SON XƏBƏRLƏR

Müasir dövrdə millətçilik?

2021.10.20, 07:36
Müasir dövrdə millətçilik?

Gunaz.tv
Müasir dövrdə millətçilik? Sualın cavabı belə düşünənlərə ünvanlanır Millətçilik müasir dünyanın tələblərinə uyğun gəlmir, qloballaşmanın əksinə olan bir məfhumdur. Son zamanlar bu ifadəni işlədənlər üstünlük təşkil edir. İndiki zəmanədə hansı millətçilikdən danışmaq olarğ Sanki avropalı öz millətini danıb da, "mən azərbaycanlıyam" deyir. Doğrudan da millətçilik mənfi fəsadlar verə bilər. O zaman ki... O zaman ki, əsil millətin nə demək olduğunu bilməyəsən və yaxud millət kimi üstün xüsusiyyətlərə sahib olmayasan. Ermənilər kimi öz tarixi, mədəniyyəti qədim köklərə dayanmadığından, başqa xalqlara məxsus olanı almağa cəhd edəsən. Elə bir fəsad toxumları ilə köklənəsən ki, öz xalqından başqa hamının başını kəsməyə hazır olasan. Üstəgəl, özün millətçi ola-ola başqa ölkələrdə bunu qloballaşmanın əleyhinə bir hal kimi pisləyib insanların düşüncələrini qarışdırasan. Bu daha çox ermənilərin havadarları olan ruslara aiddir ki, son günlər müasir rus dövlətinin belə nə cür işğalçı siyasət yeritdiyinin bir daha şahidi olduq. Təbii bir başqa millətçilər, vətənsevər insanlar var ki, onlar canlarını torpaq uğrunda heç çəkinmədən qurban verirlər. Bunun üçün gərək doğulduğun, günəşin doğuşunu, həyatın başlanmasını seyr etdiyin, hər yeni gün ağuşunda yaşadığın doğma torpağı, dili dilindən, dini dinindən olan həmvətənlərini sevməyi bacarasan. Yeri gələndə onlar üçün canını fəda edəsən. Doğrudur, adam indi bu fikirləri səsləndirməyə ehtiyat edir. Həyat üzünə cilvəli bir maska çəkdiyindən hər birimiz hər şeyi elə maskalı görürük. Hətta vətənsevərlərə belə dırnaqarası baxırıq. Təəssüf ki, dövrümüzün özünü "avropalaşmış" hesab edən insanları elə başa düşür ki, bu düşüncələrlə çıxış etmək, millətçi olmaq, geridə, yəni keçmişdə qalmağın, yaxud faşist düşüncələrə sahib olmağın əlamətidir. Üstəlik vətəni qorumaq, uğrunda ölmək, vətən müqəddəsdir və sairə kimi məfhumlar artıq hər gün o qədər səslənir ki, adidən də adiyə çevrilir. Səbəblərdən biri də sevməkdən dəm vurmaq, amma əməldə bunu göstərməməkdir. Bunlar qəliz mövzulardır. Dəqiq elm də olmadığından hər kəs öz mülahizələri ilə çıxış etməkdə sərbəstdir. Amma bir həqiqət də var. Avropalı da vətənini sevir. Özü də tarixə baxarsaq, deyəsən bizdən də artıq. Niyə tarixə baxarsaqğ Çünki onlar uzun illər öz keçmiş adət-ənənələrini bizlərdən dəfələrlə artıq qoruyub saxlamağı bacarıblar. Ən azından bir dəfə də Avropa ölkələrindən birində olmayan və yaxud getsə də, sadəcə olaraq, mağazaları gəzməklə kifayətlənib onların həyat tərzindən danışmaq istəyənlərlə hər zaman bir sualım olub. Bilmədiyiniz, kənardan seyr etdiyiniz bir dünya haqqında necə belə əminliklə danışa bilirsinizğ Ən azından İngiltərəyə-dilini bütün dünyada ən çox danışılan dillərdən birinə çevirməyə nail olan ingilislərə baxmaq kifayət edər ki, millətçi olmaqda biz hansı səviyyədəyik. Hər dəfə onların adət-ənənəsinə, kral ailəsinin qoruyub saxladığı milliliyə baxanda istər-istəməz içimdən bir hiss keçdi. Bizim də qoruyub saxlaya biləcəyimiz, bu gün də yaşadacağımız belə gözəl ənənələrimiz olsaydı nə gözəl olardı. Amma təəssüf ki, biz hansı işğalçı gəldi onun qayda-qanunlarına əməl edib oturmuşuq. Cılız vətənpərvərlik Keçən gün məhşur "O olmasın, bu olsun" filmində Heç bu günə kimi diqqətimi çəkməyən bir məqam gördüm. Xanımlara aid hamamın üzərində hamam sözünün yalnız rus və fars dilində yazıldığını görürəm. Bakıda-Azərbaycanın paytaxtında rus və fars dilləri var. Bəs bizim doğma dilimiz hanığ Elə bilirsiniz ki, bu gün fərqlidirğ Vəziyyətdə elə də əsaslı dəyişiklik yoxdur, baxmayaraq ki, biz müstəqilliyimizlə öyünürük. Bunun üçün nəinki Nizami küçəsində, hətta ətrafa səs salmayan küçələrdə belə mağazaların qarşısında yazılanlar müxtəlif xarici dillərdə olur. Azərbaycan dilində yazılmış yazılara təsadüfən rast gəlmək olar. Ətraf qəsəbələrdə də vəziyyət yaxşı deyil. Belə ki, hansısa bir bir adi usta dükanının qarşısında qaynaqçı yerinə kiril əlifbası ilə "svarşik" yazıldığını görmək hələ ən şükürlü haldır. Bunlar uzun hekayələrdir. Belə məqamlar o qədər çoxdur ki, roman da həsr eləsən, azdır. Bütün bunlar isə hamısı bizim millətçi olmamağımızdan-sadə desək ki, dilimizə, soy-kökümüzə hörmətlə yanaşmamağımızdan, gələn yabançıları təpəmizin üstündə tutmağa çalışmağımızdan irəli gəlir. Hələ üstəlik vətənini həqiqi mənada sevən, yəni ki, başqa cür olmağı bacarmayan insanları da qınayırıq. Bizim kimi olmadığı üçün heç düşünmədən belələrinə millətçi damğası vururuq. Yaxşı mənada millətçi olmaq cılız vətənpərvərlikdən fərqli bir şeydir. Yenə də təəssüf ki, ortalıqda ən çox belələri dolaşır. Öz xalqına aid olanı qoruyub sevmək o demək deyil ki, sən başqalarına zərər vurmaq üzərində çalışırsan. Birincisi əsl xalqını sevənlər elə bu quruluşda Tanrı tərəfindən yaradılıb, ikincisi isə sən millətçi olmağa-xalqını, dilini, mənəviyyatını qorumağa məhkumsan. Əksinə olduqda səni əzməyə, məhv eləməyə, yer üzündən silməyə çalışacaqlar. Planetimizin qanunu belədir. Bu işə də ən çox geyimlərini geyinib, dillərini danışmağa cəhd gəstərdiymiz avropalılar əməl edir. Bizim də başımızın altına yastıq qoyub müasir olmaq adı altında serialların, uzun-uzadı hekayələrin başgicələndirən pıçıltıları altında yatmağımıza çalışırlar. Təəssüf ki, buna nail olmağı da bacarırlar. Əvəzində nə olubğ Hər şey göz qabağındadır. Torpaqlarımızın bir hissəsini işğalçı ruslar ermənilərə peşkəş edib, yüzlərlə ailəni gözüyaşlı qoyub. Bütün bu hisslərin nə demək olduğundan xəbərsiz olanlar isə azərbaycanlıların ermənilərə nifrət etməsindən danışır. Ermənilərin nə günahı, Ermənistan dövlətidir bu işləri törədən. O zaman belə deməyə əsas var ki, erməni dövlətini quranlar erməni deyil ki, bu onsuz da belədir. Amma onlar üçün qurulan dövlətdə fəsad işlər törədənlər elə ermənilər deyilmiğ Üstəlik ermənilər xalqımızın başına min cür oyunlar açdığı və azərbaycanlılara nifrət etdiyi halda, azərbaycanlılar ermənilərə nifrət edir, kimi fikirlər səslənir. Bəlkə bu nifrət hisslərini, bizə qarşı aparılan əks təbliğatı hansısa bir siyasətçi aparır, deyə düşünə bilərik. Amma bu belə deyil. Hər kəs elm adamlarının humanist olduğunu bilir və yaxud belə hesab edir. Onlar nə də olsa, oxumuş insanlar olduqları üçün həyatı daha yaxşı başa düşürlər. Amma gəl gör ki, erməni alimləri daha çox əks təbliğatla məşğul olur. Beynəlxalq konfranslarda iştirak edən alimlərimiz dəfələrlə bunun şahidi olub. Kim düz danışır ? Professor İlyas Babayev deyir ki, xaricdən gələn tarixçi alimlərin bizimlə bərabər ekpedisiyalarda iştirak etməsi çox əhəmiyyətlidir. Çünki onlar araşdırma apardıqdan sonra tədqiqatlarının nəticələrinə həsr olunmuş kitablar nəşr edirlər ki, bu da bizim üçün vacibdir. Düşmənlərimiz olan ermənilərin həmişə bizim əleyhimizə təbliğat apardıqlarını nəzərə alsaq, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyini də görərik. İlyas Babayev deyir ki: "Afinada beynəlxalq bir konfransa getmişdik. Nahar fasiləsi zamanı bütün dünya alimləri oturublar. Bir-iki nəfər o tərəfdə isə çoxdan tanıdığım bir erməni oturub. Həmin erməni xalqımızın əleyhinə danışır. Mən də fikirləşirəm ki, qoy bir az danışsın, sonra cavabını verim. Onunla danışan isə Yerusəlimdəndir. Mən ondan soruşuram ki, azərbaycanlılar necə insandırğ Bu erməni bizim haqqımızda düz danışmır. İndi mən sizə həqiqəti desəm, siz deyəcəksiniz ki, mən öz xalqımı tərifləyirəm. Bu Yerusəlimdə Bakıdan gələn yəhudilər varğ Deyir, hə çoxdur. Deyirəm bizim haqqımızda nə danışırlarğ cavab verir ki, tərifləyirlər. Soruşuram yəqin ki, ona inanarsınız. Biri var mən deyirəm, biri də var tamam tərəfsiz insanlar deyir. Onlar bizimlə bağlı həqiqətləri deyir. Deyirəm ki, bizə bəzək-filan lazım deyil. Yalandan tərif də lazım deyil. Həqiqətlərimizi olduğu kimi çatdırmaq lazımdır". Bu da erməni alimləridir ki, harada otururlar bizim sözümüzü danışırlar. Bu proses bir az bəsit görünə bilər. Amma öz bəhrəsini verdiyi də göz önündədir. Bütün dünyada türkləri qaniçən kimi qələmə verməyi özələrinə peşə seçənlər, uzun illərdir ki, bu işi aparırlar. Əslində onların bu təbliğatı çoxlarının-sərvətlərimizə göz dikənlərin ürəyindəndir. Amma yalan ayaq tutar, yeriməz deyənlərin də bir bildiyi var. Bu yalanın ayaq tutub yeriyə bilməməsi isə bizlərdən asılıdır. Biz ən azından tənbəllik eləməyib, yalan danışan ermənilərin əksinə olaraq, həqiqətlərimizi çatdırmalıyıq. Ermənilərin başımıza illərdir gətirdiyi fəlakətləri unutmamalıyıq. Əgər bu millətçilik adlanacaqsa, bunu da etməliyik. Əgər özümüzü başqalarına-xüsusilə avropalılara göstərmək xatirinə onlara oxşatmağa çalışsaq, bir müddətdən sonra ayılanda ortada heç nə qalmadığını görəcəyik. Amma bunun üçün bəzi özlərini gələcəkdə hesab edənlərin bizim üçün ağız büzmələrinə, adət-ənənə bataqlığında qalanlar, deməyinə fikir verməməyimiz vacibdir. Ən azından ingilislərə baxıb, öz milliliyini qoruyub saxlamaqla dünyanın ən müasir xalqı olmağı bacara bilməyin mümkün olduğu həqiqətini görməliyik. Yoxsa qədim hind fəlsəfəsində olduğu kimi öz yerişimizi qoyub kəklik yerişi yerimək istədiyimizdən sonunda öz yerişimizi də itirə bilərik. Aygün olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar