SON XƏBƏRLƏR

Ərəb Birliyi müşahidəçiləri Suriyada bir sıra əngəllərlə üzləşiblər

2021.10.20, 07:36
Ərəb Birliyi müşahidəçiləri Suriyada bir sıra əngəllərlə üzləşiblər

Gunaz.tv

GünAz TV: Ötən gün Suriyanın əsas müxalifət liderlərindən olan Bürhan Qəlyun Fransada keçirdiyi mətbuat konfransında Ərəb Liqasını (Birliyi) Bəşər Əsəd rejiminin ölkədə törətdiyi qətliamların qarşısını almağa çağırıb.

Suriya Milli Keçid Şurasının Fransadakı lideri eyni zamanda BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) münaqişənin həlli istiqamətində səylərini artırmasına dair qurum qarşısında şifahi olaraq vəsatət qaldırıb.

“Biz bu planı hazırlamış Ərəb liderlərini məsələyə müdaxilə etməyə və Suriya rejiminin törətdiyi kütləvi qırğınların qarşısını almağa çağırırıq. Biz həmçinin Birləşmiş Millətlər Təşkilatını, Baş Katibi, o cümlədən Avropa liderlərini, rəsmi Fransa kimi məsələyə müdaxilə etməyə çağırırıq. Qoy onlar “bu faciə bitməlidir” desinlər”, deyə Bürhan Qəlyun bildirib.

 Qeyd edək ki, müxalifət lideri Fransada beynəlxalq ictimaiyyətə müraciət etdiyi bir arada Ərəb liqası müşahidəçiləri Suriyaya yollanıb. Ərəb Liqasının planına əsasən, 50 nəfərlik ilkin monitorinq (nəzarət) qrupu ölkədəki zorakılığa son qoyulması üçün ölkənin ən qaynar nöqtələrinə yollanmalı və ölkədə baş almış zorakılıq halları ilə bağlı müvafiq müşahidələr aparmalıdır.

 Bəşər Əsəd hökumətinin razılaşdığı planda eyni zamanda ordu qüvvələrinin və hərbi texnikanın Homs və İdlib kimi ən qızğın toqquşmaların yer aldığı şəhərlərdən çıxarılması nəzərdə tutulur.

Bununla belə Suriya müxalifəti Bəşər Əsədin əslində bu sazişi imzalamaqla vaxt qazanmağa çalışdığını dilə gətirib.

Fransadan dünya ictimaiyyətinə müraciət edən Bürhan Qəlyun onda olan son məlumatlara görə Ərəb Liqası müşahidəçilərinin artıq Suriyada bir sıra məhdudiyyətlərlə üzləşdiyini diqqətə çatdırıb. Qəlyun Homs şəhərin yollanmış müşahidəçilərlə telefon bağlantısı yaratdığını bildirib. Müşahidəçilərin verdiyi məlumata əsasən onlar Homsun Bab əl Hava adlı yaşayış sahəsinə yollanmaq istəsələr də, yerli hökumət onları nəqliyyat vasitəsilə təmin etməkdən imtina edib. Anspress

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar