SON XƏBƏRLƏR

Anar Turan: ”İranda türklərə qarşı laqeyd münasibətin yeni versiyasının əsasını Rza şah Pəhləvi qoymuşdur”

2021.10.20, 07:36
Anar Turan: ”İranda türklərə qarşı laqeyd münasibətin yeni versiyasının əsasını Rza şah Pəhləvi qoymuşdur”

Gunaz.tv

GünAz TV Mətbuat Mərkəzinin növbəti müsahibi, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun eksperti, tanınmış yazar-təhqiqatçı Anar Turandır.

- Anar bəy, Fars tarixçiləri və ideoloqları yüz ildən çoxdur ki, İranda yaşayan türklərin assimilyasiyası üçün dərindən qabıqdan çıxırlar. İranizm, panfarsizm, azəriçilik ideologiyası adı altında türk millətinə əritməyə və öz nüfuz dairəsində saxlamağa çalışırlar. Amma bu, siyasi-ideoloji konsepsiyalar iflasa uğradı. Sizcə, rejim bu yolla türk toplumunu nə vaxta qədər idarə edə bilər?

- Əvvəla onu deyim ki, İranda farsizm elementlərini sırımaq cəhdlərinin tarixi qədimdən mövcuddur. Hələ Firdövsinin Şahnamə əsərində fars millətçilik düşüncəsi, türklərə yuxarıdan aşağı baxma duyğusu açıq-aşkar verilmişdir.Şahnaməyə az-çox bələd olan hər bir kəs bunu yaxşı bilir.Bunu əksər hallarda farsların özləri, bəzən isə nə qədər acı görünsədə milliyyətçə Azərbaycan türklərindən olan şahlarımız və ya digər dövlət adamlarımız da ediblər. Məgər ilk dəfə doğma türkcəmizi dövlət dili səviyyəsinə yüksəldən Şah İsmayıl kimi nəhəng şəxsiyyətimizin nəticəsi Şah Abbas bu səhvi etmədimi.şah Abbas nə qədər böyük strateq, hərbi təşkilatçı, məğlubedilməz sərkərdə olsa da bu faktdır ki, onun Səfəvi dövlət aparatında farslaşdırma siyasəti Türk dövlət idarəçilik ruhuna böyük zərbə vurmuşdur. Bundan başqa bir çox böyük söz sənət ustalarımızın fars dilində yazıb yaratmaları regionda farsların əl-qol açmalarına və türkləri tədricən sıxışdırmağa gətirib çıxarmışdır.İran tarixi millətimizin igidlikləri,fatehlik bacarıqları ilə zəngindir.Bunu hər bir fars da bilir,türkdə.İran adlanan yerin mühavizəsinin qarantı tarixən Azərbaycan türkləri olmuşdur.Çünki həm say üstünlüyü,həm döyüşkənlik ruhu hər zaman bu milləti regionda izləyən üstünlük olmuşdur. O vaxtlar Azərbaycanın bötövlüyü hardasa bu milli üstünlüyün zəifləməsinə əngəl olurdu. Amma biz bölündükdən sonra cənublu soydaşlarımız baxmayaraq ki, yenədə regionun (bölgə) aparıcı etnosu (xalq) kimi qalsalarda sanki qanadı sındırılmış qartala çevrildilər. Aramızda olan ədavətlərdən farslar məharətlə istifadə edərək 1925-ci ildə hakimiyyətə gəldilər. Hakimiyyətə gələn Rza şah Pəhləvi səlahiyyətləri ələ keçirən kimi dərhal hökumət idarələrində farslaşdırmanı sürətləndirdi.Mən deyərdim ki, İranda türklərə qarşı laqeyd münasibətin yeni versiyasının əsasını Rza şah Pəhləvi qoymuşdur.Məhz onun dövründə farsların sürətlə hökumət qurumlarına yerləşdirilməsi və məktəblərdə,mədrəsələrdə türk dilində danışmaq qadağan edildi.Buda təbii ki, cəmiyyətdə farsların maddi və fiziki üstünlüyünü artırdı.Onun oğluda atasının millətçi siyasətini canla-başla davam etdirirdi.1979-cu ilə Xomeyninin İslam inqlabından sonra vəziyyətin dəyişəcəyi zənn edilsə də bu belə olmadı.İslam inqlabının gətirəcəyi bərabərliyi düşünərək çevrilişin əsas fədailəri soydaşlarımız olsada onların bu hakimiyyətə olan ümidləri də alt-üst oldu.Belə ki, İranda İslam inqlabı bəlkə də sosial sferada (ictimaii sahədə) hansısa uğurlara imza atdısa da, ölkə daxilində olan iri etnosların xüsusilə əhalinin tən yarısını təşkil edən türklərin hüquqlarını qaytarmadı.Sözdə İslam birliyindən danışılsa da əməldə 30 milyondan çox Azərbaycan türklərinin dil hüquqları bu günə kimi qaytarılmır.Üstəlik güney Azərbaycanın bütöv ərazisi ayrı-ayrı adlarda kiçik ostanlıqlara bölünərək İran daxili vahidlik qəsdən pozuldu. Eyni zamanda türk milli kimliyinin dəfələrlə fars mətbuat orqanlarında təhqir edilməsi,azəriçilik kimi ideyaların ortalığa atılması təbii ki, bu məsələlərin İslam dövlətində qatı şovinist farsçı qüvvələrin idarəetmədə böyük qüvvə sahibi olduqlarının göstəricisidir.Onu da qeyd edim ki, soydaşlarımız nə qədər sıxışdırılsalarda biz quzeylilər onların xasiyyətinə bələdik və bilirik bu zəncirlərin ömrü uzun ola bilməz.Çünki xalqımız onu türklükdən soyutmaq,milli dəyərlərdən məhrum etmək istəyən qüvvələrə heç vaxt boyun əyməmişdir.Bunu tarix dəfələrlə sübut etmişdir.

 

- Türk millətinin milli enerjisi haradan qaynaqlanır ki, yüzillərdir ki, türk millətinin başı üzərindən qarabuludlar çəkilmir, üstümüzə yad ideologiyalar gəlir, bütün bunlara baxmayaraq yenidən dövlət qururuq, milli iradəmizi ortaya qoyuruq...

 

- Elnur bəy bilirsiniz ki, mən həmdə tarixçiyəm və xüsusilə Türk xalqları tarixini araşdırmaqda daha çox maraqlıyam.Sual olduqca gözəldir. Dünyanın ən məşhur şərqşünasları,türkoloqları araşdırmalarında bir şeyi həmişə vurğulamışlar:Türk xalqlarının dinamikliyini.Onların sonsuz əzmkarlığını və döyüşkənliyini.Bu faktor tarix boyu türklərin bəşər tarixində fövqaladə bacarıqlar göstərməsini təmin etmişdir.Böyük Avropa fatehi Napoleon belə bu milləti vəsf edərək, “Türkləri öldürmək olar, lakin məğlub etmək əsla olmaz” demişdir.Bir çox tarixçilər hətta bəzi öz tarixçilərimiz belə millətimizi mədəni keyfiyyətlərdən uzaq,köçəri maldar kobud toplum kimi qələmə verməyə çalışsalarda tarix tarixdir.Tarix göstərir ki, bir millətin ən ali mədəni üstünlüyü onun dövlət qurma bacarığıdır. Onda necə olur ki, mədəniyyətsiz türk tarixin elə bir dönəmi yoxdur ki, ən azı bir dövlətlə siyasət səhnəsinə atılmasın. Ən azı 120-dən çox dövlət qurmuş,15-dən çox imperiya yaratmış xalq necə mədəniyyətsiz olar axı. Mənə elə gəlir ki,zəngin hərbiçilik ənənəsi,dərin zəka,mərdlik prinsipləri (üsul, ilkə) Tanrının türk xalqlarına verdiyi bir ulu keyfiyyətdir ki, bu xalqı hər zaman yüksəklərə qaldırmışdır.Bilirsiz güclü güclüdür.Və güclünün əməyini itirməyə çalışanlar həmişə çox olur.Xüsusilədə güclü ədalətli olanda.Türkün ədalət dəyəri,ədalət duyğusu həmişə onu izləmişdir.Və ona görə də özü istəməsə belə düşmənləri həmişə çox olmuş və olmaqdadır.

 

- Əslində bu gün cəmiyyətimizdə başqa qüvvələr milli ideologiyamıza alternativ olaraq, - dini radikal ideologiya qoymaq istəyirlər. Siz, bu, tendensiyasını görürsünüzmü?

 

 

- Əslində bu haqda çox danışmaq olar. Çünki bu məsələ həqiqətən həll olunması vacib problemlər siyahısına düşməkdədir. Respublikamız (Cümhuriyyətimiz) dünyəvi dövlətdir. Dünyəvi dövlət olduğu üçün də ozünəməxsus milli ideologiyaya sahib bir dövlətdir. Eyni zamanda konstitusiyamızda (Ana yasa) vicdan azadlığı haqqında qanun da mövcuddur. Yəni hər kəs dini seçimində azaddır. Amma bir şeyi də qəbul etmək lazımdır ki, ölkəmiz müsəlman ölkəsidir.Əhalinin əksəriyyəti ata-babadan İslam dininə siyayiş edirlər. Buna hörmətlə yanaşmaq lazımdır.Mənəvi dəyərləri qorumaq bilavasitə dövlətin borcu və ölkədaxili siyasətinin tərkib hissəsi olmalıdır. Dövlət dinlə dil tapmağa çalışmalı və tolerant mühit formalaşdırmağı öhdəsinə götürməlidir.

Təəsüflər olsun ki, bu gün ölkəmizdə müxtəlif səpkidə radikallığa meylli qruplaşmalar varki, dövlətlə xalqın arasına girməyə çalışır və daxili ictimai nizamı pozmağa cəhd göstərirlər. Bura tək İslam dininə məxsus qeyri-ənənəvi təriqətlərin nümayəndələri deyil,o cümlədən xristian təmayüllü cərəyanların missionerləri də daxildir.Fikir versəniz görərsiniz ki, bu tipli qruplaşmalar iş mexanizmlərini sosial problemləri diqqət mərkəzinə gətirməklə qururlar. Yəni işsiz, maddi sarıdan çətinlik çəkən bəzi vətəndaşlarımıza daha asanlıqla təsir edə bilirlər. Buda üzərində dayanmalı problemlərdən biridir.

Eyni zamanda milli ideologiyamızı radikal dini ideologiyaya istiqamətləndirmək istəyən bəzi soydaşlarımız mövcuddur. Belələri əsasən digər müsəlman ölkələrinin dini-siyasi təşkilatlarından ideoloji dəstək alır və öz ambissiyalarını (hisslərini) ortalığa qoymağa çalışırlar.Bəziləri Ərəbistandan, bəziləri Türkiyədən, bəziləri isə İrandan dəstək alırlar.Bu da həmin ölkələrin ölkəmizdə sosial bazalarının (bəstər, cayqah) yaranmasına gətirib çıxarır.Həmin ölkələrin dini liderləri istənilən an bu insanların vasitəsi ilə daxili sabitliyi pozmaq,vətəndaş qarşıdurması yaratmaq hüququ əldə etmiş olur.Belə halların qarşısı vaxtında alınmalı və ölkədə milli təhlükəsizlik sisteminin fəaliyyətini bir az da gücləndirmək lazımdır.

İstənilən inanclı vətəndaşımız öz vətəninə xidmət etməlidir.Öz ölkəsinin maraqlarını digər dövlətlərin ayaqları altına atmamalıdır.İnanclı vətəndaş,inanclı soydaş deyəndə milli qəhrəman Mübariz İbrahimov və onun kimiləri örnək götürmək lazımdır.Vətənindən ötrü hər an həyatını qurban verməyə hazır olanları. Başqa ölkələrin maraq qulu olub,öz dövlətinə xəyanət edənləri yox.Məncə radikal dini qruplaşmalar ölkəmizdə ciddi auditoriya toplaya bilməzlər.Ölkəmizin milli ideologiyasını ürəkdən sevən, ona sadiq olan böyük xalq kütləmiz mövcuddur.

 

 

- Sizcə, bu ideoloji-siyasi xətt özünü doğruldacaqmı?...

 

 

- Yetərincə soydaşlarımız mövcuddur ki, dövlətimizin ideoloji-siyasi xəttinə sadiqdir.Dövlətdə hakim kimin olmağından asılı olmayaraq, milli ideologiya dəyişməzdir.bu dövlətçilikdir. Bunu hər bir normal Azərbaycanlı insan dərk edir və hörmətlə yanaşır.

 

 

- Bir tədqiqatçı olaraq, cəmiyyətimizdə milli ideologiyanın inkişafı üçün hansı təkliflərlə çıxış edərdiniz?

 

 

- Milli ideologiyasız dövlət, kompassız gəmiyə bənzəyir. Bunu hər bir inkişaf etmiş millət dərk edir. Hər bir dövlətin də özünəməxsus ideologiyası mövcuddur ki, buda onun gələcəyinin yönləndirici qüvvəsidir. Firimcə, Azərbaycanın çox böyük məvhumlara söykənən milli ideologiyası mövcuddur. Bu ideologiyanı bizim dövlət rəmzlərimizdən olan üçrəngli bayrağımızda da görmək mümkündür. Türkçülük, Müasirlik və İslamçılıq bizim dəyərlərin,bizim gələcək inkişafımızın əsasıdır. Bu ideoloji düstura hər bir Azərbaycan vətəndaşı hörmətlə yanaşmağa borcludur. Biri milli kimliyimizin, o biri tərəqqinin,yüksəlişin, digəri isə dini kimliyimizin atributudur (göstərici). Bunları yaşatmaq Azərbaycanı qorumaq deməkdir. Bu rəmzlər, bu düstur milli ideologiyamızın tərkib hissəsidir.

Milli ideologiyamızın rəsmi qorunmasına məsul dövlət olduğu kimi,onu qəlbində yaşatmaq,hörmətlə anmaq,onların mahiyyətini öyrənmək bizlərin borcudur.Bu sahədə təhsil strukturları (qurumları, saxtarı)  xüsusi fədakarlıq nümayiş etdirməlidirlər.Çünki hər şey məktəbin verdiyi təhsildən asılıdır. Bu sahə dərsliklərə xüsusi salınmalı ölkə miqyasında öyrənilməsi təmin edilməlidir. Bundan əlavə media qurumları bu sahədə xalqa yardımçı olmalıdır.Media böyük silahdır.Bu sahədə mətbuat aktiv (fəal) olmalı daim efirdə, radio qazet və jurnallarda,internet vasitələrində milli ideologiyamızın təbliğatını görməliyik. QHT-lər (Qeyri Hökumət Təşkilatı) bu sahəni daim gənclər arasında təbliğ etməli,bu barədə açıq seminarlar,kurslar təşkil etməlidirlər.

Bu təkliflərin cəmiyyətdə möhkəm yer almasını sürətləndirmək üçün, istər yad dini missionerlik fəaliyyətinin, istərsə də digər müsəlman ölkələrindən bura gətirilən radikal təriqətçi ideyaların yer almasının qarşısı dərhal alınmalıdır. Bu sıraya kosmopolitizmi təbliğ edən qüvvələrin susdurulması da aiddir. Bir sözlə bir az əvvəl qeyd etdiyim bütün təkliflər paralel surətdə aparılmalı və millətin alt şüurunda yerləşdirilməlidir.

Söhbətləşdi: Elnur Eltürk

 

 

 

 

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar