SON XƏBƏRLƏR

Azər Əmiraslanov: "Gələcəkdə Azərbaycanda pul fabriki qurula bilər"

2021.10.20, 07:36
Azər Əmiraslanov: "Gələcəkdə Azərbaycanda pul fabriki qurula bilər"

Gunaz.tv
Azərbaycan xaricə sərmayə yatıracaq Azər Əmiraslanov: "Gələcəkdə Azərbaycanda pul fabriki qurula bilər" "Hazırda Azərbaycanda pul çap edən müəssisəyə ehtiyac yoxdur. Vaxtilə bu məsələ müzakirə olunub, amma sonda milli valyutanın xaricdə çap olunması qərara alınıb". Bu barədə dünən Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədr müavini Azər Əmiraslanov bildirib. Adətən pul çap edən müəssisələrin digər qiymətli kağızları - istiqrazları, səhmləri də çap etdiyini qeyd edən Əmiraslanov Azərbaycanda qiymətli kağızlar bazarının o qədər də inkişaf etmədiyi fikrindədir. Deputat hesab edir ki, Azərbaycanda pul çap edən müəssisə yaradılarsa, burada yalnız pul əskinasları çap ediləcək ki, bu da o qədər məqsədəuyğun deyil: "Gələcəkdə Azərbaycanın maliyyə bazarı inkişaf etdikcə istiqrazların dövriyyəsi artacaq, bankların, özəl sektorun, dövlətin özünün səhmləri dövriyyəyə buraxılacaq. Bu baxımdan Azərbaycanda pul fabrikinin gələcəkdə qurulması məqsədəuyğundur. Bu fabrik ümumən region üçün qiymətli kağızlar istehsal edə bilər". Azərbaycanın dövriyyədə olan pul əskinaslarının Avstriyada çap olunduğunu deyən Əmiraslanov bu əskinasların yüksək qoruma qabiliyyətinə malik olduğunu və avronun texniki parametrlərinə uyğunlaşdırıldığını qeyd edib. BVF-nin 5 il sonra Azərbaycanda YDM-in azalacağı barədə proqnozlarına toxunan Əmiraslanov vurğulayıb ki, "Azərbaycanda 2012-2013-cü illərdə nəinki maliyyə böhranı gözlənilir, əksinə həmin illər ölkənin maliyyə dayaqlarının daha da möhkəmlənməsi, tədiyyə qabiliyyətinin artması ilə səciyyələnəcək". Onun sözlərinə görə, BVF-nin hesabatında həmin dövrdə Azərbaycanda hər hansı böhran və tənəzzülün baş verəcəyi göstərilməyib: "Maliyyə institutlarının pessimist ssenari üzrə hazırladıqları proqnozlarla manipulyasiya etmək, Azərbaycan iqtisadiyyatının zəifləməsi, hətta maliyyə böhranına səbəb olacağı barədə yanlış təsəvvürlər formalaşdırmaq tamamilə əsassızdır". BVF-nin proqnozlarına görə, iqtisadi artım tempi 2011-ci ildə ən aşağı həddə, yəni 1,6%-ə enəcək, 2012-2013-cü illərdə isə YDM həcminin müvafiq olaraq 1,7-2,6% azalması proqnozlaşdırılır: "Artım tempinin tədricən azalacağına dair proqnozlar heç də yenilik deyil və bu təbiidir. BVF-dən əvvəl buna bənzər proqnozları Azərbaycan hökuməti hazırlayıb və 2008-ci ilin büdcə zərfinə daxil edib". Əmiraslanov bildirib ki, ortamüddətli perspektivdə iqtisadi artımda keyfiyyət dəyişikliklərinin baş verəcəyini həm hökumətin, həm də BVF-in proqnozlarında görmək olar: "Məsələn, 2007-ci ildə YDM-in 59%-ni təşkil edən neft sektorunun payı 2011-ci ildə 47%-ə enəcək. BVF 2008-ci ildə qeyri-neft sektorunun 9% artacağını, cari hesablar balansının YDM-nin 39%-nə çatacağını, strateji valyuta ehtiyatlarının 25 mlrd. ABŞ dolları təşkil edəcəyini proqnozlaşdırır" (APA). Parlament komissiyasının sədr müavininin sözlərinə görə, Azərbaycan YDM-in adambaşına düşən həcminə görə 2013-cü ildə yüksəkgəlirli ölkələr sırasına daxil olacaq. Həmin il bu rəqəm 12915 dollara çatacaq. BVF-nin proqnozuna əsasən, 2013-cü ildə Azərbaycanda təkcə qeyri-neft sektoru üzrə YDM-in adambaşına düşən həcmi 7500 dollar təşkil edəcək. Müqayisə üçün, Ermənistanda ümumilikdə YDM-in həcminin 2015-ci ildə 6400 dollara çatacağı proqnozlaşdırılır. Azərbaycan 2 ildən sonra müxtəlif ölkələrdə xarici investor kimi çıxış edəcək, 2010-cu ildən sonra xarici ölkələrə Azərbaycandan yönələn sərmayələrin həcmi artacaq. "Bu da öz növbəsində ümumi milli məhsulun artması deməkdir. Ymumi milli məhsul və ümumi daxili məhsul arasındakı fərq aradan qalxacaq. Artıq Azərbaycan rezidentləri xarici ölkələrdə fəaliyyət göstərirlər",-deyə Əmiraslanov vurğulayıb. Azərbaycan artıq Gürcüstan, Türkiyə, Moldova və s. ölkələrə investisiya yatırır. Sovetlər dövründə əhalinin banklarda qalmış əmanətlərinin bu günədək qaytarılmaması məsələsinə toxunan deputat bunun texniki problemlərlə bağlı olduğunu deyib. O, əmanətlərin qaytarılması istiqamətində iş aparıldığını, müvafiq qanunvericilik aktlarının hazırlandığını və dəqiqləşdirmələrin həyata keçirildiyini bildirib: "Bu proses digər postsovet ölkələrində həyata keçirilsə də, əhaliyə qaytarılan məbləğ ürəkaçan olmadı. Bizdə hazırda bu istiqamətdə dəqiqləşdirmələr aparılır. Əmanətlərin qaytarılması prosesi mərhələli şəkildə həyata keçiriləcək ki, ciddi inflyasiya təzyiqləri yaratmasın". APA bildirir ki, ilkin hesablamalara görə, SSRİ dövründən banklarda Azərbaycan əhalisinin 600 mln. manatdan (720 mln. dollar ekvivalentində) artıq vəsaiti qalıb. Aqil ASLAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar