SON XƏBƏRLƏR

MÜHARİBƏDƏKİ VƏ MÜHARİBƏDƏN SONRAKI BORÇALI...

2021.10.20, 07:36
MÜHARİBƏDƏKİ VƏ MÜHARİBƏDƏN SONRAKI BORÇALI...

Gunaz.tv
MÜHARİBƏDƏKİ VƏ MÜHARİBƏDƏN SONRAKI BORÇALI... Ağır sınağa mərdi-mərdanə sinə gərən soydaşlarımızın gözü Bakıdadır İdrak ABBASOV 35571_1 Rəsmi statistikaya əsasən, Gürcüstanda 340 min, qeyri-rəsmi məlumatlara görə isə, 500 min azərbaycanlı yaşayır. Müharibə başlanan kimi Saakaşvili hakimiyyətinə və vətənləri Gürcüstana sadiq olan azərbaycanlılar var-güclərini qoyaraq gürcülərin yanında olublar. Azərbaycanlılardan ibarət ehtiyat qoşun döyüşə girməsə də, döyüşdən bir gün öncə Qoridə yerləşdirilibmiş. Habelə qaçqınlara maddi köməkliklərini əsirgəməyən sadə azərbaycanlılar hətta həyətyanı sahələrində becərdikləri pomidor-xiyarı, meyvə-tərəvəzi də hökumətə havayı təhvil veriblər. Bunları bölgədəki soydaşlarımız Gürcüstana ezam olunmuş "Ayna"nın müxbiri ilə söhbət zamanı bildiriblər. GÜRCÜ-RUS MÜHARİBƏSİNDƏ AZƏRBAYCANLILAR "Rus hərbçiləri gəlib Marneulidəki aerodromu bombalayanda hər kəs bu müharibənin bizə nə qədər yaxın olduğunu görürdü. Biz var qüvvəmizlə təcavüzə qarşı birləşdik". Bunu "Qeyrət" xalq hərəkatının idarə heyətinin üzvü Zümrüd Qurbanlı bildirib. Onun sözlərinə görə, azərbaycanlılar canlı qüvvə ilə Gürcüstan dövlətinin yanında olublar. "Düzdür, nizami orduda azərbaycanlıların sayı az idi və buna görə biz günahkar deyilik. Orduda çavuş və ya zabit heyətində azərbaycanlılar, demək olar, təmsil olunmayıblar. Amma müəyyən hərbi hazırlıq görmüş azərbaycanlılar orduya çağırıldı və hər kəs də bu çağırışı qəbul etdi", - deyə vurğulayan Z.Qurbanlının sözlərinə görə, könüllü vuruşmaq istəyənlərin sayı az deyildi. Amma bu işi axıra qədər uğurla başa vuran olmadı: "Könüllülərdən ibarət bir dəstə yaratmaq istəyirdilər, amma bu müqəddəs işdən bəzi adamlar öz reklamları üçün istifadə etdilər. Əslində, bu iş görülmədi. Avtobuslar könüllüləri aparmağa gələndə isə hamı qaçdı. Çünki təşkilatçıların özləri də aradan çıxmışdılar və insanlar haraya, kiminlə gedəcəklərini bilmirdilər". VƏTƏN NAMİNƏ SOYĞUNÇULUQ Əhali ilə söhbət zamanı məlum oldu ki, müharibənin ilk günündən başlayaraq yerli icra strukturları azərbaycanlılardan məcburi şəkildə kənd təsərrüfatı məhsullarını havayı almaqla bərabər, bütün sahibkarlardan "orduya yardım" adı altında pul yığmağa da başlayıblar. Bütün bunlara dözən azərbaycanlılar məşhur "Ana Vətən çağırır!" şüarını əldə rəhbər tutaraq hər şeyə dözümlə yanaşırlar. "Hər kəs könüllü olaraq yardım edirdi. Marneuliyə 200-ə yaxın qaçqın ailəsi gətirilib, həmin qaçqınlara da biz yardım edirik. Gəlib camaatdan zorla pul yığdılar. Bu proses əsasən Bolnisi rayonunda oldu. Məsələn, gəlib sahibkarlardan qaba şəkildə, zorla 1500 lari (təxminən 915 AZN) aldılar. Buna baxmayaraq elə bir azərbaycanlı ailəsi yox idi ki, özü könüllü də yardım etməsin", - deyə qeyd olunanları Z.Qurbanlı da təsdiq etdi. "İGİDLİYİN DOQQUZU QAÇMAQ, BİRİ DƏ GÖZƏ GÖRÜNMƏMƏKDİR" Belə ki, müharibənin ilk günlərində Gürcüstandan Azərbaycana qaçanların sayı az olmadı. Z.Qurbanlı isə qaçhaqaçla bağlı daha dəqiq məlumatları dilə gətirdi: "Marneulidə aerodrom bombalanandan sonra azərbaycanlılar da, gürcülər də, gürcü soyadlı ermənilər də Gürcüstanı tərk etməyə başladılar. Rəsmi olaraq Ermənistana 18 min nəfər qaçdı. Xüsusilə Tbilisidən ermənilər kütləvi şəkildə Sadaxlıya gələrək Ermənistana qaçırdılar. Azərbaycana isə təxminən 62-70 min nəfər qaçdı. Sözsüz ki, bunlar sırasında xaricilər də az deyildi. Onlar bu yolla öz ölkələrinə qayıtmaq istəyirdilər. Bu prosesdə əsasən Bakıda evləri olan azərbaycanlılar qaçdılar. Azərbaycanlıların qaçmağının qarşısını almağa da cəhd olmadı. Yalnız bir deputat gedib sərhəddə insanların axınının qarşısını almaq istəyirdi. Əlbəttə ki, bu cəhd baş tutmadı". "MƏRD DAR GÜNDƏ SINANAR" Vahimə ilə qaçan bəzi azərbaycanlılardan fərqli olaraq yurdunda qalaraq Vətən üçün gələn təhlükəni dəf etmək istəyən soydaşlarımızın da sayı az olmayıb. Ən əsası isə odur ki, soydaşlarımız erməni millətinin nümayəndələrindən fərqli olaraq sözlərində və əməllərində də bir daha Gürcüstan hökumətinə və dövlətinə sadiq olduqlarını nümayiş ediblər. "Azərbaycanlılar ermənilərdən fərqli olaraq Gürcüstan hökuməti və gürcü xalqının yanında oldular. Biz azərbaycanlılar olaraq rusların heç bir təbliğatına uymadıq. Ruslar bizi də separatçılığa başlamağa çağırırdılar. Amma burada azərbaycanlılar arasında separatçılıq meyilləri baş qaldırmadı. Amma ermənilər separatçı meyillərini gizlətmədilər və onlar da müəyyən bəyanatlar verdilər, həm də qeyd etdilər ki, hazırda uyğun bir zaman olmasa da, Tbilisi bizim də muxtariyyətimizi tanımalı, erməni dili ikinci dövlət dili olmalıdır. Hətta Cavaxetiya erməniləri bəyanat verərək osetinlərin yanında olduqlarını bildirdilər. Bu baş verənlər bir daha kimin kim olduğunu nümayiş etdirdi və çox yaxşı olar ki, bu məsələ ətrafında gürcü xalqı, Gürcüstan hökuməti yaxşı-yaxşı fikirləşsin", - deyə Z.Qurbanlı qeyd etdi. Bu müharibə zamanı və öncə də soydaşlarımızın necə etibarlı və Vətənlərinə sadiq olmalarını sübut etmələrinə baxmayaraq mərkəzi hakimiyyət və gürcü məmurları həmişə azərbaycanlılara ögey münasibət bəsləməkdə davam edir. Sözsüz ki, bu son sınaqdan sonra əsl dostlarının məhz azərbaycanlılar olduğunu dərk etməyə başlayan gürcülər, yəqin ki, bundan sonra dostlarla necə davranmağın lazım olduğunu da biləcəklər. Məsələn, bu müharibəyə qədər Gürcüstan hökuməti dağlıq ərazidə yerləşən ermənilərin kompakt yaşadıqları Samsxe-Cavaxetiya bölgəsinə Avropa standartlarına uyğun avtomobil yolu çəkib, bölgə fasiləsiz elektrik enerjisi, su və təbii qazla təmin edilib. Amma azərbaycanlıların kompakt yaşadıqları ərazilərdəki avtomobil yolları bərbad vəziyyətdədir. İnsanların təbii qaz, içməli su və elektrik enerjisi problemi də qabarıq şəkildə qalmaqdadır. Məsələn, Marneuli ilə Sadaxlı rayonları arasında ermənilərin yaşadıqları Şaumyan qəsəbəsi var. Bu qəsəbəyə "gül" kimi avtomobil yolu, qaz, su çəkilib. Amma hələ ki azərbaycanlılar üçün bir gün ağlayan yoxdur. MÜHARİBƏDƏN QAÇMAYANLARI DA SOSİAL PROBLEMLƏR DİDƏRGİN SALACAQ "Yəqin, bundan sonra da deyəcəklər ki, müharibədir, dözün. Amma nə qədər dözmək olar? Mən bir maşın odunu 600 lariyə (təxminən 365 AZN) alıram. Amma qışdan çıxmaq üçün mənə ən azı iki maşın odun lazımdır. İndi pomidor əkmişəm, 40 kilosunu cəmi 2 dollara satıram. Bununla necə yaşamaq olar? Çox güman ki, əkin-biçinimi yığandan sonra mən də Bakıya köçəcəyəm. Orada bir daxma kirayələyib ailəmi ora yığaram və tikintilərin birində fəhləlik edərək birtəhər dolanaram. Heç olmasa biləcəyəm ki, qaranlıqda və soyuqda oturmayacağıq". Bunu isə Marneuli sakini Ağamurad Mehdiyev müxbirimizlə söhbətində bildirib. Yeri gəlmişkən, bölgədəki azərbaycanlılar hazırkı durumda əsas köməyi Tbilisidən deyil, Bakıdan umurlar. İnsanlar Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin işindən xeyli narazılıq etsələr də, birbaşa prezident İlham Əliyevin və ya prezidentin xanımı Mehriban Əliyevanın Borçalıya səfər edərək azərbaycanlıların durumu ilə yerində tanış olmasını arzulayırlar. Onu da qeyd edək ki, Azərbaycanın Gürcüstandan keçməklə Qərbə uzanan bir sıra strateji layihələri də var və bu layihələr əsasən azərbaycanlılarla ermənilərin kompakt yaşadıqları ərazilərdən keçir. Buna Bakı - Tbilisi - Ceyhan neft kəməri, Bakı - Tbilisi - Qars dəmiryolu və Bakı - Tbilisi - Ərzurum qaz kəməri layihələrini misal gətirmək olar. Bu baxımdan layihələrimizin keçdiyi ərazilərdə soydaşlarımızın yaşamaqda davam etməsi həm də Azərbaycanın strateji maraqlarına uyğundur. Necə ki illər boyu həm gürcülər, həm də ermənilər soydaşlarımızı bu ərazilərdən sıxışdırıb çıxarmağa cəhd ediblər. Hazırda bu istiqamətdə cəhdlər davam etməkdədir. "Ermənilər həmişə bu layihələrin gerçəkləşməsinin əleyhinə olublar və burada da azərbaycanlılarla ədavəti qızışdırmaq istəyiblər. Amma biz də başa düşürük ki, əgər sabah kəndin bir tərəfində ermənilər, digər tərəfində biz səngər qazıb bir-birimizlə vuruşmağa başlasaq, Bakı - Tbilisi - Ceyhan kəməri işləyə bilməz. Sözsüz ki, əvvəllər ermənilərlə bizim aramızda ədavət var idi və tez-tez insidentlər də olurdu. Amma son 10 ildə belə bir hadisə yoxdur. Biz də bacardığımız qədər təxribatlardan qaçırıq". Bunu isə müxbirimizlə söhbətində "Qeyrət" xalq hərəkatının sədri Əlibala Əsgərov söylədi... ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar