərin indiki rəhbəri belə deyil və biz görüşürük. Sülhyaradıcı qarşılıqlı fəaliyyət planında və əməli kooperasiyada da ciddi müsbət fərqlər göz önündədir - güneylilərin əvvəlki lideri bizim bütün təşəbbüslərə rədd cavabı verirdi, yeni liderlə isə müsbət nəticələr verən müəyyən birgə çalışmaları gerçəkləşdirə bilirik. Fəqət problem ondadır ki, mənim tərəf-müqabilimə onun koalisiya üzrə müttəfiqinin yuxarıda qeyd etdiyim mənfi təsiri vaxtaşırı olaraq işlərimizi çətinləşdirir. Buna baxmayaraq mən nikbinəm və Kipr probleminin tezliklə həllini tapacağına inanıram. - Sizin opponentlər, yəni siyasi müxalifət siyasi komandanızı türk toplumunun statusu haqqında məsələdə prinsipsizlikdə ittiham edir. Yəni onlar sizi bunda qınayırlar ki, qarşı tərəflə QKTC-nin ləğvini və Kipr türklərinin mexaniki olaraq Kipr Cümhuriyyəti vətəndaşlarına çevrilməsini nəzərdə tutan hansısa bir sülh müqaviləsini imzalamağa hazırsınız. Üstəlik, deyilir ki, adanın türk toplumunun dövlət yaradıcı statusuna heç bir təminat almadan bunu edəcəksiniz, bu da son nəticədə xalqın "əriməsi"nə və "yoxa çıxması"na gətirib çıxaracaq. Müxalifət hesab edir ki, bunun əvəzinə siz öz qüvvənizi təcridin götürülməsinə və QKTC-nin beynəlxalq aləmdə tanınmasına yönəltməlisiniz. Buna nə cür şərh verərdiniz? - Bu son dərəcə mücərrəd, heç bir faktla təsdiqlənməyən və son dərəcə əsassız ittihamlardır. Öncə söyləmək istərdim ki, biz heç bir şəraitdə Kipr türklərini kiçicik bir təhdid altında buraxan razılaşma imzalamayacağıq. Biz öz xalqımızı federasiyanın bərabərhüquqlu, dövlətyaradıcı təsisçisi edəcəyik. Sual doğur: əgər bu, tanınmış dövlətin olmadığı bir şəraitdə, təcrid və embarqo şəraitində baş vermədisə, bundan sonra Quzey Kipr xalqı necə əriyib yox ola bilər? Heç bir halda! Odur ki, sizin səsləndirdiyiniz ittiham birtərəfli və qüsurlu təxəyyülün məhsuludur. Quzey Kipr Türk Cümhuriyyətinin tanınmasına dair səylərə gələk. Bu ittihamların müəllifləri qırx il hakimiyyətdə olublar! 1974-cü ildən 2004-cü ilə, mən baş nazir olana qədər onlar fasiləsiz olaraq ölkəni idarə ediblər. 1974-cü ilə qədər də on il sükan arxasında idilər. Nə üçün bütün bu illər ərzində onlar QKTC-nin dünya dövlətləri tərəfindən tanınmasına nail ola bilmədilər? Onlar bizə olan iddiaları ucbatından işin mahiyyətindən xəbərsiz olanları istismar edirlər. Dünya ölkələri nə üçün QKTC-ni tanımır? Ona görə ki, BMT Təhlükəsizlik Şurası bizim cümhuriyyətin tanınmasını yasaq etmişdir. Nə üçün qardaş ölkə Azərbaycan bizim dövləti tanımır? Və iş heç də sizin ölkənin yüklənmiş olduğu Qarabağ münaqişəsində deyil. Beynəlxalq hüququn imperativi belədir, onunla münaqişəyə girməyi bir qayda olaraq heç kəs istəməz. Yalnız Türkiyə bizi tanımışdır, bununla bağlı olaraq ciddi xarici siyasi problemlərlə üzləşir, onların başlıcası Avropa Birliyinə daxil olması ilə bağlıdır. Lakin hətta Türkiyə də müəyyən addımlar ata bilmir. Sizə bir sadə, dünya siyasətinə birbaşa dəxli olmayan misal gətirim: Türkiyə futbol komandaları bizim klublarla oynaya bilmir. Çünki FİFA bunu etməyə yasaq qoyub və yasaq pozularsa, təsirli sanksiyalarla cəzalandıra bilər. - Necə düşünürsünüz, rum Kiprində siyasi şüuru və sivil dünya duyumu "enozis"dən ((Kiprin Yunanıstana birləşdirilməsi, faşist "anşlyü"sü və erməni "miatsum"unun bənzəri - İ.B.) uzaq olan siyasətçilər nəsli meydana çıxıbmı? - Güneydə artıq "enozis" iddiası yoxdur. "Enozis" səhnədən çəkilmişdir. İndi ona əks olan başqa bir meyil var. İndi onların toplumu bütün ada üzərində suverenlik ideologeminin hakimiyyəti altındadır. Kipri Yunanıstana birləşdirmək həvəsi öz yerini bütün adanı öz suverenliyinə tabe etdirmək cəhdinə vermişdir. - Lütfən deyin, federasiyada özünüzü hansı postda görürsünüz? Vitse-prezident? - Nə kimi federasiya quracağımızı hələ müəyyən etməmişik. Lakin istənilən halda, bu, növbəli prezident institutunu nəzərdə tutan federativ quruluş olacaq. Yəni müəyyən bir dövrdə prezident kiprli rum olacaq, növbəti zaman kəsimində ali postu türk tutacaq. Deməli, rum prezident olanda vitse-prezident türk və əksinə olacaq. - Bəzi KİV-lər iddia edir ki, sizinlə Türkiyənin siyasi rəhbərliyi arasında Kipr probleminin həlli yolundakı baxışlarda ciddi ayrılıq var. Bu nə dərəcədə gerçəkliyə uyğundur? - Bu, gerçəkliyə uyğun deyil. Biz vahid mövqedən və yanaşmalardan çıxış edirik. Bu, gerçək informasiya deyil və siyasi qarabasmaların məhsuludur. - Cəmiyyətinizdəki antiqərb ovqatının bariz şəkildə özünü hiss etdirməsini nə ilə izah edərdiniz? - Bu tam normal və təbiidir. - Və siz belə bir nöqteyi-nəzəri bölüşürsünüz ki, Qərb biz türklərə qarşı ədalətsiz davranır, ona görə ki biz müsəlmanıq? - Bəli, elədir ki var. - Və eləcə də hesab edirsiniz ki, Qərb imperialistlər-istismarçılar birliyidir? - Böyük və kiçikliyindən asılı olmayaraq hər ölkə öz maraqlarından çıxış edir və ilk növbədə buna can atır ki, öz məsələsini həll etsin. Lakin Avropa Birliyinin maraqları səbəbincə Qərb Kipr probleminin həllində maraqlıdır. Məhz buna görə də Qərb bu məsələnin tezliklə həllini arzu edir. - Əgər mümkündürsə, bir az şəxsi xarakterli sual verim. Düzdürmü ki, gəncliyinizdə sosializm ideallarının heyranı olmusunuz? - Mən sizə daha artığını söylərəm. Gəncliyimdə mən marksist idim. İndiyə qədər də marksizmin əsaslarını bəşəriyyət üçün yüksək dərəcədə humanist və qiymətli sayıram. - Bəs proletariat diktaturasını? - Bu məgər geridə qalmadımı, tarixə qovuşmadımı? Proletar diktaturası özünü doğrultmadı və tarix bunu sübut etdi. Mən isə marksizm ideallarından danışıram, onların arasında qardaşlıq, bərabərlik, irqçiliyin rədd edilməsi və s. var. İdealların gerçəkləşmədiyi isə başqa bir işdir. - Kipr türkləri özlərinin Anadoludan olan qardaşlarından və ümumiyyətlə, digər türk xalqlarından bir sıra mental milli keyfiyyət səciyyələri sarıdan xeyli fərqlənirlər. Misal üçün, Türkiyədən və ya Azərbaycandan fərqli olaraq burada rüşvət alan yol polisi və ya gömrük əməkdaşına rast gəlmək praktik olaraq mümkün deyil. Sizcə, bu nə ilə izah edilir - Britaniya "sömürgə" mədəniyyətinin mirası deyil ki? - Bəli, kiprli türklər, əgər belə söyləmək mümkündürsə, dünyada ən Qərb türklərdir. İngiltərənin tarixi təsiri şəksizdir, lakin Britaniya İmperiyası buradan 1960-cı ildə getdi, onun əvəzinə buraya britaniyalı turistlər gəlirlər. Məsələ bir də ondadır ki, təcridə və məhrumiyyətlərə baxmayaraq Kipr türkləri adanın rum yarısı ilə daimi yarışma durumunda olmuşlar. Əgər kiprli rum övladlarını ən yaxşı məktəbə qoyurdusa, türk də bundan artığını etməyə çalışırdı ki, öz övladlarına layiqli təhsil verə bilsin. Eyni hal digər sferalarda da müşahidə edilirdi. Bir sözlə, blokadaya baxmayaraq öz qətiyyəti və daha yaxşı olmaq arzusu sayəsində kiprli türklər Qərb sivilizasiyası məkanında dəyərlər və nailiyyətlərlə geniş təmasda olmuşlar. Kiprli türklər Qərb texnologiyalarına, Qərb sosial və siyasi düşüncə tərzinə daha yaxın olmuş və onu mənimsəmişlər. Amma Qərbə daha yaxın oldular, lakin onun eyniyyəti olmadılar, özünəməxsusluqlarını qoruyub saxlaya bildilər...

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar