Güney Azərbaycanda ermənilərin törətdiyi türk soyqırımı və onun xatirəsini özündə yaşadan Urmiyadakı Kazım xan Daşı (qalası)...
2021.10.20, 07:36
Güney Azərbaycanda ermənilərin törətdiyi türk soyqırımı və onun xatirəsini özündə yaşadan Urmiyadakı Kazım xan Daşı (qalası) haqqında Urmiya gölünün sahilində vüqarlı bir qala var, adına Kazımxan Daşı deyirlər. Bu gün kitablardan daha çox xalqın yaddaşında yaşayan Kazımxan Daşı - erməni, assuri, kürd soyqırımlarından Azərbaycan türkünü müdafiə qalası. Yenə yersiz-yurdsuz erməni. Yenə onun əlinin, ayağının qanlı ləpirləri. Yenə, yenə, yenə… Tarix nə deyir buna? – Silinməkdə olan tarix nə deyə bilir ki? – Deyər, əgər maraqlansaq. Gəlin, əvvəlcə sizi Urmiya gölü sahilində yerləşən Kazım xan Daşı ilə tanış edək. Çünki 20-ci əsrin əvvəllərində ermənilərin törətdikləri türk soyqırımının Azərbaycanın güneyindəki qan izləri burdadır, Kazım xanın düşmənlər qarşısında şücaəti burdadır. Bu qalanın ilkin adı Kazımxan Daşı olmayıb, o Qırxlar qalası adlanıb. Urmiya dəryasının sahilində, Göyərçin Qala kəndinin tam qarşısında hündür ada şəklində yerləşən Qırxlar qalası suyun içərisindəki 200 metr yüksəklikdə olan bir qayanın üzərində ucaldılıb. Binanın bünövrəsində və tikintisində yonulmuş böyük daşlardan istifadə edilib. Bu qalada ağ mərmərdən bir neçə qəbir daşları var ki, üzərində gözəl xətlərlə yazılar işlənib. Qalanın yuxarısında dərinliyi 8 metr, eni və uzunluğu 2 metr yarım olan su quyusu var. Dənizdən qalaya qalxmaq təkcə bir dar cığırdan mümkündür və qalanın başqa giriş yolu yoxdur. Buna görə ona «yekdər», yəni «tək qapılı» qala da deyiblər. Amma qala 90 ildir ki, qədim ayamalarını unudaraq yerli camaatı müdafiə edən qəhrəmanının ismini – Kazım xanın adını daşıyır. Qalanın tikilmə tarixi dəqiq məlum deyil. Tarixi qaynaqlarda 7-ci əsrdən adı çəkilən qala 9-cu əsrdə böyük sərkərdə Babəkin ərəblərə qarşı mübarizə qərargahlarından biri olub. Elxani hökmdarı Hülaki xanın dövründə - 12-ci əsrin ortalarında isə qala yenilənərək dövlət xəzinəsinin saxlanıldığı yer olub. Burda həbsxana da var. Amma biz indi nə Babək qərargahından bəhs edirik, nə də Hülaki xəzinəsindən, biz erməni-rus birləşmələrinin Güney Azərbaycanda törətdikləri türk soyqırımdan və dövrün qəhrəmanı Kazım xandan danışacağıq. Təbrizli tarixçi-alim Səməd Sərdariniyanın xatirələrindən: «Mən erməni soyqırımı haqqında bir para təqdimat eləmişəm, illəti də budur ki, bu tayda – İranda məxsusən məlumat qıtlığı var idi. Bu mövzuda yazdığım kitablarımdan biri «Arazın o tay və bu tayında müsəlmanların soyqırımı» adlanır. Düzü, əlyazmamda «müsəlmanların» sözü yerinə «türklər» yazmışam. 2006-cı ildə Bakıda EA tərəfindən Azərbaycan türkcəsinə tərcümə olunub buraxılan bu əsər 1918-19-cu illərdə Urmiya, Səlmas, Köhnə şəhər və Xoyda ermənilərlə assurilərin basqın edib 150 mindən artıq Azərbaycan türkünü necə qırmalarından bəhs edir». 150 min azərbaycanlını öz torpağında qətlə yetirmək! Bu, hələ başlanğıc idi. Əski türk məmləkətində özünə dövlət qurmaq istəyən erməniyə Azərbaycan torpaqlarını sahiblərindən təmizləmək üçün hələ çox qan tökmək lazım idi. Bəs ermənilər İran və Azərbaycan ərazisində ilk türk dövlətlərinin məskəni Urmiya və Urmiya ətrafında hardan peyda olmuşdular? Axı, onlar bu tarixə qədər burda yox idilər? Səməd Sərdariniyanın xatirələrindən: «Osmanlı dövləti 1-ci dünya müharibəsində ki Qərb dövlətləri ilə atışırdı, bu zaman ermənilər axınıb gəlirlər İrana – Azərbaycan torpaqlarına. Türklər də çün qonaqsevər olarlar, bunlara yer verirlər, hörmət bəsləyirlər, məhəbbət eləyirlər, ixtiyarlarına pal-paltar, yemək-içmək qoyurlar. Demə, bunlar ayrı hədəfə gəlibmişlər Urmiya və Səlmasa: ingilislər bunlara vəd veribmiş ki, sizə burda bir xristian ölkəsi yaradacağıq». Osmanlı torpaqlarında dövlət qurmaq cəhdləri uğursuzluğa uğradıqdan sonra İrana qaçan Van erməniləri – cilolar 1909-cu ildə cənubi Azərbaycanı işğal etmiş rusların himayəsinə sığınır və hər an fürsət gözləməyə başlayırlar. Rusiya, Fransa və İngiltərə İranı və güney Azərbaycan torpaqlarını guya Türkiyə təhlükəsindən qorumaq üçün birləşərək 2 müsəlman, 2 türk milləti arasında - Türkiyə ilə güney Azərbaycan sərhədində bir xristian dövləti yaratmağı vacib hesab edirlər. Bununçün erməniləri təşkilatlandırmağa və onlara külli miqdarda maliyyə və silah ayırmağa başlayırlar. 72 fransız və 800 rus əsgəri daxil olmaqla 20 min nəfərlik qondarma erməni ordusu yaradılır. Bu hərbi qüvvə 2 piyada, 1 süvari dəstələrindən və 1 topçu alayından təşkil olunur. Topçu alayında 25 ədəd top var idi. Növbəti plana əsasən ruslar Urmiya və Səlmasda ov tüfənginə qədər bütün silahları əhalinin əlindən yığırlar. Sual oluna bilər? Niyə dövlət dura-dura onun ölkəsində yadellilər belə at oynadır və istədiyini edir? Bu dövrdə hakimiyyətdə artıq bütün gücü tükənmiş türk soylu Qacarlar idi və onlar nə özlərini, nə də paytaxtdan ucqarları idarə edə bilmirdilər. Başçı gücünü itirəndə və fəlakət dirənəndə milliyyətindən asılı olmayaraq dövr öz qəhrəmanını yetirir. Kazım xan. Onun qəhrəmanlığına keçməzdən əvvəl, özü ilə tanış olaq. Kazım 1867-ci ildə Urmiya dəryası sahilindən bir neçə km. uzaqlıqda yerləşən Ənzəli bölgəsinin Quşçu qəsəbəsində anadan olub. 39 kənddən ibarət Əlzəli bölgəsi şimaldan Səlmasın Xan taxtı bölgəsi, cənubdan Nazlı çayı bölgəsi, şərqdən Urmiya gölü və qərbdən Türkiyə sərhədləri ilə sıralanır. Dağlıq iqlimə malik Əncəlidə xüsusən cənubi Azərbaycanın cənub və şimal tərəfləri arasında yeganə keçid rolunu oynayan Quşçu gədiyi idi. Böyük strateji əhəmiyyətə malik olduğuna görə tarixin bütün dönəmlərində başı çox bəlalar çəkib, basqılara və yağmalara məruz qalıb – hər hücum edən düşmən 1-ci olaraq buranı ələ keçirməyə çalışıb. Gənc yaşlarında Kazım öz kiçik qəhvəxanasında çalışır, ailəsinə çörək aparırdı. Amma bölgəyə sürəkli daxil olan rus-erməni və kürd dəstələri ərazini viran qoyduqca, əhalisini çapıb talayıb öldürdükcə öz yurdunu qorumaq qərarına gələn Kazım özü kimi dəliqanlı gəncləri başına toplayaraq kiçik bir silahlı bir dəstə düzəldir. Kazımxan və mücahidlərinin ilk silahlı vuruşması 1909-cu ildə ruslarla olur. Xalqın əlindəki bütün silahları toplayarkən Quşçu əhalisi imtina edir və bu etiraz səsinə qarşı ruslar qəsəbəni topa tuturlar. Kənd camaatı geri çəkilməyə məcbur olsa da, Kazım xan və onun mücahidləri dağlara çəkilərək bu gün öz adını daşıyan, o vaxt isə Qırxlar adlanan qalaya çəkilirlər. Onlar bu qalada düşmənləri torpaqlarından təmizləmək uğrunda son nəfəslərinədək vuruşurlar. Erməni dövləti yaratmaq üçün güneydə Azərbaycan şəhərlərinin boşaldılması prosesi davam edir. 1917-ci ildə Rusiyada sosialist inqilabı baş verir. Səməd Sərdariniyanın xatirələrindən: «Rusiyada inqilab baş verəndən sonra ruslar məcbur olurlar qayıtsınlar öz vətənlərinə, onlar gedəndə silahlarını qoyub çıxırlar. İngilislər də hərbi ləvazimatları ermənilərin ixtiyarına verirlər. Müsəlləh olan kimi ermənilər qəflətən həmlə edirlər Urmiyaya. 2 dəfə həmlə edib orda çoxlu türk adam qırırlar. Həmin faciəni Səlmasda da yaradırlar, amma Xoyda müvəffəq olmurlar.» 1917-ci ildə rus ordusu geri çəkilirsə də, yerində erməni soyqırım maşınını qoyur. Onlar urmiyalıların müqavibətini qırdıqdan sonra Əsgərabad qala kəndinə yan alırlar. Burda heç cür qələbə qazana bilməyən düşmənlər topçu alayına arxalanır və bu vasitə ilə qala ələ keçirirlər. Bir neçə kəndin minlərlə əhalisindən ölülər arasından təkcə 3-ü yaralı olaraq sağ qala bilir. Əsgərabad faciəsindən sonra erməni ordusu rus və fransız ssenariçilərinin göstərişi ilə zaman itirmədən digər əsas nöqtələrə - Quşçu və Çehrigə doğru istiqamətlənirlər. Bu zaman Kazım xan Quşçu, Bari, Göyərçin qala, Mərəngəli, Qarabağ, Megatlı, Boydaş və Galgaçı kəndlərinin cəsur gənclərini bir araya gətirərək 300 atlı mücahidlə birgə savaşa girir. Kazım xan Quşçu gədiyində pusqular quraraq erməni qüvvələrinə ciddi zərbələr vurur və onların Urmiya və Səlmasa girməsinə mane olur. Amma 1918-ci ilin qışından yenidən hərbi əməliyyata başlayan erməni-rus qüvvələri Urmiya və Səlmasın Azərbaycan türkləri yaşayan bütün kəndlərində xarabaya çevirmədikləri yurd qoymurlar, 150 min azərbaycanlının hər birini ağlasığmaz əzabla öldürürlər. Bütün kəndləri sonuncu nəfərinədək məhv edən ermənilərin zülmündən bu zaman yalnız qalaya sığınan əhali qurtula bilir. Səməd Sərdariniyanın xatirələrindən: «Əsgərliyimi Səlmasda olmuşam. Orda 30 il əvvəl qoca kişilər mənə çox söhbət eləyirdilər ermənilərin törətdiyi soyqırımından. Səlmasın əhalisi ölümün pəncəsinə keçməmək üçün deyirlər ki, «biz Allahın evinə – məscidə pənah aparsaq, ehtimalən, bizi öldürməyələr». Bunlar gedirlər, Səlmasın böyük bir məscidi var, toplanırlar ora. Ermənilər gəlib bura da həmlə edirlər, hətta hamilə qadınların nizə ilə qarınlarını cırıb, uşağı götürüb başını kəsirlər. Hətta Allahın evində də bunlar türklərə, müsəlmanlara rəhm eləməyiblər». Yenilməz Qırxlar qalasında qaldıqları 6 il ərzində Kazım xan insanların maddi ehtiyaclarını da ödəyə bilib – bu dövrdə bir nəfər olsun belə qalada aclıqdan və ya xəstəlikdən ölməyib. O, 25-30 nəfərlik qayıqlar düzəltdirərək gölün əks tərəfi ilə iltibat qurmağı bacarır. Eyni zamanda, qonşuluqdakı Anadolu ilə əlaqə quraraq osmanlı Məhəmməd Əfəndinin yardımı ilə qalaya silah, fişəng, su pombası və top gətirdir. Onun əsgərləri Əjdər bəy, Canəli bəy, Dadaş bəy, Hacı Allahverdi Qəmbəri, Ləkistanlı Yusif xan, Qarabağlı hacı Nazim, Qaradağlı Əmir Ərşəd Məhəmməd Əfəndinin döyüş təcrübəsindən faydalanaraq hərbi biliklərə yiyələnmiş komandirlərə çevrilirlər. Urmiya və Səlmasdan sonra növbəti işğal hədəfi Azərbaycanın daha bir məkanı Xoy şəhəri idi. Səməd Sərdariniyanın xatirələrindən: «Ermənilərə havadarları ingilislər dəstək verirlər və onlar Xoydan qabaq 1918-ci ilin yanvar ayında Arom Manokyanın sərkərdəliyi ilə həmlə eləyirlər İrəvanın özünə və 211 kəndinə, 300 min Azərbaycan türkünü qırır, soyqırıma məruz qoyurlar. Özləri İrəvanda yerləşəndən sonra orda erməni respublikası yaradırlar, yenə xristianların köməyi ilə. Əslində isə onların iştahı böyük Ermənistan yaratmaq xülyası idi. Bununçün Van-İrəvan-Xoy məntəqəsinin arasını soyqırımla türklərdən təmizləmək istəyirdilər. Bu hədəflə 1918-də ermənilərin sərkərdəsi Andranik İrəvandan gəlib, Arazı aşıb ki, Xoyu alsın. Amma xoylular elə vuruşublar, qoymayıblar 8 min erməninin ayağı Xoya dəysin. Osmanlı qüvvələrinin də yetişdiyini görüncə Andranik quldur dəstəsi ilə qayıdıb-qaçıb İrəvana». Səbri daşan Osmanlı dövləti ordusunu Azərbaycanın güneyinə göndərir və erməni-rus-ingilis-fransız hərbi qüvvələrini darmadağın edir. Amma ermənilər türk qanından doymurlar. Bu illərdə onlar Azərbaycanın cənubunda da, şimalında da eyni vəhşiliklə soyqırım hadisələri törədirlər. Rusiyada çar hökumətinin dəyişib sovetlərlə idarə olunması erməniləri narahat etmir, çünki xristian birliyi yenə onların havadarı idi. Bu zaman şimali Azərbaycanın sinəsində – 26 Bakı komissarının başında sovet donu geyinmiş şovinist Şaumyan dururdu. Səməd Sərdariniyanın xatirələrindən: «Urmiya, Səlmas və Köhnə şəhərdə ki o hadisələr yaranır, bundan sonra da rus ordusu yenə erməniyə kömək edərək bu dəfə növbəti hədəf kimi Bakını seçirlər. Şaumyan erməni qardaşları və xristian həmfikirlərinə dəstək olub Arom Manokyanın İrəvanda törətdiyi türk qırğınlarını Bakıda eləmək və Azərbaycanın tarixi paytaxtını erməni şəhəri eləmək istəyirlər. Burda da çox adam qırırlar, müntəha Osmanlı ordusu yetişir və bakılıların qalanlarına nicat verir». 1-ci dünya müharibəsindən sonra Türkiyə-Alman Birliyinin dağılması Türkiyə ordusunu geriyə qayıtmağa məcbur edir. Meydanı boş görən kimi bu dəfə cənubi Azərbaycanda artıq kürdlər fəallaşmağa başlayır. Həm Qacarlar dövlətinin zəifliyindən, həm Türkiyə ordusunun öz vətəninə qayıtmasından, həm ermənilərin taqətdən düşməsindən, həm də azərbaycanlıların soyqırım şokundan özlərinə gələ bilməməsindən istifadə edərək Qurd Şıkak aşirətinin rəisi İsmayıl Simitko (və ya Simko) başına silahlı dəstə toplayır. Kürdlər də ermənilər kimi xristian blokunun köməyi ilə gücünü artırır və güney Azərbaycanı tarixdən silmək üçün silaha sarılır, erməni faşizmini öz üsulları ilə davam etdirib qırğınlar törədirlər. Azərbaycanlıların qanı su yerinə axır. 1922-ci ildə ingilislərin əli ilə savaşa atılan və hakimiyyəti ələ keçirməyə çalışan pəhləvi Rza xan ölkənin digər yerlərindəki üsyanları yatırtdığı kimi İsmayıl Simitkonun başçılığı ilə kürdləri də neytrallaşdırmaq qərarına gəlir. Bu məqsədlə böyük bir hərbi qüvvəni Qırxlar qalasına – Kazım xanın köməyinə göndərir. Kazımxan öz qüvvəllərini pəhləvilərlə birləşdirib kürdləri bu ərazidən uzaqlaşdırmağa nail olur. Yaxşı münasibətləri olmasına baxmayaraq, Kazım xan Rza xanın ingilislərin əlaltısına çevrildiyini görüb şah kimi onu – pəhləviləri deyil, hələ də Qacarlar dövlətini tanıdığını bildirir və etiraz əlaməti olaraq yenidən Qırxlar qalasına çəkilir. Dostdan düşmənə çevrilən Rza xan Kazım xandan qalanı boşaltmasını tələb edir, toqquşma yaranır. İlk münaqişədən 6 ay sonra Kazım xan öz düzəltdiyi əl qumbarasının partlaması nəticəsində qalada həlak olur. Onun ölümündən sonra mücahidləri mübarizədən vaz keçərək vuruşmasız qaladan çıxırlar. Kazım xan - bu böyük sərkərdə şücaət simvolu olan bu müdafiə qalasında dəfn edilir, sonradan onun məzarı yaxınları tərəfindən qonşuluqdakı Göyərçin Qala kəndinə aparılır və orda basdırılır. Kazım xan ölür, amma ölümü ilə ölümü öldürür. Xalq onu müdafiə edib sinəsini düşmənə sipər edən qəhrəmanının adını Qırxlar qalasına həkk edir. Bir əsrə yaxındır ki, bu qala fəxarətlə Kazım xan Daşı adını daşıyır. Adı ilə bağlı rəvayətlər və əfsanələr yaşayır xalqın dilində, dastan olub dildən dilə, eldən elə gəzir. Yerli camaat söyləyir ki, Kazımxan sazını da silahı kimi işlədərmiş: o, yaxşı saz çalar, gözəl səsi ilə igidlik ruhunda mahnılar oxuyar, əsgərlərini qəhrəmanlığa səslərmiş. Bu məqsədlə o, hətta müəllimi molla İsmayıl Sipərin ruhani vaizlərindən də yararlanarmış. Əhaliyə qarşı son dərəcə insaflı və və ədalətli davranan Kazımxan bir müsəlman kimi qız və qadınların namusunun ləkələnməsinə də yol verməyib. Bir qadına sataşdığına görə silahlı əsgərini suya atıb. Yayda Kazım xan Daşının ətəkləri al-qırmızı lalələrə bürünür, gözəl görünür. Amma bu yazıq çiçəklər bilmir ki, kökünün içdiyi, üzünün rənginə çıxdığı su qandır. Məhz türk olduqları üçün öz torpaqlarında erməni, rus, fransız, ingilis və cümlə xristianlar tərəfindən qətliyama məruz qalmış azərbaycanlıların qanı. Bu, yerdə qalan qandır, bu torpaqda utandığından lalələrin yanağında qızarıb. Sifarişlə dəyişdirilən və tarix kitablarından silmək istədikləri bu qan izləri deyir ki, dünyada əsrlər boyu türk soyqırımı törədən qaniçən kimdir? Sevda Mirzəyeva