SON XƏBƏRLƏR

Axan qüdrət

2021.10.20, 07:36
Axan qüdrət

Gunaz.tv
Axan qüdrət Bəzən çox kiçik hadisələr, məhəlli münaqişələr və ya böyük dövlətin kiçik ölkəyə qarşı aqressiv davranışı dünyada müdhiş dəyişikliklərə səbəb olur. Mümkündür ki, Gürcüstanın fiaskosu məhz belə hadisələrdən biridir. Rusiya hərbçilərin gürcü torpaqlarında özlərini rahat hiss etmələri "soyuq savaş"dan sonra yaşanan dövrün başa çatdığının siqnalıdır. Bu, yeni "soyuq savaş"ın başlanması deyil. Əksinə, söhbət daha önəmli və təhlükəli məsələdən - tarixin qayıdışından gedir. ... "Soyuq savaş"dan sonrakı dönəm Qərbin öz qələbəsi barədə çılğın bağırtıları ilə başladı. Onların ən aşkar təcəssümü Frensis Fukuyamanın "Tarixin sonu" kitabıdır. Əsərin meydan oxuyan, qalmaqallı adı Qərbdəki düşüncələri əks etdirirdi. Qərb əmindi ki, tarix məhz onun zəfəri ilə başa çatıb. Yerdə qalan dünyanın isə Qərbin təzyiqləri qarşısında təslim olmaqdan savayı çıxış yolu yoxmuş. Gürcüstanda isə Kreml gürcü şəhər və kəndlərini bombalamaqdan tüstülənən tankların lüləsini sildiyi hisli əlini qaldıraraq mujikvari boğuq səsi ilə dedi ki, yetər, artıq Qərb qarşısında geri çəkilmək niyyətində deyil. 20 illik alçalmadan sonra Rusiya Qərbə cavab vermək qərarına gəldi. Çünki Qərb həddən ziyadə böyük gücü və əzici qüdrəti hesabına başqa, mürgü vuran dövlətlərin geosiyasi məkanına soxulmuşdu. Fəqət ind həmin ölkələr, xüsusilə də Asiyadakı dövlətlər artıq yatmırlar. Gürcüstanda baş verənlərlə bağlı Qərbin tutduğu mövqe, səslənən bəyanat və çıxışlar ikrah doğurur. Zira Birləşmiş Ştatğlar heç vaxt Rusiyanın əzəli geosiyasi sferası olan Latın Amerikasına girməsinə izn verməzdilər. Amma kiçik Gürcüstanın ayaqlar altında qalmasına susdular. ABŞ-ın Rusiyadakı yeni səfiri Con Bayerli elə belə də deyib: "Gürcüstanı fikrindən döndərmək üçün çox çalışsaq da, mümkün olmadı". "Zavallı" Vaşinqton. Sən işə bax: Amerika Gürcüstan prezidenti Mixail Saakaşvilini yolundan döndərməyə çalışır, amma bacarmır. Buna yalnız Monqolustanın ən ucqar vilayətindəki çöllərdən birində at otaran aratı, yəni çobanı inandırmaq olar. Gürcüstandakı olayların ən dəqiq qiymətin Latın Amerikası ölkələrindən savayı kimsə vermədi. Çünki bu dövlətlər ABŞ siyasətinin dabbaqda gönünə bələddir. Müsəlman ölkələrindəki politoloq və şərhçilər də Rusiyanı pisləmədilər, çünki vaxtilə ABŞ da Qrenada, Panama, Sudan, Somali, Əfqanıstan və İraqa da eyni minvalla qoşun yeritmişdilər. Nə Hindistan, nə də Çin Moskvanın hərəkətlərini pisləmir. Buna görə də "zəif Gürcüstanı dəstəkləyək" tipli çağırışlarda bulunan Qərb tək qalıb. Əslində isə, İndoneziyadan tutmuş, Çiliyədək dünyanın əksər ölkələri dünya jandarmı rolunu oynamağa çalışan ABŞ-la qarşıdurmaya gedən Rusiyanı dəstəkləyir. Və burada baş verənlərlə bağlı Qərbin versiyası ilə dünyanın digər ölkələrinin mövqeləri arasındakı fərq maksimal həddə çatır. Bəhs etdiyimiz səbəblərə görə indi ABŞ və Avropa Birliyi Gürcüstandakı hadisələrdən nəticə çıxarmalı, Azərbaycan isə dərs almalıdır. Zira SSRİ dağılandan sonra Qərb qəti şəkildə əmindi ki, heç bir vaxt geosiyasi komporomislərə getməyəcək. ABŞ bütün dünyaya şərtlərini diqtə edirdi. İndisə Qərb reallıqla barışmaq məcburiyyətindədir. ABŞ, Kanada, Avstraliya, Avropa Birliyi, Yeni Zelandiya və Yaponiyanın əhalisi 700 milyon nəfərdir. Yəni Yer kürəsindəki insanların toplam sayının 10%-i. Yerdə qalan 90% isə artıq dünya tarixinin obyektlərindən subyektlərə dönüblər. "The Financial Times"in dünənki sayı belə başlıqla çıxıb: "Gürcüstan məsələsində Qərb vahid cəbhə ilə çıxış edir". Əslində isə həmin başlıq belə olmalıydı: "Yerdə qalan dünya hesab edir ki, Gürcüstandakı hadisələrdə günahkar Qərbdir". Axı iş nədədir? Strateji düşünmək gərəkdir. Bütün nöqsan və naqisliklərinə rəğmən, Çin lideri Mao Szedun dahi strateqdi. O həmişə deyərdi ki, Çin birinci dərəcəli düşmənin öhdəsindən gəlir, ikinci dərəcəli düşmənlə isə güzəştə gedir. Pekinin birinci düşməni Sovetlər Birliyi olanda Çin ABŞ ilə barışdı. Halbuki Mao üçün bu alçaldıcı addımdı: o, həmin vaxt general Çan Kay Şini Çinin qanuni başçısı kimi tanımış dövlətlə sövdələşməli olmuşdu. Qərb də indi Maonun praqmatizmini əxz etməli, diqqəti birinci dərəcəli düşmənə yönəltməlidir. Rusiyanın isə Qərb üçün birinci dərəcəli düşmənə dönməsinə hələ çox var. Qərbin qarşısında indi ən böyük təhlükə Çindir. 2001-ci ilin sentyabrın 11-dən sonra Qərb əsas düşmən kimi İslam aləmini gördü. ABŞ 1,2 milyarddan artıq müsəlmanın rəğbətini qazanmaq üçün uzunmüddətli strategiya hazırlayıb həyata keçirmək əvəzinə heç bir plan olmadan İslama qarşı döyüşə başladı. Əfqanıstan və İraqdakı rüsvayçılıqlar, İslam aləminin Qərbə qarşı artan düşmənçiliyi də məhz bununla bağlıdır. ABŞ-ı çox sevirəm, amma etiraf etmək məcburiyyətindəyəm ki, Vaşinqtonun siyasi qərarlarının əksəriyyəti sərsəmlik həddindədir. Avropa da öz təhlükəsizliyini ABŞ-a həvalə etmək, müdafiənin "autsorsinq"ini aparmaq istəmir. Belədirsə, biz nə üçün Azərbaycanın təhlükəsizlik və gələcəyini, Dağlıq Qarabağ probleminin həllini kiməsə etibar etməliyik?! Həsən AĞACAN [email protected]/* */ express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar