SON XƏBƏRLƏR

Höccətiyyə Qrupu və İran hakimiyyəti - 1

2021.10.20, 07:36
Höccətiyyə Qrupu və İran hakimiyyəti - 1

Gunaz.tv
Son zamanlarda İranda fəaliyyət göstərən Höccətiyyə qrupu ilə bağlı bir sıra mübahisəli iddialar ortaya çıxıb. Bəzi dairələr, xüsusən xaricdə yaşayan siyasi müxaliflər eləcə də, daxildəki bəzi qrupların internet saytları Əhmədinejadin bu qrupun üzvü olduğuna dair iddialar irəli sürürlər. Höccətiyə dərnəyinin nə olduğunu və fəaliyyətini araşdirarkən məlum olur ki, “Əncüməni Höccətiyə” 50- ci illərin sonunda Şeyx Hələbi adlı bir molla tərəfindən Bəhailərlə mübarizə məqsədilə yaranmışdır. Qrupun əsas məqsədi Şiəçiliyi və İmam-Zamanı təbliğ etmək, Bəhailərlə mübarizə aparmaq olmuşdur. Bəzi mənbələrə görə Şah onların fəaliyyətini dəstəkləyir və SAVAK vasitəsilə bu qrupa yardım göstərilirdi. Bu qrupun üzvləri radikal Şiələr idi və bəzən onları Sünni təriqətinin Vəhabiləri hesab edirlər. Buna baxmayaraq onlar dinin siyasətə müdaxiləsinin tərəfdarı deyil və yer üzundə dini hakimiyyət qurmaq hüququnun yalnız Həzrəti Mehdi İmam Zamana məxsus olduğunu irəli sürürlər. Bəzi hallarda onlar inanır ki, yer üzünü fəsad , müharibələr, cinayətlər, qarmaqarışıqlıqlar həddindən artıq bürüdüyü zaman İmam Zaman zühur edəcək. Buna görə belə hadisələrin qarşısını almağı lazım bilmirlər. Qrupun ideyasına görə “hökümətlər zalım və qəddar olsa belə onlarla mübarizə etmək olmaz. Ümumiyyətlə siyasətə qarışmamaq daha məsləhətlidir”. Bu qrup “Vilayəti fəqih” mövzusuna tam müxalif olduğundan, inqilabdan sonra Xomeyninin qəzəbinə düçar oldu və öz fəaliyyətini dayandırdığını elan etdi. Amma əqidə olaraq öz düşüncələrini buraxmadılar. Bu dərnəyin fəaliyyəti dəqiq və tam proqramlaşdırılmış şəkildə olduğundan nə onun üzvləri və onların sayı bəlli deyil. Amma məktəblərdən və mədrəsələrdən qüvvələr cəzb etmələri hamıya məlumdur. Bəzi hallarda onların bir çoxu cəsus kimi Bəhailərin içinə nüfuz edirdi və onların gizli planları haqda dərnəyə məlumat ötürürdülər. Əli Laricanı və Əbdülkərim Soruş da, bu qrupa elə 16-17 yaşlarında daxil olmuşdular, amma öz iddialarına görə bir ildən sonra bu təşkilatı tərk etmişdilər. İndiki prezident Mahmud Əhmədinejadın bu qrupa üzv olub olmaması haqda tam dəqiq məlumat verilmir. Amma prezidentin İmam Zamanla bağlı tez-tez qeyri adi bəyanatlar verməsi bəzi fikirlərin ortaya çıxmasına zəmin yaradır. Məsələn, o İran inqilabının qələbəsinin sonuncu ildönümündə xalqın qarşısında çıxış edərək bildirmişdi ki, “Hüseyn saflıq təmizlik və məhəbbət öndəridir. O, bütün bəşəriyyətin hidayət və nicat gəmisidir. Bu sonsuzluğa qədər davam edəcək, onun oğlu Həzrəti Mehdi zühur edəndən sonra, o da öz bayraği ilə qiyam edəcək və ədaləti bərpa edəcək.” Bu çıxışın digər bir yerində deyir ki, “İran xalqı həmişə İmam Zamanın yardımını hiss edir və buna görə hər gün - “Allah, onun zühürun yaxınlaşdır”- deyirik.” Səadət qəzetində çap olunan müsahibələrinin birində prezident bildirib ki, son səadət yalnız İmam Zamanın vaxtında mümkün olacaq. Həmin müsahibədə insanın elminin də İmam Zaman gəldikdən sonra təkmilləşəcəyini bildirib: “bizim bütün məsuliyyətimiz xalqı İmam Zamana dəvət etməkdən ibarətdir.” Əhmədinejad xalq arasında nəzir quyusu və İmam Zamana müraciət yeri kimi tanınan Cəmkəran quyusunun təmirinə böyük miqdarda vəsayit ayırıb və orda yeni istirahət məntəqələri yaradıb. Qumda mədrəsədə çıxış edərək bildirmişdi ki, mən bütün fəaliyyətimdə imam Zamanın dəstəyinə arxalanıram və bütün fikirlərimi ondan alıram. O, prezident olduqdan sonra nazirləri İmam Zamanla müqavilə bağlamağa məcbur edirdi. Müqavilələr isə Cəmkəran quyusuna atılırdı. Əlbəttə bunlar bir sıra etirazlara da səbəb oldu. Bəzi dini xadimlər bildirdilər ki, xalqda elə təsəvvür yaranar ki, indiki problemlerin səbəbkarı da məhz İmam Zamandır. Amma baxmayaraq ki, Əhmədinejadın Höccətiyyə qrupundan olması barədə daha açıq dəlillər yoxdur, onun bu cür çıxışları əslində hakimiyyətdaxili gizli qruplaşmaların olmasına işarədir. Qum Mədrəsələrində dini təhsil alan bir sıra tələbələr (bunlara gələcəyin dini xadimləri və İranın gələcək liderləri kimi də baxmaq olar) “Mübariz Ruhanilər Cəmiyyəti”-nin Mərkəzi Şurasının üzvü və Xatəminin prezidentliyi dövründə Daxili İşlər Naziri işləyən Musəvi Lariyə ünvanladıqları məktubda, “Höccətiyyə” qrupunun yenidən fəallaşmasıyla bağlı nigarançılıqlarını bildirmişlər. Məktubda deyilir: “Hüccətiyə qrupu təhlükəli və fəaldır, məscidlərə və dini yerlərə hücum edirlər. Kərəc, Dezful, Məlayir və digər şəhərlərdə ictimai asayişı pozmağa çalışırlar.” Məktubda Höccətiyə qrupunun yeni fəalları olan “Yeni Höccətiyə” qrupuna işarə edərək bildirilir ki, bu qrup əməliyyatçı dəstədir və bəyanatlarını “ikinci Mənsurin” adı ilə yayımlayırlar. Onlar inqilabın əvvəllərində öz kadrlarını dövlət və hökumət orqanlarında yerləşdiriblər. Bu adı çəkilən təhlükəli qrup əvvəllər Höccətiyə adləndırılırdısa da indi onlar bu ad altında fəaliyyət göstərmir. Bəzən onları “Yeni Höccətiyə” adlandırsalar da qrupun fəalları hər hansı bir ünvandan imtina edir və təkidlə bunları rədd etməyə çalışırlar. “Höccətiyənin” yaranma prosesinin və fəaliyyətinin araşdırılması zamanı onların ənənəvi Höccətiyyə Kafi Xətibin tərəfdarları olduğu ortaya çıxır. Bütün inqilablarda olduğu kimi İran İslam İnqilabının da tarixi və bu günə kimi yaşaması inqilabdan sonrakı təbii axarlara bağlı olan hadisədir. Belə ki, inqilab baş verdikdən sonra radikal və inqilabçı qüvvələr siyasətdə, idarəetmədə səriştəsiz və təcrübəsiz olduğundan müvazinət yaratmağı bacarmır. Daxili və xarici siyasətdə gərginliklər yaranır. Bu isə daxili və xarici müharibələrlə nəticələnə bilər. Hakimiyyətdə uzun müddət davam gətirə bilməyən radikal qüvvələri texnokratlar əvəz edir. Bunlar hakimiyyəti gücləndirir və sabitliyi bərpa edir. Bu dövrün də özünəməxsus problemləri var. Sabitliyi və müvazinəti saxlamaq üçün bir çox inqilabi hədəflərdən və dəyərlərdən uzaqlaşmaq lazımdır. Bu isə inqilabın bütün acılarına dözmüş və hələ də həyətda olan inqilabçı qüvvələrin əqidələrinə zidd olduğundan yenidən bu qüvvələrin meydana çıxamsına səbəb olur. Bəzi hallarda bu qüvvələr sabitlik dövründə təcrübə toplayaraq yenidən hakimiyyətə qayıdan zaman bir sıra müsbət işlərə imza ata bilirlər, amma əks halda rejimlərin tənəzzülə uğramasına səbəb olurlar. Bu sırada ya məhv olur ya hakimiyyəti ələ keçirə bilirlər və yenidən inqilabın hədəflərinə doğru addım atmağa başlayırlar. Bu isə əhalidə inqilabçılıq əhval ruhiyyəsinin söndüyü vaxta təsadüf etdiyindən müsbət qarşılanmır və adətən yenidən daxili və xarici müharibbələrlə nəticələnir. Əhmədinejadın yaratdığı hökümət də bu qanunauyğunluq əsasında meydana çıxan bir həqiqətdir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar