SON XƏBƏRLƏR

Prinston Universiteti İranda həbsdə olan tələbəsinin azadlığı üçün fləşmob keçirir

2021.10.20, 07:36
Prinston Universiteti İranda həbsdə olan tələbəsinin azadlığı üçün fləşmob keçirir

Gunaz.tv

GünAz TV: Prinston Universiteti İranda həbsdə saxlanılan Çin əsilli Amerika vətəndaşı olan tələbəsi Xiyu Vanqın azad edilməsi üçün bu gün fləşmob keçirir.

 

“Əməli addımlar günü” adı verilən proqrama əsasən, könüllülər bu gün səhər saat 10-dan günorta saat 5-ə qədər konqresmenlərə zəng edib, Xiyu Vanqın son durumu ilə bağlı onlara məlumat verəcəklər. Onlar eləcə də, konqresmenlərdən bu amerikalı tələbənin dərhal azad edilməsi üçün lazımi addımlar atmalarını istəyəcəklər. Bununla yanaşı, bu gün tələbənin həyat yoldaşının Prinston Universitetində onun İranda həbsxanadakı son vəziyyəti ilə bağlı çıxış edəcəyi planlaşdırılır.

 

Qeyd etmək lazımdır ki, Prinston Universitetinin tələbəsi olan Çin əsilli Amerika vətəndaşı Xiyu Vanq 2 il əvvəl elmi tədqiqat məqsədi ilə İrana gedib. O, qısa müddətdən sonra İran təhlükəsizlik qüvvələri tərəfindən “casusluq” ittihamı ilə həbs edilib.

 

Amerikanın dövlət rəsmiləri, eləcə də, Dövlət Departamentinin rəhbəri Mayk Pompeo dəfələrlə rəsmi Tehrandan sivil vətəndaşlara qarşı bu cür amansız davranışı dərhal dayandırmağı və onları azad etməyi tələb etsə də, İran hələ də qondarma ittihamlarla həbs etdiyi şəxsləri həbsxanalarda saxlayır. İran bu sivil vətəndaşlardan bəzi siyasi sövdələşmələrdə Qərbə təzyiq göstərmək üçün girov kimi istifadə edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar