QARABAĞLA BAĞLI SİTUASİYA XOŞAGƏLƏN DEYİL
2021.10.20, 07:36
“QARABAĞLA BAĞLI SİTUASİYA XOŞAGƏLƏN DEYİL” Nəsib Nəsibli: “Bütün hallarda Azərbaycan Gürcüstanla bir yerdə olmalıdır” “Rusiya öz simasını göstərdi” Avropa Birliyinin Cənubi Qafqazdakı gərgin vəziyyətlə, xüsusilə də Rusiyanın işğalçılıq siyasəti ilə bağlı apardığı müzakirələrin yekununda ortaya ciddi mövqe qoymaması Azərbaycanda da narahatçılıq yaradır. Belə çıxır, günün birində şimaldan Azərbaycana da analoji təhlükə yönəlsə, güvəndiyimiz beynəlxalq birlik sadəcə, bəyanatlar verməklə məşğul olacaq. Millət vəkili, Müsavat deputat qrupunun üzvü Nəsib Nəsibli ilə bir sıra aktual mövzuları əhatə edən söhbətimizdə öncə bu fakta münasibət bildirdi. - Mən Rusiyanın Gürcüstana münasibətdə etdiklərinə adekvat bir cavab gözləyirdim. Amma bu, olmadı. Çünki Fransa və Almaniyanın Rusiyadan asılılığı və geopolitik oyunlar Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə imkan vermədi. Amma hər halda Avropa İttifaqının sammiti Gürcüstanı müdafiə elədi, onun ərazi bütövlüyünü, suverenliyini dəstəklədi. Yəni Rusiyanın Cənubi Osetiya və Abxaziya məsələsində tutduğu mövqeyi pislədi, Gürcüstanın bərpa olunmasına yardım edəcəyinə vəd verdi. Fikrimcə, bu mərhələ həm geriyə, həm də irəliyə addım istiqamətində də ola bilər. Hər halda dönüş nöqtəsidir və o cür də qiymətləndirmək lazımdır. Çünki neçə vaxtdır “dondurulmuş münaqişələr” deyirdilər. Artıq donu açıldı. O mənada donu açıldı ki, əvvəlki format dəyişdi. O format nə idi? Rusiya formal olaraq deyirdi ki, Azərbaycanın da, Gürcüstanın da, Moldovanın da ərazi bütövlüyünü tanıyır. Amma son hadisələrdə o, kartını tam açdı. Rusiya öz simasını göstərdi. Neft dollarları elə bil ki, Rusiyanın rasional xarici siyasət yeritməsinə mane olur. - Beynəlxalq aləmin çəkingənliyinin səbəbi nədir: Rusiyanın böyük enerji ehtiyatlarına malik olması, yoxsa... - Bu, bir amildir. Rusiya neft-qazı ilə Avropanı şantaj edə bilir. Çünki Avropada neft və qaza ehtiyacın xeyli hissəsini Rusiyanın hesabına ödəyirlər. İkinci səbəb Avropa Birliyinin özünün durumudur. Avropa Birliyi Amerikanın hegemoniyasına qarşı bəzən Rusiyadan, Çindən istifadə etməyə çalışır. Bu, xüsusən də Fransa və Almaniyaya aiddir. Ona görə də Birlik Rusiya ilə körpüləri tam yandırmağı düşünmür, nə etsə belə, Moskva ilə dil tapmaq xətti yürüdür. - Belə çıxmırmı ki, bu gedişlə beynəlxalq birlik Gürcüstanın parçalanması ilə barışmalı olacaq? - Yox. Son qərarla Gürcüstanın parçalanmasına razı olmayacaqlarını və bu ölkənin ərazi bütövlüyünü birmənalı şəkildə dəstəklədiklərini bildirdilər. Amma əməli olaraq əlbəttə ki, daha effektiv addımlar ata bilərdilər. Ən azından Rusiyaya mesaj verə bilərdilər ki, Sarkozinin başçılığı ilə tərtib olunmuş və üç tərəfin imzaladığı altı bəndlik sənədin tələbləri yerinə yetirilməyincə münasibətlərə yenidən baxıla bilər. Ancaq bu mesaj belə verilmədi. Bildiyimə görə, qərarda rus qoşunlarının qeyd-şərtsiz Gürcüstan ərazilərindən çıxarılması haqqında tələb də yoxdur. Ancaq hər halda bu, son dərəcə önəmli bir məsələdir. Çünki əvvəla, Azərbaycanın qulağının dibində bombalar partlayır və bu, bizim təhlükəsizlik məsələmizdir. İkincisi isə məlumdur ki, Osetiya, Abxaziya məsələləri elə Dağlıq Qarabağ məsələsi ilə eyni tipli məsələlərdir. Gürcüstandakı separatçı qurumlarla bağlı yürüdülən siyasət sabah Qarabağla bağlı da tətbiq oluna bilər. Ona görə də Azərbaycan prosesi çox diqqətlə izləməli və məsələdə Gürcüstanla bir yerdə olmalıdır. - Rusiyanın xarici işlər naziri Lavrov Gürcüstandakı olayların Dağlıq Qarabağ məsələsi üçün presedent olmayacağını deyib. Bu bəyanata inanmaq olarmı, yoxsa Rusiyanın rəsmi mövqeyi aldadıcı ola bilər? - Rusiya tarix boyu öz vədlərinə heç vaxt əməl eləməyib. Gürcülər də bunu çox yaxşı bilirlər. Gürcüstanla bağlı da belə bəyanatlar istənilən qədər idi. Amma situasiya dəyişdi və onlar prinsipial mövqelərindən geri çəkildilər. İndi Dağlıq Qarabağla bağlı verilmiş bəyanatı da yalnız ritorik bəyanat olaraq qəbul etməyimiz lazımdır. Amma reallıq elə deyil. - Yaxın perspektivdə Rusiya Azərbaycanla bağlı nə edə bilər? - Ən azı Azərbaycana münasibətdə dondurulmuş münaqişələr vəziyyətinin qalmasına çalışacaq. Bu da əlbəttə ki, Azərbaycanın xeyrinə deyil. - Kosovo məsələsində Ermənistan çox böyük hay-küy qaldırmışdı və bunun Dağlıq Qarabağ üçün presedent olacağını iddia edirdi. Lakin nədənsə Gürcüstandakı separatçıların tanınmasına analoji reaksiyaları görmürük. - Ermənilər ehtiyatlanırlar. Kosova ilə birbaşa sərhədi, birbaşa maraqları yox idi. Amma Gürcüstanla bağlı onu deyə bilmir. Çünki kommunikasiyaları Gürcüstandan keçir. Gürcüstanı qıcıqlandırmaq istəmədiyindən təmkinli mövqe tutur. Lakin əlbəttə ki, Ermənistan onu da hesablayır ki, son gəlişmələr onun xeyrinədir. Bunu görməkdən ötrü müstəqil analitiklərin yazılarını izləmək lazımdır. Serj Sərkisyanın Rusiyaya səfərə hazırlaşması da hesab edirəm ki, bu məsələ ilə əlaqədardır. Fikrimcə, yaranmış durum Azərbaycanın xeyrinə deyil. Dağlıq Qarabağla bağlı situasiya isə heç xoşagələn deyil. Ola bilsin, Serj Sərkisyan vəziyyətdən istifadə edib Dağlıq Qarabağın Rusiya tərəfindən tanınması məsələsini qaldırsın. Mümkündür ki, Rusiya rəsmiləri ilə bununla bağlı məsləhətləşmələr aparacaq. Hər halda yaşayarıq, görərik. - Bəs, bundan sonra Minsk Qrupunun indiki formatda fəaliyyət göstərməsi mümkündürmü? - Məncə mümkündür. Hazırki vasitəçilər Qarabağ məsələsinin donmuş konfliktlər statusuna çox uyğun gəlir. Yəni üzdə danışıqlar gedir, yollar aranır, amma işin mahiyyətində bir gəlişmə yoxdur. Nəticədə Azərbaycan vaxt itirir. Amma onun tərkibinin dəyişdirilməsi məsələsi ayrıca müzakirə mövzusudur. - Gürcüstandakı hadisələr Rusiyanın necə idarəolunmaz bir dövlət olduğunu göstərdi. Bu mənada ABŞ və Qərbin perspektiv planlarında əsas yer alan İran məsələsi arxa plana keçə, Rusiyanın parçalanması məsələsi gündəmə gələ bilərmi? - Hazırda Rusiyanın parçalanması gündəmdə deyil. Bir zamanlar belə fikirlər səslənib və bunlar özünü doğrultmadı. Rusiya indi əksinə, güclənmə dövrünü yaşayır. Çünki neft və qazın qiymətləri çox yüksəkdir. Rusiya hökuməti də bundan külli miqdarda gəlir götürür və hətta bu cür aqressiv siyasətin aparılması da xeyli dərəcədə bununla izah olunur. İran məsələsi isə həmişə gündəmdə olacaq. - Bu ərəfədə qardaş Türkiyənin Azərbaycanın maraqlarına toxunan addımlar atdığı, Ermənistanla bağlı siyasətini dəyişdiyi barədə çoxsaylı materiallara, mövqllərə rast gəlinir. Siz səslənən tənqidi fikirlərlə razılaşırsınızmı? - Yox. Ermənistanla bağlı Türkiyənin münasibəti, siyasəti dəyişməyib. Tamam boş yerdən Azərbaycan mətbuatı hay-küy salıb. Axı, nə dəyişib? - Söhbət ondan gedir ki, uzun fasilədən sonra Türkiyənin dövlət başçısı ilk dəfə olaraq Ermənistana səfər edir. Təbii ki, bu səfər sadəcə futbolun seyrçisi olmaq niyyəti güdmür. - Nə olar ki? Məgər bu, Türkiyənin Ermənistan siyasətinin, Ankaranın Dağlıq Qarabağ məsələsinə münasibətinin dəyişməsidirmi? Elə deyil. Bu, xoşməramlı bir səfər ola bilər. Eyni zamanda bu səfərin davamının olması da mümkündür, olmaması da. Yaxud bundan sonra müsbət dəyişiklik ola da bilər, olmaya da. Odur ki, məncə, çay gəlməmiş çırmanmaq lazım deyil. Azərbaycan tərəfi Qarabağla bağlı heç nə eləmir, Ankara bir addım atan kimi hay-küy salır. Məncə, düzgün mövqe deyil. - Türkiyənin indiyədək Qarabağ siyasətinin olmadığı və bundan sonra da olmayacağı barədə rəylər səslənir. Ümumiyyətlə, rəsmi Ankara Ermənistanla münasibətlərdə Azərbaycan ərazilərinin işğaldan azad olunmasına nə dərəcədə önəm verir? - Mən qəti şəkildə bu fikirlərə haqq qazandırmıram. Tam əsassızdır. Türkiyənin Qarabağ məsələsində mövqeyi dəyişməyib, əvvəl necəydisə, indi də elə qalır. Türkiyənin Qarabağ siyasətinin olmadığını deyənlər məncə, insafsızlıq edirlər. - Necə bilirsiniz, Türkiyəni onun torpaq bütünlüyünü tanımayan bir ölkəyə doğru addım atmağa vadar edən qüvvə hansıdır: dövlət maraqları bunu tələb edir, yoxsa Amerika, Avropa Birliyi, ya Rusiya? - Əlbəttə Türkiyə hökuməti Türkiyənin maraqlarını birinci sıraya qoymalıdır. Onlar hesab edirlər ki, bu cür addımlar Türkiyə dövlətinin maraqlarına uyğundursa, onu eləmək lazımdır. Amma bu, heç də o demək deyil ki, Ankaranın Ermənistan siyasəti dəyişilib. - Amma fakt budur ki, tənqid yalnız Azərbaycan mətbuatında, yaxud yerli ekspertlərin dilindən səslənməyib. Hətta Türkiyədə ana müxalifət - CXP-nin lideri Dəniz Baykalın ardınca MHP başqanı Dövlət Baxçeli daha sərt mövqe sərgilədi. O, bu addımın xarici güclərin və erməni lobbisinin təzyiqi ilə atıldığını və Türkiyəni alçaltdığını söylədi. - Olsun. Türkiyədəki millətçi kəsim müxalifətdədir və əlbəttə ki, Türkiyə hökumətini səhv addımlardan çəkindirməyə çalışırlar. Bu cür bəyanatlar da ona xidmət edir. Amma heç bir müxalifət qüvvəsi deməyib ki, Türkiyənin indiki hökumətinin Azərbaycan siyasəti dəyişib. Dəyişibsə, gərək onu sübut edəsən. - Türkiyə-Azrəbaycan münasibətlərində gərginliyin yarandığı və ya münasibətlərin pisləşə biləcəyi mülahizələrə, məlumatlara münasibətiniz necədir? - Düşünmürəm ki, bu hadisələr Azərbaycanla Türkiyə arasında böyük fikirayrılığının, hansısa bir gərginliyin yaranmasına səbəb ola bilər. - Bir çox qüvvələr, o cümlədən Müsavat Partiyası bəyan edib ki, Türkiyə hökuməti Gülün Ermənistana səfərinin məqsədləri haqqında cəmiyyətə ətraflı məlumat verməlidir... - Mən bu iradları da qəbul edə bilmirəm. Məsələn, Azərbaycanın indiki və keçmiş prezidentləri Ermənistan rəhbərliyi ilə dəfələrlə təkbətək görüşüblər. Nə zaman bununla bağlı Türkiyə ilə məsləhətləşmələr aparılıb? İndi Gül İrəvana gedəndə bəyan olunur ki, bundan narahatıq. Belə olmaz axı. - Türkiyə-Azərbaycan birliyi ilə bağlı təkliflər nə qədər reallığa əsaslanır? - Azərbaycanla Türkiyə arasındakı münasibətlərin limiti hələ bitməyib. Əlaqələrin genişlənməsi üçün o qədər imkanlar var ki, vaxt itirilmədən bu boşluqlar doldurulmalıdır. İki qardaş dövlət daha da iç-içə olmalıdır. - ABŞ-ın vitse-prezidenti Dik Çeyninin regiona səfərini Azərbaycandan başlamasını nə ilə izah etmək olar? Üstəlik belə bir durumda dövlət katibinin müavini Daniel Frid “Azərbaycan təhlükə altındadır” bəyanatını verdi. Təhlükənin miqyası doğrudanmı böyükdür? - Əlbəttə. Əvvəla, bir az öncə dediyimiz kimi çox önəmli bir vaxtda yaşayırıq. Artıq şərait dəyişir, ola bilsin ki, yeni mərhələ başlansın. Bu mərhələnin sağa, sola, irəli, ya geri olacağı gələcək həftələrin danışıq mövzusudur. Çeyninin səfəri də Buş administrasiyasının vəziyyətdən narazılığını, o cümlədən Gürcüstan və Azərbaycanın rəhbərliyinə yardım etmək, onu Rusiya təzyiqlərindən qorumaq məqsədi daşıyır. Görüşün detalları ilə yaxın günlərdə tanış ola bilərik. - Belə həssas dönəmdə Azərbaycanın ehtiyatlı mövqe sərgiləməsini, Rusiyanı qıcıqlandırmamasını vacib sayanlarla yanaşı, rəsmi Bakının konkret seçim etməsinin, NATO ilə bağlı açıq mövqe bildirməsinin zəruriliyini bildirənlər də var. Siz bu fikirlərin hansını doğru sayırsınız? - Mənə elə gəlir ki, bir müddət əvvəl dediyim “artıq balanslaşmış siyasətin limiti bitib” fikri əsl məqamına düşür. Yəni Azərbaycan onun gələcəyini təhdid edən yeni faktorlarla açıq şəkildə üzbəüz durmalıdır. Ya da bu faktorları nəzərə alıb ardıcıl siyasət yeritməlidir. Bir halda ki, Azərbaycanın gələcəyinin Avropada olduğu bəyan edilir, onda bu istiqamətdə addımlar atılmalıdır. Konkret olaraq Azərbaycan qonşu Gürcüstanla bir yerdə olmalı, öz hərəkətlərini onunla uyğunlaşdırmalıdır. Bütün hallarda Azərbaycan strateji maraqları üst-üstə düşən Gürcüstanla bir yerdə olmalıdır. - Ərazi bütövlüyünü bərpa etmək istəyinin əvəzində Gürcüstanın işğalından sonra Azərbaycanın müharibə bəyanatlarından çəkinməsinin zəruriliyi barədə fikirləri bölüşürsünüz? - Həqiqətən də o cür aqressiv bəyanatlara ehtiyac yoxdur. Davamlı, məqsədyönlü iş lazımdır. - Sonda bilmək istərdim ki, yay tətilinin geridə qalmış günlərində hansı işləri gördünüz? - Bir az yazı yazdım. Ancaq istədiyim kimi aktiv ola bilmədim. O da ola bilsin ki, bioritmlə-filanla bağlıdır. Elə bil ki, yayda adam yazmaq-pozmaq istəmir. Amma çoxlu kitablar oxudum, mütaliə elədim. Azərbaycan tarixi haqqında bir kitabı da yazıb başa çatdırmaq istəyirəm. Elşad PAŞASOY link http://www.musavat.com/site/shownews.php?news_id=39450