GEC OLSUN, GÜC OLSUN! Azərbaycanın güc strukturları sovet ənənələrini kənara qoyub Qərb standartlarına doğru irəliləyir C.SÜMƏRİNLİ

Azərbaycanın NATO ilə imzaladığı fərdi tərəfdaşlığa dair əməliyyat planının (IPAP) ikinci mərhələsində əksini tapan ən mühüm məqamlardan biri müdafiə və təhlükəsizlik sahəsində həyata keçirilən islahatlarla bağlı cəmiyyətin məlumat səviyyəsinin artırılmasıdır. Bu mühüm öhdəlik özünə bir çox islahat istiqamətlərini daxil edir. Bu günlərdə "Ayna"nın əməkdaşı NATO dairələri ilə əlaqəli ekspertlərdən biri ilə sözügedən məsələ ilə bağlı söhbətləşmə aparıb. NATO məsələləri üzrə ekspert müasir cəmiyyətin müdafiə və təhlükəsizlik sahəsi ilə bağlı daha intensiv məlumatlandırılması üçün bir neçə mühüm addımların atılmasını zəruri hesab edib: - birincisi, informasiyanın verilməsinə məsul strukturların (burada söhbət xüsusilə dövlət qurumlarından, güc strukturlarından gedir) fəaliyyətinin təkmilləşdirilməsi; - ikincisi, müdafiə və təhlükəsizlik sahəsinə ictimai, mülki və nəhayət, demokratik nəzarəti həyata keçirən qurumların fəaliyyətinin uyarlılığı. Dünya ölkələrinin müdafiə və təhlükəsizlik sahəsində təmsil olunan strukturlarının ictimaiyyətlə əlaqələrinin müxtəlif səviyyələrdə olması bir neçə modelin yaranmasına gətirib çıxarıb: - birincisi, Qərb (xüsusilə ABŞ) modelidir ki, burada hərbi sahədə baş verənlərin 90 faizi cəmiyyət üçün açıqdır. Orduda nə baş verirsə, o dəqiqə rəsmi və qeyri-rəsmi qaydada KİV-ə sızdırılır. Hər hansı bir hərbi məlumata görə jurnalistə təzyiq olunması faktına rast gəlinmir. Hərbi sirrin mətbuatda dərc olunmasına görə jurnalist yox, onu sızdıran mənbə mühakimə olunur. Bu ölkələrdə ordu əsasən dövlətin siyasi maraqlarının həyata keçirilməsində vasitə kimi çıxış edir. - ikinci model Rusiya modelidir ki, bu da özünün sovet ənənələrini saxlamaqdadır. Bu modeldə hansı hərbi informasiyanın cəmiyyətə çatdırılmasını hökumət, güc strukturları özü müəyyənləşdirir. Hərbi jurnalistlər isə hər addımında güc strukturlarının nümayəndələrinin "məsləhət və tövsiyə"lərini nəzərə almağa borcludurlar. Son illər bu ölkədə formalaşmaqda olan müstəqil hərbi jurnalistika elementlərini öz təsir dairələrinə almaq üçün güc strukturları ictimai şura deyilən qurum yaradıb. Rusiya modeli bu gün postsovet məkanının əksər ölkələrində (xüsusilə Belarus, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Ermənistan və s.) tətbiq olunur. İran, İsrail və qismən Türkiyədə bu modeldən istifadə olunur. Bu ölkələrdə ordu dövlətin bütövlüyünün təminatı, milli maraqların müdafiəçisi kimi çıxış edir. - növbəti model isə xüsusilə Şərq, Afrika, Cənubi Amerikanın bir sıra ölkələrinə məxsusdur. Burada ordu və digər hərbi təsisatlarda baş verənlər cəmiyyət üçün tam qapalıdır. Jurnalistlər hərbi sahədən müstəqil şəkildə nəsə yaza bilməzlər. Ordu ilə bağlı bütün yazılar və baxışlar məhz "yuxarı"ların diktəsi ilə formalaşdırılır. Bu ölkələrdə ordu hakimiyyətin əsas dayağı hesab edilir və ordu ilə bağlı problemlərin qabardılması "hakimiyyətə zərbə" kimi başa düşülür. Bəs Azərbaycan bu gün özündə hansı modeli əks etdirir? Ekspertlər hesab edirlər ki, hazırda müdafiə və təhlükəsizlik sektorunda baş verənlərin cəmiyyətə çatdırılması baxımından Azərbaycan sovet ənənələrini tərk edərək Qərb modelinə doğru irəliləyir. Sözsüz ki, bu prosesin sürətlənməsi həm güc strukturlarından, həm də cəmiyyətin, xüsusilə jurnalistlərin fəallığından asılıdır. Qərb analitiklərinin fikrincə, Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində NATO standartlarına uyğun islahatların həyata keçirilməsinə başlanılsa da, bu proses nədənsə ictimaiyyətlə əlaqələrə məsul qurumların fəaliyyətini əhatə etmir. NATO ekspertləri 2005-ci ilin mayından - Azərbaycanla NATO arasında IPAP sənədinin birinci mərhələsinin imazalanmasından bu yana bir sıra güc strukturlarının ictimaiyyətlə əlaqələrində aşağıdakı tendensiyaların baş verdiyi qənaətindədirlər. MÜDAFİƏ NAZİRLİYİ. Müdafiə və təhlükəsizlik sahəsində həyata keçirilən islahatların əksərən Müdafiə Nazirliyinə tabe olan strukturları əhatə etdiyi şübhəsizdir. IPAP-la yaxından tanış olan şəxslərin məlumatına görə, bu sənədin hərbi təsisatlarla bağlı bölümündə əksini tapan öhdəliklərin təxminən 80 faizi məhz Müdafiə Nazirliyinin öhdəsinə düşür. O səbəbdən bu gün silahlı qüvvələrdə həyata keçirilən islahatlarla bağlı cəmiyyətin məlumatlandırılmasında sözügedən nazirliyin üzərinə düşən məsuliyyət digərləri ilə müqayisədə qat-qat böyükdür. Araşdırmalar göstərir ki, 2005-ci ildən bu yana Müdafiə Nazirliyinin ictimaiyyətlə, xüsusilə KİV-lə əlaqələrində intensivlik müşahidə edilsə də, bu, cəmiyyətin ordu ilə bağlı bilgilərinin artmasına səbəb olmayıb. Qərb ekspertlərinin fikrincə, bu gün Müdafiə Nazirliyinin informasiya siyasəti ilə bağlı aşağıdakı dəyişikliklərə ehtiyac var: - birincisi, Müdafiə Nazirliyində cəmiyyətin məlumatlandırılmasına yönəlik informasiya strategiyası qəbul olunmalıdır. Bu məsələ IPAP-ın birinci mərhələsində əksini tapsa da, hələlik yerinə yetirilməyib. - ikincisi, nazirliyin informasiya siyasətini həyata keçirən qurumların təkmilləşdirilməsi və müasir dövrün qaydalarına uyğun bölmələrin yaradılması qaçılmazdır. Qeyd edək ki, bu gün Müdafiə Nazirliyinin informasiya siyasətini iki qurum - Mətbuat Xidməti və İnformasiya İdarəsi yerinə yetirir. Qərb ekspertləri hesab edirlər ki, bu qurumların ayrı-ayrı fəaliyyət göstərməsinə ehtiyac yoxdur. Belə ki, Mətbuat Xidmətinin İnformasiya İdarəsi tərkibində fəaliyyət göstərməsi daha məqbul hesab edilir. - üçüncüsü, Müdafiə Nazirliyinin tabeliyində olan ayrı-ayrı qurumların informasiya siyasətinin qurulması üçün addımların atılması zəruridir. Söhbət Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri, Hərbi Dəniz Qüvvələrinin, bu qurumlara daxil olan korpus və birləşmələrin ictimaiyyətlə əlaqələrə məsul bölmələrinin yaradılmasından gedir. Qərb ekspertlərinin fikrincə, Azərbaycan 2007-ci ilin əvvəlindən bu istiqamətdə addımlar atacağına söz versə də, hələlik heç bir real iş görməyib. - dördüncüsü, Müdafiə Nazirliyi Silahlı Qüvvələrin fəaliyyəti ilə bağlı rüblük, yarımillik və illik hesabatları hazırlayaraq onları ictimaiyyətin diqqətinə çatdırmalıdır. Qeyd edək ki, Müdafiə Nazirliyində bu kimi ciddi, sanballı hesabatların hazırlanması təcrübəsi hələlik yoxdur. - beşincisi, Müdafiə Nazirliyi Silahlı Qüvvələrin perspektiv inkişafı ilə bağlı strateji icmalları hazırlayaraq cəmiyyətin diqqətinə çatdırmalıdır. Beləliklə, Azərbaycana tez-tez səfərlər edən Qərb ekspertlərinin açıqlamalarından və tövsiyələrindən belə görünür ki, onlar Müdafiə Nazirliyinin cəmiyyətlə əlaqələrindən o qədər də razı deyillər. Hər halda, tez-tez səslənən "ordunun fəaliyyətində şəffaflıq" termininin hansı məna kəsb etdiyi qaranlıq deyil. DÖVLƏT SƏRHƏD XİDMƏTİ. Azərbaycanın müdafiə və təhlükəsizlik sahəsində həyata keçirilən islahatların bir qismi Dövlət Sərhəd Xidmətini əhatə edir. 2005-ci ildə DSX-nın ictimaiyyətlə əlaqələr şöbəsi formalaşdırıldı. Lakin ekspertlər DSX-nın ictimaiyyətlə, xüsusən KİV-lə bugünkü əlaqələrini o qədər də qənaətbəxş hesab etmirlər. - birincisi, DSX-nın KİV-lə əlaqələri daha çox keçmiş sovet ənənələrinə əsaslanır. Bu qurumda hansı məlumatın nə zaman və hansı KİV-də çap olunacağını müəyyənləşdirməyə meyillidirlər. DSX-nın hansısa hərbi hissəsində problem aşkarlayan KİV təmsilçisinin səyləri əksər hallarda qurum rəhbərliyi tərəfindən razılıqla qəbul olunmur. - ikincisi, DSX-da ona daxil olan hərbi hissələrdə baş vermiş hadisəyə dair operativ reaksiya vermə mexanizmi yoxdur. KİV təmsilçiləri hər hansı hadisəyə aydınlıq gətirilməsi üçün bu quruma müraciət etdikdə DSX məsələ ilə bağlı onlara yazılı məktub ünvanlamağı istəyir. Sözsüz ki, hər hansı bir hadisəyə aydınlıq gətirilməsi səbəbi ilə DSX rəisi adına məktub yazmaq operativliyə ciddi təsir edir. Daha bir problem isə bu məktuba cavabın nə vaxt veriləcəyi ilə bağlıdır: DSX təmsilçiləri konkret bir vaxt çərçivəsində cavab göndəriləcəyinə söz vermirlər. Beləliklə, KİV-in DSX ilə əlaqələrində mövcud olan problemlər davam edir. - üçüncüsü, Müdafiə Nazirliyində olduğu kimi DSX-nın da informasiya siyasəti ilə bağlı strategiyası yoxdur. Hər halda, səslənən məlumatlardan belə görünür. Qərb ekspertlərinin fikrincə, əslində, belə strategiya güc strukturları üçün ümumi şəkildə qəbul olunmalıdır və orada ayrı-ayrı qurumlar üçün xüsusi fəaliyyət istiqamətləri əksini tapmalıdır. DAXİLİ QOŞUNLAR. Azərbaycanın güc strukturları arasında ictimaiyyətlə, KİV-lə əlaqələrə daha çox meyilli olan qurumlardan biri məhz Daxili Qoşunlardır. Xüsusilə 2005-ci ildən başlayaraq Daxili Qoşunların ictimaiyyətlə əlaqələrində müsbət tendensiyalar nəzərə çarpıb. Bu gün Daxili Qoşunlarda NATO ölkələrinin ordularının ictimaiyyətlə əlaqələrində əsas şüar kimi götürülən "sualları cavabsız qoymamaq, şübhələri aradan götürmək" taktikasına üstünlük verilir. Ekspertlərin fikrincə, bu gün Daxili Qoşunların ictimaiyyətlə əlaqələrində nəzərə çarpan müsbət irəliləyişlərin davam etməsi təqdirəlayiqdir. Lakin bu addımların vahid informasiya strategiyasının yoxluğu şəraitində baş verməsi onların səmərəliliyini aşağı sala bilər. MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ. Dünya ölkələrinin əksəriyyətində olduğu kimi Azərbaycanda da bu qurumun ictimaiyyətlə, xüsusilə KİV-lə əlaqələri məhdud çərçivədədir. Lakin hesab edilir ki, MTN cəmiyyətlə əlaqələrində NATO ölkələrinin təcrübəsinə əsaslansa, faydalı nəticə əldə edər. Qeyd edək ki, bu gün Azərbaycan jurnalistlərinin hər hansı məsələ ilə bağlı dərhal MTN-dən məlumat alması problem xarakterlidir. Növbəti bir problem bu qurumun fəaliyyəti ilə bağlı hər hansı mətbuat konfranslarının təşkil olunmamasıdır. KİV üçün əsas maraqlı mövzulardan biri MTN-də həyata keçirilən islahatlar prosesidir ki, bu da cəmiyyət üçün maksimum dərəcədə qapalı saxlanılır və bu qapalılığın nə dərəcədə əsaslı olub-olmadığı həmişə suallar doğurub. MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİ. Yeni yaranmış güc strukturu olmasına rəğmən cəmiyyətlə, xüsusilə KİV-lə əlaqələri hələlik çox məhduddur. Lakin bu qurumu bir çoxlarından fərqləndirən bir məqam da mövcuddur. Bu yaxınlarda MSN-in rəsmi saytı (www.mdi.gov.az) fəaliyyətə başladı ki, bu da uzun illərdir rəsmi sayt yaradacağını bəyan edən Müdafiə Nazirliyi üçün örnək xarakterli bir addımdır. FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ. Bu nazirlik də müəyyən dərəcədə cəmiyyət üçün açıq olmağa çalışır. FHN əməkdaşlarının müəyyən hadisələr zamanı göstərdikləri qəhrəmanlıqlar, nazirliyin xarici ölkələrdən aldığı texnika tez-tez KİV vasitəsilə cəmiyyətə təqdim olunur. Hələlik bu nazirliyin cəmiyyətlə münasibətlərində, xüsusilə yürütdüyü informasiya siyasətində hər hansı problem üzə çıxmayıb. ayna