SON XƏBƏRLƏR

Şah İsmayil Xətaini kürd adlandıran AKP-li millət vəkilinə tutarlı elmi cavab (Müsahibə)

2021.10.20, 07:36
Şah İsmayil Xətaini kürd adlandıran AKP-li millət vəkilinə tutarlı elmi cavab (Müsahibə)

Gunaz.tv

GünAzTV mətbuat mərkəzinin növbəti müsahibi, tanınmış tədqiqatçı Ceyhun Bayramlıdır.

Ceyhun müəllim, Türkiyə Böyük Millət Məclisinin üzvü, hakim Ədalət və İnkişaf Partiyasının İstanbul millət vəkili Reha Çamuroğlu “Atlas Tarix” jurnalına müsahibəsində Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin kürd olması ehtimalını irəli sürüb. Ümumiyyətlə, Xətainin türk olması ilə bağlı hansı tarixi qaynaqlar var?

- Əvvəla, müstəqil türk dövlətlərinin qarşısında bu gün bir çox həlli vacib və ümdə məsələlər durduğu dönəmdə hansısa Türkiyə Böyük Millət Məclisi üzvü olan millət vəkilinin keçmiş tarixin səhifələrindən danışması, özü də yanlış və əsassız bir şəkildə danışması əsla qəbuledilən deyil. Reha Çamuroğlu özünün “İsmail” adlı tarixi romanında Qızılbaşlığın Doğu Anadolu adlandırılan bölgənin Türkman elatları tərəfindən dəstəkləndiyini və əsas güc mərkəzinin də məhz onlardan ibarət olduğunu qayət açıq bir şəkildə qeyd etmişdir. Bu baxımdan bu gün onun Şah İsmayıl Xətainin kürd olması ilə bağlı danışmasını anlamaq mümkün deyil. Cənab Çamuroğlunun Şah İsmayılın guya kürd olması ilə bağlı irəli sürdüyü ehtimal tarix elmində bundan çox-çox əvvəl Azərbaycan tarixçi-alimləri tərəfindən qəti şəkildə təkzib olunmuşdur. Elə təkcə dəyərli alimimiz Oqtay Əfəndiyevin tədqiqatlarını oxumaq bu haqda fikir yürütməyə kifayət edər. Görünür sayın Çamuroğlu Osmanlının qeyri-türk mənşəli saray tarixçilərinin əsərlərindəki hədyanlara və İsmayılofobiya elementlərinə o qədər aludə olub ki, Azərbaycan tarix elminin on illər ərzində Səfəvişünaslıq sahəsində atdığı nəhəng addımlara diqqət yetirmək yadına düşməyib. Türkiyə millət vəkili olan və türklükdən danışan bir insan necə ola bilər ki, mənbələrə diqqət yetirib Şah İsmayılın babası və Qızılbaşlığın təməlini qoymuş Ərdəbil şeyxi Səfiəddin İshaqın “piri-türk” adlanması faktını görməsin? Şeyx Səfiəddin dərgahına təşrif buyuran türkmanlara yeməyə bal-qaymaq, farslara, kürdlərə isə soğan-çörək verilməsi tarixi mənbələrdə qeyd olunur, Reha bəyin bunları bilmədən çoxmilyonluq Türkiyə oxucusuna “İsmail” adlı roman yazıb təqdim etməsi anlaşılan deyil. Şah İsmayılın nə ata, nə də ana tərəfdən nəslində bir dənə də olsun kürd izinə rast gəlinmir, bu, bir az öncə qeyd etdiyim kimi, Osmanlının qeyri-türk saray tarixçilərinin yazdıqları iftiradan başqa bir şey deyil və heç bir tutarlı dəlilə də əsaslanmır. Şah İsmayılın yalnız anasının ana babası Trabzon hakimi olub, İsmayılın həm atasının atası, həm atasının anası təmiz qanlı türk idilər, hətta İsmayılın anasının atası Ağqoyunlu sülaləsinin əsasını qoymuş Həsən Bayandurludur ki, Osmanlının həmin o qeyri-türk saray tarixçiləri onu həqarətlə “Uzun Həsən” deyə qeyd etmişlər. Həsən padşahınsa türklüyünü danmaq heç bir kitaba sığmaz. İsmayılın atası Şeyx Cüneyd oğlu Şeyx Heydərin nədən körpə İsmayıla ana südü verilməsini qadağan etməsini və ona təmiz qanlı bir türk qadınını süd anası seçməsini düşünməyi də sayın Reha bəyin öz öhdəsinə buraxaq. Şah İsmayıl Xətai necə kürd ola bilərdi ki, 1508-ci ildə Urmiya gölü civarına gəlib yerləşmiş yezidi kürdlərinin silahlı üsyanını yatırdıb. “Kürddür” demək asandır, bunu isbatlaya bilməyən insan kim olursa olsun, mənim fikrimcə, məkrli niyyət güdür və ya konkret türklüyə zidd qüvvələr tərəfindən danışdırılır.

          Digər tərəfdən, Şah İsmayılın kürd olması barədə fikir yürütməzdən öncə Reha bəy məsləhətdir ki, əvvəlcə “Kitabi-Diyarbəkriyyə”ni, “Tarix-e-Səfəvi” adlı mənbəni, İskəndər bəy Münşi Türkmanı, Məhəmməd Təbrizinin xronologiyasını, Şah I Təhmasibin təzkirəsini vərəqləyib həqiqətlərdən hali olsun, daha sonra isə dönüb bir Osmanlı sarayına da nəzər salsın, Osmanlı tarixinin ən önəmli hökmdarı olmuş Sultan Süleymanın arvadı və Sultan II Səlimin anası Nurbanu Sultanın yəhudi olmasından, sarayda ilk dəfə “hökmdar anası” titulunu almasından, Fateh Sultan Mehmet dönəmindən başlayaraq İstanbula yəhudilərin axın-axın gəlmələrindən, onların hələ o dövrdə Osmanlı sarayında bir sıra mühüm vəzifələr tutmasından, vəzirlik, həkimbaşılıq etmələrindən də danışsın, Sultan I Səlimin özünün milli kimliyini və nə dərəcədə türk olmasını, ümumiyyətlə orta əsrlərin Osmanlı səhnəsində yer almış “devşirmələr” kəlməsinin mənasını özü üçün araşdırsın. Bunları ki Azərbaycan tarixçiləri demir, bunu Türkiyəli prof.dr. İlber Ortaylı “Tevratın türk evlatları” adlı əsərində mənbələrə əsasən qeyd edir, Türkiyənin bir çox adlı-sanlı tarixçi-alimləri yazır. Öz gözündə tiri görməyib qardaşının gözündə çöp aramaq Türkiyə kimi qardaş bir dövlətin millət vəkili kreslosunda (korsi) əyləşən bir insana yaraşmaz. Osmanlıda türk olduqlarına görə aşağılanan, dözülməz halda yaşayan yüz minlərlə türkün “Şahıma gedirəm” deyib Səfəvi dövlətinə köç etməsi faktını xatırlayaq. Bu qədər türkman məgər dəli olmuşdu ki, bir kürdün hakimiyyəti altında yaşamağa qərar versin? Türk soyunun mənsublarını “ətraki-biidrak” yəni “idraksız, dərrakəsiz türk” adlandırmış (bu haqda Türkiyə tarixçilərinin bir çoxu, o cümlədən, Faruk Sümer də yazır) ərəb-fars dilli Osmanlı sarayının qeyri-türk əyanlarının diktəsi ilə tarix əsərləri yazan saray tarixçilərinin fikirləri əsasında formalaşdırılmış anti-səfəvi düşüncə tərzinə məncə artıq Türkiyədə son qoyulmalıdır, bunun vaxtı çoxdan gəlib çatmışdır. Türkiyə tarixçiləri və onlara istinad edən ziyalılar Türk tarixinin yalnız Osmanlıdan ibarət olmadığını, və osmanlıpərəst tarixçilərin yeri gəldi-gəlmədi tənqid etməyə çalışdıqları Əmir Teymurun, Ağqoyunlu Həsən Bayandurlunun, Şah İsmayıl Xətainin, Nadir Şah Əfşarın öz türk kimliklərinə və pantürkçülük ideyalarına Osmanlı padişahlarının bir çoxundan daha sadiq olduqları faktını nəhayət ki, qəbul və etiraf etməyə özündə təpər tapmalıdır. Axı Türk dünyasının bu qədər ünlü insanları Osmanlı ilə münasibətlərində ucdantutma səhv mövqedə ola bilməzdi. Deməli, obyektiv türk tarixinin ortaya çıxarılması üçün Türkiyə tarixçiləri özlərinin daşlaşmış şablon baxışlarını bir daha nəzərdən keçirməli və korrektələr etməlidir.

          Türk tarixinə Osmanlı pəncərəsindən baxmaq, Türk tarixini Osmanlı mənbələri əsasında araşdırmaq, hər addımda Osmanlı mənafelərindən çıxış edərək fikir yürütmək heç vaxt doğru nəticələrə gətirib çıxarmayacaqdır, bunu Reha Çamuroğlu da, qardaş ölkənin tarixçiləri də nəhayət ki, bilməlidir. Azərbaycanda Şah İsmayıldan iki misra deyə bilməyən insana türkçü deyilməz, Şah İsmayılın zirvələrə qaldırdığı Saz sənətini anlamayan bir insan Türkçü hesab olunmaz. Türklükdən danışan hər bir ziyalı bu məqamları nəzərə almalı, qardaş türk ellərinin tarixi dəyərlərinə və şəxsiyyətlərinə qiymət verməyi bacarmalıdır.

- Çamuroğlu digər açıqlamasında çağdaş ələviliyin Şah İsmayıl Xətainin yaratdığı bir təriqət olduğunu bildirib. Bu fikrə münasibətiniz?

 

- Bu da həqiqətdən uzaq düşüncə tərzi və fikirdir. Son dövrlərdə Türkiyədə ələviliklə bağlı tədqiqat və araşdırmalar nəzərəçarpacaq dərəcədə artmışdır. Erdoğan Çinarın ələviliyin tarixinə dair bir neçə əsəri var. Əlbəttə, aparılan tədqiqatlarda və araşdırmalarda yanlışlıqlar da var, amma hər halda bu gün Ələviliklə bağlı fikir yürütmək əlli il öncəyə nisbətən daha rahatdır, çünki bunun üçün artıq müəyyən elmi baza formalaşıb. Reha bəyin fikri o baxımdan natamamdır ki, o, Qızılbaşlıqla Ələviliyi ayırd etməkdə görünür çətinlik çəkir. Xatırlatmaq yerinə düşər ki, bu gün Doğu Anadolu adlandırılan türk yurdu 1515-ci ilə kimi məhz Azərbaycan türklərinin qurmuş olduğu dövlətlərin ərazilərinə daxil olub. Ağqoyunlu paytaxtı öncə Diyarbəkir idi. Səfəvilər zamanında da Qars, Ərzincan, Ərzurum, İqdır, Van bölgələri Azərbaycan Səfəvilər dövlətinin əraziləri olub və 1504-cü ildə Osmanlı Sultanı II Bəyazid Səfəvilərin bu ərazilərini rəsmən tanıyıb. Hətta Şah İsmayılın Ərzincana gələrək Sultan II Bəyazidə məktub yazıb Osmanlı torpağına keçmək üçün izn istəməsi faktı var. Bu baxımdan sözügedən torpaqlarda yaşayan türklərin Qızılbaşlıq ideyasına sadiq olmasını təəccüblə qarşılamaq yersizdir. 1515-ci ildə Osmanlı ilə Səfəvilər arasında imzalanan sülh müqaviləsindən sonra sözügedən ərazilər Osmanlı tərkibinə keçmiş, bu ərazilərdə qalan türklərin məzhəbi inancları ilə mərkəzi Ərdəbil olan Qızılbaşlıq arasında əlaqə tədricən itmişdir. Mənim fikrimcə, məhz bu dönəmdən başlayaraq Ələvilik özünün ideya tənəzzülü dövrünü keçirmişdir. Yeri gəlmişkən, Reha Çamuroğlu yəqin bilməmiş deyil ki, bu ərazilər Osmanlı tərəfindən işğal edildikdən sonra bölgəyə dövlət siyasəti səviyyəsində və məhz Osmanlı sultanının istəyilə kürd tayfaları yerləşdirilmiş, hətta Azərbaycanın bir müddət Osmanlı əlində qalan Naxçıvan-Şərur bölgəsi kürd Mahmudi tayfasının ixtiyarına verilmişdir.

          Ələviliyin Şah İsmayıl tərəfindən yaradılmasını söyləyən Reha bəy unudur ki, ələvilik hər şeydən əvvəl qərbi Azərbaycan və doğu Anadolu türklərinə məxsus olan bir düşüncə sistemidir. Əgər Şah İsmayıl kürd idisə, türkə aid olan bir təriqəti necə yaradıb? Bu məqamda Reha bəyin fikirlərində inkar edilməz bir məntiqsizlik üzə çıxır, çünki o, hər halda bilməmiş deyil ki, bu günkü ələvilərin böyük əksəriyyəti milli mənşə etibarilə türkdür, məzhəb baxımından da şiə-cəfəri məzhəbinə yaxındır, kürdlərsə, tarixdən də bilirik ki, əsasən şafei məzhəbindən olmuşlar, bu gün də belədir. Reha Çamuroğlu öz müsahibəsində kürd ələvilərdən danışır, ancaq onların ələviliyin tarixində hər hansı rol oynayıb-oynamamasına toxunmur, çünki bu haqda yetərincə fakt və dəlil yoxdur. Kürd ələvilər türk ələvilərlə müqayisədə sayca çox azdırlar və onların Ələvilik təriqətinin tarixində hər hansı önəmli rol oynamaları ilə bağlı mənbələrdə tutarlı dəlillər tapmaq demək olar ki mümkün deyil. Milli-dini-məzhəbi yönümlü araşdırmalarda obyektivlik (tərəfsizlik) mütləq gözlənilməlidir, burda şişirtmələrə yer vermək, onlarla faktın müqabilində bir kiçik faktı qabardıb daha vacib bir sübut kimi önə çıxarmaq olmaz. Nihat Çetinkayanın “Kızılbaş türkler” adlı sanballı əsəri Reha bəyin öz fikirlərində korrektələr etməsinə yardımçı ola bilər.

 

 

- Bu gün Səfəvilər dövlətinə türk dünyasında müxtəlif münasibətlər var. Sizcə, bu dövlət türk dünyasının siyasi-iqtsadi və mədəni-sosial, coğrafi həyatında hansı rolu oynayıb?

 

 

--Bir ağrılı məsələyə də bu sualınız daxilində toxunmaq istəyirəm. Qardaş Türkiyə istəsə də, istəməsə də, qardaş dediyi Azərbaycan türkünün tarixini onun Həsən Bayandurlusu ilə, Şah İsmayılı ilə, Nadir şahı ilə birlikdə qəbul etmək zorundadır, əks təqdirdə qardaşlıqdan danışmağa dəyməz. Necə ki Azərbaycan tarixçiləri qardaş Türkiyə türklərinin dövləti kimi böyük Osman Qazi tərəfindən əsası qoyulmuş Osmanlını bütün müsbət və mənfi tərəfləri ilə birlikdə səmimi bir şəkildə qəbul edir, və ayrı-ayrı sultanların Azərbaycana münasibətdə zaman-zaman tutduqları yanlış mövqeyi bütövlükdə Osmanlıya aid etmir, eynilə bu formada da Türkiyə tarixçiləri Səfəviləri Azərbaycan türklərinin tarixi imperiyası kimi qəbul etməlidir. Bu gün Türkiyə tarixçiliyi on altı türk imperiyasını xatırladığı zaman təəssüf ki, dərin bir yanlışın içərisində olduğunun fərqinə varmır. Necə ola bilər ki, Şah İsmayılın xeyir-dua verərək həm maddi cəhətdən, həm ordusu ilə dəstək olduğu Teymur nəvəsi Baburun qurduğu Hindistan Moğollarını Türkiyə tarixçiləri türk dövləti hesab edir, amma gerçək bir türk dövləti olmuş Səfəvilər dövlətinin adı Türkiyə tarixşünaslığında addımbaşı xatırlanan 16 türk imperiyası sırasında qeyd olunmur. Nəinki Səfəvilər, hətta Ağqoyunlular, Qaraqoyunlular, Əfşarlar, Qacarlar belə sadalanan türk imperiyaları arasında xatırlanmır, Azərbaycan ictimaiyyəti haqlı olaraq Türkiyə tarixçilərindən və tarix elmindən bunu gözləyir.

          Azərbaycan türkünün bəşər tarixinə səs salmış 21 imperiyası və irili-xırdalı dövləti olub ki, onlardan sonuncusu çağdaş Azərbaycan Respublikasıdır. Türkiyə tarixçiləri Azərbaycanın tarixi Maday imperiyasını türk imperiyası kimi qeyd etməyəndə, təbii ki, hansısa kürd separatist düşüncəli yazarı da götürüb Maday dövlətimizi kürdlərin adına çıxmağa çalışacaq. Artıq bu yöndə çeşidli cəhdlərlə rastlaşırıq. Bu səbəbdən də bu gün türk dövlətlərinin ortaq tarix komissiyasının yaradılmasına, ortaq türk tarixinin işlənib-hazırlanmasına, düşünürəm ki, böyük ehtiyac var.

          Səfəvilərin türk tarixində oynadıqları rola gəlincə, bu haqda ötən müsahibəmdə də bəzi fikirləri söyləmişdim. Səfəvi Qızılbaş dövləti ilk növbədə Oğuz türkcəsinin dövlət dili səviyyəsinə qaldırılması ilə türküyə xidmət etmişdir. Daha sonra, Osmanlının yad qafalı saray əyanlarının zülmü ilə üzləşmiş türkman elatlarını bir bayraq altında toplayıb Azərbaycan türk milli dövlətçiliyi naminə səfərbər etmişdir. Tarixdə çeşidli türk əşirətlərinin bir araya gələrək vahid ideya ətrafında cəm olub türk dövlətçiliyinə sədaqət andı içdiyi dönəmlər az olub. Qızılbaş dövlətinin ən böyük xidmətlərindən biri elə budur. Səfəvilər dövləti (Avropa mənbələrində Qızılbaş Midiya dövləti adlanır) həmin dövrdə ön Asiya, İran yaylası və orta Asiyada yaşayıb-yaratmış, amma unikal əsərlərinə heç bir dəyər verilməyən yüzlərlə türk soylu sənət adamını, şair və mütəfəkkiri, xəttat və rəssamı Səfəvi paytaxtı Təbrizdə cəm etmiş, onların önündə sözün hər mənasında yaşıl işıq yandırmışdır. Təbrizdə Şa sarayında “Üləmalar Məclisi”, “Şairlər Məclisi” təşkil olunması Şah İsmayılın elmə, mədəniyyətə nə qədər önəm verdiyini açıq şəkildə göstərir.  Səfəvi Qızılbaş dövləti Sasanilərin fars saray sisteminin yüzillərlə yaşadığı Şirvan bölgəsində Şirvanşahların varlığına son qoymaqla əslində təkcə Azərbaycan torpaqlarının vahid bir dövlət tərkibində birləşməsinə olan əngəlləri aradan qaldırmamış, eyni zamanda Azərbaycanın timsalında qədim türk dövlətçilik ənənələrini bərpa etmişdir. Səfəvi Qızılbaş dövləti türk mədəniyyətinin inkişafında elə mühüm rol oynamışdır ki, o rolu danmaq qeyri-mümkündür. Eləcə də iqtisadi sahədə, Səfəvi Qızılbaş dövlətinin mövcudluğu təkcə onun idarə etdiyi nəhəng ərazilərdə yox, eyni zamanda ərəb ölkələrində, Osmanlıda, Orta Asiyada, Hindistan və Çində ticarət dövriyyəsinin davamlılığına şərait yaratmış, köhnə ticarət yolları bərpa edilməklə bölgə xalqlarının durumunun yaxşılaşması təmin olunmuş, Şah İsmayıl tərəfindən 2 milyon 800 min kv.km-lik bir ərazidə vergilər nəzərəçarpacaq dərəcədə azaldılmışdır, kənd təsərrüfatında irəliləyişə nail olunmuşdur.

          Bilirsiniz, Şah İsmayıl və Səfəvi Qızılbaş dövlətinə Türkiyənin bəzi tarixçilərinin mənfi münasibət bəsləmələrini normal məntiqlə izah etmək çətindir, ən azı o səbəbdən ki, nə bu dövlət nə də bu dövlətin başında duran hökmdarlar heç bir vaxt Osmanlı imperiyasının torpaqlarına təcavüz etməmiş, onlara savaş elan etməmişlər, əksinə, dəfələrlə məhz Osmanlı sultanlarının təcavüzünə məruz qalmışlar. 1514-cü ilə kimi Səfəvi Qızılbaş dövlətinin sərhədlərini əks etdirən xəritələrə baxmaq kifayətdir ki, Sultan I Səlimin 200 minlik ordu və 300 topla Azərbaycan torpaqlarının ortasında yerləşən Çaldıran düzündə nə aradığı məlum olsun. Osmanlı və Səfəvi dövlətləri arasında zaman-zaman bağlanmış müqavilələrin mətninə nəzər salmaq yetərlidir ki, Sultan Süleyman Qanuninin qoşunla gəlib Təbrizə çıxmasına qiymət verilsin. Və həmin bir sıra Türkiyə tarixçilərindən fərqli olaraq qardaş özbəklərin Səfəvi hökmdarlarına qarşı səbrli münasibət sərgiləməsini də bu yerdə xatırlamaq olar, halbuki Şah İsmayıl məhz özbəklərin hökmdarı Şeybani xanı 1510-cu ildə məğlub edərək Orta Asiyanın böyük bir qismini Səfəvilər dövlətinin tərkibinə qatmışdı. Yəni hansısa özbək tarixçisi bu gün durub Şah İsmayılı və Səfəviləri tənqid edərsə, bunu hardasa anlamaq olar, amma bəzi Türkiyə tarixçilərinin səs-küy salmalarını məntiqlə izah etmək mümkün deyil. Eynilə bu cür yanaşmanı Azərbaycan tarixçilərinin düşüncəsində də görə bilərik. Əmir Teymur Təbrizdə neçə min insanı öldürtmüş, diri-diri divara hördürmüşdü, ancaq bu, Azərbaycan türklərinin Əmir Teymuru türk dünyasının ünlü şəxsiyyəti kimi görməsinə mane olmur. Bu baxımdan bayaq qeyd etdiyim kimi, Türkiyə tarixçiliyində bir çox şey yenidən və ən önəmlisi, obyektiv şəkildə yazılmalı, araşdırılmalıdır. Ortaq türk tarixinin işlənib-hazırlanması işində əməli fəaliyyətə keçilməsə, hansısa türk soylu ziyalı yaxud alimin öz ölkəsinin maraqlarından çıxış edərək söylədiyi mübahisə doğuran hər bir kəlmə bu türk xalqlarının gündəmini beləcə lazımsız yerə məşğul edəcək. Bu vəziyyətdən qurtulmaq üçün dövlətlər arası ortaq komissiyanın yaradılmasına, obyektiv birgə araşdırmaların aparılmasına ehtiyac var. Ümid edək ki, yaxın dövrlərdə bu sahədə ümumi işin xeyrinə atılan addımların şahidi ola biləcəyik. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar