SON XƏBƏRLƏR

Qarabağla "qaz alveri"...

2021.10.20, 07:36
Qarabağla "qaz alveri"...

Gunaz.tv
Qarabağla "qaz alveri"... Moskva sülh danışıqlarına dəstək əvəzində Bakıdan Avropanın enerji planlarını ləngitməsini istəyir ATƏT-in Minsk qrupu həmsdərlərinin Qarabağ danışıqlarının növbəti mərhələsilə bağlı nikbinliyi Moskvadan qaynaqlanır. Rusiya Qarabağ danışıqlarını ötən ilin sonlarında yaranmış vəziyyətə qaytarmaq istəyir. Bu barədə "Ekspress"ə məlumat verən diplomatik mənbə iddia edir ki, Moskvanın niyyəti əslində, Azərbaycanla "neft-qaz bazarlığı aparmaq"dır. Bəlli olduğu kimi, gələn həftə vasitəçilər Moskvada Rusiya xarici siyasət idarəsinin nümaynədələrilə dialoq aparacaqlar, daha sonra isə Azərbaycan və Ermənistanın XİN başçılarını görüşdürəcəklər. Həmsədrlər üç gün əvvəl yaydıqları bəyanatda nazirlərlə Moskvada aparacaq danışıqları ümidlə gözlədiklərini bildiriblər. Həmin görüşdə dövlət başçılarının dialoqunun nəticələri müzakirə olunacaq. Xatırladaq ki, prezident İlham Əliyevlə Serj Sərkisyan arasında ilk görüş ayyarım əvvəl Sankt-Peterburqda keçirilmişdi. Rusiyanın təşəbbüsü ilə kerçəkləşən həmin dialoqdan sonra (dövlət başçıları MDB sammiti çərçivəsində bir araya gəlmişdilər) tərəflər danışıqların əvvəlki qaydada qaldığı yerdən davamında maraqlı olduqlarını bəyan etmişdilər. Hətta xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan da müsahibə verərək, prezidentlərdən sülh prinsipləri üzrə tapşırıqlar aldıqlarını bildirmişdilər. Ancaq iyulda vasitəçilərin regiona səfərinin ardından danışıqların aktiv fazasından çəkildiyini bəyan etmələri, bir qədər sonra isə gözlənilmədən "tətil"dən qayıdaraq, yeni görüş təyin etmələri təəccüb doğurur. "Gizli deyil ki, danışıqların aktivləşməsi Rusiya prezidenti Dimitri Medvedyevin Azərbaycana səfəri ilə birbaşa bağlı idi. Rusiya lideri Bakıda konkret təkliflər irəli sürüb və bu təkliflər Qarabağ münaqişəsinin həllilə Rusiyanın bölgədəki enerji maraqlarının reallaşması arasında bağlılığı nəzərdə tutur. Medmedyev Bakını inandırmaq istəyib ki, o münaqişənin həlli üçün münbit şərait yarada, danışıqları dalandan çıxara, bir növ sülh üçün pəncərə aça bilər və Azərbaycan Moskvaya neft-qaz məsələsində güzəştə getməsə, bu pəncərə bağlanacaq", - mənbə iddia edir və diqqəti buna yönəldir ki, belə vəziyyət əvvəllər də olub. Belə ki, 2006-cı ildə Azərbaycanın Gürcüstanın enerji baxımdan boğulması planına dəstək verməməsi Ermənistanın o vaxtkı prezidentinin Kremlin təkidi ilə danışıqları dondurması ilə nəticələnmişdi. Bir sıra ekspertlər Xəzər və Orta Asiya neft-qazı uğrunda Qərblə Rusiya arasında gedən mübarizənin fonunda Moskvanın Qarabağ məsələsində aktivləşməsini təsadüfi hesab etmirlər. Onların fikrincə, Rusiya istəsə, həqiqətən də münaqişənin həllinə aparacaq şərait yarada bilər. Məsələn, iyunun sonlarında həmsədrlərin regiona səfərindən sonra tərəflər dialoq üçün fasilə götürmək istədiklərini bildirmişdisə, iyulun əvvəlində - məhz Medvedyevin Bakıya səfərindən sonra vasitəçilər nazirlərdən görüş üçün razılıq "qopara" bildi. "Medvedyevin səfəri ərəfəsində Moskva əminliklə "Qazprom"un Azərbaycan qazını bütünlükdə almaq təklifini tez-tez xatırladırdı. Halbuki, həmin günlərdə GUAM dövlət başçıları Batumidə Qərb nümayəndələri ilə birlikdə "Nabucco"nu müzakirə edirdilər. Amma məsələn, Moldovaya Dnestryanı münaqişə ilə bağlı müəyyən vədlər müqabilində Kişinyovu bu prosesdən uzaqlaşdıra bilmiş Kremlin başçısı, Azərbaycanla bağlı da görünür, eyni ssenarini nəzərdən keçirir. Buna görə də Rusiya rəhbərliyi Azərbaycan tərəfi ilə müzakirələrdə Qarabağ münaqişəsi və energetika məsələlərini paralel şəkildə qaldırır. Aydın görünür ki, Moskva gözlənildiyi kimi, sülh danışıqlarında ilkin mərhələ üzrə razılaşmanın əldə olunmasına yardımın əvəzində Bakıdan Avropanın enerji təminatına dair planlarını passivləşdirməyi, yaxud da bu planları pozmağı istəyir", - mənbə vurğulayır. Xatırladaq ki, Batumidə Azərbaycan, Gürcüstan, Ukrayna, Polşa və Latviya prezidentlərinin iştirakı ilə keçirilən GUAM-ın enerji sammitindən bir gün əvvəl Rusiya prezidenti Medvedyev Bakıya, sammitdən sonra isə tələm tələsik Astanaya gelərək, Qazaxıstan prezidenti ilə görüşərək, Xəzəryanı qaz xətti layihəsini müzakirə etmişdi. Medvedyevin Bakı səfərindən sonra isə diplomatik mənbələr Moskvanın Xəzəryanı və Transxəzər layihələri arasında "müştərək uzlaşma" təklifini (bu təklifə görə, qazax və türkmən qazı Rusiya vasitəsi ilə Azərbaycana, buradansa Avropaya ötürülür) gündəmə gətirdiyini xəbər verirdilər. Bu ərəfədə isə, ABŞ Dövlət Departamentinin enerji diplomatları Stiven Mənn və Borden Qrey da bir neçə həftə Bakıda və Aşqabadda danışıqlar apararaq, Azərbaycanla Türkmənistanı təmaslarını intensivləşdirməyə çağırırdılar... Yeri gəlmişkən, dünən "Assoşieyted-press"ə müsahibə verən Stiven Mənn bunları deyib: "ABŞ Mərkəzi Asiyanın karbohidrogen ehtiyatlarının Azərbaycan üzərindən Avropaya nəql edilməsində maraqlıdır və bu siyasəti gələcəkdə də davam etdirəcək. Mənim ölkəm bu məqsədlə Qazaxstan və Türkmənistan rəhbərliyi ilə intensiv danışıqlar aparır. Amma bu kontekstdə Azərbaycan-Türkmənistan əməkdaşlığının da genişləndirilməsi zəruridir. Biz hər iki ölkəni açıq və konstruktiv dialoqa dəvət edirik. Artıq sözdən işə keçmək vaxtıdır və danışıqlara başlamaq üçün real şanslar yaranıb". Maraqlıdır ki, ABŞ rəsmisi bu çağırışı Bakı ilə Aşqabada səfərindən bir neçə gün sonra edir. Amerikalıların gecikməsinin səbəbi nədir? Qərbdə əmindirlər ki, Bakı ilə Aşqabad arasında sıx münasibətlər onları Rusiyanın təzyiqlərinə daha müqavimətli edərdi. Bu həm də qlobal qaz bazarında rusların şıltaqlıqlarından doğan narahatlıqları xeyli azaldardı. Ancaq müşahidəçilərin fikrincə, çətin ki, Bakı ilə Aşqabad Rusiya ilə yaxınlaşmaqla, türkmən qazının Avropaya alternativ üsullarla nəqli imkanından tam imtina etsinlər. Moskvanın "Transxəzər"in əvəzində Qarabağ məsələsində razılaşma vəd etməsinə gəlincə, ekspertlər bu cür sülhü "təhlükəli" adlandırırlar. "Hərçənd, Qərb özü də bölgədə həyata keçirdiyi digər layihələrinin taleyi baxımından münaqişənin həllini istərdi. Böyük neft kəməri Dağlıq Qarabağ ərazisindən cəmi bir neçə kilometr aralıda keçir və bununla bağlı ehtiyat edilir ki, hər hansı bir qeyri-sabitlik Xəzər dənizindən dünya bazarlarına gedən neft axınına hədə yarada bilər", - mənbə vurğulayır. Bundan əlavə, Bakıda hesab edirlər ki, Rusiya Qarabağ nizamlamasına ümidlər gətirməklə, "ikiqat fayda" qazanmaq istəyir. Belə ki, Moskva "donmuş münaqişələr"lə bağlı siyasətinə yönəlik tənqidlərin əhəmiyyətini azaltmış olacaq. Bu durumda Rusiya payızda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında GUAM-ın hədəfinə çevrilməkdən yayınacaq. Ələkbər Raufoğlu express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar