SON XƏBƏRLƏR

Gürcüstan-Rusiya müharibəsi Və onun gözlənilən mümkün geosiyasi nəticələri

2021.10.20, 07:36
Gürcüstan-Rusiya müharibəsi Və onun gözlənilən mümkün geosiyasi nəticələri

Gunaz.tv
Gürcüstan-Rusiya müharibəsi Və onun gözlənilən mümkün geosiyasi nəticələri II yazı Müharibəni yetişdirən amillər öz təsirinə görə əsas və köməkçi amillərə bölünür. Bununla yanaşı, qeyd edilən amillərin özü də iqtisadi və siyasi xüsusiyyətlərə malikdirlər. Əsas siyasi amillər: 1. Gürcüstanın NATO ittifaqı, xüsusilə ABŞ-la sıx strateji müttəfiqlik siyasəti və bu çərçivədə hərbi hissələrinin NATO tərəfindən yenidən qurulması; 2. Gürcüstanın Marneulidəki hərbi aerodromunun, eləcə də bir çox hərbi bazalarının NATO-nun istifadəsinə verilməsi; 3. Gürcüstan hərbçilərinin silah, geyim və ərzaqla təmini məsələsində NATO tərəfindən maliyyələşdirilməsi; 4. Dövlətin NATO-ya tamhüquqlu üzv olmaq siyasəti; 5. Rusiya hərbi hissələrini öz ərazisindən çıxarması; 6. Gürcüstan rəhbərliyinin, xüsusilə prezident Mixail Saakaşvilinin Rusiya əleyhinə yönəlmiş xarici siyasəti və Rusiyanı düşmənçilikdə ittiham etməsi. Köməkçi amillər: Qeyd edildiyi kimi, rus-gürcü müharibəsi siyası baxımdan həm də Rusiya-ABŞ qarşıdurmasının tərkib hissəsidir. SSRİ-nin dağılmasından sonra Şərqi Avropada NATO ilə mübarizədə siyasi cəhətdən zəiflik nümayiş etdirən Rusiya NATO-nun digər sərhəd bölgələrində güclənməsindən çox narahatdır. Həmin səbəbdən də Cənubi Qafqazda ABŞ-ın hərbi gücünü öz dövlətçiliyi üçün təhlükə hesab edən Rusiya Gürcüstanda gələcəkdə NATO, xüsusilə ABŞ hərbi bazalarının yerləşməsini qəbul edə bilmir. Bu məqsədlə son dövrlərdə beynəlxalq aləmdə daima bu siyasətin əleyhinə çıxış edirdi və hər vəchlə bu addımın atılmasına mane olmağa çalışırdı. Ukrayna və Gürcüstanın NATO-ya daxil olmalarının qarşısını almaq üçün də çox səy göstərdi. Hətta bu istiqamətdə Avropaya qarşı iqtisadi təzyiqlər yönündə (əsasən "enerji diplomatiyası") bəzi addımlar da atdı. Digər tərəfdən, Polşadan ət ixracına qadağa qoydu ki, bu da nəticədə Polşa iqtisadiyyatına hər gün külli miqdarda zərbə vururdu. Ukraynaya isə satdığı enerjinin qiymətini artırmaqla siyasi təzyiq göstərirdi. Rusiya özünün Avropadakı maraqları naminə ABŞ-a qarşı həm iqtisadi, həm də siyasi mübarizə aparırdı. Siyasi mübarizə içərisində ABŞ-ın Çexiya və Polşada Raket Əleyhinə Müdafiə (RƏM) elementlərini quraşdırmaq siyasətinə qarşı çıxması, Kosovonun müstəqilliyini tanımaması, Ukrayna və Gürcüstanın NATO-ya üzv olmalarına imkan verməməsi siyasətini misal gətirmək olar. Rusiyanın narahatçılığını nəzərə alaraq və kəskin qarşıdurma yaratmamaq naminə Fransa və Almaniya NATO-nun 2008-ci ildəki Buxarest Sammitində Gürcüstan və Ukraynanın ittifaqa daxil olmalarına qarşı çıxdılar. İqtisadi, xüsusilə enerji sahəsində mübarizə içərisində isə "Transxəzər" və "NABUCCO" layihələrinin reallaşmasının qarşısını almaq üçün Rusiyanın Qazaxıstan və Türkmənistanla son zamanlarda Mərkəzi Asiyanın enerji sərvətlərinin Rusiya ərazisindən Avropaya çatdırılmasını təmin edən müqavilənin bağlanmasını, həmçinin Rusiyanın Avropanı təmin etmək məqsədini daşıyan şimal və cənub istiqamətli enerji layihələri uğrunda mübarizəsini göstərmək olar. Müharibəni yetişdirən bəzi köməkçi amillər içərisində isə konkret olaraq aşağıdakı siyasi hadisələri və faktları qeyd etmək olar: 1. Rusiyanın Şərqi Avropada nüfuzunun itirilməsi, o cümlədən vaxtilə Sovet ideologiyasının və təsirinin hökm sürdüyü dövlətlərin Avropa Birliyinə və NATO-ya daxil olmaları; 2. Pribaltika respublikalarının NATO-ya daxil olmaları; 3. Rusiyanın Şərqi Avropadakı əsas müttəfiqi hesab olunan Yuqoslaviyanın dağılması və Serbiyanın təsirinin zəifləməsi, 1999-cu ildə Belqrad şəhərinin NATO tərəfindən bombardman edilməsi, Kosovonun müstəqilliyinin ABŞ və Qərbi Avropa tərəfindən tanınması; 3. Ukraynada hakimiyyətin dəyişməsi, qərbmeylli şəxslərin hakimiyyətə gəlməsi və Ukraynanın siyasi kursunun dəyişməsi; 4. ABŞ-ın Polşa və Çexiyada raket əleyhinə müdafiə (RƏM) qurğularını quraşdırmaq siyasəti; 5. ABŞ-ın gələcəkdə İrana hərbi zərbələr endirmək niyyəti və Cənubi Qafqazdan bu məqsədlə gələcəkdə platsdarm kimi istifadə edilməsi siyasəti. Regional iqtisadi təsirlər: Cənubi Qafqaz regionunun Rusiyadan yan keçməklə iqtisadi və siyasi cəhətdən Qərbə inteqrasiyanı təmin edən layihələr, o cümlədən, Xəzərin enerji sərvətlərinin Qərbə ixracını təmin edən Bakı-Supsa kəmərinin fəaliyyəti; Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi; Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə düşməsi; Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin inşasına başlanması; GUAM təşkilatının fəaliyyəti; Mərkəzi Asiyanın enerji sərvətlərinin Rusiyadan yan keçməklə Qərbə ixracını təmin edəcək "Transxəzər" və "NABUCCO" layihələrinin reallaşması ehtimalı. Nəhayət, Gürcüstan-Rusiya müharibəsi və hərbi əməliyyatlar barədə. 2008-ci il avqustun 8-də Gürcüstan hərbi qüvvələrinin Cənubi Osetiyada başlanan hərbi əməliyyatları dünyanın diqqətini həmin gün başlanan Pekin olimpiadası ilə yanaşı, Qafqaza da yönəltdi. Olimpiya yarışlarının dünyanın sülh siyasətinə təsir edən ən böyük hadisə olması baxımından Gürcüstanın həmin gün hərbi əməliyyata başlamasını isə bəzi dairələr birmənalı qarşılamadı. Sovetlər Birliyinin dağılmasından sonra beynəlxalq hüququn əsas subyektləri olan dövlətlər Rusiyadan ayrılan müttəfiq respublikaların ərazilərini SSRİ tərkibində olduğu sərhədlərdə qəbul edərək dövlətlərin müstəqilliyini tanıdılar. Bu nöqteyi-nəzərdən qəbul etmək lazımdır ki, istər Abxaziya, istərsə də Cənubi Osetiya Gürcüstanın əraziləridir. Lakin 1992-ci ildən başlayaraq Gürcüstan öz ərazi bütövlüyünü bərpa etməyə çalışır və bu onun konstitusion hüququdur. Bu nöqteyi-nəzərdən də dövlətin öz ərazi bütövlüyünü bərpa etmək, vətəndaş birliyinə nail olmaq üçün güc tətbiq etməsi normal haldır. Gürcüstan hakimiyyəti istər 1990-cı illərin əvvəllərində, istərsə də sonrakı dövrlərdə bir neçə dəfə öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi və siyasi cəhdlər göstərsə də, diplomatiyanı işə salsa da, uğursuzluğa düçar olmuşdur. Buna baxmayaraq Gürcüstan, xüsusilə indiki qərbyönümlü prezident Mixail Saakaşvilinin hakimiyyətə gəlişi ilə öz ərazi bütövlüyünü bərpa etməyi qarşısına məqsəd qoyub və bu siyasət dövlətin xarici siyasətinin əsas prioritetidir. Acarıstan muxtar qurumunun mərkəzi hakimiyyətə tabe etdirilməsi məhz, Gürcüstanın müvafiq siyasətinin bir sübutu idi. Acarıstanda Aslan Abaşidzenin hakimiyyətinə çox asanlıqla son qoyuldu və muxtar qurumda Gürcüstanın mərkəzi hakimiyyəti bərpa olundu. Bir məsələni etiraf etmək lazımdır ki, Acarıstan coğrafi baxımdan Gürcüstanın daxilində yerləşdiyinə görə Qərbdən, xüsusiə ABŞ-dan dəstək alan Saakaşvili hakimiyyəti muxtar qurumu asanlıqla mərkəzi hakimiyyətə tabe etdirə bildi. Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgəsində xüsusi marağı olan Rusiya Acarıstana hərbi dəstək verə bilmədi. Cənubi Osetiya və Abxaziya qurumları isə Rusiya ilə sərhəddə yerləşdiklərinə görə Rusiyadan birbaşa hərbi və iqtisadi yardım ala bilirlər. Rusiyanın bu qurumlara birbaşa siyasi və hərbi dəstək verməsinə görə Gürcüstanın bu qondarma qurumları mərkəzi hakimiyyətə tabe etdirmək siyasəti isə hər zaman iflasa uğrayırdı. Nəhayət, 2008-ci il avqustun 8-də Gürcüstan ordusu tərəfindən hərbi əməliyyatlar başladı. Gürcüstan tərəfinin verdiyi məlumata görə, əməliyyatlara başlamaqda əsas səbəb Cənubi Osetiya separatçıları, polis və hərbi qüvvələri tərəfindən Cənubi Osetiyadakı gürcü kəndlərinin atəşə tutulması olub. Gürcüstan separatçıların hərəkətlərinin qarşısını almaq məqsədilə hərbi əməliyyatlara başladığını bəyan etdi və bir neçə saat ərzində Cənubi Osetiyanın mərkəzi olan Sxinvali şəhərinin əsas hissələrini ələ keçirdi. Sxinvalinin mərkəzi hakimiyyətinə endirilən zərbələr nəticəsində qondarma qurumun rəhbəri Eduard Kakoytı Şimali Osetiyaya qaçdı. Rusiyanın müdaxiləsi: Məlimdur ki, Rusiya Cənubi Osetiya və Abxaziyaya istər regional səviyyədə, istərsə də beynəlxalq aləmdə dəstək verərək bu yolla Gürcüstana daima təzyiq göstərib. Qondarma qurumların vətəndaşlarının böyük əksəriyyətinə hətta Rusiya vətəndaşlığı da verib. Məhz, Rusiya prezidenti Dmitri Medvedyev də hərbi əməliyyatların başlanmasından sonra Gürcüstanın bu hərəkətini Rusiya vətəndaşlarına və Rusiyanın sülhməramlılarına qarşı cinayət hesab edərək cəzalanacağını bildirdi və öz vətəndaşlarını müdafiə etmək hüququnun olmasını əsas gətirərək Şimal Osetiya ərazisindən Cənubi Osetiyaya hərbi dəstək verdi, humanitar yardım göstərməyə başladı. Bu isə Rusiyanın bu dövlətin Cənubi Qafqazdakı münaqişələrdəki strateji maraqlarının olmasına bir daha əyani sübut idi. (əvvəli ötən sayımızda) Elşən Nəsibov politoloq express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar