
Şəkilə izahat: Naif Əlibəyoğlu - Ermənistanla sərhədlərin açılmasının Qarsdakı baş lobbisti QARS - NAXÇIVAN - BAKI ÜÇBUCAĞININ ALT QATI Ticari əlaqələrə ayıq baxış tələb olunur İsmayıl UMUDLU Bu günlərdə Qarsda bu şəhəri Axalkalaki və Tbilisi üzərindən Bakı ilə bağlayacaq dəmiryol layihəsinin üç ölkə prezidentlərinin iştirakı ilə təməlqoyma törəni, çoxdan haqqında söhbət gedən Bakı-Qars təyyarə reysinin, nəhayət, açılışı, bu iki xoş hadisənin fonunda bizim millət vəkili Qənirə Paşayeva və Qarsın bələdiyyə başqanı Naif Əlibəyoğlu arasında Bakı mediasında yer alan qiyabi "mülahizə mübadiləsi", həm millət vəkilinin, həm də bələdiyyə başqanının açıqlamasındakı müəyyən passajlar ("təxribatçılar" - "provakator", yaxud "geriçilik" kimi xoşagəlməz ifadələr) ilə yadda qaldı. Heç şübhəsiz, BTC və Bakı - Tbilisi - Ərzurum qaz kəməri layihələrindən sonra biz növbəti çox nəhəng - böyük iqtisadi faydalar vəd edən layihənin həyata vəsiqə alma mərhələsinə ayaq basdıq. Və öncəki iki böyük layihə dönəmində olduğu kimi, Doğu Anadolu və Güney Qafqaz bölgəsinin mənzərəsinə böyük dəyişikliklər vəd edən bu işin də mahiyyətinə qarşıda bir çox rakurslardan işıq salmalı olacağıq. Biz yaxşı anlayırıq ki, erməni çevrələrinin, onların Türkiyədə, Gürcüstanda, ABŞ və Avropadakı bütün açıq və gizli dəstəkçilərinin çalışmalarına rəğmən (eynilə əvvəlki iki layihəyə qarşı olduğu kimi), bu iş üç ölkə rəhbərliyinin siyasi iradəsi ilə baş tutdu. Artıq bu bir xəyal deyil, gerçəklikdir. Əleyhdarlarımız bunu üzə vurmasalar da, onların bu həyati önəm daşıyan məsələdəki məğlubiyyətlərindən dolayı məyusluqlarını hiss etməmək mümkün deyil. Zarafat deyil, lobbilərə nə qədər para xərcləmişdilər. Erməni iqtisadçılarından kimsə biri demişdi ki, əgər Qars - Tbilisi - Bakı dəmiryol layihəsi baş tutsa, "çamadanlarımızı götürüb Ermənistandan getməkdən başqa çarəmiz qalmayacaq". QARSA, İQDIRA QAYIDAQ Şübhəsiz, Türkiyə qonşuları ilə ticari-iqtisadi əlaqələr qurmaqda sərbəstdir və biz ona yol göstərə bilmərik ki, kiminlə əlaqə qursun, kiminlə qurmasın. Hər şeyi özü yaxşı bilir. İqdır (əhalisi 181 min), Qars (312 min), Ərdahan (112 min) sərhəd vilayətlərində (toplam 600 minə yaxın) xalqın yaşam səviyyəsini yüksəltmək onun borcudur. Bunu biz də çox istəyirik, belə ki, o bölgələrdəki türklərin böyük qismi 1920-ci ilin bolşevik istilası və ermənilərin törətdikləri qətliamlar nəticəsində burada məskunlaşmış Azərbaycan əsilli insanlardır. Tarixən heyvandarlıq və kənd təsərrüfatı məhsulları istehsalında ixtisaslaşmış bu bölgələrdə son illər iqtisadi geriləmənin müşahidə edildiyi, bölgədən köç yaşandığı, əhalinin yaşam səviyyəsində bir durğunluq hökm sürdüyü yerli iqtisadçılar tərəfindən açıq söylənilir. Naif bəy 2004-cü ilin iyununda - biz, Azərbaycan jurnalistlərinin İqdır və Qarsdakı aksiyalarının ardınca - Ermənistanla Doğuqapı sərhəd buraxılış məntəqəsinin açılması üçün 50 min imza toplamışdı. Bələdiyyə başqanı bunu çıxış yolu kimi təqdim edirdi və nəticəni parlamentə göndərmişdi. Biz bu sorğuya "hə" deyənləri (əksəriyyəti bölgənin kürd əsilli elektoratıdır) də başa düşürük. Onlar bizim heysiyyətlərimizə biganə ola və ermənilərlə ticarət edə bilərlər. Necə ki, edirlər də. Əldə etdiyimiz bilgilərə görə, onlarla ermənilər arasında Ermənistandan Türkiyəyə mal-qara qaçaqçılığı (rus sərhədçilərin göz yumması ilə) geniş şəkil almaqdadır (Ermənistanda ətin qiymətinin xeyli ucuz olması səbəbincə). Onlar Gürcüstan və İran üzərindən də ermənilərlə ticarət edirlər - bu da heç kəsə sirr deyil. Qars və İqdır azərbaycanlılarının isə bu məsələyə baxışı kökündən fərqlidir. Öz növbəsində, rəsmi Ankara daxildəki bəzi təzyiqlərə baxmayaraq, indiyə qədər sərhədi açmaqdan çəkinir. Bizə görə, bu belə bir proqnoza söykənir ki, sərhədin rəsmi açılışı psixoloji baryerin aşılması anlamına gələcək və Ermənistandan böyük bir erməni kütləsi, bəzi hesablamalara görə, minimum yarım milyon erməni kürdlərin yardımı ilə yenidən bu bölgədə məskunlaşacaq. Bu isə Türkiyə üçün əlavə siyasi, bölgə üçün demoqrafik problemlər yaradacaq. Yeri gəlmişkən, bəzi erməni ekspertlərə görə, bu, hazırda 2 milyon əhali yaşayan Ermənistanın siyasi rəhbərliyini də bərk qorxudan məsələdir, çünki ölkə əhalisinin sayında kəskin azalma onun bölgədə onsuz da aşağı olan çəkisini daha da zəiflədəcək. Eyni zamanda, əks axınla Türkiyə və İrandan (Güney Azərbaycan) Ermənistana çoxlu qeyri-erməni kütlənin gəlişinin qarşıdakı illərdə real təzahürə çevriləcəyi istisna olunmur. Hər iki tərəfin məsələyə ehtiyatlı münasibəti bunlardan qaynaqlanmamış deyildir. O da hesaba alınmaya bilməz ki, hazırda PKK ilə işbirliyi içində olan ermənilər terrora yandaşlıq edir, onlar üçün "kassa", lojistik, təlimatçılıq rolunu oynayır və bu yolla Türkiyəyə vurulan və milyardlarla ölçülən maddi zərərin cavabdehidir, ehtimali qarşılıqlı ticarətdəki beş-üç milyonluq para faydası vurulmuş zərərin qarşılığında dənizdə bir damcı mahiyyətindədir. BÖLGƏ KİMLƏ TİCARƏT ETMƏK İSTƏYİR? Azərbaycanla, Naxçıvanla, Gürcüstanla. Bu prioritetdir və təbii istəyə söykənir. Belə ki, bölgə türklərinin çox böyük kütləsi qeyd etdiyimiz kimi, Azərbaycan kökənlidir. Hansını dindirirsən, naxçıvanlı, irəvanlı, borçalı, qazaxlı, qarabağlı, göyçəli, yaxud gürcü əsilli çıxır. Bu bölgənin ticarətində onların payı çox yüksəkdir və ata yurdları olan Azərbaycanla iqtisadi və ticari əlaqələri genişləndirməyə çox böyük həvəsləri və ən başlıcası, maddi imkanları var. Ermənistanla ticarətin perspektivinə isə belə baxırlar ki, Ermənistan məlum siyasi şərtləri yerinə yetirməli, barışıq yolu tutmalıdır, ticari əlaqələr yalnız bundan sonra mümkün ola bilər. Bu, onlar üçün həssas mövzudur. Belə ki, Qars və İqdırda elə bir türk kəndi yoxdur ki, orada ermənilər tərəfindən 1915-20-ci illərdə qəddarcasına məhv edilmiş məsum insanların xatirəsinə soyqırım abidələri qoyulmamış olsun. Toplu məzarların açılış işləri indi də davam etdirilir və bu, onlarda bir heysiyyət məsələsidir. Qars və İqdır ticarət palatalarının təmsilçiləri ilə ətraflı söhbətlərimiz olub. Onlar Ermənistanı önəmli bazar saymırlar, üstəlik də erməni işbazların kustar istehsal mallarının bu bölgəyə nüfuz etməsində maraqlı deyillər. Erməni mətbuatını izləsək, onlar da türk mallarının öz bazarlarında dominant mövqe tutduğu günü heç görmək istəməzdilər. Qars və İqdırın inkişafda olan biznesini daha çox Azərbaycan Respublikası və Güney Azərbaycan bazarı maraqlandırır. Ermənistanla ticarətdən xəyali qazancı nəzərdə tutaraq "biz qardaşlığı paraya satmırıq. Bunu Heydər Əliyevə də söylədik" deyirdilər. İndi bu iki qardaş vilayəti Naxçıvanla rahat avtomobil yolu birləşdirir. Naxçıvanla uğurlu ticarətin İqdıra və naxçıvanlılara böyük faydalar verdiyi göz önündədir. Qarsdan dəmir yolunun Naxçıvana qədər uzadılması özlüyündə cəlbedici ideyadır və baş tutarsa, Bakıdan çıxaraq Tiflis, Axalkalaki, Qars və İqdır üzərindən 10 saata Naxçıvana enmək olar. İqdır, Qars və Naxçıvan arasında, Qarsla Bakı və Gəncə arasında böyük potensiala malik ticari əlaqələr, heç şübhəsiz, qarşıdakı illərdə xeyli genişlənəcək. Lakin biznes adamlarımızın qarşılıqlı faydalı əlaqələr qurarkən bir az diqqətli olmaları lazım gələcək. Ən çox oradakı azərbaycanlı iş adamları ilə əlaqələrin qurulması məqsədəuyğun olardı. Daha açığı, İqdır və Qars azərbaycanlıları ata yurd Azərbaycanla ticari əlaqələrdə açar rol oynamalıdırlar, bu iş Bakı və Ankara tərəfindən nəzarətdə saxlanmalıdır. NAİF ƏLİBƏYOĞLU BARƏDƏ Böyüklərimiz bizə "bir millət, iki dövlət" prinsipini əmanət ediblər. Bu halda necə olur ki, arada kimlərsə bizimlə savaş vəziyyətində olan Ermənistanla ticarət əlaqələri qurub beş-üç para qazanmaq sevdasına düşürlər? Kim bu yolu tutursa, deməli, bizdən deyil. Bunlar, deyildiyi kimi, yalnız barışıqdan sonra mümkün ola bilərdi. Türk mətbuatı əsasında əldə etdiyimiz bilgilər, deyəsən, bəzi mətləblərə işıq salır. Həmin bilgilərə görə, Qarsda Ermənistanla sərhədlərin açılması yönündə aparılan kampaniyanın ən fəal iştirakçısı, bu işin başını çəkən Qars bələdiyyəsinin sədri AKP-li, 1954-cü il təvəllüdlü Naif Əlibəyoğlu idi. Qars - Tbilisi - Bakı dəmir yolu 2011-ci ildə işə düşəcək, odur ki, bələdiyyə başqanı və onun çevrəsinin Ermənistanla - bizə düşmən kəsilmiş bir ölkə ilə sərhədin də açılmasına çalışmalarını davam etdirəcəyini tam əsasla gözləyə bilərik. Mənşəcə kürd olduğunu bildirən Naif Əlibəyoğlunun vaxtı ilə bəzi qanunsuz qruplarla fəaliyyət göstərdiyi üçün 1983-cü ildə 1 il 4 ay müddətinə həbs edildiyi, həmçinin dolayı yollarla PKK ilə əlaqələrinin olduğu açıqlanır. Türk milliyyətçi çevrələr Naif Əlibəyoğlunu PKK yönümlü "Özgür Gündem" qəzetində yazılarının verildiyi, bu mətbu orqanın qapadılmasına qarşı 1993-cü ildə etiraz etdiyini yaxşı xatırladıqlarını vurğulayırlar. Naif bəy 1993-cü ildə Qarsın ilk televiziyasını - Serhat TV-ni qurur. Naif Əlibəyoğlunun adı bizlərdə 6 sentyabr 1999-cu ildə Ermənistanla ticarət əlaqələri qurmaq məqsədilə Gümrü şəhərinə gəldiyi bəlli olanda tanındı. Öz növbəsində Gümrü şəhər idarəsinin başçısı Volodya Aruşanyan da həmin ilin oktyabrında Qarsa getmişdi. Bu xəbər Bakıda çoxlu suallar doğurmuşdu. Əgər xatırlayırıqsa, Naif Əlibəyoğlu 2000-ci ildə Ermənistanın Şirak və Gümrü bölgələrindən olan rəsmi təmsilçilərlə Ermənistan - Türkiyə sərhədinin açılması istiqamətində məsələləri özündə ehtiva edən müvafiq protokol imzalamışdı. Qarsın bələdiyyə başqanı protokol şərtlərini yerinə yetirmək üçün mümkün olan bütün vasitələrə əl atmışdı, lakin bu işi genişləndirə bilmədi. Çox keçmədi ki, Naif Əlibəyoğlu Qarsda Gürcüstanın Axalkalaki şəhərinin meri Nair İritsyan və Gürcüstan prezidentinin Samtsxe-Cavaxetiya bölgəsindəki nümayəndəsinin müavini Armen Əmirxanyanla görüş keçirərək "əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini" müzakirə etdilər. Bu iki cənabı isə Qarsın Gürcüstanla iqtisadi və mədəni əlaqələrindən daha çox, Ermənistanla birbaşa ticari əlaqələrin qurulması maraqlandırırdı. Naif Əlibəyoğlunun "Türk-Erməni İş Gəlişdirmə Şurası"nın həmsədri, bizim də yaxşı tanıdığımız Kaan Soyakla (Ermənistan tərəfdən həmsədr Arsen Qazaryan) da fəal şəkildə əməkdaşlıq etdiyi gizli deyil. Gerçək məqsədlərini pis anlamadığımız Kaan Soyakın Avropanın və Rusiyanın erməni biznes çevrələri ilə də əlaqələrinin olduğunu xatırlatmaya bilmirik. Bəzi məlumatlara görə, bu iki şəxs Qars civarında 50 hektarlıq ortaq torpaq sahəsi əldə ediblər və burada böyük bir ticarət mərkəzi qurmaq planları var. Niyyətə görə, bu mərkəz Ermənistanla ticarətdə keçid rolu oynayacaq və ortaqlara çox böyük gəlir gətirəcək. Naif Əlibəyoğlunun xanımı, kürd əsilli Ayşə Əlibəyoğlu ərinə məxsus olan Serhat TV-də idarəetməni həyata keçirir. Bu xanımın özünün də PKK simpatizanı olduğunu Qarsda çoxları söyləyir. Ayşə Əlibəyoğlunun qardaşı Yaşar Ertaşın PKK-çı olduğu bildirilir. Müvafiq qaynaqlardan əldə etdiyimiz bilgilərə görə, Yaşar Ertaş hazırda Avropa ölkələrində PKK-nın örtülü qurumlarında fəaliyyətini davam etdirməkdədir. Ermənistan - Türkiyə sərhədlərinin açılması məqsədilə Qarsda imzatoplama kampaniyasının təşkilində Ayşə xanım da çalışmışdı. Başqa bir detal - bələdiyyə sədrinin qardaşları İsmayıl və Əlican Əlibəyoğlular 2006-cı ildə bir sıra cinayətlərdə ittiham edilərək həbs olunmuşdular. Əlican Əlibəyoğlunun Qars bələdiyyə başqanının yardımçısı Dünyamalı Dəmir ilə birgə silah qaçaqçılığında ittiham olunaraq saxlandığı, lakin sonradan Naif Əlibəyoğlunun müdaxiləsi nəticəsində sərbəst buraxıldığı da bir başqa söhbətdir. Bir sözlə, Qarsda "maraqlı" məqsədləri və niyyətləri olan bir erməni lobbisi ilə üz-üzəyik. Onların niyyətlərinin astarı bizə öncədən bəllidir: Ermənistanın indi inadla nəzarətində saxladığı Azərbaycan torpaqlarından çıxmadan Türkiyə ilə birbaşa iqtisadi əlaqələrə girməsini təmin etmək, ona yardımçı olmaq, kritik durumunu düzəltmək. Buna nə dərəcədə nail olacaqlarını yaşayarıq, görərik. ayna