SON XƏBƏRLƏR

RUS POLKOVNİKİNDƏN AZƏRBAYCANA TƏHDİD

2021.10.20, 07:36
RUS POLKOVNİKİNDƏN AZƏRBAYCANA TƏHDİD

Gunaz.tv
35409_1 RUS POLKOVNİKİNDƏN AZƏRBAYCANA TƏHDİD "...Yəqin istəyir ki, onun Bakıdakı terminalları da Gürcüstandakı bəzi maraq dairələrinə aid nöqtələrin gününə düşsün" İdrak ABBASOV, Sxinvali "Dünya ictimaiyyəti, sadəcə, qara eynəklərini qaldırıb gerçəklikləri görməlidir. Dünya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımalıdır". Bunu dünən Sxinvalidə "Ayna"ya müsahibəsində separatçı Cənubi Osetiyanın prezidenti Eduard Kokoytı deyib. "Avqustun 8-də gürcülər bizə hücum çəkməklə faktik olaraq bir yerdə yaşamağımızın mümkün olmadığını dünyaya nümayiş etdirdilər. Bundan sonra gürcülərlə hər hansı bir formada - federativ və ya konfederativ şəkildə yaşamaq mümkün olmayacaq" deyə bəyan edən separatçı rejimin rəhbəri Cənubi Osetiyanın inkişafı və müstəqilliyinin tanınması üçün Rusiya hökuməti ilə birgə bir sıra planların müzakirə edildiyini də qeyd edib. Üç gün ərzində Sxinvaliyə keçməyə cəhd edən "Ayna"nın Gürcüstana ezam olunmuş xüsusi müxbiri, nəhayət, dünən bir qrup əcnəbi jurnalistlə birlikdə qondarma qurumun paytaxtına daxil olmağa müvəffəq olub. Üç gün ərzində İqoiti şəhəri ilə Qori şəhəri arasındakı rus blokpostlarından buraxılmayan çoxsaylı jurnalist dünən əraziyə nəzarət edən Rusiya silahlı qüvvələrinin gözlənilməz sürprizi ilə qarşılaşıb. Rusiya sülhməramlılarının mətbuat katibi polkovnik-leytenant Oleq Kryukov jurnalistləri özü müşayiət edərək avtobusla və mühafizə altında Sxinvaliyə aparıb. Bu sürpriz Sxinvalidə müharibə nəticəsində həlak olmuş şəxslərin xatirəsinə həsr edilmiş konsert proqramından ibarət olub. Qoridən Sxinvaliyə qədər 10-a yaxın blokpostdan keçən jurnalistlərə yol boyu çəkiliş aparmağa imkan verilməyib. Belə ki, yol boyu təxminən 7 məntəqədə rusların tank və ağır artilleriya ilə silahlanmış hərbi qüvvələri yerləşib. Yol boyu müharibə nəticəsində yanmış ərazilər, dağılmış kəndlər diqqəti cəlb edir. Qori ilə Sxinvali arasında yerləşən bir neçə gürcü kəndi isə tamamilə boş idi. Sahibsiz itlər aramsız hürür, od-alovun içindən salamat qurtarmış meyvə bağları, qarğıdalı plantasiyalarında o baş-bu başa gəzişirdi. Habelə avtomobil yolunun sağ və sol tərəfində xeyli sayda əzilmiş və yandırılmış mülki avtomobillər var idi. Sxinvalinin girişindəki dayanacağın üstündə isə yenicə iri hərflərlə yazılmış "ROSSİYA" sözü və Rusiyanın divara həkk olunmuş bayrağı da diqqətdən qaçmadı. Şəhərin mərkəzində isə, demək olar, təxminən bir sutka davam edən döyüş və 12 saatlıq bombardmandan sonra salamat qalan bircə ev belə yoxdur. Hətta prospektlərdəki ağaclar da şəhərdə ağır döyüşün olduğunu əyani sübut edir, elə bir ağac, səki yoxdur ki, güllədən deşik-deşik olmasın. Şəhərin bir çox məhəllələri isə tamamilə yerlə-yeksan olub. Qeyri-rəsmi məlumat olsa da, Oleq Kryukov şəhərdəki döyüş zamanı 3 min nəfərə yaxın mülki insanın, 74 hərbçinin öldüyünü bildirdi. Rusların iddiasına görə, şəhər gürcülərin "qrad" qurğularından açdıqları davamlı atəş nəticəsində belə bir vəziyyətə düşüb. Amma Gürcüstan hökuməti, habelə bu döyüşlərdə iştirak etmiş, adlarının açıqlanmasını istəməyən hərbçilər şəhərin rusların əks-hücumu nəticəsində, təyyarələrdən atılan bombalardan sonra belə vəziyyətə düşdüyünü bildirir. Şəhərin xarabalıqlarında gəzəndə isə "qrad" mərmilərinin qalıqları və müxtəlif kalibrli atıcı silahlardan atılmış gilizləri görmək olur. "Mən heç vaxt gürcülərlə yaşaya bilmərəm, qoy onlar cəhənnəm olsunlar. Biz Rusiyanın tərkibinə qatılmalıyıq". Bunu əlində "qrad" qurğusunun qalığını tutaraq Sxinvalidə dağıdılmış erməni məhəlləsinin sakini Armen Bibilov qeyd etdi. Adını açıqlamaq istəməyən 30-35 yaşında qadın isə baş vermiş müharibəyə görə gürcüləri deyil, ABŞ-ı ittiham etməyə başladı: "Bu müharibəni bizə qarşı Buş başladıb, amma uduzdu". Yeri gəlmişkən, qondarma qurumun prezidenti Eduard Kokoytı da baş vermiş müharibəyə görə əsasən ABŞ-ı ittiham edirdi: "Amerikanın harada maraqları varsa, orada müharibə, qan və dağıntı var". Adını açıqlamayan rus polkovniki də eyni ittihamları irəli sürdü: "Sizcə, Amerikanı gürcülər və ya digər millətlər maraqlandırırmı? Amerikaya bu bölgə və bölgədəki ehtiyatlar lazımdır. Amma Amerika unutmamalıdır ki, Rusiya öz burnunun dibində ona at oynatmağa imkan verməyəcək. O "qara qız" (dövlət katibi Kondoliza Rays - red.) "Qarabağ, Qarabağ" deyirdi, yəqin istəyir ki, onun Bakıdakı terminalları da Gürcüstandakı bəzi maraq dairələrinə aid nöqtələrin gününə düşsün". 35409_3 Həmin polkovnik Azərbaycandan olduğumu bilərək prezident İlham Əliyevə Qərbin və ABŞ-ın fitvasına uymamağı çatdırmağı da tövsiyə etdi: "Sizin prezident daha ağıllı adamdır, o bilir ki, rus hələ ölməyib". Əlqərəz, Sxinvalidə əməlli-başlı bayram idi, düzdür, mülki əhalidən daha çox şəhərdə osetin çapqınçılar və rus əsgərlər gəzişsələr də, sanki heç nə baş verməyibmiş kimi hamının üzü gülürdü. Şəhərdə dolaşanlar sırasında Rusiyadan könüllü olaraq əraziyə döyüşməyə gələnlərlə də rastlaşmaq olurdu. Eyni zamanda, şəhərdə minlərlə insanın öldüyü bizə bildirilsə də, həmin insanların harada dəfn edildiyini göstərən olmadı. Üstəlik, "soyqırıma uğradıldığı" bildirilən millətin belə kefdə-damaqda olması da anlaşılmaz qaldı. Rəsmi olaraq avqustun 22-dən Rusiya qoşunları Gürcüstan ərazilərini tərk etməli idi. Amma Qori, Kaspi, Zuqdidi, Senaki, Poti, Xaşuri, İqoiti və onlarca digər yaşayış məntəqələrində rus qoşunları və ağır hərbi texnikası yerindəcə qərar tutub. Hətta avqustun 20-dən ruslar Senaki, Zuqdidi və Qori ətrafındakı hərbi qüvvələrini artırmağa başlayıblar. Gürcü hərbçiləri isə, ümumiyyətlə, gözə dəymir. Gürcüstan prezidenti, buna baxmayaraq, yerli telekanallara çıxaraq tez-tez gürcü hərbçilərinin qüdrətindən danışır. Amma elə onun əmri ilə gürcü hərbçiləri Marneuli istiqamətində və Tbilisinin yaxınlığındakı Vaziani hərbi bazasında cəmləşdirilib. Eyni zamanda, dağlarda və meşələrdə da gürcü hərbçilərinin gizləndiyi istisna edilmir. Məhz bu səbəbdən ruslar Borjomi, Bakuriani istiqamətində bütün meşələri yandırıblar. Yeri gəlmişkən, Bakı - Tbilisi - Ceyhan neft kəməri də bu ərazidən keçir. Uzun müddət təbliğ olunan və dünyanın ən qüdrətli ordusu kimi nümayiş etdirilən gürcü hərbçilərinin gizlənməsi isə rusların nəzarəti atında olan bölgələrdə yaşamaqda davam edən gürcüləri çox hiddətləndirib. Bölgələrdə Saakaşviliyə qarşı böyük qəzəb hissi var. Çünki susuz və enerjisiz qalmış əhali hesab edir ki, Saakaşvili yalnız Tbilisinin mühafizəsi haqqında fikirləşir. Amma bu da bir faktdır ki, gürcü hərbçiləri heç Tbilisini də müdafiə etmirlər. Çünki Tbilisidən 35-40 kilometr aralıda yerləşən İqoiti şəhərindən Tbilisiyə qədər cəmi bir neçə yerdə gürcülərin polis-patrul xidmətinin postları var. Bu da əhalini bir az da qəzəbləndirir. Onların fikrincə, Saakaşvili hərbçiləri yalnız mitinqləri dağıtmaq üçün bəsləyir və onlara külli-miqdarda pulu boş yerə xərcləyir. "Əgər bu hərbçilər düşmənin qabağına çıxmaq qüdrətində deyillərsə, onda Saakaşvili onsuz da kasıb olan dövlət büdcəsinin böyük hissəsini niyə onlara ayırır. Belə ordunu saxlamaqdansa, onu ləğv eləmək daha yaxşı olar. Biz də bilərik ki, heç ordumuz yoxdur ki, bizi işğalçılardan müdafiə etsin". Bunu isə "Ayna"ya Kaspi şəhər sakini Zurab Kçiladze dedi. Yeri gəlmişkən, Kaspi rayonu ərazisində ruslar tərəfindən partladılmış dəmir yolunun üstündə ciddi iş gedir. Amma körpünün böyük bir hissəsi tam dağıldığından vəd olunduğu kimi dəmir yolunun 10 gün ərzində açılacağı gözlənilmir. Dəmir yolu ilə daşınmaların dayandırılması isə bu yoldan tranzit kimi istifadə edən ölkələrə, habelə Azərbaycana ciddi ziyan vurmaqda davam edir. Habelə Batumi yolunun Qoridən keçən hissəsi bağlandığı üçün qıraq kənd yollarında onlarca yük maşını ilişərək qalıb. Qorinin qapıları isə jurnalistlərin üzünə hələ də bağlı qalır. Şəhərdə komendant saatı hökm sürür. Amma evləri salamat qalmış Qori sakinlərinə avqustun 16-dan başlayaraq geri qayıtmağa imkan verilir. Habelə ruslar da bölgələrdə Saakaşvilinin reytinqinin aşağı düşdüyünü gördükləri üçün yerli əhali ilə mümkün qədər "nəzakətli" davranırlar. İqoiti körpüsünün üstündəki rus blokpostunda isə hər gün yürüş-mitinqlər davam edir. Aksiya iştirakçıları rus əsgərlərini təhqir etsələr də, sonuncular sakitcə baş verənləri seyr edirlər. Ruslar nəyin bahasına olursa-olsun özlərini gürcülərə sevdirmək və öz "kukla"larının prezident olmasını istəyirlər. Eyni zamanda, beynəlxalq və yerli müşahidəçilər hesab edirlər ki, ruslar hazırkı mövqelərini əvəzsiz atıb getməyəcəklər. Təkbaşına dünyaya meydan oxuyan Rusiyanın məqsədi Gürcüstanda rusiyameyilli hökumət qurmaq, Cənubi Osetiya və Abxaziyanı isə müstəqil etməkdir. Növbə bizimdir, əgər dünya ictimaiyyəti bu baş verənlərdən ciddi nəticə çıxarmasa, tezliklə Qarabağ münaqişəsi də alovlana bilər, Hər halda, bu fikri beynəlxalq ekspertlər dilə gətirirlər. Böyük Britaniya Hərb və Sülh İcmalları İnstitutunun Cənubi Qafqaz Bölgəsinin direktoru Tomas De Vala görə, beynəlxalq aləm Azərbaycanda da Gürcüstan hadisələrinin təkrarlanmaması üçün əməli fəaliyyətə başlamalıdır. ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar