SON XƏBƏRLƏR

Ərdəbil və Sulduzda eyni gündə bir neçə gənc qız intihara qalxıb

2021.10.20, 07:36
Ərdəbil və Sulduzda eyni gündə bir neçə gənc qız intihara qalxıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Ərdəbil və Sulduz şəhərlərində bir neçə intihar faktı qeydə alınıb.

 

Məlumata görə, mayın 6-da Sulduzda 3 azərbaycanlı qız şagirdi eyni vaxtda intihara cəhd göstəriblər. Zəhərli həb qəbul edən gənc qızlardan birinin öldüyü bildirilir.

 

Sulduzun Təhsil Şöbəsindəki etibarlı bir mənbə xəbəri təsdiqləyərək “Yol press”ə bildirib ki, “intihara cəhd göstərən qızlardan biri ölüb, digəri isə komaya düşüb. Həmin qız hazırda Urmiyə xəstəxanasında həkim nəzarəti altındadır. Üçüncü qız isə intihar anında öz fikirindən daşınıb.”

 

Daha bir dəhşətli intihar hadisəsi Ərdəbil şəhərində baş verib. Məlumata görə, bir azərbaycanlı gənc ana 2 yaşlı qızını öldürdükdən sonra özünü hotelin 5-ci mərtəbəsindən ataraq canına qəsd edib. Hadisə bazar günü, mayın 6-da baş verib.

 

Məlumata görə, uşağının canına qıyan ana hadisədən 24 saat sonra intihar edib, iki yaşlı uşağın cansız bədəni qaldıqları otaqda yatağın üstündə tapılıb.

 

Hadisə yerində canına qəsd edən gənc ananın yazısı və çox sayda zəhərli həb tapılıb. Məlum olub ki, ana körpə uşağını ona zəhərli həb yedizdirərək öldürüb.

 

Məlumatda bildirilir ki, tapılan yazıda hadisənin eşq macəraları ilə əlaqədar baş verdiyi qeyd olunub.

 

18 yaşlı ananın ərə gedərkən 18 yaşdan kiçik olduğu bildirilir. Uşaq hüquqları konvensiyasının 1-ci maddəsinə əsasən bu yaşda qız uşaq hesab olunur və onun ailə qurması qanunla qadağandır.

 

Mayın 4-də də bir gənc qız özünü Ərdəbilin Danişabad körpüsündən ataraq intihara cəhd göstərib və ağır bədən xəsarəti alıb.

 

Gənclər arasında intihar faktlarının artması güney azərbaycanlı ailələrin nigaranlığına səbəb olub.

Ekspertlər fikrinə görə, cəmiyyətdə yaranan ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemlər İrandakı intiharların əsas səbəbləridir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar