SON XƏBƏRLƏR

Qadın-kişi bərabərliyinə nail olmaq üçün güclü maarifləndirmə işi aparılmalıdır

2021.10.20, 07:36
Qadın-kişi bərabərliyinə nail olmaq üçün güclü maarifləndirmə işi aparılmalıdır

Gunaz.tv
Afaq Zeynalova: "Qadın-kişi bərabərliyinə nail olmaq üçün güclü maarifləndirmə işi aparılmalıdır" Aytən Əliyeva: "Cəmiyyət mühafizəkar olduqca, qadın azadlığından danışmaq yersizdir" Səbinə Rəsulova: "Azərbaycan xanımı güclü olanda Azərbaycan cəmiyyəti də güclü olacaq!" Nigar İbrahimova: "Qadınlarımız qorxu hissindən azad olanda sözün bütün mənalarında azad olacaq" Ölkədə kişi-qadın bərabərliyi barədə müzakirələrə tez-tez rast gəlirik. Əksərən bu müzakirələr Azərbaycan cəmiyyətində qadının təkcə zərif yox, həm də zəif cins olması barədə qənaətlərlə yekunlaşır. "Alma" qəzeti ölkədəki gənclər təşkilatlarının xanım nümayəndələri ilə bu mövzuda diskussiya təşkil edib. Diskussiyada İrəli Ümumrespublika Gənclər Hərəkatının büro üzvü Afaq Zeynalova, Gənclər Klubu İctimai Birliyinin İdarə Heyətinin üzvü və Gender Bərabərliyi Departamentinin direktoru Aytən Əliyeva, Dalğa Gənclər Hərəkatı, Qadın Məsələləri üzrə departamentin rəhbəri Səbinə Rəsulova, Stimul Gənclər Şəbəkəsinin üzvü Nigar İbrahimova iştirak edirlər. - Azərbaycanda gender bərabərliyi hansı səviyyədədir? Afaq Zeynalova: Azərbaycanda gender bərabərliyi ilə bağlı 2006-ci ildə qanun layihəsi qəbul olunub. Həmin qanun çərçivəsində bu sahədə işlər görülür. Amma müəyyən səbəblərdən gender bərabərliyi ilə bağlı Azərbaycanda vəziyyətin tamamilə yaxşı olduğunu deyə bilmərəm. Bununla belə, müəyyən işlər görüldüyündən, gələcəyə ümidlə baxmağa dəyər. Hesab edirəm ki, gender bərabərliyi ilə bağlı problemlərin aradan qaldırılması üçün ilk növbədə maarifləndirmə işləri aparılmalıdır. Aytən Əliyeva: Mən də Afaq xanımın dedikləri ilə razılaşıram. Bu günki reallıqda xanımların ictimai fəallıq göstərilməsinə mane olan səbəblər var. Yəni bəzən qadınlar ictimai işlərlə məşğul olmaq istəyirlər, amma süni əngəllər bu istəklərini reallaşdırmağa imkan vermir. Məsələn, ailə-məişət problemləri qadınların qarşısında ən ağır əngəldir. Mən də istərdim ki, bu istiqamətdə maarifləndirmə işləri sürətləndirilsin və xanımlar özləri könüllü şəkildə ictimai fəaliyyətlə məşğul olsunlar. Bütün cəmiyyətlərdə qadının rolu həlledici olub. Çalışmalıyıq ki, ənənə Azərbaycan cəmiyyətinə də yol tapsın. Biz təşkilat olaraq, liberal və demokratik dəyərləri üstün tutduğumuzdan təşkilatımızda gender məsələlərinə də xüsusi diqqət ayırırıq. Digər təşkilatların da bu məsələyə önəm verməsi çox vacibdir. Səbinə Rəsulova: Gender bərabərliyi dedikdə mən məsələyə daha çox cəmiyyətdəki münasibətlər, yəni yazılmamış qanunlar, həm kişilərin, həm də xanımların hüquqları prizmasından baxmaq istərdim, burada ictimai aktivlik ikinci dərəcəlidir. Çünki ictimai fəaliyyətdə həm qızlar, həm də oğlanlar təqribən bərabər şəkildə təmsil olunurlar. Bu gün bizim cəmiyyətdə kişilərin hüquqları kifayət qədər genişdir. Yəni onlar istədikləri zaman, istədiklərini edə bilərlər. Konkret desək, onların sərbəst qərar vermələrinə, seçim etmələrinə maneələr yoxdur. Amma xanımların durumu fərqlidir, onlar hər hansı qərarı təkbaşına verə bilmirlər, ailəsi, yaxınları xanımlara belə imkan tanımır, tanımaq istəmir. Hansı universitetə daxil olmasından tutmuş, istənilən irili-xırdalı məsələ ilə bağlı seçim etmək, qərar vermək xanımların imkanı xaricindədir. Ona görə də, bu problemə ictimai müstəvidə yox, məişət səviyyəsində yanaşmaq lazımdı. Bu yerdə mən "Azərbaycanda qadın və kişi bərabərdirmi" sualına qəti şəkildə "yox" cavabı verərdim, düşünürəm ki, bu ayrı-seçkiliklə daha kəskin şəkildə mübarizə aparılmalıdır. Nigar İbrahimova: Azərbaycanda gender bərabərliyi yoxdur və bunun əksini iddia edənlərin əlində ciddi arqument ola biləcəyinə inanmıram. Yəni bizdə kişinin qadından üstün imtiyazlara yiyələndiyini görmək üçün azacıq müşahidələr aparmaq kifayətdir. Razıyam, bu problemin aradan qaldırılması üçün mübarizə aparılır və həmin mübarizədə gənclərin aktivliyi aydın seçilir. Buna sevinmək lazımdır, eyni zamanda mübarizəni bütün müstəvilərdə, bütün təbəqələrdə daha effektli şəkildə aparmaq lazımdır. Çünki gənclərin mübarizədə aktiv olmasına baxmayaraq, yaşlı nəsil problemin həllində o qədər də maraqlı deyil. Ona görə də, problemlə mübarizə ilk öncə ailədən başlanılmalıdır və ətrafdakıların mövqeyi nəzərə alınmamalıdır. Biz bir addımı atanda həmişə fikirləşirik ki, buna valideyn nə deyər, qohum nə deyər, qonşu nə deyər… Bu stereotiplərdən xilas olmaq gərəkir. Biz nə qədər özümüzü azad hiss etməyə çalışsaq da, bu cür fikirlər bizi çərçivəyə salır. Ona görə də gender bərabərliyi uğrunda mübarizəyə məişətdən başlamalıyıq, yalnız bu halda nəyəsə nail ola biləcəyimizə inanıram. A.Z.: Mən burda səslənən bütün fikirlərlə razıyam, amma məsələyə bu qədər də pessimist yanaşmağın tərəfdarı deyiləm. Burda ailədən söhbət getdi. Əgər biz bu gün burada azad şəkildə fikrimizi ifadə edib, hüquqlarımızı tələb edə biliriksə, deməli, hər şey düşündüyümüz qədər də ağır deyil. Mən "İrəli" -dan misal gətirmək istərdim. 6000-ə yaxın üzvümüz var. Bunun 3000-ə yaxını xanımlardır. Biz buna təbii yolla nail olmuşuq. Yəni ki, hərəkatın özündə heç bir qadın-kişi ayrı-seçkiliyi yoxdur, hətta say baxımından da. Biz hər bir üzvümüzə bilik və baracıqlarına görə qiymət veririk. Dediyim odur ki, bütün günahı ailələrin üzərinə yükləmək məsələyə yanlış yanaşmadır. Bütün dünyada gender problemi yaşanır, bu problemin həlli üçün böyük layihələr həyata keçirilir. Diqqətinizi bir məqama yönəltmək istəyirəm. Gəlin universitetlərə, orta ixtisas məktəblərinə, orta məktəblərə baxaq. Orada təhsil alan oğlanlarla qızların sayı demək olar ki, bərabərdi. Narahatçılıq sadəcə, təhsilin səviyyəsində və hüquqların qorunmasındadır. N.İ.: Afaq xanım düz deyir. Amma hər şey yalnız bundan ibarət də deyil axı. Məsələn, ailədə qıza instituta qəbul olunması və xüsusən də ixtisas seçimində basqı var. Ondan ən çox həkim və ya müəllimə olması istənilir. Baxaq görək, bizdə memar xanımların sayı nə qədərdir? "Əgər universitetə qəbul olunan qızlarla oğlanların sayı eynidirsə, problem yoxdur" demək məsələyə lokal yanaşmadan irəli gəlir. Oğlanlar istənilən ixtisası özləri seçir, qızlar üçünsə belə seçim yoxdur - məsələyə geniş yanaşmaq istəyiriksə bunu mütləq qeyd etməliyik. S.R.: Çox az sayda xanımlarımız xaricdə təhsil almağa gedə bilirlər. Oğlanların istənilən ixtisas üzrə təhsil alması, istənilən sahədə işləməsi, istənilən vaxt istənilən ölkəyə getməsi üçün valideyn məmnuniyyətlə icazə verir, amma iş qızlara gələndə, qadağalar başlayır. - Gənc xanımların problemləri yalnız universitet seçimindən ibarətdirmi? Onların başqa problemləri yoxdurmu? A.Z.: Əlbəttə, var. Məsələn, onların sağlamlığı ciddi narahatçılıq doğurur. Adətən Azərbaycanda xanımlar gənc yaşlarında, təhsil almadan ailə qururlar, dünyaya övlad gətirirlər. Nəticədə cəmiyyət xəstə ana, xəstə uşaq "qazanır". Başqa bir məsələ, qadınların hüquqi biliklərinin az olmasıdır. Ailə quranda, işə düzələndə öz hüquqlarını tələb edə bilmirlər. Fikrimcə, bu və digər problemlərin həlli yolu yalnız təhsildən keçir. Bir fransız şairindən sitat gətirim: "Əgər bir qadın kitab oxuyursa, deməli, o kitabı həm ailəsi, həm də cəmiyyət oxuyur". Nəhayət sonuncu - maarifləndirmə məsələsi. Təbii, bu məsələlərin həlli üçün birlikdə çalışmağımız daha vacibdir. Məsələn, mənim üçün dörd nəfər artıq komandadır. Onlar hərəsi bir nəfəri maarifləndirsə, bu, daha dörd nəfər deməkdir. S.R.: Mən bir şeyi deyim. Qadınlar azadlıqlarını başqalarından gözləyirlər. Məsələn, cəmiyyətimizdə belə bir xüsusiyyət var ki, onlar azadlığı kimdənsə gözləyir. Bu qadınlara da aiddir. Qadın özü öz azadlığını istəməlidir, o, öz həyatını özü qurmalıdır. Bu, çətindir, amma mümkündür. Başqa bir problem isə övladın tərbiyəsi ilə bağlıdır. Aydın məsələdir ki, əksər hallarda uşağın tərbiyəsi ilə ana məşğul olur. Əgər o, istədiyi təhsili ala bilməyibsə, dünyagörüşü zəifdirsə, uşaq psixologiyasını qavraya bilməyəcəkdir. Ən önəmli problemi isə qadınların iqtisadi azadlığının olmamasıdır. Bizim cəmiyyətdə qadınlar ilk əvvəl valideynlərdən, sonra həyat yoldaşlarından asılı vəziyyətə düşürlər. Bu isə hüquqlarının tapdalanmasına gətirib çıxarır. Bunun səbəbi də təhsilin zəif olmasında və ya heç olmamasında, hüquqlarını bilməməsindədir. A.Ə.: Qızların erkən yaşda ərə verilməsi də cəmiyyətə son zamanlar tez-tez rast gəldiyimiz problemlərdəndir və bunun da nəticəsi həmin ailələrin dağılması, travmalı uşaqların böyüməsinə gətirib çıxarır. Bu problemin həlli yolları, kitab, qəzet, televiziya, internet, yəni bütün mümkün vasitələrlə maarifləndirmə işinin aparılmasındadır. Düzdür, bu gün problem daha çox əyalətlərdə özünü göstərməkdədir və çox acınacaqlı haldır ki, orada bu vasitələrin təsiri çox zəifdir. Bunun səbəbi də həmin toplumların çox mühafizəkar olmasıdır. Cəmiyyət mühafizəkar olduqca, qadın azadlığından danışmaq yersizdir. Bu problemi həll etmək üçün isə düşünürəm ki, regionlara səfərlər edib, daha yaxından maarifləndirmə işləri aparmaq olar. Əgər bu problemin həllində maraqlı olan qüvvələr birlikdə işləməyə qərar versələr, daha uğurlu nəticələr əldə edə bilərik. Məsələn, bir kənddə hər on ailədən ikisini bu problemlərdən xisal edə bilsək, bu, artıq bütün cəmiyyətin uğuru olacaq. N.İ.: Düşünürəm ki, bu mövzuda regionlarda maarifləndirmə işlərinin aparılmasının zamana ehtiyacı var. S.R.: Mən bu fikirlə razı deyiləm. Çünki sonra gec olacaq, bir neçə nəsil dəyişiləcək. Hər şeyi yenidən, sıfırdan başlamaq lazım gələcək. Dartışdığımız problemin əsl səbəbi qanundakı boşluqlar, qanunun icra vəziyyətinin bərbad olmasıdır. Əgər bir qanun varsa, o yerinə yetirilməlidir və bu qanunun tənzimlənməsində hüquq mühafizə orqanları, qadın krizis mərkəzləri daha yaxından iştirak etməlidirlər. Məktəblərdə bununla bağlı xüsusi fənn tədris edilməlidir. Orada psixoloqlar olmalıdır və onlar hər mövzuda, istər seksual, istərsə də ailədaxili problemlərlə bağlı məktəblilərə məsləhət verməlidirlər. İnkişaf etmiş dövlətlərdə bu mövzularda hətta dərslər də tədris olunur. Bizdə isə mental dəyərlər icazə vermədiyinə görə, psixoloqa belə müraciət edə bilmir xanımlar. Məktəblər bu mövzularda islahedici orqan rolunu daşımalıdırlar. - Qadınların ictimai aktivliyi haqda nə düşünürsünüz? S.R.: Qorxu hissi ictimai fəaliyyətdə də qadınların qarşısında dayanan əsas maneədir. Azərbaycan kişisi xanımının geniş çevrədə tanınmasına qarşı mühafizəkardır, onun telefonunda çoxlu insanın nömrəsinin olmasına qısqanc yanaşır, evə gec gəlməsini qəbul etmir. Halbuki ictimai iş elədir ki, sən burada çoxluqla təmasdasan. Ona görə də Azərbaycan kişisinin qəbuledilməz saydığı, yuxarıda sadaladığım şeylər ictimai fəaliyyət üçün çox normaldır. Azərbaycan qadını kişinin əsiri olduğundan məcburdur ki, onun iradəsi ilə hesablaşsın. Əks halda ailəsinin dağıla biləcəyindən qorxur. A.Ə.: İctimai fəaliyyətlə məşğul olmaq istəyənlən xanımlarımız var. Sadəcə olaraq, az öncə də qeyd etidiyim kimi, məişət problemləri qadınların daha böyük kəsiminə ictimai aktivlik nümayiş etdirməyə imkan vermir. Bu səbəbdən də onlar ictimai təşkilatlara üz tuta bilmirlər. Mənim ailəm ictimai fəaliyyətlə məşğul olmağıma qarşı deyil. O üzdən də heç bir kompleks hiss eləmirəm. Çəkindiyim şey yalnız kənardakıların məni yalnış anlamasıdır. A.Z.: Mən razıyam ki, müəyyən problemlər var. Ancaq bunlar məişət məsələləridir, məncə, siz bunu aşmısız. N.İ.: Sizinlə razılaşmıram. Əgər kimsə nə isə etmək istəyirsə, bunu mütləq edəcək. Gec, ya da tez, mütləq edəcək. Mənim ətrafında olan gənc xanımların ictimai fəallıqla bağlı heç bir problemini görməmişəm. Sadəcə, kiminsə içində qorxu hissi varsa, o, artıq özü özünü uğursuzluğa məhkum edib. Qadınlarımız qorxu hissindən azad olanda sözün bütün mənalarında azad olacaq. Bunu unutmayaq. - Sizcə, müasir Azərbaycan xanımı necə olmalıdır? Özünüzü həmin obraza nə dərəcədə yaxın hesab edirsiniz? A.Z. Mənim Azərbaycan xanımlarına böyük hörmətim var. Onlar olduqca unikaldırlar. Əgər tarixə nəzər salsaq görərik ki, xanımlarımız həmişə həyat yoldaşları ilə bərabər mübarizə aparıblar, vuruşublar. Bu gün də Azərbaycan xanımı həyat yoldaşı rəhmətə gedirsə, təkbaşına da olsa, vətənə layiqli övlad yetişdirməküçün hər cür fədakarlığa hazırdır. Bununla belə, düşünürəm ki, xanımlarımız yeniliyə can atmalıdırlar, təbii ki, milli dəyərləri qorumaq şərti ilə. Bilmirəm, nə dərəcədə bu məndə uğurlu alınır, amma, əlimdən gələni edirəm ki, Azərbaycan xanımı adına layiq olum. A.Ə.: Azərbaycan xanımı deyəndə, mənim gözüm önünə vətənpərvər, sözünü deyə bilən qadınlar gəlir. Özümü də məhz belə bir xanım hesab edirəm. Çünki cəsarətimə və bacarığıma güvənirəm. S.R.: Azərbaycan xanımı güclü olmalıdır. Sözün hər mənasında. Mübariz olmalıdır. Çünki bizdə yazılmamış qanunlar çox güclüdür və xanımların özləri bununla mübarizə aparmağı bacarmalıdırlar. O, hər kəsin rəyini bir kənara qoyub, özü öz taleyi haqqında qərar verməyi bacarmalıdır. Bax onda Azərbaycan xanımı daha da güclü olacaq. Bax onda Azərbaycan cəmiyyəti də daha güclü olacaq! Özümə gəlincə, iradə cəhətdən kifayət qədər güclü insanam və özümü Azərbaycan qadınının güclü kəsiminə aid edirəm. N.İ.: Azərbaycan qadını sağlam düşüncəli olmalıdır. Qarşısına məqsəd qoymalı və məqsədinə çatmalıdır. Heç kimdən qorxmamalı və çəkinməməlidir. Özü qərar verməyi, özü seçim etməyi öyrənməlidir. Yalnız belədə biz Azərbaycan xanımı haqqında ən yüksək fikirləri söyləyə bilərik. Elvin Kazımlı, Elşən Poladlı

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar