SON XƏBƏRLƏR

Əgər Türk Birliyindən danışırıqsa, biri-birimizi çox yaxşı tanımalıyıq

2021.10.20, 07:36
Əgər Türk Birliyindən danışırıqsa, biri-birimizi çox yaxşı tanımalıyıq

Gunaz.tv
"Əgər Türk Birliyindən danışırıqsa, biri-birimizi çox yaxşı tanımalıyıq" Qaraqalpaq teatrının inkişafında Azərbaycan dramaturqlarının əsərlərinin böyük rolu olub (Əvvəli ötən saylarımızda) Bu gün türk xalqlarının birliyinin yaradılması yönündə siyasi, iqtisadi, mədəni-mənəvi sahələrdə çabalar olsa da, köklü irəliləyişlər hiss olunmur. Hər şeydən əvvəl türk soylarının tarixinin, mədəniyyətinin daha sistemli şəkildə öyrənilməsi, araşdırılması, sabahımızda davamlı birliyimizi yaradacaq məqamların müəyənləşdirilməsi son dərəcə gərəklidir. Uzun illər müxtəlif türk soylarını araşdıran professor Nizami Tağısoy qaraqalpaqların 20-ci yüzildə ədəbiyyatı, mədəniyyəti barədə danışır: "Qaraqalpaqlarını ədəbiyyatının, mədəniyyətinin xüsusi inkişaf dövrü kimi ötən yüzil qeyd olunmalıdır. Qaraqalpaqıstan Orta Asiyada yerləşdiyindən 19-cu yüzilin ortalarında Rusiyanın buraları işğal etməsi onların da vəziyyətini çətinləşdirdi. Bütün hallarda qaraqalpaqların ədəbiyyatı və mədəniyyəti ötən dönəmlərdə inkişaf etdi, xalqın varlığını təsdiqlədi. 20-ci yüzildə qaraqalpaqların çoxsaylı şair və yazıçıları yetişdi. Bunların içərisində Ömər Şair, Atəş Şair, milliyyətcə tatar olan, lakin bütün taleyini Qaraqalpaqıstanla bağlamış Seyfulqabit Məcidov, qaraqalpaqlardan Ayapbergen Musayev, Abbas Dabılov, Sadıx Hurumbetov, Axmed Otepov və başqalarının xəlqi yaradıcılığı bu qəbildəndir. Yeri gəlmişkən, Axmed Otepov çox az (31 yaş) ömür sürüb, amma bədii yaradıcılığın bir çox sahələrində - poeziya, nəsr, dramaturgiya, publisistika, teatr sənəti ilə məşğul olub. Onun qaraqalpaq teatrının çoxsaylı problemlərinə həsr olunmuş əsərləri var. Yaradıcılığı çoxşaxəli, rəngarəng olmaqla yanaşı olduqca dərindir. Həmçinin qaraqalpaqların ədəbiyyat sahəsində Mirzəqali Daribayev, Jolmurda Aymurzayev, F.Tuneberqen, İbrahim Yusupov, Tolbay Kabulov və başqaları 20-ci yüzilin 20-ci illərindən sonra sözügedən sahənin yeni səviyyədə yaranması, inkişafı və formalaşmasında xüsusi rol oynamışlar". Ötən yüzilin 20-ci illərindən başlayaraq qaraqalpaqların məktəbinin, maarifinin inkişafı məsələləri yeni bir vüsət alır: "Ötən yüzilin 20-ci illərinin sonlarından başlayaraq Qaraqalpaqıstanın ərazisində bir neçə teatr truppaları fəaliyyət göstərməyə başlayır. Bunlar 1929-cu ildə Qaraqalpaqıstanın "Dan Nuru" teatrının meydana çıxması ilə start götürür. Sonradan bu respublika səviyyəli bir teatra çevrilir. Müəyyən bir dövrdən sonra Qaraqalpaqıstan ərazisində olan teatr truppaları burada birləşir, mükəmməl bir Qaraqalaqıstan Dram teatrı yaranır. Bu teatrda özbək ədəbiyyatı, dramaturgiyası, qazaxların, rusların, Avropa ədəbiyyatının, o cümlədən Azərbaycan dramaturqlarının əsərləri müvəffəqiyyətlə səhnələşdirilir". Araşdırmaçı onu da qeyd edir ki, qaraqalpaq teatrının, dramaturgiyasının inkişafında Azərbaycan dramaturqlarının əsərlərinin rolu danılmazdır: "1938-1939-cu illərdə Qaraqalpaq Dram Teatrında Məmməd Səid Ordubadinin, Üzeyir Hacıbəyovun əsərləri böyük müvəffəqiyyətlə tamaşaçılara göstərilib. Bu sırada "Arşın mal alan", "Beş manatlıq gəlin" və başqa əsərlər qaraqalpaqların xüsusi marağına səbəb olub. Bütün bunlar göstərir ki, qaraqalpaqlarla Azərbaycan Türkləri arasında mədəni, kütləvi, ədəbi, teatr sahəsində əlaqələr hələ o dövrdə yüksək səviyyədə inkişaf edib. Elə isə nədən bu gün təməli olan bu əlaqələri bərpa etməməli, inkişaf etdirməməli, qarqalpaqları Azərbaycan Türklərinə, Azərbaycan Türklərini isə qaraqalpaqara tanıtmamalıyıq?" Nizami Tağısoy Azərbaycanda qaraqalpaqlarla bağlı araşdırmaların aparılmadığını qeyd edir: "Ona gərə də əlimdən gələni etdim ki, bu araşdırmaları gecikmədən ortaya qoyam. Əgər Türkün Birliyinin gərəkliyindən danışırıqsa, o deməkdir ki, biri-birimizi çox yaxşı tanımalıyıq. Tanımalıyıq ki, hara getdiyimizi, niyə getdiyimizi anlayaq. Bu səbəbdən də "Qaraqalpaq ədəbiyyatı" kitabımda həm qaraqalpaqların tarixi, həm də onların dövlətçiliyi, bir xalq olaraq keçib gəldiyi yollar tamamilə ifadəsini tapıb. Kitabın təqdimatında da qeyd edildi ki, bəlkə qaraqalpaqarın özündə bu cür sistemli kitab yoxdur. Yəni burada təkcə Qaraqalpaq ədəbiyyatının problemləri araşdırılmayıb. Burada qaraqalpaqların musiqisi, mədəniyyəti, musiqi alətləri, tikmələri, oymaları, etnoqrafiyası və başqa məsələləri araşdırılıb. Hələ ötən yüzilin 80-ci illərindən bu məsələlərlə bağlı düşünürdüm". Araşdırıcı uzun illər Özbəkistan Elmlər Akademiyasının Qaraqalpaqıstan Ədəbiyyat və Dil İnstitutunun direktoru Sarıgül Bahadurova ilə yazışmaları nəticəsinə zəngin məlumatlar əldə etdiyini bildirir: "İnternetdə qaraqalpaq mədəniyyətini, ədəbiyyatını araşdıran çoxsaylı müəlliflərlə yazışdım. Həm də Türkiyə araşdırıcılarının fikirlərindən bəhrələnmişəm". Başqırdlarla qaraqalpaqlar arasındakı müəyyən münasibətləri öyrənən araşdırmaçı gərəkli nəticələrə gəldiyini bildirir: "Qaraqalpaqların qazaxlarla, başqırdlarla, özbəklərlə, türklərlə, Azərbaycan Türklərilə, qaqauzlarla, həmçinin digər türk xalqları ilə bağlarını öyrənmişəm, gərəkli qənaətlərə gəlmişəm. Qaraqalpaqıstan 1993-cü ildən Özbəkistan ərazisində müstəqil statuslu respublikadır, amma təbii ki, onun qanunları Özbəkistan Respublikasının qanunlarına zidd ola bilməz". Qaraqalpaqların dilinin öyrənilməsinə gəlincə, Nizami Tağısoy deyir: "Qaraqalpaqların dili bir çox cəhətcə qazax türklərinin dilinə oxşayır. Amma nə qazaxların, nə də qaraqalpaqların dili ilə bağlı Azərbaycanda hər hansı bir araşdırma işləri aparılmır. Azərbaycanın müxtəlif universitetlərində hazırda fransız dili, alman dili şöbələri var. Nədən bu dillərlə bağlı şöbələr olur, amma qazax, özbək və digər türklərin dillərinin öyrənilməsi ilə bağlı bir baza yaratmırıq? Biz bu gün əvvəlki dövrlərdən fərqli olaraq türk xalqlarının qlobal dünyada inkişafı məsələsini ortaya qoymalıyıq. Düşünməliyik ki, bu xalqların dillərinin öyrənilməsi məhz türk xalqlarının ortaq dilinin yaradılmasının özünü gündəmə gətirəcək. 11-ci Türk Xalqlarının İşbirliyi qurultayında bu məsələlər xüsusi olaraq səsləndirilmişdi. Amma gəlin gərək, ötən müddət ərzində nə edilib, hansı işlər görülüb?" Nizami Tağısoy təxminən 20 il əvəl Mehseti türklərinə qarşı olan münasibətin qaraqalpaqlara qarşı olmayacağına əmindir: "Qaraqalpaqlara qarşı özbəklərin münasibəti yaxşıdır". Höküs (rusca Hukus) Qaraqalpaqıstan Respublikasının paytaxtıdır: "Höküs ötən yüzilin 30-cu iillərindən sonra mərkəzə çevrilib. O vaxta kimi Qaraqalpağın mərkəzi Turtkul (Dörd göl) olub. Bu bölgə güneydə yerləşdiyindən, digər tərəfdən də orada quraqlıq, istilik olduğuna görə sonradan mərkəz dəyişdi. Ümumiyyətlə, Qaraqalpaqıstanın ərazisi yayda isti keçir, qışda isə sərt qışla müşaiyət olunur. Höküs Qaraqalpaqıstanın mərkəzində yerləşir. Hazırda bura müasir şəhərsalmaya uyğun inkişaf etdirilir. Burada çoxsaylı universitetlər, institutlar, təhsil müəssisələri var. Qaraqalpaqıstan əsasən kənd təsərrüfatlı respublikadır. Əksər ərazilərdə pambıqçılıq, bir hissədə isə çəltikçilik inkişaf edib. Amma susuzluqdan çəltikçiliyin əvvəlki kimi inkişafı mümkün deyil". Qaraqalpaqların Azərbaycanla müqayisədə Türkiyəni hər mənada çox öyrəndiklərin deyən Nizami Tağısoy bunun səbəbini bir çox amillərlə bağlayır: "TİKA proqramına uyğun olaraq Türkiyə azsaylı türk xadlqlarına münasibətini xüsusi qurur, bu bölgələrə müxtəlif yardımlar edir". Hazırda Qaraqalpaqıstanda 18 rayon, 12 şəhər var: "Şəcərəyə sadiqlik qaraqalpaqlarda və başqırdlarda özünü xüsusi şəkildə göstərir". Elçin Qaliboğlu xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar