SON XƏBƏRLƏR

Qafqazda supergüclərin maraqları toqquşur”_Nazim Məmmədov: “Qarabağı qaytarmaq üçün Rusiya neytrallaşdırılmalıdır”

2021.10.20, 07:36
Qafqazda supergüclərin maraqları toqquşur”_Nazim Məmmədov: “Qarabağı qaytarmaq üçün Rusiya neytrallaşdırılmalıdır”

Gunaz.tv
“Qafqazda supergüclərin maraqları toqquşur” Nazim Məmmədov: “Qarabağı qaytarmaq üçün Rusiya neytrallaşdırılmalıdır” Qafqazda baş verən hadisələr- Rusiyanın Gürcüstana hərbi təcavüzü bütün dünya ictimaiyyətinin diqqqət mərkəzindədir. Azərbaycanda isə, bu proseslər daha diqqətlə izlənilir. Ölkə mediasını izləyəndə görünür ki, bu məsələdə Azərbaycan ictimaiyyətində yekdil və obyektiv mövqe var. Milli Məclisin iqtisadi siyasət komissiyasının üzvü, milət vəkili Nazim Məmmədov “Ekspress”ə verdiyi müsahibəsində Gürcüstanda baş verənlərin əsas səbəbləri sırasında iqtisadi amilləri irəli çəkdi. - Nazim müəllim, Gürcüstana Rusiya təcavüzü Azərbaycan üçün iqtisadi sahədə, xüsusilə də enerji və nəqliyyat layihələri ilə bağlı hansı problemlər yarada bilər? - Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası bir növ Gürcüstan üzərindən keçir. Neft-qaz kəmərləri, eləcə də, tranzit layihələrimiz Gürcüstanla bağlıdır. Azərbaycan xalqı bu tipli münaqişələrə 90-cı illərin əvvəllərində, yəni Sovet İttifaqının tənəzzülündən sonra başına gələn Dağlıq Qarabağ problemi üçün çox həssas yanaşır. Bu fikirlərin çox böyük əsası var ki, gürcü xalqı öz ərazisini, suverenliyini bərpa etməlidir. Bərpanın təmin olunmasının hansı yollarla həyata keçirilməsi də vacib məsələlərdəndir. Rusiya özü etiraf edir ki, biz Gürcüstanın suverenliyini tanıyırıq. Amma aksenti vurur ki, orada yaşayan azsaylı xalqlar Gürcüstanla yaşamaq istəyirlər, yoxsa yox. Təbii ki, o zamankı imperiya havası bu gün də Rusiyada davam edir və azsaylı xalqların öz müqəddəratını həll etmək məsələsinə ikili standartlarla yanaşılmasının şahidiyik. Nə qədər acı olsa da etiraf etməliyik ki, Rusiya bizim strateji tərəfdaşımız ola-ola bu cür münaqişələri öz istəyi ilə həll etməyə çalışır. Münaqişəyə gəldikdə isə, biz bu haqda kifayət qədər məlumatlıyıq. Biz pasportlaşma əməliyyatı altında neçə illər davam edən hazırlıq prosesinin Rusiya tərəfindən həyata keçirilməsinin tərəfdarı deyilik. Hesab edirəm ki, Gürcüstanın ərazi bütövlüyü məsələsində Azərbaycan dövlətinin mövqeyi də xarici işlər nazirliyinin bəyanatında öz əksini tapdı. - Belə fikirlər səslənir ki, dünya Gürcüstanı Rusiya qarşısında müdafiəsiz qoydu, xüsusilə də Qərb dövlətlərinin lazımi dəstək vermədiyi qeyd olunur... - Bəzən dövlətlər arasında müəyyən siyasi məsələlər mövcud olur. Bəzi dövlətlər özünü Gürcüstanın tərəfdarı kimi nümayiş etdirir və yaxud ona hansısa köməkliklər göstərdiyini gözə soxur. Hesab etmirəm ki, bizim Gürcüstana etdiyimiz köməklik onların etdiyindən azdır. Azərbaycan dövləti hər zaman Gürcüstan dövlətinin yanındadır. Qaldı ki, Rusiyanın enerji daşıycıları ilə bağlı apardığı siyasətə, təbii ki, adıçəkilən ölkə neft-qaz xətlərinə görə, uzun müddət bizə qarşı iqtisadi müharibə aparıb. Bunu etiraf etmək və təbii qarşılamaq lazımdır. Qloballaşan dünyada enerji resurslarına kimlər sahibdirsə, əsas söz sahibləri də onlar olur. Azərbaycanın yürütdüyü, Avropanın dəstəklədiyi müstəqil siyasət öz bəhrəsini verməkdədir. Rusiya qarşısına məqsəd qoyub ki, həmin neft-qaz kəmərlərini bombalasın. Sadəcə olaraq, etiraf etməliyik ki, Rusiyanın bugünkü ordusu texnoloji baxımdan müasir standartlara hələ cavab vermir. Gürcüstana zərbə endirilən zaman onların atdıqları bombalar lazımi yerlərə düşmürdü. Bu onu göstərir ki, Rusiya bu işə yaxşı hazırlaşmamışdır və yaxud indiki ordusunun durumu həmin hədəflərə çatmasına imkan vermir. - Necə düşünürsünüz, Azərbaycan öz işğal edilmiş torpaqlarını qaytarmaq üçün antiterror əməliyyatları keçirsə, Rusiya bu cür müdaxilə edə bilərmi? - Təbii ki, Rusiya uzaq məsafədə olsaydı, əminliklə bunun əksini deyərdim. Rusiyanın bugünkü dönəmdə artan neft-qaz qiymətləri sayəsində iqtisadi baxımdan güclənməsi barədə ekspertlər də danışırlar. Amma bu o demək deyil ki, Rusiya kifayət qədər güclüdür və hegemonluğunu həyata keçirə bilər. Biz XXI əsrdə yaşayırıq. Unutmamalıyıq ki, hər bir məsələ beynəlxalq hüquq çərçivəsində həll olunur. Etiraf etməliyik ki, dünya da bundan ehtiyatlanır. Rusiyanın strateji silahları hələ kifayət qədər güclüdür və nüvə silahı baxımından meydan oxuya bilər. Burada biz ölkə olaraq təbii ki, balanslı siyasət aparırıq. Qarabağın açarı Rusiyanın əlində olduğu üçün biz həmin ölkəni neytrallaşdırmalıyıq. - Müharibənin səbəbləri haqda müxtəlif fikirlər səsləndirilir. Rysiya dairələri bunda ABŞ-ı qınayırlar. Əgər belədirsə, Qərb Gürcüstana niyə tam dəstək vermədi? - Gürcüstanda konfransda iştirak edərkən, orada bildirdilər ki, Rusiyanın bu ölkədəki sülhməramlıları ancaq silah və narkotik tranziti ilə məşğuldurlar. Gürcüstan dövləti Rusiyaya qarşı vaxtında siyasi əməliyyat aparsaydı, adıçəkilən ölkənin sülhməramlılarını BMT-nin sülhməramlıları ilə əvəz etməyə çalışardı. Güman edirəm ki, bu baş versəydi, bundan sonra ərazi bütövlüyünü bərpa etmə cəhdləri daha uğurlu olardı, nəinki, bu münaqişə yolunu seçmək. Bəzən belə bir fikirlər səslənir ki, Corc Buş razılığını verməlidi və yaxud Saakaşvili soruşmalıydı. Biz qonşu dövlətə ehtiramla, hörmətlə yanaşmalıyıq. Suveren dövlət heç kimdən icazə almamalıdır. Bu Kremlin ortalığa atdığı iddialardır. Əlbəttə, strateji tərəfdaşlarla müəyyən məsləhətləşmələr ola bilər. Biz də öz siyasətimizdə bizə dost olan dövlətlərlə məsləhətləşmələr aparırıq. Bunun heç bir qəbahəti yoxdur. Gürcüstan GUAM çərçivəsində Azərbaycan, Ukrayna, Moldova ilə bir qurumda olaraq müəyyən məsələdə məsləhətləşmələr aparır. Ancaq mən güman etmirəm ki, bütün bu mübarizələr bundan ibarətdir ki, Rusiya Qafqazı təzədən işğal etmək istəyir. Təbii ki, iqtisadi baxımdan işğal etmək istəyərdi, amma buna imkan verilməz. - Hazırki şəraitdə Azərbaycan öz ərazi bütövlüyünü hansı yolla bərpa edə bilər? - Azərbaycan iqtisadiyyatı güclənməlidir və qonşu dövlət bunu hiss etməlidir və artıq hiss edir. Dağlıq Qarabağ problemini biz bu kontesdə həll etməliyik. Yəni, dünya güclərinin razılığını alandan sonra biz müharibə edə bilərik, o mənada ki, böyük dövlətlər bitərəf qalsın. - Qafqazda iqtisadi maraqlar uğrunda böyük dövlətlərin toqquşmaları region üçün hansı perspektivlər vəd edir? - Azərbaycan və Gürcüstanın strateji tərəfdaşı olan Türkiyə dövlətinin prezidenti və baş naziri Qafqaz Alyansının yaradılması təşəbbüsü ilə çıxış ediblər. Dünyanın super güclərinin bu bölgədə maraqları var. Ancaq hesab edirəm ki, bu maraqlar o qədər də güclü deyil. Niyə? Biz “Nabucco”dan danışdıq. “Nabucco” Avropanın cəmi 5 faiz istehlak qazını ödəyə bilər. Onun 30 milyard kub metrlik nəql imkanı ola bilər, Avropada isə 600 milyard kubmetr qaz istehlak olunur. Gürcüstanın geosiyasi baxımdan Şimal-Cənub, Şərq-Qərb layihələri üzərində yerləşir. Bunların hamısı NATO və Qərb üçün önəmlidir. Təbii ki, biz onun şahidi oluruq ki, bütün güclü dövlətlərin də maraqları burada kəsişir. Bütün çıxışlarımda qeyd etmişəm ki, Türkmənistanın Rusiyaya qaz verməsi öz işidir. İqtisadi baxımdan bu, onlar üçün də maraqlı ola bilər ki, qazı 400 dollara satsınlar ki, nəinki 100 dollara. Ancaq bunun üçün hələlik lazımi infrastruktur yoxdur. Türkmənistanla Rusiyanın münasibətinə bizim müdaxilə etməyimizi normal saymıram. Arzuolunandır ki, Orta Asiyanın bütün enerji resursları Azərbaycan üzərindən keçsin və yaxın gələcəkdə Azərbaycan tranzit ölkəsi olaraq bundan daha çox faydalansın. Arzu edərdim ki, bizim strateji layihələrimizə əngəllər törədilməsin. Türkiyənin mövqeyi bəllidir, bizə tərəfdaş olan qonşu Gürcüstan dövləti bizimlə əməkdaşlıqda uduzmayacaq. Hesab edirəm ki, həm Abxaziya, həm də osetin problemlərinin həlli çox uzaq gələcəyə qalmayacaq. - Maraqlı müsahibəyə görə, təşəkkür edirik Lalə Hüseynli express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar