SON XƏBƏRLƏR

Tehrandan Ərdoğana cavab

2021.10.20, 07:36
Tehrandan Ərdoğana cavab

Gunaz.tv

GünAz TV: Aprelin 6-da jurnalistlərə açıqlama verən İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədr canişini İsmayıl Kövsəri Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğana və Türkiyə hökumətinə qarşı sərt bəyanatlar səsləndirib.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, Rəcəb Teyyub Ərdoğanın İranla bağlı son bəyanatlarına toxunan İsmayıl Kövsəri deyib: “Türkiyə düşünülməmiş mövqe və hərəkətləri ilə “Suriyanın dostları” adı altında bu ölkənin düşmənlərini öz ölkəsində bir araya gətirdiyinə görə utanıb xəcalət çəkməlidir. Cənab Ərdoğan sərgilədiyi son mövqeyi ilə öz siyasi imicini (vəchə) itirib. Türkiyənin baş naziri elə güman edir ki, İran onlara tabe olmalıdır. Əgər Ərdoğan və Türkiyənin siyasi kursunu təyin edənlər özləri müstəqil şəkildə qərar qəbul edə bilmirlərsə və əgər onlara nəsə diktə edildikdən sonra bir şeyin haqqında danışırlarsa, İranın siyasi rəsmiləri özləri müstəqil şəkildə qərar qəbul edirlər.

 

 Təəssüflər olsun ki, Türkiyə rəsmiləri beynəlxalq zülmkar və imperializmin bir növ amilinə və əlaltılarına çevriliblər. Qərblilər əvvəlcədən nüvə danışıqlarının İstanbulda keçirilməsi məsələsini ortaya atmışdılar. İran da həmin təkliflə razılaşmışdı. Lakin Ərdoğan və Türkiyənin digər rəsmilərinin Suriya problemi ilə bağlı son mövqeyini nəzərə alan İran növbəti nüvə danışıqlarının İstanbulda keçirilməsini qəbul etməyəcək”.

 

 Aprelin 5-də jurnalistlərə açıqlama verən Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan İrana qarşı sərt bəyanatlar səsləndirib. İranın Qərblə nüvə danışıqlarının İstanbulda yox, başqa bir yerdə keçirilməsinə çalışdığına toxunan Ərdoğan deyib ki, iranlılarda sədaqət yoxdur: “İranın 5+1 qrupu (ABŞ (Amerika Birləşmiş Ştatları), Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya) ilə nüvə danışıqlarının Dəməşq və ya Bağdadda keçirilməsi ilə bağlı dillərdə gəzən təklifi vaxt itirməkdən başqa bir şey deyil. Bu o deməkdir ki, danışıqlar keçirilməyəcək. Çünki iranlılar yaxşı bilirlər ki, qarşı tərəf Dəməşq və ya Bağdada gəlməyi qəbul etməyəcək.

 

 Biz açıq danışmalıyıq. Çünki iranlılarda sədaqət olmadığına görə onlar get-gedə beynəlxalq imiclərini itirirlər. İranın tutub getdiyi bu yol və onun bu hərəkəti diplomatiya dili deyil. Bunun adı başqa bir şeydir və mən burada onu deyə bilmərəm”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar