SON XƏBƏRLƏR

ERGENEGON BAYRAMI - TÜRK DÜNYASININ BİRLİK GÜNÜ . S.SƏDRƏDDİN

2021.10.20, 07:36
ERGENEGON BAYRAMI - TÜRK DÜNYASININ BİRLİK GÜNÜ . S.SƏDRƏDDİN

Gunaz.tv
ERGENEGON BAYRAMI - TÜRK DÜNYASININ BİRLİK GÜNÜ Bu bayram türk dünyasının hər hissəsində olduğu kimi, Güney Azərbaycanda da eyni törənlərlə keçirilir Yazın gəlişi ilə bağlı bir çox etnosların bayramı var. Ancaq ilin bu fəslini dünyanın heç bir milləti bir ay qabaqdan qarşılamır. 4 çərşənbə buna ən bariz örnəkdir. Novruz Bayramı türklərin yeni torpaqlara çıxdığı gün kimi də qeyd olunur. Türk ulusuna yol göstərən Qurd Börtiçe (bu, heç də canavar anlamında deyil), yurd isə Ərgənəkondur. Türklərin başqa etnik mərasimləri kimi, bu da İslamdan sonra bu dini qəbul edənlərin bayramına çevrildi. İslamın ilk çağında isə dinin öncülləri indi Novruz adlanan bu bayramın türklərə məxsus olduğunu birmənalı şəkildə bildirirdilər. Şiələrin imamı həzrəti imam Cəfər Sadiqdən bu haqda soruşanda o deyib ki, bu, islama zidd deyil, özü də türklərə məxsusdur. Azərbaycanın böyük söz ustadı Şəhriyar isə "Heydərbabaya salam" poemasında belə yazıb: "...Qızlar deyər : "Atıl-matıl, Çərşənbə, Ayna təki baxtım açıl, Çərşənbə..." Türklər ötən ilin ağırlığını çərşənbələrlə yola salıb yeni ili təmtəraqla ağırlayır, onun uğur gətirəcəyinə inanır, bayram edirlər. Təbii ki, bu törənin bir çox özəllikləri var: bayram şirniyyatları, yer-yemişi, habelə qonaq ağırlama, tonqal qalama, qulaq falı və s. Keçmiş SSRİ zamanında başqa milli törənlər kimi bu bayram daha çox evlərdə, həyətlərdə qeyd olunurdu. Moskva onun təmtəraqla keçirilməsini nə rəsmiləşdirir, nə də bu haqda araşdırmaların aparılmasına imkan verirdi. Düzdür, o illərdə bu bayramın arxaik olduğunu söyləyən, yaxud islama bağlamağa çalışan ateistlər, rusofillər tapılırdı. Amma azərbaycanlılar bu bayramlar bayramını da öz evlərində keçirməklə milli varlığını yabançı ideologiya, velikorus şovinizminin əhatəsində qorudu. Müstəqilliyimizi bərpa etdikdən sonra bu yöndə ciddi araşdırmalar başlandı. Türk soyundan olanlarla bayramlaşmağa başlanıldı... Əslində şovinizmin assimilyasiyasından qurtulmaq üçün şifahi ədəbiyyat, belə bayramlar sığınacaq yeridir. 80 ilə yaxındır fars şovinizmi də Güney Azərbaycan türklərinin dil haqqının təmin olunmasını əngəllləməklə yanaşı, milli törənlərin keçirilməsinə mane olur. Bununla da Azərbaycan türklərinin milli varlıqlarını tanımır. Ötən il Tehran hakimiyyəti Novruz Bayramını "İranın milli bayramı" adı altında UNESCO-da təsdiq etdirməyə çalışdı. Amma buna nail olmadı. Hər il İlaxır Çərşənbənin keçirilməsini isə əngəlləməyə səy göstərilir. Yayılan xəbərlərə görə, Güney Azərbaycanın bir sıra şəhərlərində Ana Dili günü tutulanlar onlardan "Bayram günlərində pantürkçü törənlərə qatılmayacağam" məzmununda ifadə alındıqdan sonra sərbəst buraxılıb. Mərkəzi Urmiya olan Qərbi Azərbaycan əyalətinin Sulduz (adı dəyişdirilərək Nəğədə olub) və ətraf rayonlarda bu bayram çox böyük şövqlə keçirilir. Aşıqlar saz çalır, insanlar türk havalarına şənlənir və s. Türk dünyasının başqa bölgələrində olduğu kimi, Güney Azərbaycanda da Yeni Günə hazırlıq çərşənbələr və təmizlikdən başlayır. Bu işləri bayrama 40, 30, 15 və ya 10 gün qalanda görürlər. Məsələn, Güneyin Qoşaçay və Çayqara bölgələrində bu işlər xalı-xalçanın, pal-paltarların çay sularında durulanması ilə başlayır. Bu, gələcək günlərin təmiz olacağı inamı ilə bağlıdır. Təbrizin Dəvəçi, Qonqabaşı, Şamqazan, Yekədükanlar, Abrəsan, Qarabağlılar, Sento, Bahar, Pastur, "Çaharrahe-Şahnaz", "Tərbiyət", Qurd meydanı (indi "Qütb" adlanır), Acı körpü, Abbasi, "Kuye-vəli-əsr", "Terminal", "Barnava", Bazarağzı, Saatqabağı, Xiyabani, "Şəmsül-imarə", "Vadiye-rəhmət", Ərk məhəllələrində də Bakının, Gəncənin, Şəkinin, Ordubadın, Borçalının, Lənkəranın, Dərbəndin küçələrində olduğu kimi tonqallar qalanacaq, "ağırlığım-uğurluğum burada qalsın" söyləyəcəklər. Əslində Vətənimizin başqa bölgələrində olduğu kimi, Güneydə də oxşar yeməklər və şirniyyatlar bişirilir. Bununla belə Təbrizin bəzi özəllikləri var. O tayda plovun çeşidli növləri - fisincan plov, zəriş plov, mürəssə plov, şirniyyatı ilə ad çıxarmış "Şəbüstər şirinləri", şorbalar, "Təbriz" küftəsi, rizə küftə, qarnıyarıq (badımcan dolması), "Qoşaçay" kababı, yarma aşı, işgənə, şolən və başqa ləzzətli yeməklər soydaşlarımızın halal süfrəsinə bəzək, ağızlarına dad verir. Şirniyyatlardan isə - paxlava, bamiyə, zulbiya, tərə (halva növü), halvanın çeşidli növləri, qayğanaq (paxlavaya oxşayır), filqulağı (quşfil), qulabiyə, badambura, lətifə, kişmişli, dil ("zəban") süfrələrə yaraşıq verir. Bundan başqa Təbrizdə badımcandan tutmuş qarpızadək, eləcə də gilənardan qozadək bütün meyvələrdən mürəbbə və şərbət hazırlanır, bu nemətlər də Güney Azərbaycan türklərinin bayram süfrəsinin bəzəklərindəndir. S.SƏDRƏDDİN

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar