SON XƏBƏRLƏR

Yazıçı həm də yaxşı susmağı bacarmalıdır_Zakir Sadatlı: “Ədəbiyyat - həqiqətin yozulmayan tərəfidir…”.MÜSAHİBƏ

2021.10.20, 07:36
Yazıçı həm də yaxşı susmağı bacarmalıdır_Zakir Sadatlı: “Ədəbiyyat - həqiqətin yozulmayan tərəfidir…”.MÜSAHİBƏ

Gunaz.tv
“Yazıçı həm də yaxşı susmağı bacarmalıdır” MÜSAHİBƏ Zakir Sadatlı: “Ədəbiyyat - həqiqətin yozulmayan tərəfidir…” zakir-1.jpg UNESCO-nun “Mahmud Kaşğari ili” proqramı çərçivəsində Türk Dünyası Ədəbiyyatı Dərgiləri Konqresi, Avrasiya Yazarlar Birliyi və “Ulduz” jurnalının (Azərbaycan) birgə keçirdiyi Beynəlxalq Hekayə Müsabiqəsinin birinci mərhələsi başa çatıb. Yazıçı Zakir Sadatlı bu müsabiqənin Azərbaycan üzrə qalibi elan edilib. O, 24 türkdilli dövlətin qatıldığı bu mötəbər yarışmanın Türkiyədə keçiriləcək yekun mərhələsində Azərbaycanı təmsil edəcək. - Zakir müəllim, əvvəla, Sizi təbrik edirik. Həmişə rəyi birincilərdən soruşarlar. Yazıçı və mükafat… Buna münasibətiniz necədir? - İlk mükafatımı 19 yaşımda almışam. “Qırmızı ulduz” ordeni. Düzdü, bu təltifə görə məndən nə müsahibə istədilər, nə də açıqlama. Sadəcə olaraq, Şərqin günəş qarsıyan çöllüyündə bir general əlimi sıxıb, mükafatı mənə təqdim elədi. Sonra balaca karton qutunun içindəki ordeni və onun vəsiqəsini alıb, “xebe”min döş cibinə qoydum. Vəssalam. O gün yoldaşlarımın yanında nə o ordenin sir-sifətinə düz-əməlli baxa bildim, nə də evə yazdığım məktubda onun adını çəkdim. Yekəxanalıq kimi görünə biləcəyindən utandım. Sonralar da təltif olunanda təxminən eyni hissləri yaşadım. “İgidliyə görə”, “Döyüş xidmətlərinə görə”… medallarını alanda da… Bir az böyük çıxmasın, o vaxt SSRİ-nin birinci, ikinci adamlarının imzası ilə təqdim olunan belə təltiflərin cəmiyyətdə qəribə bir aurası vardı… Amma yaşımın az olmasına baxmayaraq, hiss eləyirdim ki, mənimçün ən dəyərli mükafat müharibənin verdiyi həyat təcrübəsidir. Üstündən illər keçəndən sonra gördüm ki, həqiqətən zənnim məni aldatmayıb. Çox şükür! Müharibədə “qəfil güllə” anlayışı var. O güllə adamı daim gərginlikdə saxlasa da, həm də daxildən nizamlayır. Müəyyən edilmiş sərhədləri keçməyə qoymur. Həyatın da qəfil gülləsinə daim hazır olmalısan. Dəxli yoxdu. Vacib deyil ki, sən ona sevinəsən, yaxud kədərlənəsən. Əsas odur ki, baş verənlərdən düzgün nəticə çıxarıb, öz payını götürəsən. Siz mənim ədəbi müsabiqəylə bağlı fikrimi soruşursunuz. Qoy bu barədə başqaları danışsınlar. Mən ondan öz nəticəmi çıxarıb, öz payımı götürəcəyəm. Razıların da, narazıların da haqqı və düşüncəsi mənimçün dəyərlidir. - Sizə elə gəlmir ki, indiki mövqeyinizlə ədəbi mühitdə dolaşan qalmaqallardan yaxanızı kənara çəkirsiniz… - Bilirsiniz, hamının bildiyini bir adam da bilir, bir adamın bildiyini hamı bilmir. Mahiyyətinə varanda görürsən ki, hamının daxilində bu ölçü var. Mən sizə bir misal çəkim. Romanımda da onu yazmışam. Əsgər getməmişdən bir gün qabaq ova çıxdım. Yazın o yuva vaxtı bir alabaxta vurdum. İnanın mənə. Mən bir qədər romantikəm, amma sentimental adam deyiləm. O quşcuğazın ahı dünyanın düz vaxtında məni aparıb qan-qadanın içinə atdı. Bu, “Bax! Gör! İbrət al!” işarəsiydi, məncə… İndi təfərrüatına varmaq istəmirəm. Çoxlu misallar göstərə bilərəm. Sadəcə, mən bitərəfliklə, həyatı düzgün dəyərləndirməyin arasındakı fərqi izah etmək istəyirəm. Bilirəm ki, yazıçı “şər”, “böhtan”, “qalmaqal”, “şeytan”, “xəyanət” kimi anlayışları dilin hüdudlarından qovub çıxara bilməz. Çünki o belə halda Yaradana və dünyanın nizamına qarşı çıxmış olur. Amma şəxsi həyatında, o cümlədən yaradıcılığında belə şeylərə qarşı dayanmalıdır. Bu onun ruh və vicdan məsələsidir. - Hər halda, ədəbiyyat nədir və onun bu günkü durumu Sizə necə görünür? Təbii ki, təkcə Azərbaycan ədəbiyyatı kontekstində deyil, ümumən Sizə bəlli olan çərçivədə… - Ədəbiyyat konspektləşdirilmiş həqiqət deyil. Arabir mənə elə gəlir ki, dünyanın ən nəhəng yazıçıları belə heç vaxt “ədəbi formula”nın düsturunu dəqiq müəyyən edə bilməyib. Məsələn, məncə, ədəbiyyat – həqiqətin yozulmayan tərəfidir. Amma siz bunu başqa cür izah edərdiniz. Başqa birisi başqa cür və s. Ədəbiyyatın gözəlliyi də məhz elə ondadır ki, orada hamının həqiqətinə yer var. Oxucunun o həqiqətlər içindən öz həqiqətini seçməsi, ona istinad eləməsi yazıçının özü üçün də həmişə müəmma olaraq qalır və qalacaq. Bir vaxtlar ədəbiyyat həyatın mürəkkəb təzadlarının, müəmmalarının, qeyri-müəyyənliklərinin yozumunu verirdi. İndi isə adama elə gəlir ki, ədəbiyyat özü dünyanı, həyatı, insanlığı tapmacalaşdırmaqla məşğuldur. Yəni ədəbiyyat bilməcədən tapmacaya tərəf dartınır. Özü də bu, ağıla sığmayan bir proses kimi baş verir. Dəb və seçim cəmiyyətlərində ədəbiyyat ədabazlığa, modabazlığa sürüklənir. “Ədəb” sözü ilə “əda” sözü arasındakı aşılmaz sərhədlər götürülür. Amma mən onu da demək istərdim ki, bizim hamımıza Süleyman peyğəmbərin təmkini lazımdı. Və cəmi bircə ifadə: “Bu da keçər...” - Elə bil, konkretlikdən qaçaraq fəlsəfəyə daha çox üstünlük verirsiniz? - Polyak şairi Tadueş Rujeviçin belə bir məşhur şeri var. Təxminən yadımda qalanı budu: Mən çoxdandır ki, bir ağ vərəqin qarşısında lal kimi susub durmuşam. Yəni demək istəyirəm ki, müəyyən mənada haqlısınız. Mən uzun müddət bu konkretliyin qarşısından qaçmasam da, susub durmuşam. Və həmişə özüm-özümə bircə təsəlli vermişəm. Düşüncə adamı yaxşı danışdığı kimi, yaxşı susmağı da bacarmalıdır. - Bizsə istəyirik ki, Siz danışasınız. Niyə indiyə qədər kitab çap etdirməmisiniz? - Yadımdadı, uşaq olanda görürdüm ki, qonşumuzda yaşayan mollanın evində bircə kitab var. O da “Quran”dı. Onu tər-təmiz parçaya büküb saxlayırdılar. Öpüb gözlərinin üstünə qoyurdular. O müqəddəs kitabın qarşısında adamlar olduqlarından da gözəl görünürdülər. Ona hətta uzaqdan-uzağa and içirdilər: “Quran haqqı!” Hünərin vardısa, bu anda inanma… Mən hələ o vaxt bu müqəddəs kitabın ilahi konsepsiyası haqqında, səmavi missiyası barədə heç nə bilmirdim. İnsanların davranışı elə bil adama deyirdi ki, bu kitab o dünyada ölüləri, bu dünyada diriləri hifz eləyir. O vaxtdan kitab anlayışını mən düşüncəmdən, gücümdən yuxarıda görmüşəm. O məsuliyyət hissi mənim kitab nəşr etdirmək istəyimi ildən-ilə adladıb. O istəyim baş tutacaq ərəfədə hiss eləmişəm ki, nəsə çatmır. Görünür, ilahi kitab konsepsiyasından insani kitab mərhələsinə keçid etapı mənimçün hələ də başa çatmayıb. Qəribədir, bu münasibətə bir çox yazarlarda rast gəlmişəm. Cəlaləddin Rumidə də bu var. O, dostlarına deyir ki, vallah, mən yazmaq istəmirəm. Sonra da təəssüflə əlavə edir: “Bütün ömrüm bu misralarla mübarizədə keçdi”. Mən bilirəm, gec-tez bu dünyanın kitabları sırasında, lap elə deyək ki, “n”-ci kitab da mənim olacaq. Amma bu, mənə nə xoşbəxtlik gətirir, nə də məyusluq vəd edir. - mötəbər bir müsabiqənin sonuncu turuna kitabsız gedirsiniz… Bu, “müdafiəçisiz oynamaq” kimi görünmür ki? - (… gülür) İcazə verin, kəndimizdə dillər əzbəri olan bir əhvalatı Sizə danışım. Deməli, payızda qarlı-yağışlı bir gün Qələbəynən Bəyiş kişi çöldə qoyun nobatındaymış. İstəyirlər ki, ocaq qalayıb qızınsınlar. Görürlər ki, yaş paltarın cibində kibrit də islanıb. Qələbəy Bəyişə deyir: - Di, tez yüyür kəndə həm kibrit gətir, həm pendir-çörək. Yoxsa axşamacan soyuq əhədimizi kəsəcək. Bəyiş himə bəndmiş kimi üzü kəndə tərəf götürülür. Evə gəlir. Tez islanmış paltarlarını dəyişir. Oturur isti peçin böyründə. Arvadı tələm-tələsik ərinə bir qab sulu xörək gətirir. Bəyiş onu boyat təndir çörəyiylə vurur bədənə. Üstündən də çappa bir stəkan çay içir. Sonra peçdən maşa ilə bir köz götürüb papirosunu yandırır. Dərindən bir qullab vurub pəncərədən çölə boylanır. Görür ki, sulu qar bir az da bərkişib. Bu mənzərə heç onun tükünü də tərpənmir. İsti peçin böyründə Bəyiş arın-arxayın gərnəşib, mütəkkəyə dirsəklənib, sonra ayaqlarını uzadır. Xumarlana-xumarlana arvadına deyir: “Deyəsən, havanın şaxı sındı. Day Qələbəy üşüməz…” - Bax, bu, cavab idi. Dolayısı ilə olsa da… Amma növbəti bir sualım da var. Hər halda, yekun müsabiqənin nəticələri barədə düşünməyə bilməzsiniz. - Sözsüz. Qaçan da Allahı çağırır, qovan da… - Yenə də yaxanızı qırağa çəkdiniz. Yaxşı, belə bir sual: Ən çox hansı yazıçıları oxumağa üstünlük verirsiniz? - Onların adlarını muncuq kimi sapa düzmək istəməzdim. İstər klassiklər olsun, istərsə də müasirlər. Ağlım kəsəndən bu günə kimi hər gün mütaliə edirəm. Oxuduğum kitablar arasında bədii ədəbiyyatla yanaşı, təbiət elmləri daha çox üstünlük təşkil edir. Məncə, yazıçı bal arısı kimi bir şeydi. Arı təkcə çiçəklərdən şirə çəkmir axı… - Siz böyük bir müharibə yaddaşı gəzdirirsiniz özünüzlə. Bu yaddaşı insanlarla bölüşə bilmisinizmi? - Yox! Bilirsiniz məsələ necədi? Müharibə haqqında hamının eşidə biləcəyi bir səslə, hamının anlaya biləcəyi bir dildə danışmaq həmişə, hər yerdə mümkün olmur. Bu səs tarixdən gələndə vahiməli, ədəbiyyatdan gələndə məhrəm və ibrətamiz olur. Bir də ki, müharibə təkcə Sizin, mənim yox, bütövlükdə bəşəriyyətin suallarına cavab vermək gücündə deyil. Bir də, siz allah, gəlin müharibələri çox “əzizləməyək”. Onda Güc quduzlaşıb, silahlar ərköyünləşir. - Sonda ənənəvi bir sualdan da qaça bilmədik… gələcək planlarınız? - Çıxıb kəndimizə gedəcəyəm. Ordan mənim ruhumun tapdaq altında olmayan yerləri tez-tez əl eləyib çağırır. 25 ildir şəhərdəyəm. Dünyanın da çox yerlərini gəzmişəm. Amma qəribədi, yuxuda ancaq öz kəndimizi görürəm. Bu, ayrı söhbətdi… Və bir də… “Yaddaşımın Əfqanıstan yazıları”ndan sonra iki xatirə-roman yazacağam. Biri kəndimiz haqqında, biri də AzTV barədə. - Və nəhayət, sirr deyilsə, alacağınız mükafatı necə xərcləməyi nəzərdə tutmusunuz? - Pul xərcləmək problemim olmayıb. Amma bir halda ki soruşursunuz, deyim. Bu yaxınlarda orta məktəbdə mənə kimyadan dərs deyən Atamalı müəllim zəng edib, təbrik elədi. Doğrusu, onun bu diqqəti məni riqqətləndirdi. Nə qədər qəribə olsa da, birdən yadıma düşdü ki, axı mənim ədəbiyyat müəllimlərim – Xeyrulla Kərimov və şair Abbasağa Azərtürk daha bu Yer üzündə yoxdular... Nə yaxşı ağlıma saldınız e… (sükut…) Gərək onların ruhuna “Yasin” oxutduram… Elbrus Ərud LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar