RUSLAR BAKI-CEYHANI MİNALADI
2021.10.20, 07:36
RUSLAR BAKI-CEYHANI MİNALADI Putin Azərbaycan və Gürcüstanla sərhədləri bağlamaq əmri verdi Qərb işğalı dayandırmaq üçün hələ də bəyanatlardan uzağa gedə bilmir Rusiya öz hərbi qüvvələrini beynəlxalq ictimaiyyətin tələb etdiyi kimi dünən də Gürcustan ərazilərindən çıxarmadı. Qoşunların avqustun 18-dən çıxarılacağı haqda prezident Dmitri Medvedev atəşkəs razılaşmasının ələd ediməsində vasitəçilik edən Fransa prezidenti Dmitri Medvedevə vəd versə də, Kremldən açıq işarə edirlər ki, hərbi qüvvələrin Gürcüstan ərazisindən çıxarılması yaxın gələcəkdə baş verməyəcək. Xəbər verildiyi kimi, bir gün əvvəl Rusiya qüvvələri Sxinvalidən kiçik qruplar halında bir neçə hərbi texnikanı geri çəkiblər. Lakin bunlar Rusiyanın Gürcüstana yeritdiyi təqribən 25 minlik hərbi kontingent və yüzlərlə hərbi texnikanın fonunda heç nədir. Dünən nəinki Rusiya ordusunun hissələri Gürcüstan ərazilərinin içərilərindən geri çəkilməyib, əksinə, daha da irəliləyib. Gürcüstan Xarici İşlər Nazirliyi bəyan edib ki, Rusiya silahlı qüvvələrinin Baş qərargahından qoşunların çıxarılması prosesinin başladığı haqda yayılan bəyanat doğru deyil. Əksinə, Rusiya qüvvələri Gürcüstanın Poti, Senaki, Qori, Zuqdudi və digər şəhərlərinin ətrafını minalayır, hərbi texnikanın ölkənin içərilərinə doğru yerdəyişməsi müşahidə olunur. Pentaqon: “Rusiya qoşunları yerlərində qalır” ABŞ administrasiyası da bəyan edib ki, Rusiya qoşunlarının Gürcüstandan çıxarıldığını təsdiq edən heç bir əlamət yoxdur. Pentaqondan “Frans press” agentliyinə verilən məlumata görə, Gürcüstana yeridilmiş Rusiya qüvvələri hələ də öz yerlərində qalır: “Biz situasiyanı izləməkdə davam edirik, lakin hələ qoşunların geri çəkildiyi haqda nəticə çıxarmağa əsas verən heç nə görmürük. Əksinə, Rusiya münaqişə bölgəsində yeni qüvvələr yerləşdirir.” Rusiyanın quru qoşunlarının komandan köməkçisi İqor Konaşenkov isə “İnterfaks”a bildirib ki, qoşunların Gürcüstan ərazilərindən çıxarılmasına başlanıb. “Qoşunların çıxarılması plan əsasında aparılır, hazırda biz bu planın icrasına başlamışıq. İlk növbədə arxa cəbhə təchizatı bölmələri çıxarılacaq, daha sonra ikinci və üçüncü eşalona aid qüvvələr geri çəkiləcək. Bilavasitə döyüşlərə qatılan bölmələr isə ən sonda çıxarılacaq”. Lakin Konaşenkov qoşunların çıxarılması üçün son müddət nəzərdə tutulmadığını deyib. Onun sözlərinə görə, qoşunların çıxarılması prosesi regionda situasiyanın necə inkişaf etməsindən asılı olacaq. Bakı-Tiflis-Ceyhan kəmərində partlayışlar Gürcüstan XİN-in rəsmi bəyanatında isə deyilir ki, Rusiya ölkəni iqtisadi blokadaya alıb. Bildirilir ki, rus qoşunları son günlər ölkənin əsas avtomobil magistralını bağlayıb, Poti limanını tutub, Kaspi rayonu yaxınlığında ölkənin şərqi ilə qərbini birləşdirən dəmir yol üzərində körpünü partladıb. Bəyanatda deyildiyinə görə, Rusiyanın məqsədi Gürcüstanı iqtisadi baxımdan təcrid etmək və onun regionları arasında əlaqəni kəsmək, beləliklə də ölkədə sosial böhran yaratmaqdır. Gürcüstan ərazisində dünən də partlayış səsləri eşidilib. Əvvəlcə “Rustavi-2" telekanalı xəbər yayıb ki, Bakı-Tiflis-Ceyhan neft kəmərində üç partlayış törədilib. Telekanalın məlumatında deyilir ki, rus hərbçiləri kəmərin keçdiyi əraziləri minalayır. Bu xəbəri rəsmi qurumlarla dəqiqləşdirmək mümkün olmayıb. Ancaq bildirilib ki, jurnalistlər nə baş verdiyini dəqiqləşdirmək üçün hadisə yerinə gediblər. Xəbər verilib ki, BTC-nin keçdiyi ərazilər üzərində Rusiya hərbi vertolyotları uçur. Digər məlumata görə, ruslar Abxaziya ilə inzibati sərhədlərin yaxınlığında, Qanmuxuri rayonunda uşaq vətənpərvərlik düşərgəsini yandırıblar, həmin bölgədəki dəniz sahilində yerləşən restoranlara da od vurulub. Ruslar Potiyə yenidən hücum etdi, 20 gürcü əsgər əsir götürüldü BTC-nin partladıldığı haqda xəbər yayılandan sonra Azərbaycan neftinin daşındığı Poti limanında da güclü partlayış səsi eşidilib. Gürcüstan KİV-ləri xəbər yayıblar ki, Rusiya hərbçiləri bir neçə zirehli texnikanın müşayiəti ilə Poti limanına daxil olaraq oradakı gürcü hərbçilərini zərərsizləşdiriblər. Gürcü hərbçilərinin gözləri bağlanaraq Zuqdudi istiqamətində aparılıb. Daha sonra ruslar limandakı Gürcüstan gəmisini partladıblar. Məlum olub ki, partladılan Gürcüstanın sahil mühafizə xidmətinə aid katerdir. Xəbər verildiyi kimi, Rusiya hərbçiləri neçə gündür Poti limanına nəzarət edir, ruslar dəfələrlə limandakı hərbi bazanı və mülki obyektləri talan ediblər, bir neçə hərbi gəmi, o cümlədən yük gəmisi isə partladılıb. Dünən isə artıq rusların limanın ərazisini minaladıqları müşahidə edilib. Poti limanına Gürcüstana humanitar yardım gətirən gəmilərin, o cümlədən Amerika hərbi gəmilərinin yan alması gözlənilirdi. Lakin ruslar bildiriblər ki, liman minalanıb və ora heç bir gəmi buraxılmayacaq. Həmçinin bir neçə zirehli texnika liman ərazisində mövqe tutaraq obyekti nəzarətə götürüb. Daha sonra məlum olub ki, Rusiya hərbçiləri Poti limanından 20-yə yaxın gürcü hərbçisini əsir götürüblər. Məlumatı Daxili İşlər Nazirliyinin nümayəndəsi Şota Utiaşvili təsdiqləyib. Onun bildirdiyinə görə, hərbçilərin Zuqdudiyə aparıldığı güman olunur. Rusiya Baş Qərargah rəisinin müavini Aleksandr Noqovitsın isə deyib ki, “sülhməramlılar” Poti yaxınlığında “Hammer” tipli hərbi “cip”lərdə hərəkət edən 20-yə yaxın silahlı gürcü əsgərini saxlayıblar. Noqovitsın onu da deyib ki, gürcü tərəfi atəşkəs razılaşmasını pozur. Onun sözlərinə görə, prezident Saakaşvili hələ də qoşunların daimi dislokasiya yerlərinə çəkilməsi haqda sərəncam verməyib. Lakin hansı qoşunlardan söhbət getdiyi bilinmir, çünki onsuz da gürcü ordusunun hissələri böyük ölçüdə geri çəkilib və əsas qüvvələr Tiflis ətrafında yerləşdirilib. BTC-nin keçdiyi Borjomi dərəsi yanır, Rusiya Azərbaycandan kömək getməsinə imkan vermədi Ruslar BTC-nin keçdiyi bölgədəki Borjomi meşələrini da yandırır. Gürcüstanın ətraf mühitin mühafizəsi naziri İrakli Qvaladze bildirib ki, Rusiya hərbi vertolyotları Borjomi-Xaraqul qoruğuna yandırıcı raketlər atıblar. Nəticədə 250 hektardan çox qiymətli meşə yanır, Borjomi mineral suları yatağı üçün təhlükə yaranıb. Nazir deyib ki, Rusiya Ukraynanın yanğını söndürmək üçün kömək göndərməsinin qarşısını alıb. Onun məlumatına görə, Rusiya Ukraynanın yanğınsöndürən təyyarələrinin Gürcüstana uçması üçün hava məkanı vermir. Qvaladze Azərbaycandan da yanğının söndürülməsi üçün köməyin göndərilməsində problem yarandığını bildirib, lakin bu problemin nədən ibarət olduğunu açıqlamayıb. Bildirib ki, hazırda yanğını Türkiyənin göndərdiyi təyyarə və vertolyot söndüməyə çalışır, Ermənistan isə bildirib ki, onun yanğınsöndürən təyyarəsi yoxdur, ona görə də kömək edə bilməyəcək. Xatırladaq ki, Azərbaycan da Gürcüstana Borjomidəki meşə yanğınlarını söndürməkdə kömək edəcəyini bildirmişdi. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin belə imkanı var, çünki nazirlik bu yaxınlarda Rusiyadan meşə yanğınlarına qarşı istifadə edilən güclü Be-200 amfibiya təyyarəsini alıb, lakin belə görünür ki, Rusiya Azərbaycana Gürcüstana kömək göndərməmək barədə sərt xəbərdarlıq edib. Bildirilir ki, Borjomi üzərinə müntəzəm olaraq Rusiya hərbi vertolyotları uçuş keçirir. Qoridə humanitar fəlakət: cəsəd iyindən küçələrə çıxmaq olmur Rusların işğalı altında olan Qori şəhərində isə əsl humanitar fəlakət yaşanır. Rus hərbçiləri şəhərin girişində postlar quraraq jurnalistləri buraxmır. Bildirilir ki, jurnalsitlər ən uzağı Tiflisin 35 kilometrliyindəki İqoeti kəndinə qədər gedə bilirlər. Həmin kəndin yaxınlığında rus tankları dayanıb, əsgərlər isə səngər qazır. Şida Kartli rayonunun qubernatoru Vladimir Vardzelaşvili bildirib ki, Qoridəki əhaliyə humanitar yardım çatdırılır, şəhərdə vəziyyət qismən sabitləşib. Evlərini tərk edən əhali geri dönür. Almaniyanın “Focus” jurnalının əməkdaşı isə şəhərdə dəhşətli vəziyyət hökm sürdüyü haqda reportaj hazırlayıb. Yerli sakinlərə istinadən bildirilir ki, Rusiya təyyarələrinin şəhəri bombardman etməsi zamanı yüzlərlə dinc sakin həlak olub: “Təkcə bir bombardman zamanı 1200-dən çox adam yaralandı, onlarla adam öldü, yaralılara yardım etmək üçün cəmi bir həkim var idi” deyə yerli sakinlərdən biri deyib. Bildirilir ki, şəhərin “Kombinat” adlanan məhəlləsində evlər bütünlüklə dağıdılıb, dağıntılar altında nə qədər adamın cəsədi qaldığı bilinmir, çünki ruslar dağıntıları təmizləməyə imkan vermir: “Bu məhəlləyə dağıntılar altında qalan və çürüməkdə olan insan cəsədlərinin iyindən yaxın düşmək mümkün deyil. Küçələrdə ev əşyaları səpələnib, ruslar hər şeyi talan edib aparırlar, mən üstünə yorğan-döşək və ev əşyaları yüklənmiş zirehli transportyorlar və piyadaların döyüş maşınları gördüm” - deyə alman jurnalisti yazır. ABŞ 1 milyard dollar yardım ayıra bilər Xəbər verildiyi kimi, ABŞ Gürcüstana bir neçə milyon dollarlıq humanitar yardım ayırıb. Bu yardım hələlik Amerika hərbi hava qüvvələrinə aid təyyarələrlə Tiflisə çatdırılır. Gürcüstanda səfərdə olan ABŞ Senatının xarici əlaqələr komitəsinin rəhbəri Cozef Bayden isə Vaşinqtona dönərək bəyan edib ki, o, Konqresdən təcili qaydada Gürcüstana 1 milyard dollarlıq yardım ayrılmasını istəyə bilər. “Konqres yenidən toplaşan kimi mən administrasiya ilə işləmə və Gürcüstana yardım şəklində 1 milyard dollar ayrılmasını tələb etmək niyyətindəyəm”, - deyə o bildirib. Qeyd edək ki, ABŞ Konqresinin yay tətili sentyabrın 8-də bitir. Bayden deyib ki, Gürcüstana yardım Konqres işə başlayan kimi baxılacaq və o, əlavə büdcə ayırmalarının tərkibində nəzərdə tutulmasına çalışacaq: “ABŞ Gürcüstana ölkəni bərpa etmək və demokratik institutları saxlamağa kömək edəcək. Mən Gürcüstanda olarkən əmin oldum ki, Rusiyanın bu ölkəyə qarşı təcavüzü Avropada kommunizmin çöküşündən sonra ən ciddi hadisədir”. Gürcüstana dənizdən yardım isə müşkülə dönür Qeyd edək ki, ABŞ prezidenti Gürcüstana havadan və dənizdən humanitar yardım göndəriləcəyini bəyan edib. Lakin az sonra məlum olub ki, Buş bu vədini yerinə yetirmək iqtidarında deyil, çünki Türkiyə Amerika hərbi gəmilərinin Bosfor və Dardanel boğazlarından keçidinə icazə vermir. Xəbər verildiyi kimi “üzən qospital” tipli iki Amerika hərbi gəmisi həmin boğazların girişində gözləyir. Dünən ABŞ-ın Türkiyədəki səfirliyinin əməkdaşı Viktoriya O.Kornell bildirib ki, Vaşinqton və Ankara arasında gəmilərin boğazlardan keçidinə dair danışıqlar aparılır. “ABŞ və Türkiyə Amerika gəmilərinin Bosfor və Dardanel boğazlarından Gürcüstana keçidinə dair razılaşmanın hazırlanması üzərində iş aparır”, - deyə Kornell bildirib. Bununla belə o, Amerika gəmilərinin buraxılması üçün Ankaraya müraciət edildiyi haqda heç nə deməyib: “Biz hazırda müvafiq razılaşma üzərində işləyirik.” Türkiyənin Xarici İşlər Nazirliyi isə bəyan edib ki, boğazlardan istifadə qaydaları Montre Konvensiyası əsasında nizamlanır. Bu konvensiyaya görə, boğazlardan keçən gəmilərin maksimal su tutumu 45 min tondan çox olmamalıdır. NTV kanalı isə xəbər yayıb ki, Türkiyə sahillərində gözləyən Amerika gəmilərinin hər birinin su tutumu 69 min tondur. Müşahidəçilərə görə, bu fakt Ankara ilə Vaşinqton arasında gəmilərin keçidinə dair danışıqların uzanmasına səbəb olur. Beləliklə, ən yaxşı halda razılaşma tezliklə əldə edilsə o zaman Amerika gəmiləri Gürcüstan sahillərinə bir neçə həftəyə çata bilərdi. Lakin problem odur ki, ruslar Amerika gəmilərinin yan almasını nəzərdə tutan Poti limanını tutub və minalayıb. Ona görə də Buşun Gürcüstana dənizdən yardım vədi ağlabatan görünmür. Əgər Rusiya qoşunları Tiflisi də tutmaq və bütün Gürcüstanı işğal etmək fikrinə düşsələr, o zaman Amerika Qafqazdakı müttəfiqinə hərbi kömək edə bilməyəcək. Artıq Pentaqon etiraf edib ki, yaranmış situasiyada Amerika tərəfindən güc tətbiqi mənasızdır və istisna olunur. Buna görə də ABŞ-ın Rusiyanın Gürcüstana qarşı təcavüzünü dayandırmaq üçün diplomatiyadan və sanksiyalardan başqa yolu qalmır. Bu yol isə Rusiya üçün təsirsizdir. Pentaqon nümayəndəsi Brayan Uaytman isə bildirib ki, ABŞ hazırda Gürcüstana dənizdən humanitar yardım göndərilməsi imkanlarını nəzərdən keçirir. Onun bildirdiyinə görə, bu məqsədlə Türkiyə ilə danışıqlar aparılır. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Aleksandr Noqovitsın isə deyib ki, onların məlumatına görə, bu ay ərzində Qara dənizə Amerika, Polşa və Kanada hərbi gəmiləri daxil olacaq. Rusiya isə hazırda Qara dəniz üzərində strateji bombardmançı təyyarələrin uçuşlarını keçirir. NATO donanması Qara dənizə girmək istəyir, Türkiyə mane olur Türkiyə mətbuatının məlumatlarında isə deyilir ki, söhbət təkcə Gürcüstana humanitar yardımın göndərilməsindən yox, həm də Qara dənizdə NATO hərbi bazasının yerləşdirilməsindən gedir. Bildirilir ki, ABŞ neçə vaxtdır Qara dənizdə NATO hərbi dəniz qüvvələrinin yerləşdirilməsi üçün Türkiyəyə təzyiq edirdi. Lakin Türkiyə Montre razılaşmasını əsas gətirərək buna qarşı çıxırdı. İndi isə Rusiyanın Gürcüstana təcavüzündən sonra ABŞ yenidən Qara dənizdə NATO donanmasının yerləşdirilməsi haqda məsələ qaldırıb. Bu məsələnin dünən Brüsseldə NATO xarici işlər nazirlərinin Gürcüstanla bağlı çağırılmış təcili iclasında müzakirə olunacağı, alyans üzvlərinin Türkiyənin razılığını almaq üçün xarici işlər naziri Əli Babacana təzyiq göstərməyə çalışacağı gözlənilirdi. NATO-da parçalanma, alyans Rusiyanı cəzalandıra bilmədi Qeyd edək ki, Brüsseldə keçirilən NATO yığıncağında Amerikanın dövlət katibi Kondoliza Raysın nazirləri Rusiya ilə hərbi əməkdaşlığın, həmçinin görüşlərinin səviyyəsinin azaldılmasına çağıracağı gözlənilirdi. Amerika bildirir ki, Gürcüstan hadisələri ilə əlaqədar Amerika Rusiya ilə yüksək səviyyədə görüşlərinin cədvəlinə və məqsədəuyğunluğuna yenidən baxır. Bununla belə NATO üzvü olan bir sıra ölkələrin Moskvaya sərt münasibətin tərəfdarı olmadığı bəlli idi. Xarici işlər nazirlərinin toplantısı ərəfəsində ABŞ dövlət katibi Kondoliza Rays bəyan edib ki, alyans etdiyi hərəkətlərə görə, Rusiyanı cəzalandırmaq niyyətindədir. Raysın sözlərinə görə, Rusiya təhlükəli oyun aparır və Qərb heç vaxt onun öz strateji hədəflərinə çatmasına imkan verməyəcək. “Gürcüstana müdaxilə demokratiyaya zərbə vurmaq, bu ölkənin hökumətini zəiflətmək və regionun bütün əhalisini qorxutmaq məqsədi daşıyırdı”, - deyə dövlət katibi bildirib. Rays deyib ki, toplantıda əsas məsələ Rusiyanın öz qoşunlarını Gürcüstandan çıxarması olacaq: “Mən hesab edirəm ki, fransızlar ruslardan izahat tələb edəcəklər ki, nəyə görə prezident Medvedev öz vədini yerinə yetirmir və qoşunları Gürcüstandan çıxarmır. Rusiyanın strateji aviasiyası hətta ABŞ sərhədlərinə yaxınlaşıb, bu, təhlükəli oyundur və ruslar belə oyundan imtina etsələr yaxşı olar”. Lakin məlum olub ki, NATO xarici işlər nazirlərinin iclasında Rusiyaya münasibətdə parçalanma yaranıb. “SkyNews” telekanalı xəbər verib ki, alyansın bəzi üzvləri ABŞ-ın Rusiya ilə NATO arasında əməkdaşlığın kəsilməsi haqda təklifini dəstəkləməyib. Belə üzvlər arasında İtaliya, Türkiyə və Böyük Britaniya da var. Beləliklə, Raysın vəd etdiyinin əksinə olaraq NATO-nun Rusiyanı “cəzalandırması” mümkün olmayıb. Bu isə ABŞ-ın Rusiyaya təsir etmək üçün rıçaqlarının tükəndiyini göstərir. Medvedev Lukaşenko ilə Soçidə qələbəni qeyd edib ABŞ-ın Rusiyanı necə cəzalandırmaq üçün baş sındırdığı bir vaxtda Rusiya prezidenti Dmitri Medvedev Soçidəki iqamətgahında Belarus prezidenti Aleksandr Lukaşenko ilə Gürcüstan üzərində qələbəni qeyd edib. Xatırladaq ki, Belarus prezidenti indiyədək baş verənlərə münasibət bildirməmişdi. Nəticədə Rusiyanın Minskdəki səfiri Belarus hakimiyyətinə təpinərək demişdi ki, müttəfiq ölkənin “Gürcüstanın təcavüzünü” pisləməməsi başadüşülməzdir. Çünki Rusiya həmişə Belarusu Qərbin təzyiqlərindən qoruyub. Görünür, Lukaşenko bu tənqiddən nəticə çıxarıb. O, Medvedevlə görüşündə ona Gürcüstana qarşı etdiklərinə görə təşəkkür edib. Lukaşenkonun dediyinə görə, Rusiya Gürcüstanda yaranmış böhranla bağlı çox gözəl hərəkət edib, nəticədə təcavüzün qarşısı alınıb. Medvedev isə bu zaman “müdrik və təmkinli” davranıb. Ruslar yeni bəhanə tapdı Günün sonuna doğru yayılan xəbərlərə görə, Rusiya tanklarının Qori şəhərini tərk etdiyi müşahidə olunub. BBC-nin xəbərinə görə, şahidlər deyiblər ki, Rusiya tankları şəhərdən çıxaraq üzü şimala doğru istiqamət götürüblər. Bu arada ATƏT Gürcüstana 20 müşahidəçi göndərmək barədə Moskvanın və Tiflisin razılığını aldığını bəyan edib. Finlandiyanın xarici işlər naziri Aleksandr Ştub jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib ki, o, “ehtiyatlı şəkildə optimistdir”. NATO nazirlərinin görüşünün kuluarlarında etdiyi söhbət zamanı cənab Ştub deyib ki, müşahidəçilər Cənubi Osetiya sərhədinə bitişik ərazilərdə yerləşdiriləcəklər. O deyib ki, ATƏT-in son məqsədi bu bölgəyə göndəriləcək müşahidəçilərin sayını 100-ə çatdırmaqdır. Ştub deyib ki, əgər məsələ əngələ düşsə, təcili qaydada Tiflisə yollanacaq. Ruslar isə Gürcüstandan çıxmamaq üçün yeni bəhanə tapıblar. Rusiya Silahlı Qüvvələri Baş Qərargahı komandanının müavini general-polkovnik Aleksandr Navoqitsın deyib ki, Gürcüstanın İraqdan geri çağırdığı 2000 hərbçi İraqa qayıtmalıdır. Belə ki, prezident Sarkozinin planına görə, bütün qoşun hissələri münaqişədən əvvəlki mövqelərinə qayıtmalıdırlar. Azərbaycan neftinin Gürcüstan üzərindən nəqli sual altındadır Qeyd edək ki, Rusiya Azərbaycan və Gürcüstanla sərhədlərini MDB ölkələrinin vətəndaşları istisna olmaqla xaricilər üçün müvəqqəti bağlayıb. RF hökumətinin 12 avqust tarixli müvafiq qərarı baş nazir Vladimir Putin tərəfindən imzalanıb. Xarici vətəndaşlar üçün qadağanın səbəbi kimi “Rusiya ərazisinə xarici terror təşkilatlarının üzvlərinin daxil olmasının, silah və diversiya vasitələrinin daşınmasının qarşısının alınması” üzrə tədbirlər göstərilib (“Turan”). Gürcüstanın Kaspi rayonu ərazisindəki dəmir yolu körpüsü avqustun 16-da ruslar tərəfindən partladıldıqdan sonra Qrkali stansiyası yaxınlığındakı köhnə körpünün istismarı üçün Gürcüstan Dəmir Yolu İdarəsi Azərbaycanla birgə intensiv tədbirlər həyata keçirsə də, alternativ yoldan istifadə olunması mümkün olmayıb. Gürcüstan Dəmir Yolu İdarəsindən ANS-ə verilən məlumata görə, köhnə dəmir konstruksiyalı körpünün metalından götürülən analizin nəticələrinə görə, körpü yüklərin daşınması üçün yararlı halda deyil. Ona görə də bu gün alternativ yoldan yüklərin Poti limanına və əks istiqamətə ötürülməsi nəzərdə tutulsa da bu, baş verməyib. Bildirilir ki, hazırda Gürcüstan Dəmir Yolu İdarəsi bütün qüvvələrini səfərbər edərək partladılmış dəmir yolu köpüsünün bərpa işləri ilə məşğuldur. Verilən məlumata görə, bərpa işləri minimum 7, maksimum 10 gün davam edəcək. Xəbər verildiyi kimi, Kaspi dəmir yol körpüsünün partladılması nəticəsində Gürcüstandan Azərbaycana və Ermənistana yüklərin daşınması dayanıb. O cümlədən Azərbaycan neftinin dəmir yolu ilə Poti limanına daşınmasının qarşısı alınıb. Beləliklə, Gürcüstan üzərindən Azərbaycan neftinin nəqli bütünlüklə dayanıb. Çünki Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa kəmərləri bağlıdır, körpünün partladılmasından sonra bp şirkəti elan edib ki, neftin dəmir yoluyla daşınmasını da dayandırır. Kaspi rayonundakı körpünün partladılmasından sonra ehtiyat körpünün istifadəyə yararlı vəziyyətə gətirilməsi üçün Azərbaycan və Ermənistan Gürcüstana texniki yardım göndərib. Lakin göründüyü kimi, bu körpü işə yaramayıb, partladılan körpü isə ən yaxşı halda 7-10 günə bərpa edilə bilər. Xatırladaq ki, Türkiyə hökuməti BTC-nin ölkə ərazisində partladılmış hissəsinin bərpasına başlayıb. Bildirilir ki, təmir işləri bir neçə günə başa çata bilər, lakin kəmərin açılması Gürcüstanda vəziyyətin necə inkişaf etməsindən asılı olacaq. Beləliklə, Azərbaycandan neft ixracı ciddi sual altında qalır, hazırda neft yalnız Bakı-Novorossiysk kəməri ilə nəql edilir. Hesablamalara görə, Azərbaycan gündə 100 milyon dollar itirir. F.MƏMMƏDOV musavat