SON XƏBƏRLƏR

Faizə Haşimi: Əhmədinejad İranı məhv edib

2021.10.20, 07:36
Faizə Haşimi: Əhmədinejad İranı məhv edib

Gunaz.tv

GünAzTv: “İran son 30 ildə, hətta müharibə dövründə belə indiki kimi acınacaqlı vəziyyətdə olmayıb” deyə Faizə Haşimi vurqulayıb.

 İranın Üləmalar Məclisinin və Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəhbəri ayətullah Haşimi Rəfsəncaninin qızı Faizə Haşimi Amerikanın “Foreign Policy” (“Xarici siyasət”) jurnalına açıqlamasında İrandakı mövcud siyasi durumu kəskin tənqid edib.

GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı məlumata görə,  2009-cu ilin iyununda keçirilən prezident seçkisindən sonra ölkəyə hakim olan duruma toxunan Faizə Rəfsəncani İran xalqının ümidlərinin tapdandığını deyib: “Hazırda ölkədə hər şey tərsinə cərəyan edir. Bütün bacarıqsız adamlar iş başına keçib, bacarıqlı rəhbərlər isə ya zindanlara salınıb, ya işindən qovulub, ya da ölkəni tərk edərək xarici ölkələrə gedib. Bütün bunlar iynənin ucu qədər vicdanı olan hər bir iranlı üçün ağırdır. Mən də ayətullah Rəfsəncaninin qızı olmasaydım, indi artıq zindandaydım.

İranda prezident seçkisindən əvvəlki şən əhval-ruhiyyə, həyəcan və ümid öz yerini ümidsizlik, solğunluq və pəjmürdəliyə verib. Bu gün əzilmiş bir millət qəzəb dolu varlığı ilə hakim siyasi cərəyanın yalanları, zülmü, zorakılığı, fırıldaqları və səriştəsizliyi, eləcə də öz milli sərvətlərinin talan edilərək məhv olunması və ölkənin uçuruma doğru sürüklənməsi ilə üz-üzə qalıb”.

İrandakı “yaşıl hərəkat”ın hələ də davam etdiyini bildirən Faizə Haşimi İran prezidenti Mahmud Əhmədinejadın ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama ilə görüşmək cəhdi barədə belə deyib: “Keçəl dərman bilsəydi, öz başına yaxardı. Əhmədinejad deyib ki, Obama ilə görüşdə dünya problemlərinin həlli üçün onunla müzakirə aparacaq. O, İranı məhv edib, indi də növbə dünyaya gəlib çatıb. Adam bunların yaydığı saxta statistik rəqəmlərə baxanda görür ki, İran son 30 ildə, hətta müharibə dövründə belə indiki kimi acınacaqlı vəziyyətdə olmayıb. Əhmədinejad nəyə əl qoyursa, onun məhvinə səbəb olur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar