SON XƏBƏRLƏR

Türkiyənin Van əyalətində İran mikroavtobus yük maşını ilə toqquşub: Ölənlər var

2026.11.08, 18:30
Türkiyənin Van əyalətində İran mikroavtobus yük maşını ilə toqquşub: Ölənlər var

Gunaz.tv

Türkiyənin Van əyalətində tranzit yük maşınının İran nömrə nişanlı sərnişin mikroavtobusu ilə toqquşması nəticəsində 9 İran vətəndaşı həlak olub, 5 nəfər isə yaralanıb.

Qəza noyabrın 7-də, şənbə günü axşam saat 19:30 radələrində Van–Özalp yolunun Özalp–Saray istiqamətində, təxminən 49-cu kilometrində baş verib. Güclü toqquşma nəticəsində mikroavtobus demək olar ki, tamamilə dağılıb.

Türkiyə mediasının məlumatına görə, həlak olanların 5-i qadın, 4-ü kişidir. Onların hamısının İran vətəndaşı olduğu bildirilir. Yaralanan 5 nəfər – 3 qadın və 2 kişi xəstəxanaya çatdırılıb. Sonrakı məlumatlara əsasən, onlardan ən azı 3-ü müalicədən sonra evə buraxılıb.

Xoyun icra başçısı Əli Əlayi də hadisə nəticəsində bir qrup İran vətəndaşının həlak olduğunu və yaralandığını təsdiqləyib. O, onların vəziyyətinin Türkiyənin müvafiq qurumları vasitəsilə izlənildiyini bildirib.

Güclü yağış və yolun sürüşkən olması qəzanın ehtimal olunan səbəbləri kimi göstərilib. Türkiyənin polis, jandarma və təcili tibbi yardım qüvvələri hadisə yerinə cəlb olunub. Yük maşınının sürücüsü saxlanılıb.

Həlak olanların şəxsiyyəti müəyyənləşdirildikdən və rəsmi prosedurlar tamamlandıqdan sonra onların cənazələri İranın Van şəhərindəki konsulluğunun koordinasiyası ilə təhvil alınaraq Van bələdiyyəsinin bir neçə avtomobili ilə Xoy şəhərinə aparılıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar