SON XƏBƏRLƏR

ABŞ hərbi gəmiləri Yaxın Şərqə doğru hərəkətdədir – Tramp: İrana böyük qüvvə göndərmişik

2026.01.23, 07:12
ABŞ hərbi gəmiləri Yaxın Şərqə doğru hərəkətdədir – Tramp: İrana böyük qüvvə göndərmişik

Gunaz.tv

ABŞ prezidenti Donald Tramp cümə axşamı axşam saatlarında ABŞ-ın Yaxın Şərqə genişmiqyaslı hərbi qüvvə və texnika göndərdiyini açıqlayıb. O bildirib ki, bu addım İran rejimi ilə artan gərginlik fonunda atılıb, lakin Vaşinqton hərbi qarşıdurmanın baş verməsini istəmir.

Davosda keçirilən Dünya İqtisadi Forumu toplantısından qayıdarkən prezident təyyarəsində jurnalistlərə danışan Tramp deyib: “İrana doğru böyük bir qüvvə göndərmişik. Heç bir hadisənin baş verməsini istəmirəm, amma vəziyyəti çox diqqətlə izləyirik.”

Reuters agentliyi iki amerikalı rəsmi şəxsə istinadən bildirib ki, ABŞ hərbi texnikası, o cümlədən “USS Abraham Lincoln” aviadaşıyıcısı, bir neçə esmines və döyüş təyyarələri ötən həftədən Asiya–Sakit okean bölgəsindən hərəkətə başlayıb və yaxın günlərdə Yaxın Şərqə çatacaq.

Məlumata görə, ABŞ həmçinin bölgədə əlavə hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsi imkanlarını da nəzərdən keçirir. Bu hərbi fəallıq İran daxilində son aylarda etirazların sərt şəkildə yatırılmasından sonra Vaşinqtonla Tehran arasında gərginliyin artdığı bir vaxta təsadüf edir.

Tramp eyni zamanda İranın nüvə silahı əldə etmək cəhdlərindən imtina etməli olduğunu vurğulayıb və bu prosesin davam edəcəyi təqdirdə əlavə addımların istisna edilmədiyini bildirib. Bununla yanaşı, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını artıq yeddi aydır yoxlamadığı qeyd olunur ki, bu da agentliyin aylıq yoxlama qaydalarına ziddir.

GünazTV

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar