SON XƏBƏRLƏR

Nəyi gözləyirik?

2021.10.20, 07:36
Nəyi gözləyirik?

Gunaz.tv
Nəyi gözləyirik? Qarabağ probleminin nizamlanması prosesində indiyədək çox təkliflər, variantlar və çözüm yolları gündəmə gətirilib. Fəqət onların tam əksəriyyəti ya uğurla unudulub, ya da masa üzərində qalaraq "daha yaxşı vaxtlar"a qədər təxirə salınıb. Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini və Dağlıq Qarabağı tərk etmək niyyətində deyil, Azərbaycan danışıqların bir nəticə verməyəcəyi təqdirdə hərbi əməliyyatlara başlaya biləcəyini istisna etmir. Təbii ki, hər iki tərəf daxili tələbata hesablanmış bəyanatlar verir, hər an hərbi əməliyyatların ola biləcəyini deməklə lümpenləşmiş kütlələrin narazılığını səngitməyə çalışırlar. Zira Dağlıq Qarabağın taleyi nə Bakı, nə də İrəvandan asılı olmayın Cənubi Qafqazda əlahiddə və özəl maraqlara malik dövlətlər tərəfindən həll edilə biləcəyindən, elə həmin ölkələrin məsələyə yanaşması Azərbaycan və Ermənistan rəhbərliyinin militar, ritorik və hərbə-zorba bəyanatlarından daha maraqlıdır. Bir ara Dağlıq Qarabağ münaqişəsinin həll variantı kimi Bakı və İrəvana "Madrid prinsipləri" təklif olunmuşdu. Ermənistan və Azərbaycanda bu barədə aylarla danışıldı, yüzlərlə şərh, bir o sayda açıqlama, bəyanat və izahlar oldu. Süjet, reportaj, müsahibə və şərhlərin sayı isə hələ də dəqiq bilinmir: təxmini hesablamalara görə, 1450 ilə 1520 arasındadır. Di gəl Madrid prinsipləri "Madrid sarayının sirləri" təki haqqında həddən ziyadə danışılan, amma məğzi bəlli olmayan məsələ olaraq qalıb. Madrid prinsiplərinin konkret nədən ibarət olması münaqişə tərəflərinin geniş ictimaiyyəti ilə yanaşı, siyasi isteblişmentində təmsil olunmuş şəxslərinin tam əksəriyyəti üçün qaranlıq məsələdir. Lakin dövlət mənsubları durumdan bixəbərliklərini göstərməyə utanaraq hər dəfə "Madrid prinsipləri" sözlərini mantra kimi təkrarlayır, həmin kəlmələrə eynən ərəb dilini anlamayıb namaz qılan və dediyi sözlərdə mistik yük arayan mömin təki ekstatik münasibət bəsləyir. Ötən il ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə Madriddə görüşləri zamanı təklif olunmuş sülh konsepsiyası haqqında konkret heç nə deyilsə də, sabiq və indiki diplomatların açıqlamalarının mozaikasını toplayaraq, bəyanat və şərhlərin qırıntılarından nisbətən bitkin mənzərə yaratmaq olar. "Madrid prinsipləri"ndə Qarabağ münaqişəsinin mərhələli həll variantının elementləri üstünlük təşkil edir. Minsk Qrupu həmsədrlərinin 10 il əvvəl təklif etdikləri sülh planından fərqli olaraq sözügedən prinsiplərdə Dağlıq Qarabağdakı ermənilərin təhlükəsizliyinin təminatı üçün daha aktiv elementlər təklif olunur, Xankəndinin "maraqları qismən nəzərə alınır" və Ermənistanın qarşısında qoyulan şərtlər bir qədər yumşaldılır. Həmsədrlər bunu Dağlıq Qarabağın statusunun tarazlaşdırılmış həlli, təhlükəsizlik və beynəlxalq hüquq prinsiplərinin nəzərə alınmasının vacibliyi ilə izah edirlər. Təbii ki, belə prinsiplər toplusu Bakını əsla qane edə bilməz. Ermənislar isə deyirlər ki, sülh anlaşmalarının implementasyiası dövründə Dağlıq Qarabağın regional və beynəlxalq proseslərdə iştirakı, status məsələsinin müəyyənləşdirilməsinədək qarabağlı hayların təhlükəsizlik təminatları və s. problemlər həllini tapmayıb, həmsədrlər "belə vacib məsələləri" nəzərə almayıblar. Madrid prinsipləri Dağlıq Qarabağın statusunun plebissit vasitəsilə həllini də ehtiva edir. Ən maraqlı və eyni zamanda əcaib durum budur ki, Qarabağın azərbaycanlı sakinlərinin bütünlüklə qaçqın salındığı məkanda bu şəxslərin iştirakı olmadan keçirilən istənilən səsvermə bəribaşdan qanunsuz, dünya birliyi tərəfindən tanınmayacaq səsvermə olsa da, Bakı və İrəvanın plebissitlə bağlı öz gözləntiləri var. Belə ki, bizim diplomatlar Madrid prinsiplərində vurğulanan plebissitdə Dağlıq Qarabağın statusunun Azərbaycan sərhədləri və ərazi bütövlüyü prinsipləri daxilində müəyyənləşdirilməsi üçün mexanizmi görürsə, Ermənistan həmin səsverməni Dağlıq Qarabağın öz müqəddaratını təyinetmə hüququn tanınması sayır. Situasiyanın digər xoşagəlməz yönü isə odur ki, Madrid prinsipləri ilə bağlı hay-küy əslində baş verənlərin dəyərləndirilməsində beynəlxalq, regional və subregional təşkilatların yetərincə prinsipial, ardıcıl mövqeyini ortaya qoymamasını aşkar şəkildə göstərir. İndi danışıqlar prosesi faktiki olaraq pozulub. Dağlıq Qarabağdakı separatçı rejim müzakirələrdə tərəf kimi iştirak etmək istəyir, həmsədr ölkələr arasında Fransa və Rusiyaya Ermənistana açıq dəstək verir, ABŞ diplomatik fəallığını "iş naminə iş"lə əvəzləyib. Azərbaycan isə yenə də gözləyir. Nəyi - özümüz də bilmirik. Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar