SON XƏBƏRLƏR

AZƏRBAYCAN “NABUKKO” LAYİHƏSİNDƏN İMTİNA EDİR

2021.10.20, 07:36
AZƏRBAYCAN “NABUKKO” LAYİHƏSİNDƏN İMTİNA EDİR

Gunaz.tv
AZƏRBAYCAN “NABUKKO” LAYİHƏSİNDƏN İMTİNA EDİR Çeyninin Bakı səfərindən sensasion təfərrüatlar “Kommersant” qəzeti: “O, İlham Əliyevlə danışıqlardan sonra elə qəzəblənib ki, şərəfinə verilən ziyafətə də gəlməyib” 5683.jpg ABŞ vitse-prezidenti Dik Çeyninin Bakıya səfəri tam iflasa uğrayıb. Bu sensasiyalı xəbəri Rusiyanın nüfuzlu “Kommersant” qəzeti Azərbaycan prezidentinin administrasiyasındakı mənbəyə istinadən yayıb. Məlumatda deyilir ki, Çeyni hələ Bakıya ayaq basarkən Azərbaycan hakimiyyətinin onun səfərinə soyuq yanaşdığının şahidi olub. Azərbaycana ölkənin müstəqilliyini elan etməsindən bu yana ən yüksək rütbəli Amerika rəsmisinin gəlişinə baxmayaraq, onu aeroportda baş nazirin müavini və xarici işlər naziri səviyyəsində qarşılayıblar. Çeyni Bakıya səhər saatlarında gəlsə də, onu nə prezident İlham Əliyev, nə də baş nazir Artur Rəsizadə qəbul edib. Xəbər verildiyi kimi, Çeyninin səfəri ilə bağlı həmin gün ciddi informasiya qıtlığı hökm sürürdü. Yalnız o dəqiq məlum idi ki, yüksək rütbəli qonağı hava limanında baş nazirin müavini Yaqub Eyyubov və xarici işlər naziri Elmar Məmmədyarov qarşılayıb. Daha sonra Çeyninin korteji M16 avtomatları ilə silahlanmış Amerika xüsusi təyinatlılarının müşayiəti ilə Bakıdakı “Brecnev evi”nə yola düşüb. İnformasiya agentliklərinin xəbərlərində əvvəlcə deyilirdi ki, Çeynini prezidentin Zağulbadakı sarayında İlham Əliyev rəsmi mərasimlə qəbul edib və onunla təkbək görüş keçirib. Lakin gün ərzində Çeyninin qarşılanma mərasimi və onun İlham Əliyevlə sözügedən görüşü haqda heç bir foto və ya videogörüntü yayımlanmadı. Ardınca Çeyninin ABŞ səfirliyinin binasında Azərbaycanda işləyən bəzi xarici neft şirkətlərinin rəhbərləri ilə görüşdüyü xəbəri yayıldı. Daha sonra informasiya agentliklərindən biri xəbər verdi ki, günün ikinci yarısında Çeyni səfərini başa vuraraq Bakını tərk edib. Lakin çox keçmədi ki, Çeyninin İlham Əliyevlə axşam saat 18-dən sonra görüşəcəyi haqda xəbər yayıldı. Belə qənaət yaranırdı ki, Azərbaycan dövlət başçısı ABŞ vitse-prezidenti ilə artıq ikinci dəfə görüşür. Belə hala isə dövlət protokolunda təsadüf edilmir və kifayət qədər qəribə görünə bilərdi. Nəhayət, axşamdan xeyli keçmiş İlham Əliyevlə Çeyninin Azərbaycan prezidentinin Zağulbadakı bağları iqamətgahında görüşdüyü və rəsmi danışıqlar apardığı haqda xəbər, həmçinin videogörüntü yayımlandı. Danışıqlardan sonra İ.Əliyev və D.Çeyni mətbuat üçün qısa açıqlama ilə çıxış ediblər, jurnalistlərə sualları üçün şərait yaradılmayıb. Çeyninin Bakıya bu cür müəmmalı və yarıgizli səfərinin təfərrüatları “Kommersant” qəzetinin yazdıqları ilə üzə çıxır. Qəzet yazır ki, yüksək rütbəli qonaq bütün gün ərzində Bakıda olsa da, İlham Əliyev onu qəbul etməyə tələsməyib. Onun şəhərətrafı iqamətgahına ABŞ vitse-prezidenti ancaq axşam saatlarında gedib. Prezident Aparatındakı mənbə deyib ki, onun İlham Əliyevlə danışıqları kifayət qədər ağır olub, baxmayaraq ki, Çeyni hələ “Haliburton” şirkətinə rəhbərlik edərkən o vaxt ARDNŞ-nin vitse-prezidenti olan İ.Əliyevlə yaxın münasibətlərə malik idi. Görüş zamanı söhbət Gürcüstandakı müharibədən və “Nabukko” qaz kəmərinin tikintisi perspektivlərindən gedib. Xəbər verildiyi kimi, ABŞ mənbələri Çeyninin Bakıya səfərinin əsas məqsədinin “Nabukko” kəməri olduğunu xəbər vermişdi. Bildirilirdi ki, vitse-prezident bu məsələ ilə bağlı Gürcüstanda baş verənlərdən əvvəl regiona səfər planlaşdırıb. Çünki Rusiya son vaxtlar bir-birinin ardınca regionda ABŞ və Avropanın dəstəklədiyi bu layihənin perspektivlərini şübhə altında qoyan addımlar atıb, Azərbaycanın bütün ixrac qazını Avropa qiymətlərinə almağı təklif edib, Türkmənistan qazına görə daha baha qiymət ödəməyə razılaşıb. Amerika mənbələri qeyd ediblər ki, Rusiyanın Gürcüstana müdaxiləsindən sonra Vaşinqton “Nabukko”nu sürətləndirmək qərarına gəlib. Çünki başqa cür Avropanın Rusiyadan enerji asılılığını azaltmaq və beləliklə, Moskvanın Avropaya təsir imkanlarını azaltmaq mümkün deyildi. “Mənbənin məlumatına görə, Çeyni İlham Əliyevə məlumat verib ki, ABŞ regiondakı müttəfiqlərini möhkəm şəkildə dəstəkləyəcək və Rusiyadan yan keçən ”Transxəzər" qaz onun davamı olan “Nabukko” kəməri layihəsini reallaşdırmaq üçün bundan sonra da intensiv səylər göstərəcək. Lakin İ.Əliyev ona izah edib ki, Vaşinqtonla münasibətləri qiymətləndirir, ancaq bununla belə, Moskva ilə mübahisəyə girişməyə də hazırlaşmır. İ.Əliyev Bakının “Nabukko” layihəsi üçün öncüllük etməyəcəyini və bu layihənin reallaşması üçün təşəbbüskar kimi çıxış etməyəcəyini ona çatdırıb. Prezident Aparatından bildirildiyinə görə, Çeyni söhbətin yekunlarından o dərəcədə qəzəblənib ki, onun şərəfinə təşkil olunan təntənəli axşam yeməyinə də qatılmaqdan imtina edib"-deyə “Kommersant” yazır. Qəzet xəbər verir ki, İ.Əliyevin Çeyni ilə görüşünün başa çatmasından az sonra onunla Rusiya prezidenti Dmitri Medvedyev arasında telefon danışığı olub. Bu telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub. Tərəflər nə zaman görüşə biləcəkləri ilə bağlı müzakirə aparıblar. Rusiya mənbələri bu telefon danışığının məhz Əliyevlə Çeyni arasındakı danışıqlardan sonra aparıldığını bildirir. Yəni belə başa düşmək olur ki, Medvedyev Əliyevin Çeyni ilə nə danışdığı haqda dərhal ondan məlumat alıb. Azərbaycanın rəsmi qaynaqları isə Medvedyevlə Əliyevin telefon danışığının Çeyni ilə görüşdən əvvəl, yoxsa sonra aparıldığı haqda dəqiq bilgi vermir. Bu sırada Azərbaycan prezidentinin mətbuat xidməti də var. Mətbuat xidməti əvvəlcə Çeyni ilə Əliyev arasındakı görüşə, daha sonra isə Medvedyevin Əliyevə telefon zənginə dair rəsmi məlumat yayıb. Qurumun başçısı Azər Qasımov “Azadlıq” radiosuna açıqlamasında belə deyib: “Biz informasiya vermişik. Xəbərlər hansı ardıcıllıqla verilibsə, olaylar da o ardıcıllıqla baş verib”. - O zaman belə başa düşmək olarmı ki, İlham Əliyevlə Dmitrii Medvedyevin telefon danışığı Dik Çeyni ilə görüşdən sonra baş tutub? - Mən bununla bağlı heç nə deyə bilmərəm. Bir az qəliz sualdır. Çox xahiş edirəm, mən cavab vermirəm. “Kommersant” qeyd edir ki, İlham Əliyevin Vaşinqtonun Rusiyadan yan keçən yeni kəmərlər çəkmək planlarına dəstək vermək istəməməsi izahediləndir. Azərbaycanın qonşuluğunda Gürcüstanın Abxaziya və Cənubi Osetiyanı birdəfəlik itirməsi, rus tanklarının Tiflisin yaxınlığında peyda olmasını Bakıda NATO-ya üzv olmaq istəyən digər region ölkələri üçün siqnal kimi qəbul ediblər. Rusiyanın yanacaq-energetika kompleksindəki mənbə isə qəzetə bildirib ki, Azərbaycan indiki situasiyada öz qazını Gürcüstan və Türkiyədən deyil, Rusiyadan nəql etməyə qərar verib. Xüsusən də bu ilin iyun ayında “Qazprom” Azərbaycan qazını Avropa qiymətləri ilə almaq üçün uzunmüddətli müqavilə təklif edib. Qəzet onu da yazır ki, Bakıdan fərqli olaraq Çeyninin Tiflis və Kiyevdə səfəri yaxşı keçib, Gürcüstan və Ukrayna Qərblə daha da yaxınlaşıb, NATO-ya üzv olmaq niyyətlərini təsdiq ediblər. Rusiya mətbuatının Çeyninin Bakıya səfərinin iflasa uğraması ilə bağlı yazdıqlarına dünən ABŞ-ın Azərbaycandakı səfirliyi açıqlama verib. Səfirlikdən bildiriblər ki, deyilənlərin əksinə olaraq vitse-prezident Bakıda uğurlu danışıqlar aparıb və ona göstərilən qəbuldan məmnun qalıb. Qeyd edək ki, Çeyni ilə Əliyevin mətbuat üçün açıqlamalarında enerji təhlükəsizliyi sahəsində uğurlu əməkdaşlıqdan və gələcəkdə də bu cür əməkdaşlığın davam edəcəyindən söhbət açılırdı. Lakin “Nabukko” layihəsinin adı çəkilməyib. “Nabukko” layihəsi üzrə yaradılmış beynəlxalq şirkətlər konsorsiumunun icraçı direktoru Reinhard Mitçek isə “Forbes” jurnalına açıqlamasında bildirib ki, Gürcüstanda müharibəyə baxmayaraq onlar layihə üzərində işi dayandırmayıblar. Onun sözlərinə görə, kəməri əvvəlcədən nəzərdə tutulduğu kimi, 2013-cü ildə istifadəyə vermək nəzərdə tutulur. “Biz layihənin inkişafı ilə məşğuluq, ”Nabukko" işləyir, bütün tərəfdaşlar müəyyən olunub və kəməri tikmək üçün tam qərarlıdır"-deyə Mitçek bildirib. O əlavə edib ki, Rusiyanın “Cənub axını” layihəsi “Nabukko”ya mane olmur. Çünki Avropanın qaza olan tələbatı sürətlə artır və hər iki kəmərlə nəql olunacaq qaza alıcılar tapılacaq. Beləliklə, Çeyninin səfəri ilə bağlı ortaya çıxan təfərrüatlar belə deməyə əsas verir ki, Azərbaycan “gözü çıxan qardaşdan”-yəni Gürcüstanın başına gətirilənlərdən dərs götürüb. Bir halda ki, ABŞ Qafqazdakı müttəfiqlərini rus tanklarından və bombalarından qorumaq üçün bəyanatlardan uzağa gedə bilmir, o zaman nəyə görə Azərbaycan Bakı-Tiflis-Ceyhan neft kəmərindən sonra Qərbin dəstəklədiyi ikinci iri layihəyə qoşulub özünü Moskvanın hədəfinə çevirməlidir? Yəqin ki, Çeyni Bakıda İ.Əliyevə Azərbaycanın təhlükəsizliyi ilə bağlı hansısa təminatlar vəd edib. Ancaq söhbət rus hərbi maşınına qarşı təhlükəsizlikdən gedirsə, ABŞ-ın Azərbaycana belə təminat verməsi ən azından yaxın perspektivlər üçün real deyil. Hətta ABŞ bu vədləri yerinə yetirmək üçün işə başlasa belə, Rusiyanın imkanı var ki, Vaşinqtonun təhlükəsizlik mexanizmləri təşəkkül tapana qədər öz planlarını həyata keçirsin. F.MƏMMƏDOV musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar