SON XƏBƏRLƏR

ERMƏNİ ORDUSUNDA NƏ BAŞ VERİR?

2021.10.20, 07:36
ERMƏNİ ORDUSUNDA NƏ BAŞ VERİR?

Gunaz.tv
ERMƏNİ ORDUSUNDA NƏ BAŞ VERİR? 34622_1 Fərarilərin sayı artır, ermənistanlılar qarabağlı əsgərlər qarşısında alçaldılırlar C.MƏMMƏDOV Ermənistan ordusunun könüllü olaraq Azərbaycan tərəfinə keçmiş əsgəri Paruyr Stepanyan Ermənistan vətəndaşlığından imtina edib. O, ANS-in əməkdaşına verdiyi müsahibədə bildirib ki, Azərbaycana üz tutmasının əsas səbəblərindən biri Ermənistan ordusundakı özbaşınalıqdır. Yerevanda anadan olmuş 19 yaşlı P.Stepanyanın Azərbaycana üz tutmasının bir neçə səbəbi var. O, müsahibəsində orduda özbaşınalıqdan tutmuş Ermənistanda insan haqlarının pozulmasına qədər bir çox mətləblərə toxunub. O, ali təhsil almamasını Ermənistandakı korrupsiya ilə izah edib, bildirib ki, orada rüşvət verməsən, ali məktəbə daxil olmaq müşkül məsələdir. "QARABAĞ AZƏRBAYCAN ƏRAZİSİDİR" P.Stepanyan Qarabağın tarixini də, hətta bununla bağlı bəzi beynəlxalq konvensiyaları da öyrəndiyini deyir. Gəldiyi nəticəni isə kifayət qədər obyektiv hesab etmək olar: "Müharibənin nəyə görə başlandığını da öyrənmişəm və özümə düzgün cavab tapmışam. Mən bilirəm ki, belə kodekslər var və orada yazılıb ki, hansı ölkələrin sərhədləri necədirsə, elə də qalmalıdır. Bunu 1976-cı il Helsinki sənədi, eləcə də müharibədən əvvəl Arsaxda ermənilərin Qarabağda olmasının 150 illiyinə qoyulmuş heykəl də sübut edir. Əgər onlar azərbaycanlılardan əvvəl orada yaşayıblarsa, onda niyə elə heykəl qoyublar? Bunun bir məntiqi cavabı var ki, Qarabağ Azərbaycan ərazisidir". Paruyrun vətənindən üz çevirməsinin səbəblərindən biri də ölkədə insan azadlıqlarının pozulması, antidemokratik rejimdir: "Mən öz vətəndaşlarına seçim hüququnu verməyən ölkədə yaşamaq istəmirəm. Mən xidmət edərkən hətta seçim edə bilmirdim. Postda olarkən artıq mənim adımdan Serj Sarkisyanın xeyrinə işarə qoyulmuşdu. Orada diktaturadır. Buna görə də mən Azərbaycan hökumətinə müraciət edib bildirdim ki, Ermənistan vətəndaşı olmaq istəmirəm. Ən əsası, mən vətəndaşlıqdan imtina edirəm. Mən başa düşə bilmirəm ki, Ermənistan tərəfi nəyə görə sülh danışıqlarına getmir. Qarabağ məsələsini hər dəfə təxirə salırlar. Mən bilmirəm nəyə nail olmaq istəyirlər". "HƏYATIMI RİSKƏ ATARAQ SƏRHƏDİ KEÇDİM" Stepanyan deyib ki, imkanı olsaydı, orduya getməzdi: "Çünki bilirdim ki, Qarabağa göndərəcəklər". Onun sözlərinə görə, heç bir intizam olmayan orduda ermənistanlılarla qarabağlılar arasında xüsusi ayrı-seçkilik var. "Ermənistanlılar hər addımda təhqir olunur, ən çirkli işlərə də məhz Ermənistan erməniləri göndərilir. Zabitlər Ermənistan ermənilərini ələ salırdılar, təhqir edirdilər, ölümcül döyürdülər. Elə dərəcədə döyürdülər ki, məsələn, elə olurdu ki, özümlə bacara bilmirdim. Elə situasiya olub ki, avtomatı götürüb onları öldürə də bilərdim" deyən Stepanyan bildirir ki, döyüldüyü günlərin birində risk edərək sərhədi keçib: "Bir gün mənm ölümcül döydülər və dedim ki, ora gedəcəyəm. Mənim xidmət etdiyim yer sərhədə çox yaxın idi. Həyatımı riskə ataraq sərhədi keçdim və Azərbaycan hökumətinə təslim oldum". Bu gün Ermənistanda sosial vəziyyətin son dərəcə ağır olduğunu deyən P.Stepanyan bir daha bu ölkəyə qayıtmaq istəmir. Onun sözlərinə görə, bu gün Ermənistandakı əksər ailələr xaricdəki yaxınlarının göndərdikləri vəsaitlər hesabına dolana bilir. P.Stepanyanın vətənindən imtina etməsinin səbəblərindən biri də budur: "Azərbaycan hökumətindən xahiş edirəm ki, mümkünsə bu ölkədə yaxud Avropa Birliyinin hər hansı ölkəsində mənə qaçqın statusu versin. Bircə Rusiya olmasın. Çünki Rusiyanın Ermənistanla əlaqələri var, mən bu ölkəyə getmək istəmirəm". ERMƏNİSTAN QARABAĞDA YOXLAMALARA BAŞLAYIB Bu günlərdə Ermənistan Silahlı Qüvvələrində baş verən pozuntularla bağlı bir sıra məlumatlar yayılıb. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin və Hərbi Prokurorluğunun Silahlı Qüvvələrdə nizam-intizamı gücləndirmək məqsədilə həyata keçirdiyi tədbirlər nəticəsində xeyli sayda erməni hərbçisi tutduğu vəzifədən azad olunub, bəzilərinin barəsində həbs -qətimkan tədbiri seçilib. Həyata keçirilmiş tədbirlərin nəticəsi ilə bağlı hesabat yaxın günlərdə Yerevanda - güc strukturlarının birgə qapalı iclasında müzakirə olunacaq. "Milaz" informasiya agentliyinin əldə etdiyi məlumata görə, hərbi hissələrin yoxlanılması zamanı aşkarlanmış yeyinti faktları üzündən Ermənistan Silahlı Qüvvələrinin 10-dan artıq yüksək rütbəli hərbçisi vəzifəsindən uzaqlaşdırılıb. Onların arasında Qarabağdakı hərbi birləşmələrdə xidmət edən hərbçilər də var. Ümumilikdə, daxili təhqiqatlar nəticəsində 24 erməni hərbi qulluqçusu həbs olunub ki, onlardan 15 nəfəri məhz Azərbaycanın işğal olunmuş ərazilərində xidmət edənlərdir. Qarabağda həbs olunmuş erməni hərbçiləri əsasən qeyri-qanuni əməllər törətməkdə, tabeliklərində olanlarla kobud davranmaqda təqsirli bilinirlər. Həbs olunmuş 4 erməni əsgəri isə komandirlərin əmrini yerinə yetirməməkdə ittiham olunur. Onlardan 2-si fərarilik edib. Erməni mənbələrinin məlumatına görə, hərbi hissələrdə daxili araşdırmalara may ayının əvvəllərindən başlanılıb. Bu proses avqust ayının ortalarına qədər davam edəcək. Tədbirlərdə məqsəd erməni ordusunun gerçək döyüş əhval-ruhiyyəsinin ortaya çıxarılmasıdır. Xatırladaq ki, ötən ilin əvvəllərindən başlayaraq erməni ictimaiyyətində ordu ilə bağlı neqativ fikirləri çəkinmədən söyləyənlərin sayı artıb. Halbuki, 2007-ci ilədək Ermənistan ictimaiyyəti orduda baş verən neqativ halları deməkdən çəkinirdi. Bu istiqamətdə mövcud "tilsim"i "İnternyus"un Yerevandakı ofisinin əməkdaşı Geqham Vardanyan qırdı. Ötən ilin avqust ayında erməni jurnalistin Böyük Britaniyanın Sülh və Müharibə İcmalları İnstitutunun saytında (www.iwrr.net) dərc edilmiş "Ermənistan ordusunda səlahiyyətlərin aşılması maneəsiz davam edir" adlı məqaləsi son illərdə bu istiqamətdə yazılmış, bəlkə də, yeganə məqalə idi. Məqalədə bildirilirdi ki, Ermənistan Silahlı Qüvvələrində vəziyyət həddən artıq pisdir: burada əsgərlər döyülür, alçaldılır, zabitlər isə rüşvət almaqda davam edirlər. Ölkədə isə ordu ilə bağlı ictimai müzakirələrin aparılması qadağan edilib. ERMƏNİSTAN ORDUSUNUN İTKİLƏRİ ARTIR "Manevr" jurnalist araşdırmaları mərkəzinin məlumatına görə, son aylar ərzində cəbhə xəttində atəşkəsi pozan ermənilərin məruz qaldığı itkilər Ermənistanın hərbi rəhbərliyini qoşunların təmas xəttinə daha çox diqqət yetirməyə məcbur edir. Mərkəzin araşdırmalarına görə, cari ilin mart ayından etibarən cəbhə xəttində hərbi üstünlük Azərbaycan ordusunun xeyrinə qorunub saxlanılmaqdadır. Xüsusilə də son 3 ay ərzində Naxçıvanda və Qazax-Tovuz rayonları istiqamətində - dövlət sərhədində ermənilərin təxribat xarakterli hərəkətlərinin qarşısı alınıb. Azərbaycan hərbçilərinin bu istiqamətdə gördüyü tədbirlər nəticəsində düşmənin xeyli sayda hərbçisi zərərsizləşdirilib. "Aparılan araşdırmalar göstərir ki, mart ayında cəbhə xəttində ermənilərin çoxlu sayda itkiləri olub. Tərtər istiqamətində düşmən 20-dək, Füzulidə isə 10-dan artıq əsgərini itirib. Bu itkilər dövlət sərhədində də davam edir və artıq Ermənistandan olan çağırışçılar Qarabağda, cəbhə xəttində xidmətdən imtina etməyə başlayıblar. Bu səbəbdən də Ermənistanın hərbi rəhbərliyi və hökumət nümayəndələri hərbi hissələrə səfərlər edir, bununla da sınmaqda olan mənəvi-psixoloji durumu qismən də olsa bərpa etməyə çalışırlar", - deyə məlumatda bildirilir. Ekspertlərin fikrincə, MDB Müdafiə Nazirləri Şurasının son toplantısında Ermənistanın müdafiə nazirinin azərbaycanlı həmkarı ilə cəbhə xəttində yaranmış son durumu müzakirə etmək cəhdi bunu bir daha sübut edir. ERMƏNİ CƏMİYYƏTİ QARABAĞA ƏSGƏR GÖNDƏRMƏK İSTƏMİR Ermənistan vətəndaşlarının əksəriyyəti öz övladlarının Azərbaycanın işğal olunmuş ərazilərində xidmət etməsinə qarşıdır. "Doktrina" jurnalistlərin hərbi araşdırmalar mərkəzinin erməni mətbuatına istinadən yaydığı məlumata görə, qeyd edilən məsələ ilə bağlı dəfələrlə hökumət qurumlarına, prezidentə müraciət olunsa da, faydası yoxdur. Bu gün də minlərlə ermənistanlı gənc hərbi xidmət keçmək üçün Qarabağa göndərilir. Araşdırmalar göstərir ki, Qarabağdakı hərbi birləşmələrdə xidmət etmək ermənistanlılar üçün o qədər də ürəkaçan deyil. Belə ki, onlar burada ayrı-seçkiliyə məruz qalırlar. Ermənistanlı valideynlər bildirirlər ki, onların övladları qarabağlı komandirlərin amansız rəftarına məruz qalır. Eyni zamanda, Qarabağda hərbi xidmət keçən ermənistanlı gənclərin güzəşt və imtiyazları qarabağlılardan aşağıdır. Bu kimi hallar üzündən ermənistanlılar Qarabağa əsgər göndərməkdən imtina edəcəklərini bildirirlər. Ekspertlərin fikrincə, indiki vəziyyətdə Ermənistanın siyasi rəhbərliyi vətəndaşların istədiyini gerçəkləşdirmək iqtidarında deyil. Ən azı ona görə ki, bu addım atılsa, Qarabağdakı hərbi birləşmələrin komplektləşdirilməsində ciddi problem yarana bilər. "Manevr" mərkəzinin məlumatında isə qeyd olunur ki, son illər Qarabağdakı hərbi birləşmələrdən fərarilik edən erməni əsgərlərinin sayı artıb. Azərbaycan Müdafiə Nazirliyinin adının çəkilməsini istəməyən zabitinin verdiyi məlumata görə, mart ayının əvvəllərində Füzulinin Qaraxanbəyli kəndində yerləşən, Ermənistan ordusuna məxsus 2-ci alayın taburlarından birində ermənistanlı çağırışçılarla qarabağlı əsgərlər arasında baş verən mübahisə silahlı münaqişə ilə nəticələnib. Nəticədə hər iki tərəfdən ölən və yaralananlar olub. Buna səbəb ermənistanlı əsgərlərin rabitə vasitəsilə digər bölüklərdə xidmət edən əsgərləri Qarabağda xidmətdən imtina etməyə və postu ataraq geri qayıtmağa çağırması olub. Müşahidələr göstərir ki, Qarabağdakı hərbi birləşmələrdə hökm sürən "dedovşina" fərariliyə yol açıb. Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin bu yaxınlarda yaydığı məlumata görə, işğal olunmuş Azərbaycan ərazilərində yerləşən Ermənistan ordusunun hərbi hissələrində ərzaq təminatı ilə bağlı da problemlər mövcuddur. Ermənistanın hərbi rəhbərliyi əsgərlərin adi qida təminatını təmin edə bilmir. Nəticədə təkcə bu il ərzində yüzdən artıq erməni əsgəri fərarilik edib. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar