Oktyabrın 7-də baş verən faciəli hadisələrdən, güneydə HƏMAS qırğınından və quzeydə Hizbullahın aylarla davam edən raket hücumlarından sonra İsrail yaxın tarixinin ən ciddi problemləri ilə üzləşir.
Bir vaxtlar çiçəklənən bir neçə rayon hazırda xarabalıqdadır.
Yenidənqurma gedir, lakin onun tempi və təşkili aktual suallar doğurur. Belə bir reallıqda genişmiqyaslı dağıntılar və münaqişədən sonrakı transformasiya ilə üzləşmiş digər ölkələrin təcrübəsini araşdırmaq və təhlil etmək həyati əhəmiyyət kəsb edir.
Mən yaxın zamanlarda ailəmin nəsillərinin doğulub yaşadığı Azərbaycana səfərdən ölkəyə qayıtdım. Azərbaycan İsrailin getdikcə daha sıx strateji əlaqələr qurduğu dövlətdir.
Və bu gün hesab edirəm ki, Azərbaycan həm münaqişədən sonrakı bərpa, həm də ictimai dayanıqlıq və xarici siyasət sahəsində dəyərli və praktiki model təklif edir.
Müharibədən sonrakı bərpa: Qarabağ təcrübəsi
Otuz ilə yaxın idi ki, Azərbaycan ərazisinin 20%-ə yaxını Ermənistan silahlı qüvvələrinin işğalı altında qalmışdı. 2020-ci ildə suverenliyin bərpasından sonra ölkə qarşısında çox böyük vəzifə durur: azad edilmiş rayonların reinteqrasiyası, dağılmış infrastrukturun bərpası və vətəndaşların öz vətənlərinə qayıtmasının təmin edilməsi.
Azərbaycanda məsələyə dövlətin reaksiyası təkcə sürətli deyil, həm də strateji baxımdan əhatəli olub. İlk aylarda hökumət mərkəzi və regional hakimiyyət orqanlarının, mühəndislik xidmətlərinin və özəl sektorun səylərini birləşdirən milli proqram olan “Böyük Qayıdış”a start verdi.
Rekord müddətdə üç beynəlxalq hava limanı tikildi, yüzlərlə kilometr magistral və tunellər çəkildi, elektrikləşdirmə layihələrinə başlandı.
Xarabalıqların yerində yeni şəhərlər, sənaye zonaları, məktəblər, xəstəxanalar və universitetlər ucalır.
Artıq 10 mindən çox Azərbaycan vətəndaşı öz evlərinə qayıdıb. Regiona dövlət investisiyalarının ümumi həcmi 20 milyard dolları ötüb.
Qeyd edək ki, Azərbaycan xarici kreditlərdən və ya beynəlxalq borclardan qaçmaq, prosesə tam nəzarəti saxlamaq və xarici donorlardan asılılıqdan yayınmaq üçün prinsipial qərar qəbul edib.
Bu siyasət ölkənin strateji müstəqilliyini və öz imkanlarına inamını göstərir. Qarabağ qeyri-sabitliyin hökm sürdüyü dünyada siyasi iradə, ardıcıl idarəçilik və milli yekdillik nəzərə alınmaqla, münaqişədən sonrakı zonaların necə bərpa oluna biləcəyinə örnək təşkil edir. Bu 7 oktyabr tarixindən sonra böyük yenidənqurma işlərinə ehtiyac duyan İsrail üçün də ibrət ola bilər. Mərkəzləşdirilmiş yenidənqurma orqanının yaradılması, infrastrukturun modernləşdirilməsinə diqqətin yönəldilməsi və məcburi köçkünlərin geri qaytarılmasının prioritetləşdirilməsi yaxından araşdırılmağa və potensial uyğunlaşmaya layiq olan təcrübələrdir.
Tolerantlıq və dünyəvi multikulturalizm modeli
Azərbaycan dini tolerantlığın, mədəni müxtəlifliyin və dünyəvi idarəçiliyin vəhdət təşkil etdiyi bir ölkədir. Əsrlər boyu ölkədə müxtəlif etnik və dini icmaların hörmətlə yanaşı yaşaması ənənəsi kök salmışdır. Bu gün bu model təkcə tarixi yaddaşla deyil, həm də düşünülmüş dövlət siyasəti ilə dəstəklənir.
Yəhudi icmasına münasibət bunun bariz nümunəsidir. Yəhudilər Azərbaycanda əsrlər boyu diaspor kimi deyil, cəmiyyətin ayrılmaz hissəsi kimi yaşayıblar. Qərb dünyasının bəzi yerlərində antisemitizm yüksəlsə də, Azərbaycan sabitlik və yəhudi xalqına hörmət məkanı olaraq qalır.
Oktyabrın 7-də sadə Bakı sakinlərinin İsrail səfirliyinə gül-çiçək gətirməsi və xatirə şamları yandırması, səmimi həmrəylik və rəğbəti ifadə edən dərin simvolik jest idi.
Bu tolerantlıq ruhu təkcə yəhudilər üçün deyil. Bakının mərkəzində kilsələr, məscidlər və sinaqoqlar yan-yana fəaliyyət göstərir.
Dövlət dini irsin qorunub saxlanmasını dəstəkləyir, dinlərarası konfranslar təşkil edir, ruslardan və ləzgilərdən tutmuş talışlara və gürcülərə qədər bütün etnik qruplar üçün mədəni təşəbbüsləri maliyyələşdirir.
Bunun bariz nümunəsi qış tətilləridir: Bakının küçələri Yeni il bəzəkləri ilə parıldayır, Şaxta baba paradları keçirilir, havanı dünyəvi musiqi doldurur.
Avropadan gələn qonaqlar tez-tez təəccüblənirlər: əksəriyyəti müsəlman olan bir ölkə bu qədər dünyəvi və bayram ab-havasını necə inkişaf etdirə bilər? Cavab sadədir: Azərbaycan mədəniyyətcə müsəlmandır, amma ruhən dünyəvidir və bu, güc mənbəyidir.
Tolerantlıq diplomatik sərvət kimi
Azərbaycanın daxili siyasətində dərin kök salan tolerantlıq, tarazlıq və dialoq prinsipləri həm də xarici siyasətinin əsasını təşkil edir.
Geosiyasi təlatümlər, böyük güc rəqabətləri və regional münaqişələrin baş verdiyi dünyada Bakı inam, praqmatizm və qarşılıqlı hörmətə əsaslanan diplomatiya yolunu seçib.
Azərbaycanın Rusiya, İran, Türkiyə və Xəzər dənizi ilə həmsərhəd olan coğrafi mövqeyi kəskin diplomatik həssaslıq tələb edir.
Lakin bu mürəkkəblik Azərbaycanın münaqişə şəraitində olan dövlətlər üçün səmimi, təhlükəsiz dialoq platformasına çevrilməsinə imkan verib.
İsraildə hamıya məlumdur ki, Bakı İsrail və Türkiyə, hətta İsrail və Suriya nümayəndələri arasında danışıqlara ev sahibliyi edib.
Çox güman ki, Bakı təmkinli diplomatik dialoq məkanı kimi xidmət etməyə davam edəcək. Azərbaycanın diplomatiyasının önəmli tərəfi odur ki, Bakı öz ideologiyasını tətbiq etməyə və tərəfərlər arasında moderatorluq rolunu oynamağa çalışmır.
Azərbaycan sadəcə mənalı dialoq üçün əsas ilkin şərtlərə riayət olunduğu neytral məkan təklif edir: təhlükəsizlik, qarşılıqlı hörmət və kənar təzyiqlərdən azadlıq.
Prezident İlham Əliyev çıxışında bu fəlsəfəni ifadə edib:
"Güvən razılıq deyil. Kiminsə söz verdiyi halda, sözünü tutacağına inamdır. Biz öz maraqlarımızı müdafiə edirik, lakin qonşularımızın da maraqlarına hörmət edirik. Dünyaya başqasının gözü ilə baxmaq, bu, qarşılıqlı anlaşmaya aparan yoldur."
Bu sözlər Azərbaycanın xarici siyasətinin mahiyyətini əks etdirir. Bu da Azərbaycanı ikitərəfli münasibətlərdə axtarılan tərəfdaş və daha geniş regionda sabitləşdirici aktor edir.
Xarici siyasətin kökü hörmətə, balansa söykənir
Münaqişələrin, dözümsüzlüyün və etimadın aşınmasının getdikcə daha çox müşahidə olunduğu dünyada Azərbaycan sabit daxili inkişaf, plüralizm, hörmət və bərabərliyə əsaslanan xarici siyasət modelini təklif edir.
Azərbaycanın yolu diqqətə layiqdir, çünki bu gün ən çox tələb olunanı təklif edir: münaqişəsiz birgəyaşayış , asılılıq olmadan milli dirçəliş.
Dərin böhran dövrünü yaşayan və yenidənqurma və sosial birlik üçün modellər axtaran İsrail üçün bu təcrübə xüsusi aktuallıq kəsb edir.
C