SON XƏBƏRLƏR

Adlar_Güntay Gəncalp

2021.10.20, 07:36
Adlar_Güntay Gəncalp

Gunaz.tv
Güntay Gəncalp Adlar Əsrlər boyunca Quran üzərinə açıqlamalar verilmiş və toplumun dini görüşlərini, dini duyğularını bu yolla yönləndirməyə çalışmışlar. Zaman axışı içində bu açıqlamalara öncə ərəb, sonra da fars milliyətçiliyi müdaxilə etmişdir. Ərəb dilini bilməyən türklər isə Quranı zorla oxuyan savadsız bir axunddan uşaqlarına ad tapmaq üçün istəkdə bulunmuşlar. Əslində isə bu davranış soysuzlaşmanın, dildə yabancılaşmanın başlanqıc nöqtəsi olmuşdur. Din və siyasət iç-içə girdikcə siyasi islam türklərin millət kimi tarixdən silinməsi, türk dilinin yox edilməsi üçün bir araca dönüşmüşdür. Bu duruma qarşı çıxaaraq Quran və peyqəmbərin davranışları üzərinə gerçəkçi və elmi yanaşan açıqlayıcılar isə yox edilmişlər. Bu basqı nədəni ilə bir çox açıqlamalar ima və rəmzlərlə bədii ədəbiyatda öz əksini bulmuşdur. Modernləşmə, qloballaşma və toplumların bilgilənməsi din anlayışını da dəyişdirməkdədir. Özəlliklə modern fəlsəfə və modern metodologiya islam dünyasının yardımına gəlmiş, bu dünyanı sərt qaranlıqlardan qurtarmaq istəmişdir. Modern dünyanın düşüncə planındakı gətiriləri islam ölkələri aydınlarının zehninə təsir etdikcə yeni hermenotik (dini mətnlərin şərhi) yanaşmalar ortaya çıxır. Örnəyin Vitgenişteinin dil fəlsəfəsindən yola çıxaraq Quranı ərəbcənin ən üstün dil əsəri və peyqəmbəri də ərəbcəni öz nəfsində dərinləşdirən, dilin yaradıcılıq imkanlarını öz mərifətində mərkəzləşdirən şəxs kimi anlayanlar ortaya çıxmaqdadır. Bütün bunların hamısı sevindiricidir. Bütün bunların hamısı ənənəvi inanış üzərinə şübhə gətirdiyi üçün elmidir. Hər əsrin insanları öz elmi nailiyətlərinə görə hermenotik dəyərləndirmə gəlişdirməlidir. Dini mətnlər üzərinə plural (çoğulçu) açıqlamalar gerçəkliyin, doğruların təsbitinə yardımçı ola bilər. Bu şəkildə olduğu zaman, din bir ovuç sözdə dinçinin inhisarından çıxıb, özünəməxsus dərk edilmə sürəcini yaşar, öz dialektikasını oluşdurar. Bugünkü İran mühiti geniş tarixi-dini təcrübələrə tanıq olmuşdur. Mütləq və dəyişilməz qaydalar kimi ortaya atılan dini şərhlər çox sərt və çətin sosial psixologiya şəkilləndirmişdir. İslam orta çağının təlimləri əsasında insanlar heysiyətsizləşdirilmiş, şəxsiyətsizləşdirilmiş və QULLARA dönüşdürülmüşlər. Bu zehniyyət üzərinə ardıcıl olaraq ideoloji sərmayə yatırılmışdır. Xüsusən Səfəvi qaranlığı bu geniş coğrafiyanın insanlarını qorxunc qaranlıqlara və qorxulara sövq etmişdir. Nədən? Çünkü islamın təlimlərinə görə insan yalnız Tanrının quludur. Ancaq Səfəvi qaranlığı şiə əhlini 14 məsumun da qulu etdi. Səfəvilərdən başlayaraq “məhəmmədqulu”, “əliqulu”, “həsənqulu”, “abbasqulu”, “mehdiqulu”, “hacıqulu” v s kimi adlar çocuqlara verildi. Bütün bu adlar uşağı ilk gündən etibarən şəxsiyətsizləşdirməyə başlamışdır. Çocuq öz kimliyini dərk etməyə başlarkən qul olduğunu sezmişdir. Səfəvilərin başlatdığı bu qulçuluq projəsində daha sonra “şahqulu” kimi ismlər və ictimai statuslar ortaya çıxdı. XVI əsrdən etibarən, Qərbdə Renesans aydınlığı başlarkən, Azərbaycan Səfəvi zehniyətinin qaranlığına gömüldü. Yəni Qərbdə humanizm hərəkəti bütün düşüncələrin mərkəzinə insanın etibarını, heysiyyətini yerləşdirdiyi zaman, səfəvilər insanı heysiyətsizləşdirir və onu doğuşdan qul olaraq tanımlayırdı. Daha sonra “qapı qulları”, “ağa qulları” kimi şəkillənmiş olan Səfəvi zehniyyəti bir an belə, insanın düşüncəsini azad buraxmadı. Hər an köləliyi, qulçuluğu, quldurçuluğu təlqin etdi. Şiə cərəyanının uydurduğu 14 məsumun qulu olmağa alışan insanlar özgürlüyün nə olduğunu anlaya bilməz duruma gətirildilər. Azərbaycan əhalisinin içində “qulu” ilə bitən saysız-hesabsız adlara rast gəlmək olar. Zehni əsarətə məhkum edilmiş ata-ana evladına “...qulu” adını verməklə ilk gündən uşağına özgürlüyü aşılamır, köləliyin necə bir "nemət" olduğunu təlqin edir! Belə bir psixologiyanı öz nəfsində daima daşıyan bir millət necə özgür ola bilər? Özgülük bir düşüncə və mənəvi fəaliyətin nəticəsidir. Düşüncə və mənəvi fəaliyətin biricik yaradıcı və açıqlayıcısı dildir. Əgər bir dil köləliyi nemət sayan sözləri öz varlığında barındırırsa, o zaman bu dil nə düşüncə aracı ola bilər, nə də özgülük qavramlarını ortaya qoya bilər. Səfəvilərdən sonra dilimizə yüklənən “qul”çuluq ilk öncə bizi zehni baxımdan köləliyə sürüklədi. Ruhən və zehnən köləliyə təslim edilmiş bir toplumun milli kimliyi, milli torpaqları işğal edilər. Hər bir ad zaman və uzaydan (fəzadan) parçalar ehtiva edər. Yəni bir insanın var olmasını onun adı bildirmiş olur. Var olan insan, zaman və fəzanın içində bir varlıqdır və bu varlığı bir ad bəlli edər. Özgürcə dünyaya gələn bir insan əsarət və köləlik çağrışdıran bir adla (əliqulu, vəliqulu, rzaqulu) köləliyə məhkum edilir. Heç bir suç işləmədən doğuşdan əsarətə məhkum edilir. Necə? Yəni bir insanın heysiyyəti, şərəfi və şəxsiyyəti köləlik doğuran bir adın içində həbs edilir. Modern anlamla söyləsək, günümüzdə Azərbaycanda (o taylı-bu taylı) adların əksəriyəti insan haqları fəlsəfəsinə ziddir. Bu adlarla modern millət olmaq olmaz. Azərbaycanda yayqın olan ərəb-fars adlarının doğurduğu özgəçilik isə yenə də insan haqları fəlsəfəsi ilə ziddiyyət təşkil edir. “Ləşmək”, “laşmaq” şəkilçiləri tarix boyu türklərə məxsus bir olaydır. Öncə evladlarımıza qoyduğumuz adlarda güya islam adı altında ərəbLƏŞDİK, sonra farsLAŞDIQ, daha sonra da rusLanLAŞDIQ. Yazarlar da Şahnamədən adlar tapıb əsərlərinə “Təhminə”, “Zaur” yerləşdirdilər. Azərbaycanda antroponimlər açısından bir araşdırma aparılsa, “bu yerlərdə ərəb qullar yaşayır” qənaətinə gəlmək olar. Əksər adlar ərəbcə və”qulçuluğu” ilə bir yerdə. Yəqin ki, belə sorularla qarşılaşan mühafizəkar dilçilər “yox canım, bu adlar, o cümlədən qulçuluq bizdə vətəndaşlıq haqqı qazanıb, bunları dilimizdən ata bilmərik. Atsaq, dilimiz axsaq olar.”- deyəcəklər. Əslində isə azadlıq daima nələrinsə atılması ilə mümkün olur. Heç bir şeyi ata bilməyən uluslar əsarəti öz ruhlarında daşıyarlar. Evladlarımızı əsarətə təslim edən Səfəvi cəhalətindən vaz keçmənin zamanıdır. Söz konusu millət olmaqdırsa, bu, ilk öncə dildən və dildəki adlardan başlar. Adlarda köləlik çağrışdıran sözlərin kölgəsinə sığınmaq sosial planda davranış pozuqluğu yaradır. Yəni kölələrin davranışları bəllidir. Kölələr köləliklərində şəxsiyyətlərini itirdikləri kimi, qulçuluğu, köləliyi təlqin bir adın altında da fərd özü bilmədən şəxsiyyət anlayışını itirmişdir. Bu itki isə Şah İsmayıldan başlamışdır. Nə yazıq ki, böyük Atatürkün başlatdığı adlarda milliləşmə devrimini Azərbaycanda başladacaq qətiətli və milli lider yetişdirə bilmədik. Sanki tarix bu missiyanı Gübey Azərbaycan Milli Hərəkətinə yükləmişdir. Toplum alışdığı cəhalətindən ayrılmaq istəməz. Anadolu türklərinin Osmanlı cəhalətindən ayrılmaq istəmədikləri kimi. Bir lider lazımdır ki, minillik bu cəhaləti öz bilgisi, irdasi ilə yıxa bilsin. Bu baxımdan Türk Dünyası, başda Güney Azərbaycan olmaq üzrə daima Atatürk dühasına ehtiyac duyacaqdır. Adlarımız fikir planında əsrlər boyu məğlub edilmiş, sıxışdırılmış durumumuzu göstərir. Adlar hər bir millətin tarixi və mədəni statusunu tablovlaşdırar. azadtribun

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar