Bayaraq və simgə ilə bağlı Güntay Gəncalpla müsahibə
2021.10.20, 07:36
Bayaraq və simgə ilə bağlı Güntay Gəncalpla müsahibə - Bayraq məsələsi ilə bağlı sizin görüşünüz nədir? - Bu haqda mən “İran ordusu, milli hərəkət və bayraq məsələsi” adlı bir yazı yazdim. Orada fikirlərimi anlatmışam. Mənim fikrimə görə həm bayraq, həm də simgə məsələsi zamansız ortaya atılmış bir məslədir. Zamansız və yanlış hesablamalar əsasında olduğu üçün bizdən çox fars şovinizminə xeyir verir. - Ancaq GAMOH bir bayraq çıxarıb və onu Güney Azərbaycan bayrağı kimi tanıdır. - Doğrudur. Çehrəqanlıya dəyər verməkdə yanılmışıq. Millət olaraq yanılmışıq. Çehrəqanlı bizim yanıldığımızı isbatladı. Onun bir çox sahələrdə, o cümlədən bayraq məsələsində avanturist davranması milli əxlaqa sığışmayan dağıdıcı əməllər idi. Çehrəqanlı içəridə olduğu zaman cəsarətli davranmışdı. Onun bu cəsarəti üzərinə hər kəs onu təqdir etdi. O zaman mən də onun haqqında xoş sözlər yazmışdım. Ancaq təcrübə göstərdi ki, sadəcə cəsarət yetərli deyilmiş, əxlaq və bilgi məsələsi də çox önəmli imiş. - Çehrəqanlı əxlaqsızmı yəni? - Mən əxlaq dedikdə onu bəsit kəndlilik anlamında nəzərdə tutmuram. Fəlsəfi əxlaq haqqında danışıram. Geniş sosial davranışlarda tolerans göstərmək və hər bir davranışın arxasına insanın dərin heysiyətini, geniş bilgini yükləmək anlamında əxlaq anlayışını nəzərdə tuturam. Bu açıdan söyləyəck olsanız, bəli Çehrəqanlı bəydə milli əxlaq zəifdir. Xatırlayırsınızsa o nə qədər daxildə idi, millət ona dərin sayqı göstərirdi. O, milli kimliyin rəmzinə dönə bilərdi, ondan bəklənti bu şəkildə idi, ancaq Çehrəqanlı bəy çox xırda işlərlərlə məşğul olub özünü gözdən saldı, etibarını itirdi. Etibar da elə şeydir ki, onu təkrar qazanmaq olmaz. O bağırtıların zamanı keçmiş artıq. Bəlkə İranın içində onun bir anlamı ola bilərdi, xaricdə ona ehtiyac yoxdur. Çehrəqanlı bəy avanturist davranmaq yerinə Qərbdə özünü gəlişdirməli və bilgilərini, davranışlarını modern ortamda gözdən keçirməli idi. Bunu etmədiyi üçün özünü bitirdi. Öz sayqınlığını itirdi. Şair demişkən, “Qaranlıq yüklü karvanlarda yox oldu.” Belə olması yaxşı olmadı. Çünkü bizim itiriləcək insanlarımız olmamalıdır. Ancaq biri zorla öz kimliyini qaranlığa gömürsə onu kimsə əngəlləyə bilməz. - Deyirsiniz ki, bayraq məsələsinin suçlusu Çehrəqanlıdır? - Başqa suçlular da var. Ancaq əsas suçlu Çehrəqanlıdır. Bu gün Güney Azərbaycanda təcrübəsiz, duyğusal bir gənc adam Çehrəqanlının və ya Quzey Azərbaycanın bayrağını qaldırdığı üçün tutuqlanırsa, gerçəkdən çox acı bir durumdur. Mən bunun adına milli mübarizə demirəm. Təcrübəsiz gəncləri boşuna şovinizmin zindanına soxmaqdır bu. Bəzən sitələrdə “Quzey Azərbaycanın bayrağı filan şəhərdə dalğalandı” və ya “Çehrəqanlının bayrağı babək qalasında və ya hansısa şəhərdə dalğalandı” kimi şablon sözlər eşidirik. Hər ikisi də milli mübarizəyə zidd olan bir hərəkətdir. Buna görə bir gənc adamın həyatını zindanlarda çürütməyə dəyməz. Ancaq bəziləri belə hesab edirlər ki, nə qədər çox adamlarımız zindana düşsə bu hərəkət bir o qədər də güclənər, dünyada tanınar. Yanlış fikirdir. Dünyada tanınmadan öncə millətin öz ruhunda, ağlında bir tanımlama sürəci başlamalıdır. Ona görə də zamansız olaraq hansısa bir bayrağı qaldırmaq bizə xeyir verməz. Bu bayraqların orda-burda yarım saat qaldırılması bizim hansı problemimizi həll edə bilər? - Sizin Güneylə əlaqəniz varmı, oradakı həyəcanları necə dəyərləndirisiniz? - Bu gün həm Güneydə, həm Quzeydə mənim yazılarım oxunur. Həm də çox oxunur. Əlbəttə bu da mənim üzərimə böyük məsuliyyət yükləyir. Məsələn mənim oxucularımın bir bez parçasına görə zindana düşmələrini istəmirəm. Bu gənclər zindana düşmək yerinə oxuyub savadlanmalı və sabah cəmiyyətdə öz elmi-ictimai statusunu qurmalıdır. Milli kadrlara dönüşməlidirlər. Əlbəttə mən bizim tutulanları suçlu göstərmək istəmirəm. Yəni şovinizm bizim üzərimizə ciddi basqılar tətbiq etməkdədir. Mən sadəcə bir bayrağa görə tutuqlanmağı mübarizə hesab etmirəm. Belə mübarizə olmaz. Biz öncə düşüncələrdə özümüzə yer etməliyik. Bu gün bilgilənmək və toplumu bilgiləndirmək lazımdır. Güneyin dəyişik təbəqələri ilə irtibatım var. İrtibatda olduğum hər kəsə bu bayraq və simgə dartışmalarının uğursuz olduğunu söyləyirəm. Çünkü zatən şovinizm bizim milli gənclərimizi zindana salmaq üçün bəhanə axtarır. Bu bəhanəni də onun əlinə verməmək lazımdır. - Elçibəy Quzey Azərbaycan bayrağının bir gün Güneydə dalğalanacağını demiş amma... - Güney Azərbaycan qurtulduqdan sonra bir çox ölkənin bayrağı bizim başkəndimizdə dalğalanacaq, o cümlədən Quzey Azərbaycanın da bayrağı yəqin ki, o ölkənin səfirliyinin və konsulluqlarının üzərində dalğalanacaqdır. Zatən bu gün də dalğalanır. - Xeyir, Elçi bəy demiş ki, bu bayraq indi buğçalardadır və bir gün dalğalanacaqdır. - Əvvəla tarix mütləqa Elçibəyin dediyi kimi yürüməz. Tarixin öz dialektikası var. Elçibəyi bu şəkildə anlamaq yanlışdır. Bu şəkildə anlarsaq o zaman öz ağlımızı kullana bilmərik. Bizim də ağlımız var. Zamana və olaylara görə öz ağlımızdan istifadə etməliyik. Dolayısıyla həm Elçibəyin həm də digər böyüklərimizin də təcrübələrindən yararlanmaq bizə xeyir verər. Şəxsən mən öz vicdanıma Elçibəylə bağlı bir vəfa borcunun var olduğunu hiss edirəm. Yurdumuzun qurtuluşu yolunda düçənən hər kəs Elçibəyin yolundadır. Ayrıca, Elçibəy demiş ki, bu bayraq buğçalardadır. Bir zaman dalğalanacaqmış. O bayrağın dalğalanma zamanı gəlmişmi? Gəlməmiş. Yəni Güney Azərbaycan qurtular, öz bayrağı olar. Sonra da Quzeylə bir inteqrasion içərisinə girər, sonra da Bütöv Azərbaycanda ya bu bayraq ya da Güneyin tam ulsuçuluq çağrışdıran bayrağı dalğalanar. Ya da hər iki bayraq dalğalanar. Yəni federal və ya konfederal Bütöv Azərbaycanda hər iki tərəfin bayrağı dalğalanar. Hələ o zamana da çox qalır. Deməli Elçibəyin dediyini qəbul etsək də Quzey Azərbaycanın bayrağı hələ uzun zaman buğçalarda qalmalıdır. - Bu simgə məsələsinə necə baxırsınız? Sanki seçim yolu ilə Milli Hərəkətə simgə təyin etmişlər. - Yaxşı baxmıram doğrusu. Çünkü bunu seçim yolu ilə təyin edilmiş simgə olaraq qəbul etmək olmaz. Seçim hansı ortamda keçmiş? İnternet yolu ilə, deyilmi? Bir adam 100 e.mail adresi açıb səs verə bilər. Bu, oyunbazlıqdan başqa bir şey deyil. Həm çox çocuqca düşünülmüş. Adam nə qədər geri zəkalı omalıdır ki, müstəqil bir dövlətin, o da bizim quzeyimizin ay-ulduzunu qaranlığa gömsün. Quzeyli qardaşlarımız bu abtalca düşünülmüş hərəkətə etirazlarını bildirməlidirlər. Zorla bağımsızlığını qazanmış, azadlığa çıxmış bir ölkənin, vətənimizin digər tərəfinin bayrağını qaranlıqlara gömməyə kimsənin haqqı yoxdur. Bu işi görənlərin hamısı şovinizmin kölələridir. Ya bilərəkdən farsın qulluğundadırlar ki, bu şəkildə xaindirlər. Ya da bilmirlər və cahildirlər. Cahilləri aydınlanmağa çağırırıq. Xainlərlə də mübarizə aparacağıq. Şəxsən mən kimsəyə izn vermərəm millətimin bayrağındakı aydınlıq rəmzlərini qaranlığa gömsünlər. İmkanım nə qədər izn versə bunlarla savaşacağam. Bütün dünya vətənimin bayrağını parlaq ay-ulduzlu görməyə alışmış və öylə də görəcəklər. Daha doğrusu öylə də göstərəcəyik. Dünyada bu gün bizim heysiyyətimizi və milli şərəfimizi təmsil edən bir tək bayrağımız var. Şərəfi və heysiyyəti olanlar bayrağımızın ləkələnməsinə izn verməməlidir. Mənim şərəfsizlərlə işim yoxdur. Bayrağımızın yerlərdə sürünməsinə izn verməyəcəyimiz kimi onun göylərdə də ləkəli görünməsinə izn verməyəcəyik. Bu bayraq uğruna canlarını fəda etmiş insanlar var. Ermənistanda əsirlikdən azad olmuş bir əsgərimiz danışır ki: Ermənilər əsir bir əsgərimizə deyirlər ki, yerə sərilmiş Azərbaycan bayrağının üzərinə tüpürsən sənə işkəncə vermərik. Azərbaycanlı əsgər tüpürmür. Bunun qulağını kəsirlər. Yenə də tüpürmür. Adamı param-parça doğrayırlar bayrağın üstünə tüpürmür və bu şəkildə ölür. Bu bayraq uğruna böylə fədakarlıqlar edilmişdir. Kimin cəsarəti çatar o ay-ulduzu ləkələsin. Bez parmçası lazımındır “dəf ol!” get kəndinə bir bez parçası tap. Millətin bayrağı ilə nə işin var? Kimsə hesab etməsin bu bayraq sahibsizdir. O bayraq bir əmanətdir. Ulularımızın, şəhidlərimizin, tariximizin bizə əmanətidir. Kiminsə onunla alay etməsinə izn vermərik. Kəsinliklə izn vermərik. - Ortasında qaraldılmış ay-ulduz olan bayraq kimin önərisidir bilirsinizmi? - Bilirəm. Ankarada yaşayır Seyfəddin Altaylı. O, müxtəlif qaynaqlardan yararlanaraq Arazoğlu adı ilə bir kitab yazdı. “Müxtəsər Azərbaycan tarixi” adında. Bu kitab elmi baxımdan ciddi bir əsər sayılmaz. Bu kitabın əvvəlinə ortasında ay-ulduzu qaralmış bir bayraq yerləşdirmişdi. Güya bu qaralıq Güneyin əsarətdə olmasını rəmzləşdirir və Güney azad olduqdan sonra aydınlanacaqmış! Seyfəddin Altaylı bir türk olaraq Güneyin mübarizəsinə dəstək verə bilər, bu, onun milli borcudur. Ancaq onun belə bir səlahiyəti yoxdur. Biz Güneylilər olaraq ona bu səlahiyəti vermərik. Güney Azərbaycanın yetkili milli aydınları dışında kimsəyə bu səlahiyəti vermərik. Bizim öz ağlımız yoxdurmu? İran mühitini biz yaxşı tanıyarıq, yoxsa İranın tarixi və sosioloji mühitinin dışında olanlar yaxşı tanıyar? İndi Seyfəddin Altaylı öz həddini aşıb və belə bir təşəbbüsdə bulunubsa ona həddini bildirməliyik. Nəinki həddini aşması üçün daha da şərait yaratmalıyıq. - Siz belə hesab edirsiniz ki, hələ bayraq çıxarmanın zamanı deyil. - Biz çox həssas tarixi mərhələdən keçirik. Bir neçə dəfə ayağa qalxıb və məğlub edilmiş, qanımıza qəltan edilmişik. Ona görə də yüz ölçüb bir biçməliyik. Bu məğlubiyətlərin əsas səbəbi şovinizm olsa da bizim özümüzdə də günah olubdur. Məğlublar suçludurlar, yalnız qalib olmalısan. Məğlub olursansa demək yanlış planlama yapmışsan. Bu dəfə məğlub olmamalıyıq. Yəni məğlubiyətə səbəb olacaq davranışlar öz tərəfimizdən edilməməlidir. Ona görə də çox bilgilənməli, çox ilgilənməliyik. Bütün ehtiyaclarımızı tələsmədən tam zamanında gerçəkləşdirməliyik. Zamansız atılan addım öz tərəfimizdən məğlubiyətimizə səbəb ola bilər. Bütün gücümüzlə millətimizi milli yöndə aydınlatmağa səfərbər olmalıyıq. Həqiqət budur ki, millətimizin milli-siyasi təcrübəsi və bilgisi çox azdır. Bu sahədə dərinləşməliyik. Bunun üçün geniş imkanlarımız var. İnternet sınırları ortadan qaldırıb. GUNAZ TV-miz var. Bu TV özü-özlüyündə böyük inqilabdır. Bu kanaldan lazımı səviyədə istifadə edilmir. Orada geniş elmi, siyasi, sosioloji mübahisələr olmalıdır. Ancaq bunu kimlər etməlidir? Əhməd Obalı hər işi ki, edə bilməz. Bəzi adamlar GUNAZ TV.ni tənqid edir. Tənqid etməyə nə var ki. Tənqid etmək yerinə bir proqram hazırlasınlar və tənqid edilən əksiklikdə ortadan qalxsın. Demək istəyirəm ki, qarşımızda qısa bir fürsət var. Bu fürsətdən istifadə edib geniş və dərin aydınlanma işləri görməliyik. Çünkü həm rejimin içindəki iqtidar davası, həm dünyanın İran rejimi üzərinə basqısı mərkəzi höküməti bəlli bir zamanda zəiflədəcək. Artıq o zaman aydınlanma işləri görməyə fürsət olmayacaq. O zaman millətimiz ölüm-dirim savaşına qalxmalıdır. Bax o tarixi fürsəti qaçırsaq, artıq əsas işi görə bilməyəcəyik. Ona görə də qarşımızdakı bu fürsəti yaxşı dəyərləndirməliyik. Bu bir mübarizə sürəcidir. Mübarizə prosesində milləti hazırlamaq lazımdır ki, qarşımızda doğacaq olan o fürsətdən istifadə edə bilsin. Yəni hər kəs bilir ki, bu rejim sürətlə inkişaf edən dünyayla uzun zaman ayaqlaşa bilməyəcək. Tarix bu rejimi devirəcək. Ancaq biz hazır olmasaq tarix bizə qurtuluş fürsətini tanımayacaq. Biz hazır olmalıyıq ki, tarix bizimlə də hesablaşsın. Hazır olmaq 4-5 gənc adamın əlinə bayraq vermək deyildir. Bayrağımız da bax haqqında danışdığımız o tarixi fürsətdə zümrüd quşu kimi milli sevdanın, milli mübarizənin, milli birliyin, milli şəhamətin içindən doğacaq. Müsahibəni apardı: Baysonqur azadtribun