SON XƏBƏRLƏR

Türkiyənin Fransaya qarşı sanksiyaları (təhrim) açıqlandı- VİDEO

2021.10.20, 07:36
Türkiyənin Fransaya qarşı sanksiyaları (təhrim) açıqlandı- VİDEO

Gunaz.tv

GünAz TV: Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 8 başlıqda sıraladığı sanksiyaların (təhrim)  başlanğıc olduğunu bildirib.

 

Ötən gün qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin Fransa parlamentində qəbul edilməsindən sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu ölkəyə qarşı həyata keçiriləcək sanksiyaları (təhrim) açıqlayıb. Fransanın atdığı bu addımın böyük uğursuzluk olduğunu deyən Ərdoğan bu addımın iki ölkə münasibətlərinə mənfi təsir göstərəcəyini bildirib.  Baş nazir bunun Parisdə öldürülən türk diplomat Yılmaz Çolpanın vəfat ildönümündə olmasının isə düşündürücü olduğunu qeyd edib.

 

“Biz tariximizlə fəxr edirik. Bizim tariximizdə belə bir soyqırımı yoxdur. Bunu qəbul etməyimiz mümkün deyil. Bizim ölkəmizdə 100 000-ə yaxın erməni yaşayır. Onlardan bəzisi vətəndaşımız, bəzisi isə vətəndaş olmadan bu ölkədə yaşayır” – deyə Ərdoğan bildirib.

 

Qeyd edək ki, baş nazir Fransaya qarşı tətbiq olunacaq sanksiyaları 8 başlıqda sıralayıb:

1. Parisdəki Türkiyə səfiri geri çağırılıb.

 2. Bu andan etibarən ikili səviyyədə həyata keçirilməsi nəzərdə tutulan siyasi, hərbi və iqtisadi mahiyyəti olan qarşılıqlı səfərlər, seminar, təhsil, kurs, personal mübadiləsi kimi fəaliyyətlər dayandırılır.

 3. Hərbi təlimlər ləğv edilir.

 4. Bu ölkə ilə hər cür siyasi məsləhətləşmələr dayandırılır.

 5. Fransa hərbi təyyarələri hər uçuş üçün Türkiyədən ayrıca izn alacaq.

 6. AB (Avropa Birliyi) tvinninq layihələrində Fransa ilə əməkdaşlıq edilməyəcək.

 7. Hərbi gəmilərin limanlarımıza (bəndər) yaxınlaşmaq üçün etdikləri müraciətlər bu gündən ləğv olunur.

 8. 2012-ci ildə İqtisadiyyat nazirləri arasında keçiriləcək Türkiyə-Fransa müştərək iqtisadi iclasında Türkiyə iştirak etməyəcək.

 

Baş nazir bunun başlanğıc olduğunu deyib: “Bu ilk mərhələdir. Altından xətt çəkərək vurğulayıram. Bu ilk mərhələdir”.

 

Qanunun Fransada tətbiqinə görə yeni tədbirlərin də gündəmə gələ biləcəyini deyən Rəcəb Tayyib Ərdoğan bu tədbirləri tərəddüd etmədən həyata keçirəcəklərini qeyd edib. Ərdoğan həmçinin məsuliyyətli hərəkət edən, təklifin əleyhinə olan parlamentarlara da təşəkkürünü bildirib.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar