SON XƏBƏRLƏR

Tehranın İslamı Əl-Əqsada başlayır, Göy Məsciddə bitir

2026.11.12, 15:47
Tehranın İslamı Əl-Əqsada başlayır, Göy Məsciddə bitir

GünazTV olaraq oxuyucularımıza, Tehran rejiminin iki məscid haqqında mövqeyini təqdim edirik.

Gunaz.tv

Bu məscidlərdən biri Əl-Əqsadır, digəri isə Göy Məscid. Biri ərəb məscidi, digəri Azərbaycan türklərinin məscididir. Tehran rejimi birinə görə hər gün qışqırır, digərinə görə hər gün susur. Birinə görə mitinq keçirir, digərini ermənilərə hədiyyə edir. Bu, Tehran rejimi üçün İslamının nə olduğunu göstərən sadə bir faktdır. Tehran rejimi illərdir Əl-Əqsa məscidi üzərində İsrailin nəzarətinə qətiyyətlə qarşı çıxır. Hər cümə, hər bəyanat, hər çıxışda eyni cümlə, “İsrail Fələstinlilərin Əl-Əqsa məscidində ibadətinə mane olur”, “Əl-Əqsa müsəlmanlarındır” və s. Biz də razıyıq, bəli, Əl-Əqsa müsəlmanlarındır. Fələstinlilərin orada ibadət hüququ var. Onların qayıdış hüququ var. Buna heç bir müsəlman etiraz etməz. Amma sual budur ki, Tehran bu həssaslığı niyə yalnız Əl-Əqsada göstərir? Niyə Tehran rejimi fələstinlinin ibadət hüququnu müdafiə edəndə səsi titrəyir, Qərbi azərbaycanlının ibadət hüququ gələndə səsi batır?

Bildiyiniz kimi, Göy Məscid İrəvandadır. Onu 1766-cı ildə türk olan İrəvan xanı Hüseynəli xan tikdirib. Bu, Azərbaycan xanlığının məscididir. 1988-1991-ci illərdə Ermənistandan yüz minlərlə Qərbi Azərbaycanlı güc yolu ilə öz dədə-baba torpaqlarından qovuldu. Onlar öz evlərindən, öz qəbiristanlıqlarından, öz məscidlərindən mərhum oldular. Amma İran rejimi bu haqda bir dəfə də olsun dəstək fikri bildirmədi. Bir dəfə də olsun demədi ki, Qərbi azərbaycanlıların qayıdış hüququ var, onların Göy Məsciddə ibadət hüququ var. Bir dəfə də olsun demədi ki, Ermənistan onların məscidini alıb, bu haqsızlıqdır! 

Əksinə Tehran Göy Məscidi farslaşdırdı. Onu “erməni-fars mədəni irsi” adlandırdı. Yəni Tehran dedi ki, bu məscid Azərbaycanın deyil, fars və ermənilərin ortaq irsidir. İki gün bundan əvvəl isə farslar İrəvandakı Göy Məscidin mərasim zalına erməni daşnak şairi Yeqişe Çarentsin adını veriblər. Tədbirdə İranın vitse-prezidenti Həmid Purməhəmmədi iştirak edib. Yaxın vaxtlarda zala həmin şairin büstü də qoyulacaq.  Bununla mollalar azərbaycanlıların İrəvandakı son izini də silmək istəyirlər. Gördüyünüz kimi, Tehran Əl-Əqsanı müdafiə edir, çünki orada İsrail var. Göy Məscidi isə ona görə müdafiə etmir, orada Ermənistan var. Çünki ermənilər farsların dostu və qardaşıdır. Hər halda özləri belə deyir. Azərbaycan isə Tehranın qorxusudur. Fərqi də burada axtarmaq lazımdır. Fələstinli müsəlmandır, Qərbi azərbaycanlı da müsəlmandır. Fələstinli evindən qovulub, Qərbi azərbaycanlı da evindən qovulub. Fələstinli məscidindən uzaq düşüb, Qərbi azərbaycanlı da məscidindən uzaq düşüb. Fələstinli qayıtmaq istəyir, Qərbi azərbaycanlı da qayıtmaq istəyir. Fərq bircə şeydədir. Fələstinlinin düşməni İsraildir, Qərbi azərbaycanlının düşməni Ermənistandır. Tehran İsrailə qarşıdır, ona görə Fələstinlini sevir. Tehran Ermənistanın yanındadır, ona görə Qərbi azərbaycanlını görmür. Yəni Tehranın meyarı İslam deyil. Tehranın meyarı siyasətdir. Kim İsrailə qarşıdırsa, o, “müsəlman qardaşdır”. Kim Ermənistana qarşıdırsa, o, Tehrana görə “problemdir”. Buna görə də Tehran Fələstinlinin dini hüquqlarını fəal müdafiə etdiyi halda, müsəlman azərbaycanlıların eyni hüquqlarını müdafiə etməkdən imtina edir. Hətta müsəlman azərbaycanlıların orada ibadət etməsinə belə qarşı çıxır. Çünki əgər Qərbi azərbaycanlı Göy Məscidə qayıtsa, İrəvanın Azərbaycan şəhəri olduğu ortaya çıxacaq. Əgər Qərbi azərbaycanlı qayıdış hüququnu alsa, Ermənistanın işğal tarixi ortaya çıxacaq. Tehran bunu istəmir. Çünki Tehran İrəvanı qoruyur.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar