SON XƏBƏRLƏR

Qərbin çevikliyi Saakaşviliyə Elçibəyin taleyini yaşatmadı

2021.10.20, 07:36
Qərbin çevikliyi Saakaşviliyə Elçibəyin taleyini yaşatmadı

Gunaz.tv
"Qərbin çevikliyi Saakaşviliyə Elçibəyin taleyini yaşatmadı" Sülhəddin Əkbər: "Gürcüstan hadisələri Azərbaycanda təkrarlanarsa, müxalifət xalq və dövlətlə birgə olacaq" Bu yaxınlaradək "gürcü-osetin münaqişəsi" kimi təsnif olunan konflikt son hadisələr nəticəsində "Rusiya-Gürcüstan qarşıdurması" olaraq təqdim edilməyə başladı. Son bir neçə gündə baş verənlərsə münaqişənin əslində "Rusiya-ABŞ", "Rusiya-Avropa" qarşıdurmasının fəsadı olduğunu ortaya qoyur. Müsahibimiz Azərbaycan-Avroatlantika Əməkdaşlıq Assosiyasiyasının prezidenti, Müsavat Partiyası Məclisinin sədri Sülhəddin Əkbər də əslində Cənubi Qafqazda geopolitik mübarizə getdiyi qənaətindədir. - Əslində bu mübarizə 2003-2004-cü illərdə Gürcüstanda və Ukraynada demokratik inqilablardan sonra başlayıb. Bu ilin aprelində NATO-nun Buxarest sammitində hər iki ölkəyə NATO-ya üzvlük perspektivi də veriləndən sonra bu qarşıdurmanın qaçılmaz olduğunu hamı gözləyirdi. Zaman keçdikcə daha aydın görünəcək ki, burada əslində təxribata çəkilən Gürcüstan deyil, Rusiyadır. Rusiya böyük strateji səhvə yol verdi. Nəticədə o dünya birliyindən təcridolunma halına gəlib. İndi Rusiyanın "böyük səkkizlər"dən çıxarılması məsələsi gündəmdədir, Ymumdünya Ticarət Təşkilatına üzvlüyü artıq şübhə altına alındı. NATO ilə münasibətləri dondurulmuş durumdadır. Bunun fonunda ABŞ-ın Polşa ərazisində raket hücumundan müdafiə elementlərinin yerləşdirilməsi məsələsi reallaşdı. Gürcüstanla NATO arasında birgə komissiya yaradıldı və münasibətlər yeni səviyyəyə qaldırıldı. Postsovet məkanındakı konfliktlərdə Rusiyanın inhisarçı mövqeyinə artıq son qoyulur. Dünya birliyi regiona beynəlxalq sülhməramlı qüvvələrin yeridilməsi qərarına gəlib. Daha sərt mövqedə olan ABŞ prezidenti Corc Buş bəyan edib ki, ABŞ-Rusiya münasibətlərinə yenidən baxılacaq. Böyük ölçüdə qiymətləndirdikdə Rusiyanın itkiləri müqayisəolunmazdır. - Amma Gürcüstana da ciddi zərbələr dəyib... - Bir dövlət müstəqil yaşamaq, öz ərazilərini işğaldan qurtarmaq istəyirsə, bunun üçün qurbanlar verməlidir. İqtisadi, insani və s. Azərbaycanda yanlış bir fikir formalaşıb ki, biz heç bir itki vermədən torpaqlarımızı işğaldan azad edəcəyik, sonunda Avropa Birliyinə, NATO-ya üzv olacağıq. Bu, reallıqdan uzaq fikirdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum kəmərləri artıq fəaliyyət göstərmir. Gürcüstandan keçən Azərbaycanın yükdaşınmasında əhəmiyətli rol oynayan dəmir yolları, avtomobil yolları bağlanıb. Bu onu göstərir ki, Rusiyanın Gürcüstana təcavüzü Azərbaycandan da yan ötməyəcək. Eyni zamanda Ermənistan-Azərbaycan münaqişəsinin həllinə də öz təsirini buraxacaq. Əslində bu gün Gürcüstanda baş verənlər 1993-cü ildə Azərbaycanda baş verənlərdir. Qarabağ və onun ətrafındakı 7 rayon işğal olundu, Azərbaycanda hərbi qiyam baş verdi, Elçibəy hakimiyyəti devrildi. Beynəlxalq birlik hadisələrə çevik müdaxilə etməsəydi, proses Gürcüstanda da hakimiyyətin devrilməsi ilə nəticələnəcəkdi. - Bəzi ekspertlər ABŞ-ın və Avropanın bölgədəki vəziyyətə müdaxiləsinin bəyanatlardan o yana keçmədiyindən şikayətlənirlər. Sizcə, "daha sərt addımlar" nə ola bilər? - Doğrudan da Azərbaycan mətbuatını izləyəndə sizin dediyiniz təsəvvür yaranır. Bu da ondan irəli gəlir ki, hadisələrə qiymət verənlər peşəkar mütəxəssis deyillər. Beynəlxalq münasibətlərdə çoxlu təsir vasitələri var. Öncə siyasi, iqtisadi vasitələrdən istifadə olunur. Bu nəticə vermədikdə güc nümayiş etdirilir. Bu da nəticəsiz qaldıqda gücdən istifadə etməklə təhdid olunur. Bütün vasitələr tükəndikdən sonra isə güc tətbiq olunur. Mənə elə gəlir ki, ABŞ, Avropa Birliyi və NATO-nun Rusiyaya təsir vasitələri o qədər çoxdur ki, bunlar hələ tükənməyib. Elə bunlar yetərlidir ki, Rusiya işğalçı qoşunlarını Gürcüstandan çıxarsın. Xüsusilə ABŞ açıq şəkildə bəyan edir ki, münasibətlərin inkişafı Rusiyanın bundan sonra özünü necə aparmasından asılı olacaq. Rusiya Cənubi Osetiya və Abxaziyada "Kosovo presedenti"ni tətbiq etməyə qalxacaqsa, o zaman ABŞ-ın və NATO-nun dəmir sifəti görsənəcək. - Müşahidə edibsinizsə, bölgə dövlətlərindən İran baş verənlərə çox susqun mövqedə dayanıb. Ymumiyyətlə hadisələrin hansı məcrada inkişafı Tehranın "ürəyincə" olardı? - Təbii, İran istəyərdi ki, əsas rəqibi olan ABŞ Rusiya ilə konfliktə girsin və zəifləsin. İraqda, Əfqanıstanda ABŞ-ın ciddi problemləri var. Və bu özü İran məsələsinin həlli zamanına təsirini göstərir. Əgər ABŞ-ın Rusiya ilə konflikti dərinləşərsə, bu İranın maraqlarına cavab verə bilər. Eyni zamanda İran onu da anlayır ki, Rusiya ilə ABŞ-ın gücü simmetrik deyil, nəticədə Şərqi Avropada olduğu kimi Rusiya geri çəkilmək zorunda qalacaq. Bölgə ABŞ-la Avropanın təsirinə keçəcək. Bununla da İranın böyük müasirəsi tamamlanacaq. İran bunu gözəl başa düşür. Ona görə ziddiyyətlər içərisindədir. - Belə bir mülahizə də var ki, ABŞ İran məsələsində Rusiyanın "susması" üçün Qafqazı Kremlə güzəştlə gedir... - Düşünmürəm. "Soyuq müharibə" başa çatdıqdan sonra ABŞ hər fürsətdə bəyan edir ki, o bir daha təsir zonaların konsepsiyasına qayıtmayacaq. Hələ keçən ilin dekabrında xanım Rays müsahibəsində bildirmişdi ki, "yaxın gələcəkdə ABŞ Rusiyanın da cəlb olunduğu regional bir münaqişəyə cəlb edilə bilər". O zaman bir sıra ekspertlər, o cümlədən mən də bu fikirdə idim ki, söhbət Gürcüstandan gedir. Yəni indi baş verənlər ABŞ üçün gözlənilməz deyil. Əksinə, Cənubi Qafqaz uğrunda mübarizə getdikcə kəskinləşəcək. ABŞ güzəştə getməyəcək. ABŞ NATO xarici işlər nazirlərinin toplantısında daha sərt tələblər irəli sürüb. Əsas təkliflərdən biri NATO-nun kəşfiyyat təyyarələrinin Gürcüstan üzərində uçuşlara başlaması olub. Həmçinin Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıqdan imtina olunsun. Yəni Rusiya tərəfdaş ölkədən, dost olmayan ölkə statusuna gətirilsin. Bu baxımdan düşünürəm ki, ABŞ çalışacaq NATO üzrə müttəfiqləri ilə birgə hərəkət etsin. Avropa Rusiya ilə qarşıdurmadan çəkinsə, ABŞ-ın mübarizəni təkbaşına davam etdirəcəyini düşünürəm. - Türkiyənin sərgilədiyi mövqe ilə bağlı mətbuatda səslənən tənqidi fikirləri necə, haqlı sayırsınız? Xüsusilə ABŞ gəmilərinin Qara dənizə buraxılmaması ilə bağlı... - AKP hakimiyyəti dönəmində Türkiyənin xarici siyasətində konseptual dəyişiklik var. Onlar böyük güclərə qarşı regional əməkdaşlığı ön plana çəkirlər. Bununla da böyük güclərin regiona müdaxiləsinin qarşısını alacaqlarını güman edirlər. Türkiyə regionda aktiv rol oynamağa başlayıb. Suriya ilə münasibətləri normallaşdırıb, İranla münasibətləri inkişaf etdirməyə çalışır. Eyni zamanda Rusiya ilə... Müəyyən mənada bu antiimperalist xarakterli "yeni Osmanlı" siyasəti kimi də qiymətləndirilə bilər. Bu baxımdan Türkiyənin son davranışları anlaşılandır. ABŞ gəmilərinin boğazdan buraxılmamasına gəlincə, beynəlxalq hüquqdan doğan obyektiv problemlər var. 1936-cı ildə imzalanmış Montro anlaşmasına əsasən Qara dəniz sahilində yerləşməyən ölkələr dənizdə yalnız 45 min ton ağırlığında olan hərbi gəmi saxlaya bilər. Bunun da 21 günlük müddəti var. Eyni zamanda 8 gün əvvəldən bu barədə Türkiyəyə məlumat verilməli və razılıq alınmalıdır. ABŞ-ın Qara dənizə keçirmək istədiyi gəminin hər birinin ağırlığı 70 min tondur. Yəni, burada obyektiv problem də var. - Gürcüstanda baş verən hadisələrin Azərbaycana adlaması ehtimalını deyirsiniz. Bunun üçün ölkə içində hər hansı problem yaradılmasına cəhd göstərilərsə, ənənəvi müxalifət hakimiyyətin yanında yer alacaqmı? - Məncə, sualın qoyuluşunda korrektəyə ehtiyac var. Söhbət hakimiyyətə dəstək verilməsindən yox, millətin və dövlətin maraqlarının qorunmasından gedir. Bu məsələdə Azərbaycan müxalifəti, xüsusilə Müsavat Partiyası heç zaman fərqli mövqedə olmayıb. Hələ bir neçə il əvvəl Azərbaycan müxalifəti yekdil şəkildə bildirmişdi ki, Qarabağ münaqişəsi yenidən alovlanarsa, siyasi fəaliyyətini dondura bilər. Bu gün Gürcüstan müxalifətinin milli maraqlar naminə demokratik hökumətlə bir yerdə olması təqdirəlayiqdir. Arzulamazdım ki, 1993-cü il Azərbaycanda təkrarlansın. Amma bu hal təkrarlanarsa, heç kimdə şübhə olmamalıdır ki, Azərbaycan müxalifəti, bütövlükdə Azərbaycan xalqı və dövləti öz müstəqilliyi və ərazibütövlüyü uğrunda bir yerdə olacaq. Aqil CAMAL express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar