SON XƏBƏRLƏR

Güc mərkəzləri və Dağlıq Qarabağ münaqişəsi

2021.10.20, 07:36
Güc mərkəzləri və Dağlıq Qarabağ münaqişəsi

Gunaz.tv
Güc mərkəzləri və Dağlıq Qarabağ münaqişəsi Böyük dövlətlərin Azərbaycanda strateji maraqlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə təsir edən mənfi tərəfləri V -sonuncu yazı Azərbaycan birtərəfli xarici siyasət yeridə bilərmi və bu amilin Dağlıq Qrabağ münaqişəsinə təsiri Azərbaycan özünün beynəlxalq siyasətdə balanslaşdırma prinsiplərini dəyişərək birtərəfli siyasət yeridə bilməz. Balanslaşdırma prinsipləri artıq 15 ildir ki, tətbiq olunur və Azərbaycanın dövlət təhlükəsizliyinin qorunmasına və regionda güclü bir dövlətə çevrilməsinə xidmət edir. Ymimiyyətlə, bölgədə maraqları olan böyük dövlətlər öz maraqları naminə Azərbaycanın birtərəfli siyasət yeritməsinin tərəfdarıdırlar. Azərbaycan dövləti isə öz mənafeyini üstün tutaraq tarazlaşdırma siyasətinə üstünlük verir. Azərbaycanın bu siyasəti nəinki öz mənafeyinə xidmət edir, həmçinin, Azərbaycanda böyük dövlətlərin toqquşmasının qarşısını alır. Nəticədə regionun təhlükəsizliyi təmin olunur. ABŞ, Qərbi Avropa və Türkiyə Azərbaycanın Rusiya və İrana nisbətən daha çox onlarla iqtisadi və hərbi cəhətdən əməkaşlıq etməsini istəyirlər. Rusiya və İran isə Azərbaycanın Qərbə inteqrasiyasını kəskin şəkildə qəbul etmirlər. Rusiya Azərbaycanın enerji layihələrinin ondan yan keçməsini özünün regiondakı dövlət maraqlarına zidd hesab edir, Azərbaycanın MDB məkanına inteqrasiyasına daha çox üstünlük verir. Azərbaycanın regionda öz coğrafi mövqeyini nəzərə almayaraq birtərəfli siyasət yeritməsi Dağlıq Qarabağ münaqişəsinin həllinə də mənfi təsirlərini göstərə bilər. Məsələn, Gürcüstanın Rusiya ilə qonşuluq və tarixi əlaqələr amilini, bu dövlətin regiona təsirini nəzərə almayaraq əleyhinə siyasət yeritməsi Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllinə mənfi təsirlərini göstərir. Rusiya Qərbin üstünlüyündən ehtiyatlanaraq bu qurumlarda hərbi və iqtisadi cəhətdən güclənmə siyasəti həyata keçirir. Abxaziya və Cənubi Osetiyanın Rusiya ilə birbaşa sərhədlərinin olması həmin qurumların Rusiyaya meylliliyini və inteqrasiyasını asanlaşdırır. Gürcüstan isə öz birtərəfli siyasəti ilə heç bir müsbət irəliləyişə nail ola bilmir. Qanunsuz qurumlar müstəqillik əldə etmək üçün Rusiyaya arxalanırlar. Ermənistan da regionda öz coğrafi mövqeyini nəzərə almayaraq birtərfli qaydada Türkiyə və Azərbaycana qarşı düşmənçilik siyasəti yeridir. Nəticədə bölgənin mühüm iqtisadi layihələrindən təcrid olunaraq kasıb vəziyyətdə yaşayır. Azərbaycan birtərəfli xarici siyasət yeridərsə, bu siyasətin dövlətə və Dağlıq Qarabağ münaqişəsinin həllinə mənfi təsirlərini aşağıdakı şəkildə qeyd etmək olar: 1. Azərbaycan Türkiyə və Qərbin maraqlarını nəzərə almasa, bu dövlətlərlə əməkdaşlığı zəiflətsə, iqtisadi cəhətdən gücünü itirər, iqtisadiyyata qoyulan sərmayələrin həcmi azalar; 2. Qərbin əleyhinə siyasət apararsa, enerji sahəsindəki nüfuzundan əl çəkməyə məcbur olar, Rusiya Azərbaycan neftində öz maraqları naminə böyük üstünlüklər əldə edər. 3. Qərbin əleyhinə olaraq Rusiya ilə yaxınlaşarsa, Rusiya Azərbaycanın mövqeyindən istifadə edərək öz qoşunlarının təkrar olaraq Azərbaycanda yerləşdirilməsinə (həmçinin, Dağlıq Qarabağ bölgəsində) çalışar ki, nəticədə Azərbaycan müstəqilliyini itirə bilər, Dağlıq Qarabağ zorla Ermənistana verilər; 4. Qərbin maraqlarını nəzərə almadan İranla sıx yaxınlaşarsa, İranın radikal dini təsirləri ilə üzləşər; 5. İran Azərbaycanın enerji sektorunda güzəştlərlə pay almağa çalışar və Azərbaycanın enerji amilindən ABŞ-a təzyiq vasitəsi kimi istifadə edə bilər. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlərə nail ola bilməz; 6. Rusiyanın əleyhinə olaraq Qərblə müttəfiqlik siyasəti yeridərsə, Rusiyanın hərbi-siyasi təzyiqləri ilə üzləşər. Rusiya Dağlıq Qarabağda Ermənistandan istifadə edərək hərbi cəhətdən güclənər; 7. Rusiya ərazisində yaşayan və işləyən azərbaycanlılar təzyiqlərə məruz qalaraq deportasiya olunar; 8. Azərbaycanın enerji layihələrinə qarşı terror hadisələri törədilər və ictimai-siyasi sabitliyin pozulması üçün təhdidlər meydana gələr. Vəziyyətdən istifadə edən Ermənistan Rusiya və İrandan hərbi dəstək alaraq təkrar işğalçılıq siyasətinə başlayar; 9. Rusiya Azərbaycanda əlavə etnik münaqişə ocağının yaranmasına və etnik qarşıdurmalar törətməyə çalışar; 10. Mərkəzi Asiyanın enerjisinin Azərbaycandan keçərək dünya bazarlarına çıxarılmasının qarşısını almaq məqsədilə Qazaxıstan və Türkmənistana təzyiqlərini artırar; 11. İranın əleyhinə olaraq ABŞ-la sıx əməkdaşlıq edərsə, İran tərəfindən hərbi hücumlara, terrora məruz qalar, Xəzərin statusu məsələsində qəti olaraq razılaşma əldə edilə bilməz. Sadalanan amilləri nəzərə alaraq Azərbaycan özünün xarici siyasətində düzgün seçdiyi balanslaşdırma prinsiplərinin tətbiqini davam etdirməlidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində müharibə amili və münaqişənin həlli yolları Hal-hazırada Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsi prinsipi əsas götürülmüşdür. Bu prinsipin tətbiq edilməsi və iki dövlət arasında sülhün əldə edilməsinə nail olmaq üçn ATƏT-in Minsk Qrupu vasitəçilik edir. Lakin Minsk Qrupunun vasitəçilik etməsinə baxmayaraq, mühüm bir nəticə əldə etmək olmur. Ermənistan müxtəlif bəhanələr gətirərək konstruktiv mövqe nümayiş etdirmir. Münaqişənin ədalətli həlli isə uzanmaqda davam edir. Münaqişə beynəlxalq əhəmiyyət kəsb etdiyindən, burada kənar maraqlı dövlətlər də iştirak edirlər. Münaqişənin həl edilə bilməməsi məhz həmin kənar dövlətlərin çirkin niyyətləri ucbatından baş verir. Belə bir sual ortaya çıxır. Tarixən bütün münaqişələrin sonu olduğu üçün Ermənistan-Azərbaycan münaqişəsinin sonu nə zaman ola bilər? Azərbaycan hal-hazırda müharibə yolu ilə torpaqlarını işğaldan azad edə bilərmi? Münaqişənin ədalətli həllində Azərbaycan dövləti son olaraq müharibə amilini əsas götürür. Ancaq indiki vəziyyətdə Azərbaycanın müharibə etməsi labüd deyil. Müəyyən nəticələr əldə olunsa da, itkilərə də çox məruz qalar. ABŞ, Rusiya və İranın kəskin təzyiqləri ilə rastlaşar və geri çəkilmək məcburiyyətində olar. Müharibə vəziyyətindən istifadə edən dövlətlər Azərbaycanda öz mənfi niyyətlərini reallaşdırmağa başlayarlar. Düzdür, Azərbaycanın indiki iqtisadi gücü müharibə etməyə imkan verir, lakin tam qələbə əldə etmək üçün müharibəni bir qədər sonraya saxlamaq lazımdır. Münaqişəyə müharibə yolu ilə son qoymaq üçün yaxın gələcəkdə Azərbaycanın qarşısında mühüm planların yerinə yetirilməsi durur. İqtisadi və hərbi sahədə: 1. Azərbaycan öz gücünü artırmaqda davam etməlidir; 2. Azərbaycanın dövlət büdcəsi və digər valyuta ehtiyatları Ermənistanınkından təqribən 20-25 dəfə çox olmalıdır (Azərbaycanın indiki iqtisadi siyasəti, eyni zamanda, neftin dünya bazarında bahalaşması yaxın gələcəkdə buna imkan verəcək); 3. Ordu büdcəsi təqribən 15-20 milyard ABŞ dollarına bərabər olmalıdır. Azərbaycan müasir silahlarla, yeni raket texnologiyaları ilə öz ordusunu gücləndirməlidir; 4. Müdafiə sənayesi kompleksi inkişaf etdirilməlidir; 5. Ordunun döyüş qabiliyyəti artırılmalıdır; 6. Orduya ictimaiyyət tərəfindən maddi dəstək fondlarının sayı çoxaldılmalıdır; 7. Digər dövlətlərdən gözlənilə biləcək təhdidlərin, terror hadisələrinin qarşısını almaq məqsədilə Azərbaycanın dövlət sərhəd rejimi daha da gücləndirilməlidir; 8. Xəzər dənizindən digər dövlət tərəfindən Azərbaycanın dövlət sərhəddinin pozulması istiqamətində edilə biləcək müəyyən hərəkətlərin qarşısını almaq məqsədilə hərbi donanmanın gücü artırılmalıdır; 9. Azərbaycanın hərbi aviasiyası müasir qırıcı təyyarələrlə təchiz edilməlidir; 10. Hərbi sahədə mühəndis kadrların hazırlanmasına xüsusi fikir verilməlidir. Siyasi sahədə: 1. Cəmiyyətdə ictimai-siyasi sabitliyin, dövlətin təhlükəsizliyinin qorunması daha da gücləndirilməlidir; 2. Balanslaşdırma siyasəti davam etməlidir; 3. Rusiyanın təzyiqlərinin qabağını kəsmək üçün bu dövlətlə güzəştli əsaslarla əməkdaşlıq edilməlidir; 4. İranın təzyiqlərini zərərsizləşdirmək üçün iqtisadi və siyasi əməkdaşlığı dərinləşdirmək lazımdır; 5. Azərbaycan hələlik sülh siyasəti ilə münaqişənin həlli variantından əl çəkməməlidir; 6. Beynəlxalq təşkilatlarda, xüsusilə NATO, Avropa İttifaqı, Avropa Şurası, MDB-də Ermənistanın işğalçılıq siyasəti faktını təsdiqləyən sənədlərin qəbuluna çalışmaq lazımdır; 7. Beynəlxalq ictimaiyyəti Ermənistanın işğalçılıq siyasəti barədə geniş məlumatlandırmaq üçün təbliğat işləri gücləndirilməlidir. Bu məqsədlə xarici ölkələrdəki diaspora təşkilatlarının fəaliyyətindən daha səmərəli istifadə etmək lazımdır; 8. ABŞ Konqresində və digər böyük dövlətlərin parlamentlərində Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırım faktlarını təsdiqləyən qərarların qəbuluna çalışmaq lazımdır; 9. Azərbaycan "NABUCCO" və "Transxəzər" layihələrinin işə düşməsindən sonra Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə amilindən istifadə edə bilər. Çünki layihələr ABŞ, Qərbi Avropa və Türkiyənin diqqətini daha çox cəlb edəcəkdir. "NABUCCO" və "Transxəzər" layihələrinin reallaşması Rusiyanın Avropaya enerji təsirlərini azaltmaq məqsədi güddüyündən, ABŞ və Avropanın xüsusi diqqətini çəkir. Bu ana qədər İranın da Azərbaycana olan təzyiqlərini azaltmaq naminə Azərbaycanın neft hasilatı imkan verərsə, ABŞ-ın mövqeyinin əleyhinə olaraq İranın da ərazisindən keçməklə, ya Fars körfəzinə, ya da İran və Türkiyənin ərazilərindən keçməklə Aralıq dənizinə qədər bir enerji kəməri çəkmək olar. Həmin tədbirlərin görülməsindən sonra yaxın gələcəkdə daha da güclənəcək Azərbaycan dərhal Dağlıq Qarbağın və digər rayonların işğaldan azad olunması uğrunda hərbi əməliyyatlara başlaya bilər. Belə olan halda böyük dövlətlər (ABŞ, Fransa, Almaniya, Türkiyə) regionda özlərinin iqtisadi və hərbi-siyasi maraqlarının təminatına mənfi təsir göstərəcək ictimai-siyasi sabitliyin pozulmasına yol verməmək üçün Azərbaycanın hərbi əməliyyatlarının qabağını kəsmək məqsədilə və sülhün əldə olunması üçün məcburi olaraq Ermənistanı konstruktiv mövqeyə sövq edəcəklər. Müharibəni başlayan Azərbaycan isə torpaqları işğaldan azad etmək üçün böyük dövlətlər tərəfindən edilə biləcək təzyiqlərə baxmayaraq, hərbi əməliyyatlarda fasilələrə yol verməməlidir. Bir-birinin ardınca hücum xarakterli hərbi əməliyyatlar təşkil edərək torpaqları işğaldan azad etməlidir. Özünü çox güclü Azərbaycan qarşısında görəcək Ermənistan əlacsız qalaraq hətta Dağlıq Qarabağa veriləcək muxtariyyət statusunun itirilməsindən ehtiyatlanaraq Azərbaycanla razılaşmaq məcburiyyətində qalacaq. Elşən Nəsibov politoloq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar