SON XƏBƏRLƏR

Səməd Behrənginin kimliyi üzərinə . Güntay Gəncalp

2021.10.20, 07:36
Səməd Behrənginin kimliyi üzərinə . Güntay Gəncalp

Gunaz.tv
Güntay Gəncalp Səməd Behrənginin kimliyi üzərinə - Bəzi ideologiyaların tərəfdarları bizim milli şəxsiyətlərimizi bir şəkildə özlərinə çıxmaq istəyirlər. Məslən Səhənd və Behrəngi onlardan sayıla bilər. Səhənd haqqında söyləşini daha sonraya saxlayıb, Behrəngi haqqında konuşalım. Behrənginin kommunist olduğunu qəbul etmək mümkünmü? - Bəzi insanlar böyük amaclar, böyük işlər üçün doğulurlar. İçlərində böyük iş görmək üçün doğuşdan gətirdikləri enerji olur. Bu enerji zaman axışı içində həm toparlanır, həm də daha etkin duruma gəlir. XX əsrdə bir çox enerjili insanlarımızı mənfur kommunizm ideologiyası məhv etdi. İnsan hər nəyə inansa içindəki o enerji də o inanışa görə toparlanıb realizə edilər. Əslində kommunizm İranda gerçəkdən bir din halına gəlmişdi və bir düşüncə konusu heç zaman olmadı. Olsaydı onlardan bir əsər qalardı. Heç bir əsər qalmadı. Sanki yox olub yerin altına girdilər. Sadəcə bizim bəzi enerji insanlarımızı bu kommunizm dini yazıq etdi. Ancaq bir tərəfdən də onların yazıq olmalarına üzülməmək lazım, çünkü tarix boyu sadəlövh və avam sədaqətlilər öz cəhalətləri üzündən başqalarına casusluq edirlər. İranda kommunizm yolunda ölənlər rus mənafeləri yolunda həyatlarını itirdilər, sinfi mübariz kimi boş sözlər hamısı aldatıcı şüarlar idi. Belə bir ortamda sormaq lazımıdır ki, Behrəngi də rus casusu idi ya yox? Bu suala cavab vermək üçün də Behrəngi haqqında yazılan xatirələrə, onu rus casusu kommunist olaraq göstərmələrə baxmaq lazım deyil, əsas qaynağa baxmaq lazımdır, yəni Behrənginin davranışlarına, bilgi birikdirmə şəklinə və yazdığı əsərlər. - Behrənginin bir çox həmşəhrisi və tanıdıqları kommunist idilər. Kommunist olanlarla əlaqəsini danmaq olmaz. - Behrənginin kommunist olmayanlarla da əlaqəsini danmaq olmaz. Təbriz kimi bir şəhərdə o zaman, elə indi də intellektual kəsim bir-birini tanımışdır. O zaman kommunist olmanın bəlli özəllikləri var idi. Bir təşkilata bağlı olmaq, o təşkilatın ideologiyasını imalarla da olsa yazmaq, ya da rəsm etmək və ya davranışlarla sərgiləmək. Behrənginin əsərlərində belə şey olmamışdır. Hələ Türkiyədə behrənginin əsərlərini tərcümə edərkən o tam bir kommunist kimi təqdim etmişlər. Ancaq kommunistlər özlərini damdan, dağdan, təpədən atıb öldürdükləri zaman, ya da Siyahkəl örnəyində olduğu kimi terror əməliyatlarına qatılıb xalqın evladları olan əsgərləri öldürdükləri zaman Behrəngi tam bunun tərsi işlərlə məşğul olur. Azərbaycanı kənd-kənd, oba-oba dlaşıb xalq dastanlarını yazıb kitablaşdırır. Bilirsiniz kommunist görüşə görə Behrəngi milliyətçiliklə məşğul olmuşdur. Çünkü Afrikada insanlar aclarından ölərkən, Latın Amerika ölkələrində antiamerika mübarizəsi gedərkən, Behrəngi burjuaziyaya qarşı mübarizəni buraxıb və öz xalqının kimliyini kitablaşdırmaq kimi bəsit işlərlə uğraşmışdır. Behrəngini kommunist olaraq göstərmənin səbəbi bizim milli bilincimizin zəif olmasından və behrəngi kimi ərdəmlilərimizə sahib çıxmayışımızdan qaynaqlanmışdır. İndi bu sorun da gedərildiyi üçün Behrəngi də öz gerçək kimliyi ilə milli mənəviyatımızda ortaya çıxır. - Behrənginin ulussevər olduğunu göstərən amillər nədir? - Bilirsiniz o zaman Azərbaycan-Türk milli kimliyini yansıdan əsərlər yazmaq və ya yazılmış əsərləri işıq üzünə çıxarmaq çox təhlükəli iş idi. Pəhləvi şovinizmi heç bir şeydən bu qədər qorxmurdu. Bu üzdən də əslində Behrəngi kommunistlərdən daha təhlükəli işlərlə məşğul idi. Örnəyin onun “Para-Para” adında çıxardığı kitaba baxalım. Bu kitabın adını çox doğru seçmişdir. Çünkü kitabın adı Behrənginin yurdunun para-para olduğunu, param-parça olduğunu çağrışdırır. Kitabın içində isə Bakı və Təbriz şairlərindən örnək şeirlər verilmişdir. Yəni bir ulusun ulusal yöndə aydınlanması üçün bu kimi işlər çox önəmlidir və kommunist olmaqlar heç bir əlaqəsi yoxdur. Bunun harası rus casusluğudur? Ya da bəzi sevdiyi, xoşlandığı farsca şeirləri türkçəyə tərcümə etməsi haqda düşünəlim. Bilirsiniz ki, İranda hər kəs fars dilini bilir. O zaman hər kəsin oxuması mümkün olan şeir parçalarını nədən türkçəyə çevirmişdir? Burada Behrənginin vicdanında, bilincində türkçəyə verilən önəm üzərinə durmaq gərəkir. Türkçəyə estetik özəllik qazandırma çabalarına baxmalıyıq. Bunun harası rus casusluğu yapmaqdır? Yalnız bu yolla onun tərcümə əməlinin arxasındakı fəlsəfəni anlamaq olar. Ayrıca, Behrəngi bu şeirləri ədəbi türk dilinə çevirmişdir, Təbriz ləhcəsinə deyil. Bu da onu göstərir ki, Behrəngi bireysəl planda türk dili üzərinə çalışıbmış. Baxın Nimadan çevirdiyi bu tərcüməyə: “Gecədir , dəmlənmiş torpaq Rəngi üzdən qaçmış. Yel bulutdan törəmə dağdan aşıb Yügürüb üstümü almış.” Ya da Füruğ Fərruxzaddan çevirdiyi şeirlər. Ya da özünün yazdığı bir neçə türkçə şeirlər. Bunlar nəyin göstərgəsidir? O deməkdir ki, Behrənginin zehnini məşğul edən internasional xülyalar olmamışdır. İnternasionalistlərin davranış antropologiaları haqqında bilgimiz vardır. Bunun dışında yazdığı əsərlərində milli mənsubiyətini açıqca abartmağa çalışmışdır. Əzilən türk kimliyini yazdığı əsərlərdə savunmuşdur. Behrənginin yazdığı əsərlər onun mərkəzləşmiş ruhi enerjsinin və daxili dünyagörüşünün məhsuludur. İnsan ruhundakı oluşumları başqaları görə bilməz. Bu oluşumları bir sənətçi yalnız yazdığı əsərləri ilə göstərə bilər. Ona görə də Behrənginin ruhundakı oluşumlar onun əsərlərindədir, tanıdıqları ilə olan münasibətlərdə deyildir. Diqqət etsəniz Behrənginin yazdığı əsərlərin düşünsəl qaynağı milli həyat olduğu üçün bugünkü ulusal oyanışda onun kitabları çox etkindir. Sanki bugünkü mücadiləmizin manisfesti kimi. - Onun əsərləri ilə bugünkü milli-siyasi mübarizə arasında necə bağ qurmaq olar? - Səməd Behrənginin bütün əsərlərini ələ alıb incələmək bir söyləşiyə sığmaz, ancaq örnək olaraq “Qaraca balıq” əsərindən bəzi təsbitlərdə bulunmaq olar. “Qaraca balıq” axtarış-oluş-buluş dərsini hər tək-təkimizə vermişdir. Mən öz həyatımdakı axtarışlar, oluşlar və buluşları “Qaraca balıq”ın həyatına bənzədirəm. Bu gün hər tək-təkimiz “Qaraca balıq” əsərinin sonunda mübarizə eşqi ilə, özgülük xəyalları ilə yata bilməyən “Qırmızı” balığa bənzəyirik. İran mühitində türk milli kimliyinin yüksəlişi gerçəkdən “Qaraca balıq” əsərində rəmzləşdirilmişdir: Düşünmə- mövcud sosial duruma qarşı düşüncədə qarşı çıxmaq- Sosial durumu dəyişdirəcək düşüncənin o mühitdə olmadığı üçün hicrətdə bulunmaq- böyük bir hədəf üçün yola çıxmaq- silahlanmaq- silahlanaraq özgüvənə sahib olmaq və ən qorxunc təhlükələrin üstünə cəsarətlə yürüyüb təhdid amillərini ortadan qaldırıb və hərəkətə davam etmək- sonunda dənizə qovuşmaq. Bu saydıqlarım Behrənginin “Qaraca balıq” timsalında bizə göstərdiyi mübarizə və aydınlanma yöntəmidir. Əsərin sonu çox önəmlidir. Behrəngi “Qaraca balıq”ın aqibətinin necə olduğunu yazmır. Yazsaydı bu əsər çox zəif olardı. “Qaraca balıq”ın yazqısının bilinməzlikdə buraxılması onu çox şahanə əsər etmişdir. Yəni Qaraca balıq geri dönüb yurdundakı bataqlıqda yaşayan balıqları da qurtara bilər, dənizdəki yırtıcılara qarşı olan mübarizəyə liderlik də edə bilər, çünkü Qaraca balıq həm fikri baxımdan, həm də savaş tekniklərini bilmə açısından geniş təcrübəyə sahibdir. Qaraca balığın yazqısını oxucu özü təxmin etməlidir. Bu təxmin Behrənginin təsəvvürlərindəkilərlə uyğun gəlməyə bilər. Önəmli deyil. Zatən böyük bir əsərin diqqəti cəlb edən tərəfi oxucunun təxminlərini, xəyallarını fəallaşdırmasıdır. Söyləmək istədiyim budur ki, bu əsərdə Azərbaycan- Türk milli kimliyinin yüksəlişi və qurtuluşu bir roman dili ilə bəyan edilmişdir. “Qaraca balıq”ın həyatını hansı kommunist devrimlərlə qiyaslamaq olar? Heç biri ilə. Çünkü “Qaraca balıq” devrimci deyil, evrimcidir. Bir oluş və daimi devingənlik macərasıdır. “qaraca balıq”ın silahlı mübarizəsi ancaq kəndini və digərini savunmaq üçündür. Bizim də gələcəkdə başlayacaq olan silahlı mübarizəmiz kiçik şəhərlərdə deyil, şovinizmin hakim olduğu o dənizdə, Tehranda başlayacaq. Orada onu silah gücünə devirib və qurtuluş bildirgəsini yayınlayacağıq. Behrəngini kommunizm faşizminə bağlayıb onun milli şəxsiyətinə zərər gəlməsini önləmək bizim milli görəvlərimizdən birisidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar