SON XƏBƏRLƏR

Təbrizdə həbs olunan azərbaycanlı şairlərdən xəbər yoxdur

2021.10.20, 07:36
Təbrizdə həbs olunan azərbaycanlı şairlərdən xəbər yoxdur

Gunaz.tv

GünAz TV: Mayın 2-də Təbrizdə həbs olunmuş azərbaycanlı şairlər Şəhriyar del Gerani (Hacızadə) və Fərid Hüseyndən hələ bir xəbər yoxdur.

Bu barədə “Yeni müsavat” qəzetinə açıqlamasında Şəhriyar Hacızadənin atası Hacı Mail məlumat verib. M.Hacızadə məktubla Azərbaycanın Təbrizdəki konsulluğuna müraciət etdiklərini və hazırda cavab gözlədiklərini deyib: “Hələlik heç bir məlumat yoxdur. Rəsmi qurumlara müraciət etmişik, Təbrizdəki Azərbaycan konsulluğuna məktub yazmışıq. İndi cavabı gözləyirik”.

Mail Hacızadə yaxın günlərdə bir cavab ala bilməyəcəyi təqdirdə Təbrizə gedəcəyini bildirdi. Qeyd edək ki, Şəhriyar del Gerani və Fərid Hüseyn aprelin 29-da İranda fəaliyyət göstərən AYŞO (Azad Yazarlar, Şairlər Ocağı) təşkilatının dəvətilə poeziya festivalında (cəşvareye şeir) iştirak üçün İrana səfər ediblər. Mayın 2-də isə geri dönərkən onları Təbrizdə mülki geyimli şəxslər həbs edib. Mətbuatın yazdığına görə, Azərbaycan XİN (xarici işlər nazirliyi) və MTN (Milli Təhlükəsizlik Nazirliyi) şairlərin yerinin müəyyən olunması üçün araşdırmalar aparır. XİN mətbuat xidməti araşdırmaların davam etdiyini bildirib. Eyni zamanda Azərbaycanda şairlər mayın 7-də aksiya (göstəri) keçirməyə hazırlaşsalar da, sonradan tədbir təxirə salınıb. İranın Azərbaycandakı səfirliyi də məsələni araşdıracağına söz versə də, hələlik bir məlumat əldə olunmayıb. Ötən gün qəzetimizə danışan səfirliyin əməkdaşı Əli Namdar müvafiq sorğu göndərildiyini, hələik bir cavab almadıqlarını deyib.

Ötən gün “Media forum” saytına açıqlama verən Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla İranda həbs olunan şairlərin ailələri ilə görüşdüyünü bildirib. K.Abdulla şairlərin işi ilə “ciddi məşğul oluduğunu” deyib. Rektor bildirib ki, gənc şairlər İrana dəvət əsasında gediblər. Dəvət İranda keçirilən poeziya festivalında iştirakla bağlı olub: “Onlar ezamiyyətə getməyiblər, yəni onları İrana kimsə ezam etməyib, dəvət əsasında gediblər. Onlar Azərbaycana qayıdanda bütün sənədlərini qaydaya salmamış İrana getdiklərinə görə cavab verməlidirlər”.

Qeyd edək ki, hər iki şair Bakı Slavyan Universitetinin tələbələridir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar