GünazTV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Ekspert qeyd edib ki, Qalibaf misal olaraq Çinin İranla Səudiyyə Ərəbistanı arasında vasitəçiliyini göstərib:
“Həqiqətən Çinin vasitəçiliyi ilə 2023-cü ilin martında İran və Səudiyyə Ərəbistanı nümayəndələri Pekində diplomatik əlaqələrin bərpasına razılaşmışdı. Nəticədə 7 illik fasitlədən sonra iki ölkə diplomatik əlaqələri bərpa etmişdilər. Ancaq diplomatik münasibətlər bərpa edilsə də, bu, iki ölkə arasında gərginliyin tam aradan qaldırılmasına şərait yaratmadı.

ABŞ-İran müharibəsi zamanı İran İslam Keşikçiləri Korpusu (SEPAH) Səudiyyə Ərəbistanı ərazisinə raket zərbələri endirdi. Bu raket zərbələri ABŞ-nin Səudiyyə Ərəbistanındakı hərbi məntəqələrini hədəfə almaqla yanaşı, neft hasil edən mərkəzlərinə zərər verdi. Bundan başqa, husilərin Səudiyyə Ərəbistanına raket və dron hücumlarının arxasında da SEPAH dayanır. Husilərin İrandan maddi və hərbi dəstək almadan davamlı olaraq Səudiyyə Ərəbistanına hücumlar təşkil etməsi mümkün deyil.
Digər tərəfdən, Çin şirkətlərinin husilərə raket istehsalı üçün ikili təyinatlı komponentlər satması barədə xəbərlər var. Çinli diplomatlar bu iddiaları əsassız hesab etsələr də, reallıq fərqlidir. Çin dron və raket istehsalındakı texnologiyalarını tərəfdaş saydığı ölkələrlə bölüşür. Pekinin əsas məqsədi ABŞ-nin Avrasiya bölgədəki hegemonluğunu azaltmaqdır”.
Elxan Şahinoğlunun fikrincə, Çin husilərə İran üzərindən dron istehsalı üçün komponentlər göndərsə də, Bab əl-Məndəb boğazında sablitiyin tərəfdarıdır:
“Çünki Səudiyyə Ərəbistanı Pekin ikinci ən böyük xam neft təchizatçısıdır və 2025-ci ildə Çinin ümumi idxalının 14 faizini təşkil edir. Mümkündür ki, məhz bu səbəbdən husilər Bab əl-Məndəb boğazında yükdaşımalara mane olmurlar. Halbuki İran Hörmüz boğazına nəzarəti əlində saxlamağa çalışır.
Beləliklə, Tehran Çinin Yaxın Şərqdəki proseslərdə vasiəçi olmasını istəsə, buna qarşı çıxacaq dövlətlər yalnız ABŞ ilə məhdudlaşmır. Çinlə münasibətlərdə gənginlik yaşayan bölgə dövlətləri də Pekinin Yaxın Şərqdə əsas vasitəçi olmasını istəməzlər. Çünki Tehranın təklifi reallaşsa, Çin bölgədə diplomatik fəallıqla yanaşı, hərbi iştirakını da təmin etməyə çalışacaq. Bu isə Avrasiya bölgəsinin bir çox dövlətinin maraqlarına cavab vermir”.
Ş.E