SON XƏBƏRLƏR

Sovet-Türkiyə münasibətləri _M. Qasımlı

2021.10.20, 07:36
Sovet-Türkiyə münasibətləri _M. Qasımlı

Gunaz.tv
Sovet-Türkiyə münasibətləri musa190708.jpg (Mustafa Kamal Paşanın Vladimir İliç Leninə məktubundan SSRİ-nin yaradılmasınadək) M. Qasımlı Tanınmış tarixçi-alim, professor Musa Qasımlının oxucuların mühakiməsinə verdiyi bu məqalə yenicə yazmağa başladığı iki cildlik monoqrafiyasının yalnız bəzi tezisləridir. 1920-1924-cü illərdə sovet-türk münasibətləri tarixinə dair gerçəkliyi əks etdirən, yeni bir baxışı ortaya qoyan bu məqalə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Arxivinin, Rusiya Federasiyası Dövlət Arxivinin, Rusiya Dövlət Sosial-Siyasi Tarix Arxivinin uzun illər boyu "tam məxfi", "məxfi" qrifləri altında saxlanılmış fondlarının materialları, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə arxiv materialları, ABŞ Dövlət Departamentinin, Böyük Britaniya Xarici İşlər Nazirliyinin sənədləri əsasında yazılıb. Rus-türk, sovet-Türkiyə münasibətləri tarix boyu rəvan, hamar olmayıb, enişli-yoxuşlu yollardan keçib. Bu münasibətlər ziddiyyətlərlə dolu olub. İki ölkə arasında 13 müharibə baş verib. Gərgin münasibətlər əsasən çar Rusiyası hökmdarlarının Qara dəniz boğazları üzərində nəzarət qazanmaq, türk torpaqlarına yiyələnmək, Aralıq dənizinə enmək, "əsgərlərinin çəkmələrini Hind okeanının isti sularında yumaq" niyyətlərini bütün mümkün vasitələrlə həyata keçirmək cəhdləri ilə bağlı olub. Münasibətlərin kəskinləşməsi və qanlı müharibələrin törədilməsi təkcə bu iki xalqa, eyni zamanda bütün qonşu xalqlara böyük fəlakətlər gətirib. Lakin rus və türk xalqları arasında münasibətlər yalnız mənfi, qanlı hadisələrdən ibarət deyildir. İki xalqın və ölkənin tarixində dostluq, mehriban qonşuluq və əməkdaşlıq səhifələri xeyli çox olub. Belə səhifələrdən birini Mustafa Kamal Paşa və Vladimir İliç Lenin yazdılar. Həmin səhifə bolşeviklərlə kamalçılar arasında 1920-ci illərdən başlayır və 30-cu illərin sonlarınadək uğurla davam etdirilir. Bu dövrə dair sovet tarixşünaslığında kifayət qədər əsərlər yazılıb. Lenin və Mustafa Kamal Paşa: nədən müttəfiqlik? Mustafa Kamal Paşanın məktubu və Azərbaycanın sovetləşdirilməsi Birinci Dünya müharibəsi və ya o dövrdə deyildiyi kimi, Böyük müharibə mövcud beynəlxalq münasibətlər sistemini dağıtdı. Rusiyada çarizm devrildi. Müvəqqəti hökumət quruldu. Az sonra bolşeviklər hakimiyyətə gəldilər. Tamamilə yeni şərait yarandı. Almaniya, Avstriya - Macarıstan, Osmanlı, Rusiya imperatorluqları dağıldı. Onların xarabalıqları üzərində çoxlu yeni dövlətlər yarandı.Bolşeviklərin hakimiyyətə gəlməsi, güddükləri niyyətlər və şüarları dünya ölkələrinə dağıdıcı təsir göstərirdi. Bolşevizm ideyaları və inqilab liderlərinin dünya inqilabı cəhdləri böyük dövlətlərin strateji maraqlarını təhdid edirdi. Bolşevik Rusiyasının müsəlman Şərqinin xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu göstərməsi, bunu özünün rəsmi sənədlərində elan etməsi Böyük Britaniya müstəmləkələrinə inqilabi təsir edirdi. Bolşevizm Şərqə doğru yayılırdı. Müstəmləkə xalqları ayağa qalxırdı. Hindistana gedən əlverişli strateji yollara bolşeviklərin yiyələnməsi təhlükəsi artırdı. Bu, ingilis müstəmləkə imperiyasının sonuna gətirərdi. Bolşevizm Qərb dünyası üçün də bir tauna çevrilmişdi. Cəlbedici bolşevik şüarları təkcə Şərqə deyil, müharibədən çıxmış və sosial-iqtisadi çətinliklər burulğanında olan Qərb ölkələrinin xalqlarında maksimalist-inqilabi əhval-ruhiyyə yaradırdı. Bolşevizmə qarşı olan qüvvələrə Qərbin bəzi dövlətlərinin yardımlar etməsi təkcə bunlarla deyil, digər ( iqtisadi, hərbi, strateji və b.) amillərlə də bağlı idi. Buna görə də Antanta ölkələri sovet Rusiyası üzərinə hərbi müdaxiləni təşkil etdilər. Daxildə qızışdırılan vətəndaş müharibəsində keçmiş çar hərbçilərinə yardım göstərdilər. Kolçak, Denikin və Yudeniç kimi generalların arxasında dünya müharibəsindən qalib çıxmış Antanta dövlətləri dururdu. Onlar "bolşevizmi beşiyində boğmağa" çalışırdılar. Antanta ölkələri dünya müharibəsində məğlub edilmiş, dağıdılmış, parçalanmış Osmanlı ilə türk xalqı üçün təhqiredici olan Sevr sülh müqaviləsini imzalamışdı. Lakin türk xalqı bununla barışmayaraq Mustafa Kamal Paşanın liderliyində istiqlal müharibəsinə başladı. Bəzi Antanta ölkələri Türkiyəni diz çökdürmək və türk mülklərinə sahib olmaq istəyirdilər. Ölkədə iki hakimiyyət formalaşmışdı. Bunlardan biri İstanbulda oturan Sultan, digəri isə həm Antanta ölkələrinin, həm də Sultanın düşmən hesab etdiyi Ankaradakı Mustafa Kamal Paşa liderliyində 1920-ci il aprelin 23-də qurulan Türkiyə Böyük Millət Məclisi hökuməti idi. Türkiyə də, Rusiya da çətin vəziyyətə düşmüşdülər. İlk müraciəti Mustafa Kamal Paşa TBMM hökumətini qurduqdan üç gün sonra etdi. O, aprelin 26-da sovet lideri Vladimir İliç Leninə məktub göndərdi. Uzun illər boyu tarixçilər bu məktubun üzünü görməsələr də, barəsində danışıblar, onu yalnız Rusiya və Türkiyə baxımından qiymətləndiriblər. Məktubun əsl mahiyyəti və xüsusən, müstəqil Azərbaycan dövlətinin taleyinə etdiyi təsiri barədə isə susublar. Bəziləri hətta belə bir məktubun olmasına şübhə ilə yanaşıb. Bu, şəksiz, həmin tarixçilərin günahı deyildi. Onun konkret səbəbləri var idi. Sovet sistemi və ideologiya ilə bağlı idi. Mustafa Kamal Paşanın Leninə məktubu bütün sovet dövrü ərzində SSRİ Xarici İşlər Nazirliyinin arxivində daim "tam məxfi" qrifi altında saxlanılırdı. Onun açılması Cənubi Qafqaz respublikalarının bir zamanlar müstəqil olduğu və onların işğal edildiyi barədə obyektiv bilik verər, tarixi həqiqətləri xatırladar, sovet cəmiyyətində alternativ fikir yaradardı. Yalnız SSRİ dağıldıqdan bir il sonra - 1992-ci ildə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi Arxivinin fondunda saxlanılan həmin məktubun üzərindən "tam məxfi" qrifi götürüldü. Tarixi gerçəklik üzə çıxdı. Bəs Mustafa Kamal Paşanın məktubunda nə deyilirdi? Burada o, yaranmış ümumi vəziyyəti təsvir, ümumi düşmənə qarşı mübarizədə sovet Rusiyasına müttəfiqlik təklif edirdi. Daha sonra deyilirdi ki, türk hökuməti Gürcüstan və Azərbaycanın bolşevik Rusiyası ilə birləşməyə məcbur edilməsi məsuliyyətini qəbul edir və Ermənistana qarşı ediləcək hərbi əməliyyatı həyata keçirməyə hazırdır. Bununla əslində Mustafa Kamal Paşa bolşevik Rusiyasını regionda yeni geosiyasi vəziyyətin yaradılmasına, sərhədlərin yenidən cızılmasına dəvət edirdi. Rusiyanı Cənubi Qafqaza doğru hərəkətə keçməyə çağırırdı. Bu təklif sovet Rusiyasının maraqlarına tamamilə uyğun idi. Amma nədən belə bir təklif edildi? Yaranmış şəraitdə kamalçı Türkiyə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə kifayət qədər etimad bəsləmirdi. Osmanlı müharibədə məğlub olduqdan və türk ordusu Azərbaycandan çıxdıqdan sonra rəsmi Bakı müttəfiqlərlə, xüsusən Böyük Britaniya ilə normal münasibətlər qurmuşdu. Azərbaycanın istiqlalının tanıdılmasında müstəsna rol oynamış Böyük Britaniya isə müharibə başa çatsa da, Türkiyəyə qarşı hərbi əməliyyatlar aparırdı. Böyük Britaniya da Azərbaycan hökumətinə kifayət qədər etimad etmirdi. Çünki Azərbaycanın istiqlalının qazanılmasında türklər müstəsna rol oynamışdılar. İngilis komandanlığı Azərbaycanda qalmış "müharibə təqsirkarı olan türk hərbçilərini" üzərində təsiri olduğu yerli hökumətdən israrla tələb etsə də, çətin vəziyyətinə baxmayaraq, Azərbaycan hökuməti həmin tələbləri rədd edirdi. Bu hal müttəfiqlərdə şübhələr doğururdu. Böyük Britaniya ilə bərabər Fransa, İtaliya və Yunanıstan da Türkiyəyə qarşı amansız müharibə aparırdılar. Antanta ölkələri iki cəbhədə vuruşurdular: bolşevik Rusiyasına və kamalçı Türkiyəyə qarşı. Türkiyə türklüyün və islamın mərkəzi idi. Azərbaycan xalqı türk və müsəlman olaraq istiqlal savaşında türklərə yardım edən istənilən xalqa rəğbətlə yanaşırdı. Belə bir şəraitdə türk xalqının istiqlal savaşına kömək etməyə hazır olan yeganə ölkə sovet Rusiyası, bolşeviklər idi. Azərbaycan xalqı bu müharibədə türklərin məğlub olmasını istəmirdi. Daşnak Ermənistanının Şərqdən Türkiyəyə qarşı yeni bir cəbhə açması türklərin vəziyyətini daha da ağırlaşdırırdı. Daşnak dəstələri dinc türk əhalisinə qarşı Anadoluda kütləvi qırğınları amansızlıqla həyata keçirirdi. Türkiyə bir neçə cəbhədə müharibə aparmaq məcburiyyətində qalmışdı. Belə bir şəraitdə kamalçı Türkiyə və keçmiş çar Rusiyası ərazisində qalmış türk hərbçiləri bolşeviklərlə əl-ələ verib hərəkət etməkdən başqa bir yol görmürdülər. Çarə yalnız bolşeviklərlə əməkdaşlıqda idi. Buna görə də onlar sovetlərin Cənubi Qafqaza doğru hərəkətini təşviq edirdilər. Bu məqsədlə müxtəlif vasitələrdən istifadə olunurdu. Cənubi Qafqaz istiqamətində irəliləməkdən ötrü əvvəlki illərdə Azərbaycan xalqının etimadını qazanmış türklər daha fəal təbliğat aparırdılar. İngilislərin Anadoluda qalib gəlməsi və Cənubi Qafqaza yiyələnməsi həm Türkiyənin, həm də bolşevik Rusiyasının məğlubiyyətinə gətirərdi. Onlar Cənubi Qafqazı artıq yaxşı tanıyırdılar. Müharibə dövründə iki dəfə Qafqaza gəlmişdilər. Generallar Denstervil və Tomsonun komandanlığı altında Bakıda olmuşdular. İngilislər türk və bolşevik hücumuna qarşı Gürcüstanı bir hərbi meydan halına gətirmişdilər. İngilislərin türklər üzərində qələbə çalması onların Bakıya gedən yolunu açardı. Buradan isə Moskvaya doğru hərəkət etmək o qədər də çətin deyildi. Çünki Şimali Qafqazda və Rusiyanın cənubunda güclü antisovet hərəkat davam edirdi. Bakının tutulması eyni zamanda Cənubi Qafqaz, Şimali Qafqaz, Xəzər dənizi üzərində nəzarət qazanılmasına və Mərkəzi Asiyaya gedən yola yiyələnməyə gətirərdi. Mərkəzi Asiyaya sahib olmaq isə Avrasiyaya nəzarət demək idi. Avrasiya dünyanın ürəyi hesab edilirdi. Bu isə dünyaya nəzarət üçün əlverişli imkan qazandırardı. İngilislərin Avrasiyaya sahib olması həm bolşevik Rusiyasının, həm də kamalçı Türkiyənin sonu demək olardı. Belə bir şəraitdə bolşeviklərin Cənubi Qafqaza yiyələnməsi Mustafa Kamal Paşa hərəkatı üçün ingilislərdən daha az ziyanlı idi. Mustafa Kamal Paşanın fikrincə, bolşevizmin müsəlman Şərqində yayılması xeyli çətin idi. Bolşevizm və İslam prinsipləri bir-biri ilə ziddiyyət təşkil edirdilər. Bolşevizmin cənuba doğru hərəkəti ingilislərin Hindistan üzərində nəzarətini zəiflədərdi. Buna görə də kamalçı Türkiyə sırf milli maraqları baxımından bolşeviklərin Azərbaycana doğru hərəkətinə razılıq verdi. Amma bu hərəkət, hücum necə edilsin? Bolşevik Rusiyası qəbul etməsə də, Azərbaycan 1920-ci il yanvarın 11-də Parisdə de-fakto olaraq tanınmışdı. Bolşeviklərlə əlaqəsi olan türk xadimlər Rusiyaya Ermənistanı sovetləşdirməyi təklif etdilər. Lakin bolşeviklər tərəddüd keçirirdilər. Çünki bolşeviklər Daşnak Ermənistanının müstəqilliyini tanımışdılar. Həm də Ermənistan ilə Rusiyanın birbaşa sərhədi yox idi. Ermənistana hücum üçün ya Azərbaycandan, ya da Gürcüstandan keçməklə ola bilərdi. Rusiya üçün Azərbaycan daha çox əhəmiyyət daşıyırdı. Azərbaycan regionun açar ölkəsi idi. Azərbaycanın nəzarət altına alınması digər respublikaların da sovetlərin təsiri altına düşməsini asanlaşdırardı. Rusiya Azərbaycanı itirdikdən, Bakı nefti üzərində nəzarəti əlindən çıxardıqdan sonra böyük dövlət statusunu itirmişdi. Rusiyanın yenidən böyük dövlət olmasının yolu Azərbaycana yiyələnməkdən və ya onunla yaxşı münasibətlər qurmaqdan keçirdi. Yaxşı münasibətlər qurmaq mümkün deyildi. Azərbaycan ilə bolşevik Rusiyası arasında münasibətlər gərgin idi. Ankara və Moskvanın mövqeyinə görə, Azərbaycanın Rusiya və Türkiyəyə qarşı müharibə aparan ölkələrlə isti münasibətləri onların ümumi maraqlarına ziyan vururdu. Buna görə də Ankara Azərbaycanı müttəfiqlərə qarşı müharibədə ona yardım etməyə hazır olan bir ölkənin nəzarətinə verməyi daha uyğun gördü. Beləliklə, Mustafa Kamal Paşanın məktubu və onda nəzərdə tutulanların həyata keçirilməsi regionda tamamilə yeni geosiyasi vəziyyətin yaradılmasına təsir etdi. Lenin Türkiyənin Daşnak Ermənistanı üzərində hücuma başlamasına, Mustafa Kamal Paşa isə Azərbaycan və Gürcüstanın Rusiyanın nəzarətinə keçməsinə etiraz etmədi. Bəzi bolşevik liderlər Azərbaycanda milli hökumətin əleyhinə üsyanın qalxacağına ümid edirdilər. Amma Azərbaycanda üsyan şansı yox idi. Stalin Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi Siyasi bürosu üzvlərinə məktub yazaraq göstərdi ki, Azərbaycanda üsyan şansı yoxdur. Buna görə də Azərbaycana hücum əmri verildi. Bolşeviklərə müqavimət göstərilməməsindən ötrü XI ordunun qabağında Azərbaycanın istiqlalının qazanılmasında xidmətləri olan türklər gəlirdi. Guya bu ordu Anadoluya istiqlal müharibəsi aparan türklərə yardıma gedəcəkdi. Bakıda bolşevik ordusuna müqavimət göstərilmədi. İngilis arxiv mənbələrində deyildiyi kimi, yaranmış qarışıqlıqda yalnız iki nəfər öldü. Azərbaycan işğal edildi. Bolşevikləşdirildi. Türk və müsəlman dünyasının ilk demokratik respublikasının dövlət müstəqilliyinə son qoyuldu. XI ordu isə Anadoluya yardıma getmədi. Azərbaycanda qaldı. Türklər isə Ermənistan üzərinə hücuma keçdilər. Ermənistanda türklərə düşmən olan daşnak hökuməti devrildi. Ermənistanın böyük bir hissəsini nəzarəti altına alan türklər onu bolşeviklərin hakimiyyətinə verdilər. Bolşeviklər onu da sovetləşdirdilər. Uzun illər sonra məhz kommunistlər sovet Ermənistanından Türkiyəyə qarşı düşmənçilik məqsədləri üçün istifadə etdilər. Beləliklə, əgər 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında Osmanlı imperatorluğu əlverişli, müsbət xarici amil rolunu oynamışdısa, 1920-ci il aprelin 27-də müstəqil Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal edilməsində kamalçı Türkiyə faciəvi, mənfi rol oynadı. Kamalçı Türkiyənin belə mövqe tutması ideoloji, etnik birlik prinsiplərdən xeyli uzaq olub sırf dövləti, milli maraqlarından, türk millətini düşmüş olduğu ağır vəziyyətdən çıxarmaq cəhdlərindən doğurdu. Praqmatik idi. Mövcud şəraitdə türklər üçün milli maraqlar bütün başqa maraqlardan qat-qat üstün idi. Bunu sonralar Mustafa Kamal Paşa Türkiyə Böyük Millət Məclisində etdiyi nitqlərinin birində etiraf edirdi. Açıq şəkildə deyirdi ki, bizim işarəmizlə bolşeviklər cənuba doğru hərəkət etdilər. Bolşevik inqilabının lideri Lenin də Türkiyənin Azərbaycanın sovetləşməsində oynadığı rolu etiraf edirdi. SSRİ xalq xarici işlər komissarı G. Çiçerin isə 1924-cü ildə Bakıda etdiyi nitqində birmənalı olaraq deyirdi ki, Azərbaycanın sovetləşdirilməsində Türkiyə bizə kömək etdi. Bir neçə il əvvəl müstəqil Azərbaycanın yaradılmasına yardım etməklə Rusiya ilə özü arasında bufer dövlət quran Türkiyə yeni şəraitdə ümumi düşmənə qarşı mübarizə zərurətindən çıxış edərək onu bolşevik idarəçilərinə verdi. Sovet Rusiyası ilə həmhüdud ölkəyə çevrildi. Bu isə sonralar Türkiyəyə qarşı təhdidlər üçün sovetlərə əlavə imkanlar verdi. Deməli, Türkiyə ilə Rusiyanı müttəfiqə çevirən amillərdən biri bəzi Qərb ölkələrinin Türkiyə ərazilərinə yiyələnmək və türk millətini məğlub etmək cəhdləri oldu. İngilislər və digər Qərb ölkələri Türkiyəyə qarşı təcavüzkar hərbi əməliyyatlar aparmasaydılar, Türkiyənin Rusiya ilə müttəfiqliyi mümkün olmaya bilərdi. Heç əbəs deyildir ki, ABŞ Dövlət Departamentinin sənədlərində deyilirdi: "Türkiyəyə qarşı hərbi əməliyyatların şiddətlənməsi onu sovet Rusiyası ilə yaxınlaşdıracaqdır. Bunun da Antanta ölkələri üçün ağır nəticələri olacaqdır". İran Xarici İşlər Nazirliyi rus-türk yaxınlaşmasından ciddi əndişə duyurdu. Erməni mətbuatı isə bu əməkdaşlığı Şərqin qapısında Turan yaradılması kimi qiymətləndirirdi. Amerikalıların dedikləri həqiqət oldu. Rus-türk yaxınlaşması və Azərbaycanın işğalı ilə Antanta ölkələri regionda zəiflədilər. Bolşeviklər və kamalçılar isə qüvvət qazandılar. Artıq bolşevik hakimiyyətini məğlub etmək çox çətin idi. Qərb mənbələrində deyildiyi kimi, Azərbaycan nefti sovet Rusiyasının, bolşevizmin qüdrət mənbəyinin rəmzinə çevrildi. Müttəfiqlər, yoxsa rəqiblər? Sovet Rusiyasının İstanbula və Qara dəniz boğazlarına yiyələnmək istəkləri Sovet-türk yaxınlaşması və iki ölkənin nümayəndə heyətləri arasında aparılan danışıqlar 1921-ci il 16 mart tarixli dostluq və əməkdaşlıq haqqında müqavilənin imzalanması ilə başa çatdı. Lakin danışıqlar asan getmirdi. Bolşeviklər türklərin çətin vəziyyətdə olmalarından istifadə edərək Türkiyədən yeni ərazilər tələb etdilər. Türk nümayəndə heyəti bu məsələdə onların ermənilərdən fərqlənmədiklərini dedi. Cavabında bolşevik xadimləri Türkiyədən daha az torpaq istədiklərini bildirdilər. Bu cavab daşnak və bolşevik niyyətlərinin eyni olduğunu bir daha göstərirdi. Nə qədər ağır vəziyyətdə olmalarına və sovet yardımlarına ehtiyac duymalarına baxmayaraq, türklər bu tələbləri qətiyyətlə rədd etdilər. Torpaq ərazisi vermədilər. Mustafa Kamal Paşanın qazandığı uğurları görən, sovet təzyiqlərinin artırılmasının Ankaranı Qərb ilə yaxınlaşdıra biləcəyini güman edən bolşeviklər əsassız ərazi iddialarından vaz keçdilər. Türkiyə sovet Rusiyasının vasitəçiliyi ilə 1921-ci il 13 oktyabr tarixli Kars müqaviləsini imzalamaqla Cənubi Qafqaz respublikaları, o cümlədən sovet Ermənistanı ilə münasibətlərini tənzimlədi. Qafqazdakı yeni siyasi şərait mövcud halda türklərin və rusların maraqlarına cavab verirdi. Bolşeviklər türklərin istiqlal savaşına silah, sursat və maliyyə sarıdan yardım etdilər. Türkiyəyə göndərilən qızıllar əsasən türk və müsəlman xalqlarından yığılırdı. Amma bu yardımların hamısı deyil, yalnız bir qismi Ankara hökumətinə çatdı. İstiqlal savaşında qazanılan qələbədə bu yardımlar müəyyən rol oynasa da, başlıca amil türk millətinin yenilməz iradəsi, əzmi oldu. Türk milləti istiqlal savaşında sovet yardımlarından asılı deyildi. Yalnız öz gücünə arxalanırdı. Türk millətinin qələbəsinə Azərbaycan xalqı da böyük yardımlar etdi. Bir zamanlar Birinci Dünya müharibəsi illərində minlərlə azərbaycanlı çarizm hakimiyyət orqanlarından xəlvəti İstanbula gedərək məşhur Çanakkala döyüşündə iştirak etmişdi. Canlarını Türkiyə yolunda fəda etmişdilər. Zəfərə öz töhfələrini vermişdilər. 1918-ci ildə Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusunun Azərbaycana yürüşü Osmanlının həm hərbi-strateji, iqtisadi, mənəvi-etnik maraqları ilə bağlı idi. Həm də Azərbaycan xalqına bir qardaşlıq yardımı, əməkdaşlıq mənasını daşıyırdı. Sanki Çanakkaladakı azərbaycanlı şəhidlərin borcunu qaytarmağa gəlmişdilər. Amma yeni şəraitdə Türkiyənin bəzi xadimləri bolşeviklərlə əməkdaşlığa gedərək Azərbaycanın istiqlalının itirilməsinə təsir edən çoxlu xarici amillərdən biri oldular. Azərbaycan Xalq Cümhuriyyətinin yerində qurulan Nəriman Nərimanov başda olmaqla Azərbaycan sovet hökuməti və azərbaycanlılar Anadolu türklərinin istiqlal savaşında qələbə qazanmalarına, türk dünyasının sayca ikinci cümhuriyyəti olan Türkiyə Cümhuriyyətinin qurulmasına canları, malları, düşüncələri və fəaliyyətləri ilə yardım etdilər. Bu da bir qardaşlıq yardımı idi. Azərbaycan rus-türk, sovet-Türkiyə münasibətlərində, dostluğunda etibarlı bir körpü idi. Moskvaya səfər edən türk nümayəndə heyətləri əsasən Bakıdan keçir və burada lazımi tövsiyələr alırdılar. Sovet Azərbaycanı Türkiyənin Qərblə deyil, Rusiya ilə ittifaqda olmasına tərəfdar idi. Nərimanov Ankaradakı Azərbaycan nümayəndəsi İbrahim Əbilova yazdığı məktubunda Türkiyənin Rusiyadan uzaqlaşıb Qərb ilə yaxınlaşmasının ziyanlı olduğunu türk xadimlərinə başa salmağı tövsiyə edirdi. Az sonra türklər bolşeviklərlə əməkdaşlığa gedib Azərbaycanın istiqlalına son verilməsində səhv etdiklərini başa düşdülər. Onlar belə hesab edirdilər ki, rejim dəyişsə də, Azərbaycan öz müstəqilliyini müəyyən qədər saxlayacaqdır. Amma artıq gec idi. Mustafa Kamal Paşa bolşeviklərə Azərbaycana münasibətdə ehtiyatlı hərəkət etməyi tövsiyə edirdi. Bolşevik hərəkətlərinin bütün müsəlman dünyası üçün bir nümunə olacağı ilə əlaqələndirirdi. Eyni zamanda gələcəkdə SSRİ-də yaşayan türk xalqlarının azadlığa çıxacaqlarına inanırdı. Sovet Rusiyasının liderləri Mustafa Kamal Paşa ilə əməkdaşlıq etməklə yanaşı, çarizm kimi, İstanbula yiyələnmək niyyətinə də düşmüşdülər. Onların fikrincə, İstanbulu ingilislərin tutmasının qarşısını almağın yollarından biri onu ələ keçirib fəhlə, sol elementlərə vermək idi. Bu barədə Çiçerin hətta öz məxfi mülahizələrini Leninə yazmışdı. Onun belə bir ideyanı irəli sürməsi əbəs deyildi. Rusiyada hakimiyyət dəyişsə də, bolşeviklər çarizmin yeritdiyi siyasətə əsasən sadiq qalmışdılar. Qara dəniz boğazları Rusiyanın xarici ticarətində mühüm yer tuturdu. İngilislərin ona yiyələnməsi Rusiyada bolşeviklərin hakimiyyətini sarsıda bilərdi. Bu zaman İstanbulda milyonlarla sovet mühaciri və qaçqını yerləşmişdi. Çar generalı Vrangel İstanbula can atan yunanlara qarşı döyüşlərdə türk ordusuna kömək edirdi. Ölkə daxilində düşmən olmasına və qovulmasına baxmayaraq, Çiçerin Vrangel ilə əməkdaşlığın qurulmasını da tövsiyə edirdi. Belə bir fikir irəli sürürdü ki, İstanbulu Ankara kamalçılarına deyil, sol, fəhlə elementlərə vermək olar. Arxiv materiallarının araşdırılması göstərir ki, əgər həmin dövrdə bolşeviklərin imkanları olsaydı, İstanbula yiyələnmək üçün hərəkətə keçəcəkdilər. İngilis mənbələrində deyildiyi kimi, Rusiyada hakimiyyətdə kimin olmasından asılı olmayaraq, İstanbula və Qara dəniz boğazlarına yiyələnmək istəyi bu ölkənin xarici siyasətində nəqərata çevrilir. Bolşevik hökumətinin Anadoluya girmək niyyətləri də var idi. Bundan ötrü hətta malakanlardan istifadə edilirdi. Orada sosial dayaq yaradılmasına çalışırdı. Sovet konsulları burada fəal işləyirdilər. Bolşeviklər Türkiyəyə qarşı kəşfiyyat işini bir an olsun belə, dayandırmırdılar. Türk hökumətini daha çox Moskvadan asılı etməyə çalışırdılar. Bolşeviklər Türkiyə ərazisində yerləşmiş mühacirəti izləyirdi. Onlara qarşı müxtəlif vasitələrlə mübarizə aparırdı. Sovetlərin Türkiyədə kommunist təbliğatı Sovetlər Anadoluda güclü kommunist təbliğatını aparır, bundan ötrü külli miqdarda maliyyə vəsaitləri ayırırdı. Azərbaycan sovetləşdikdən sonra Bakıya gələn Mustafa Sübhinin rəhbərlik etdiyi Türk Kommunist Partiyası Anadoluda inqilab hazırlamağa cəhd edirdi. Maliyyə, təşkilatı və ideya yardımlarını Azərbaycan Kommunist (bolşevik) Partiyasından alırdı. Mustafa Sübhi Mustafa Kamal Paşaya məktub yazaraq birlikdə Anadolu inqilabını həyata keçirməyi təklif etdi. Cavabında isə Mustafa Kamal yazırdı ki, siz öz dostlarınızla orada inqilab edin. Burada inqilabı mən özüm edirəm. Mustafa Kamal Paşa hətta yalançı bir Türkiyə Kommunist Partiyası da yaratdı. Bununla da Türkiyədəki kommunistlərin fəaliyyətini öz nəzarəti altına aldı. Onun kommunistləri amansız repressiya etməsi Moskvada hiddətlə qarşılanırdı. Anadoluda kommunist təbliğatının güclənməsi həm Ankaranın, həm də müharibə aparmasına baxmayaraq, Londonun maraqlarını təhdid etdiyindən ingilislər xəlvəti olaraq türklərlə dil tapmağa, yaxınlaşmağa, onları ruslardan ayırmağa çalışırdılar. Mustafa Kamal Paşa sovet Rusiyasından aldığı yardımları bolşevizm ideologiyasından ciddi surətdə fərqləndirirdi. O bunlardan birincini qəbul, ikincini isə rədd edirdi. Mustafa Kamal Paşa maliyyə, silah, sursat yardımlarını qəbul edirdi. Lakin dünya müharibəsi zamanı Rusiya ərazisində qalan türklərdən ibarət yaradılmış "yaşıl ordu"nun, türk kommunistlərdən ibarət yaradılmış dəstələrin Anadoluya yardıma gəlməsinə icazə vermədi. Mustafa Kamalın fikrincə, onlar özləri ilə türk cəmiyyətinə yad olan kommunizm ideologiyasını da gətirəcəkdilər. O, kommunist hakimiyyətinin yardımlarına "hə", kommunist ideologiyasına və Kommunist İnternasionalına isə "yox" dedi. Bolşevik liderləri Anadoluda kommunist inqilabının mümkün olmayacağını başa düşərək tədricən türk kommunistlərini güdaza verməyə başladılar. Bir qədər sonra Mustafa Sübhi qara dəniz sularında boğuldu. Bu, Moskva ilə Ankara arasındakı münasibətlərdə soyuqluq yaratmadı. Moskva həmin xəbəri soyuqqanlıqla qarşıladı. Türkiyəyə münasibətdə sovet Rusiyasının siyasəti daha praqmatik idi. Rejim dəyişsə də, sırf milli maraqlarından çıxış edirdi. İdeologiya yalnız pərdə idi. Mustafa Kamal Paşanın qələbələrinin gənc türklərin həyatına mənfi təsiri. Sovet liderlərinin Ənvər Paşa və Camal Paşaya münasibəti Qatı ingilis düşməni kimi tanınmış Ənvər Paşa ingilislərə qarşı müharibədə Mustafa Kamal Paşaya əməkdaşlıq təklif etdi. Lakin Mustafa Kamal Paşa ona öz rəqibi kimi baxırdı. Təklifini rədd etdi. Lenin isə Mustafa Kamal Paşa, Ənvər Paşa və silahdaşları, türk kommunistləri və "yaşıl ordu" ilə münasibətlərində məharətlə manevr edirdi. O, Mustafa Kamal Paşanın gücünə, qələbə qazanmasına ilk vaxtlar tam əmin olmadığından həm də gənc türklərlə, ittihadçılarla əlaqə saxlayırdı. Sovetlərdə Ənvər Paşaya isti münasibət bəslənilirdi. Lakin istiqlal savaşında Mustafa Kamal Paşanın uğurlarını görən Lenin birdən-birə Ənvər Paşaya ehtiyatlı, sonra isə soyuq münasibət göstərməyə başladı. Mustafa Kamal Paşa Anadoluya Ənvər Paşanın keçməsinə icazə vermədi. Batumda Ənvər Paşanın çox saxlanılması sovetlər tərəfdən arzu edilən deyildi. Xalq xarici işlər komissarı Çiçerin Gürcüstandakı nümayəndə S. M. Kirova yazırdı ki, biz Ənvərə Batumda daha artıq qonaqpərvərlik göstərə bilmərik. Nəticədə Ənvər Paşa sovet Rusiyasının nəzarəti altında olan ərazilərdə qaldı. O, artıq iki ölkə arasında münasibətlərdə girova çevrilmişdi. 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayında bir neçə istiqamətli türk nümayəndələri iştirak edirdi. Onlar arasında Ənvər Paşa da var idi. Lakin bolşeviklər nəzərdə tutulan məruzəsini etməyə ona icazə vermədilər. Ənvər Paşanın məruzəsini Zinovyevin təklifi ilə bolşevik Ostrovski oxudu. Ənvər Paşa sovet lideri Lenin ilə görüşüb ingilislərə qarşı birgə mübarizə məsələlərini müzakirə etmək istəyirdi. Bu barədə təkliflərini Nəriman Nərimanov vasitə ilə Moskvaya çatdırmışdı. Özü də Moskvaya gəldi. Hətta Rusiya xalq xarici işlər komissarı Çiçerin bu barədə Lenindən dəfələrlə israrla xahiş də etdi. Amma Lenin Mustafa Kamal Paşanın narahat olacağından çəkinərək Ənvər Paşanı qəbul etmədi. Onun türk dilində iki qəzet buraxmaq xahişi Rusiya Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi bürosunun iclasında müzakirə olundu. Lakin xalq milli məsələlər komissarı Stalinin etirazından sonra rədd edildi. Beləliklə, Lenin ilə Ənvər Paşa arasında münasibətlər pozuldu. Mustafa Kamal Paşanın istiqlal savaşında uğur qazanacağını görən Siyasi büro Ənvər Paşanın əvvəlcə gözdən salınmasına, ingilis agenti elan edilməsinə göstəriş verdi. Onu Türküstana göndərdilər. Bu, Ənvər Paşanın ölümə göndərilməsi demək idi. Nəhayət, Lenin Ənvər Paşanın sovet-türk münasibətlərində artıq adama çevrildiyini görüb öldürülməsinə işarə verdi. Ənvər Paşa ermənilər tərəfindən məsciddə namaz qılıb çıxarkən öldürüldü. Ənvər Paşanın öldürülməsindən bir qədər əvvəl eyni tale Camal Paşaya da nəsib oldu. Əfqanıstandan dönən Camal Paşa sovetlərdə bir sıra görüşlər keçirmişdi. Tiflisdən keçərək Türkiyəyə getmək istəyirdi. Özü ilə ciddi sənədlər aparırdı. Lakin gecə Tiflisdə restoranlardan birindən çıxarkən mərkəzdən gələn bir təlimata uyğun olaraq Gürcüstan Fövqəladə Komissiyasının agenti Serqo Labadze tərəfindən tapança atəşi ilə öldürüldü. Qətlin şahidləri də aradan götürüldü. Bolşevik hakimiyyəti bu qətli Daşnaksütyun Partiyasının üstünə atdı. Bu qətli daşnakların törətməsinə inanmaq olardı. Çünki daşnaklar ilə gənc türklər arasında münasibətlər daim gərgin olmuşdu. Beləliklə, Lenin, Mustafa Kamal Paşa, Ənvər Paşa və Camal Paşanı Antanta ölkələrinə qarşı mübarizə məqsədləri birləşdirməsinə baxmayaraq, həm Moskvada, həm də Ankarada hakimiyyətdə olan güclər onları yaxına buraxmadılar. Bütün bu proseslər Ənvər və Camalın öldürülməsi ilə nəticələndi. Lozan konfransı: soyuqlaşan münasibətlər normallaşır İstiqlal savaşının gedişində türklərin bir-birinin ardınca qələbələr qazanması müttəfiqlərin cərgəsini parçaladı. Fransa müttəfiqlərindən xəbərsiz Türkiyə ilə münasibətlərini qaydaya saldı. İngilis dövlət xadimlərinin birinin dediyi kimi, "həyatımda ilk dəfə olaraq vicdansız diplomatiyanın şahidi oldum". Qalib gələ bilməyəcəyini başa düşən Böyük Britaniya da geri çəkilməyə məcbur oldu. Məsuliyyəti yunanların üzərinə qoydu. Türkləri artıq kimsə dayandıra bilməzdi. Yunanları dənizə tökdülər. Sovetlərlə əməkdaşlıq etməsinə baxmayaraq, Mustafa Kamal Paşa Avropa ölkələri ilə əlaqələri daim yaxşılaşdırmağa can atırdı. Başa düşürdü ki, Türkiyə üçün təhdidlər uzaq ölkələrdən deyil, özünün də güclü dövlətə çevrilməsinə kömək etdiyi yaxın qonşusundan gələ bilər. Bu təhdidə qarşı tab gətirməkdə isə Qərb müttəfiq ola bilərdi. Mustafa Kamal Paşa da, Lenin də bu müttəfiqliyə keçici, yaranmış şəraitdən doğan zərurət kimi baxırdılar. Bu özünü Lozan konfransında aydın şəkildə göstərdi. Konfransda Türkiyə nümayəndə heyəti Qara dənizin "sovet gölünə" çevrilməsində maraqlı olmadığından Böyük Britaniya ilə yaxınlaşdı. Bu, sovetləri hiddətləndirdi. Konfransda iştirak edən Çiçerin Moskvaya yazdığı gündəlik məxfi məktublarında iclasların gedişi barədə müfəssəl məlumat verirdi. Türk nümayəndə heyətinin rəhbəri İsmet İnönü haqqında "diplomat deyil, əsgərdir, yalan danışmağı bacarmır, danışarkən yanaqları qızarır"- deyə yazırdı. Lozanda yaranan soyuq münasibətlər qarşılıqlı ehtiyac nəticəsində qısa müddətdə əriyib getdi. Tərəflər münasibətləri normallaşdırmaq zərurətini yenidən hiss etdilər. Lozan konfransından sonra Türkiyə ərazisində yaşayan bir neçə min nəfər erməninin SSRİ-yə köçürülməsi barədə iki ölkə arasında razılıq əldə edildi. Bununla bağlı olaraq Rusiya Kommunist (bolşevik) Partiyası Mərkəzi Komitəsi Siyasi bürosunun iclasında xüsusi bir qərar da qəbul edildi. Köçürülənlərin bir qismi Azərbaycan ərazisində yerləşdirildi. Bir sıra sovet respublikalarında muxtar qurumlar yaradıldı. Azərbaycanda isə ermənilərə Dağlıq Qarabağ Muxtar Vilayəti hədiyyə edildi. Ermənistandakı azərbaycanlılara isə belə bir hüquq tanınmadı. 1923-cü ildə Türkiyə Cümhuriyyəti quruldu. Moskva bu hadisəni hərarətlə qarşıladı. Bir il sonra Cənubi Qafqaz respublikalarını da birlikdə öz tərkibinə qatmış olan SSRİ yaradıldı. Türkiyə bu dövlətin yaradılmasını təbrik etdi. Bundan bir neçə il əvvəl isə türk hökuməti Cənubi Qafqaz respublikalarının federativ əsasda birləşməsini bəyənmişdi.Artıq regionda beynəlxalq münasibətlərə ciddi təsir edən iki böyük dövlət yaranmışdı: Türkiyə və SSRİ. Maraqların üst-üstə düşməsi və ondan doğan əməkdaşlıq bu iki dövlətin qalib gəlməsinə, güclənməsinə təsir edən mühüm amillərdən biri oldu. Musa Qasımlı, tarix elmləri doktoru, professor 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar